Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Ümumrusiya–Azərbaycan Konqresinin birinci qurultayına müraciəti - Bakı şəhəri, 2 oktyabr 2001-ci il


Hörmətli qurultay iştirakçıları!

Əziz söydaşlarım!

Sizi - Ümumrusiya Azərbaycan Konqresinin Moskva şəhərində keçirilən Birinci qurultayının iştirakçılarını ürəkdən salamlayır, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Hazırda dünyanın müxtəlif ölkələrində çoxmilyonlu Azərbaycan diasporu yaşayır. Həmin ölkələr sırasında azərbaycanlıların ən çox məskunlaşdığı dövlət, şübhəsiz ki, Rusiya Federasiyasıdır. Bu, hər şeydən əvvəl, iki əsrə yaxın bir müddət ərzində ölkələrimizin eyni siyasi-coğrafi məkana mənsub olması ilə əlaqədardır.

Azərbaycan-Rusiya münasibətlərinin dərin tarixi kökləri vardır. Xalqlarımız öz milli müstəqilliyinə nail olduqdan sonra bu münasibətlər yeni tarixi mərhələyə qədəm qoymuşdur. Artıq müstəqil dövlətlər olaraq Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında tarixi ənənələrə söykənən dostluq və mehriban qonşuluq münasibətləri, bərabərhüquqlu qarşılıqlı əməkdaşlıq durmadan inkişaf edir. Prezident Vladimir Putinin bu ilin yanvarında Azərbaycana səfərini dövlətlərarası əlaqələrimizi forma və məzmunca zənginləşdirən, ona yeni nəfəs verən əhəmiyyətli hadisə kimi dəyərləndirirəm. Biz beynəlxalq normalara, qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan münasibətlərimizin ardıcıl, dinamik inkişafında maraqlıyıq və bu işdə əlimizdən gələni əsirgəməyəcəyik.

Əziz dostlar!

Xalqlarımızın və dövlətlərimizin bir-birinə daha da yaxınlaşmasında xalq diplomatiyasının böyük rolunu xüsusilə qeyd etmək lazımdır. Bu baxımdan, Rusiyada Azərbaycan icmasının təşkilatlanması və ictimai nüfuzunun yüksəlməsi bizi ürəkdən sevindirir. Fərəhli haldır ki, sıralarında çoxsaylı ictimai təşkilatları və görkəmli soydaşlarımızı birləşdirən Ümumrusiya Azərbaycan Konqresi Rusiyada yaşayan azərbaycanlıların mənəvi-mədəni və intellektual güc mərkəzinə çevrilməkdədir.

Bu həm də onunla əlamətdardır ki, Ümumrusiya Azərbaycan Konqresi tarixi vətəndən kənarda millətimizi və ölkəmizi ləyaqətlə təmsil etmək, Rusiya kimi böyük bir dövlətin ictimaiyyətində Azərbaycan haqqında obyektiv və doğru-dürüst fikir formalaşdırmaq missiyası ilə fəaliyyətə başlamışdır. Bu çox gərəkli və məsuliyyətli bir işdir. Çünki sizlərin hər biri min illərcə şərəfli tarixi keçmişi olan, bəşər sivilizasiyasına ölməz dühalar bəxş etmiş böyük bir millətə mənsubsunuz. Milli-mənəvi dəyərlərimizə bağlılıq, doğma dilimizə və mədəniyyətimizə, adət-ənələrimizə sədaqət və xalqımızın yüksək milli keyfiyyətlərinin təbliği, harda yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının müqəddəs borcu və şərəfli vəzifəsidir. İnanıram ki, dünya azərbaycanlılarının Bakıda keçiriləcək 1 qurultayı ərəfəsində təşkil olunmuş toplantınız bu vəzifənin yerinə yetirilməsi yolunda mühüm bir addım olacaqdır.

Bu gün Rusiya Federasiyasında böyük tarixi yeniləşmə, vüsətli hüquqi-demokratik proseslər gedir və onun beynəlxalq nüfuzu durmadan artır. Bütün bunları biz diqqətlə izləyir və tarixi qonşumuzun, dost ölkənin hər bir uğuruna ürəkdən sevinirik. Mənim üçün çox xoşdur ki, çoxminli Azərbaycan icması da bu qaynar tarixi proseslərdən kənarda deyil və Rusiyanın ictimai-siyasi, elmi-mədəni, sosial-iqtisadi həyatında yaxından iştirak edir, soydaşlarımız yaşadıqları ölkə qarşısında vətəndaşlıq borcunu ləyaqətlə yerinə yetirirlər. Rusiya elminə, mədəniyyətinə, ədəbiyyat və incəsənətinə, iqtisadiyyatına sanballı töhfələr verən Azərbaycan övladları ilə, dünya şöhrətli soydaşlarımızla haqlı olaraq fəxr edirik.

Hörmətli qurultay iştirakçıları!

Xalqlarımızın və dövlətlərimizin bir-birinə daha da yaxınlaşması, tarixi qonşuluq və dostluq əlaqələrimizin möhkəm təməllər üzərində inkişafı naminə göstərdiyiniz şərəfli fəaliyyəti yüksək qiymətləndirirəm. Ümidvaram ki, bu nüfuzlu tədbir Rusiyanın ictimai-siyasi həyatında və soydaşlarımızın həyatında böyük hadisə olacaq, xoşməramlı Rusiya-Azərbaycan münasibətlərinə yeni stimul və təkan verəcəkdir. Bu yolda hər birinizə möhkəm cansağlığı və böyük uğurlar, ailələrinizə əmin-amanlıq və xoşbəxtlik arzulayıram.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

DİASPOR

Əlavə sənədlər

DİASPOR