Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Cümhuriyyətinin Prezidenti Süleyman Dəmirəlin iştirakı ilə "Koçbank Azərbaycan" bankının açılışı mərasimində çıxışı - 9 aprel 2000-ci il


Süleyman Dəmirəl: "Koçbank" çağdaş bank adını qazanmışdır. Bu bankı çox önəmli hesab edirəm. O, Türkiyə-Azərbaycan münasibətlərinə, yalnız Türkiyə-Azərbaycan münasibətlərinə deyil, Azərbaycanın inkişafına gözəl, etibarlı təsir göstərəcəkdir. Hər şey çox yaxşı inkişaf etməkdədir. Qarşıdakı illərdə bunların hamısını görəcəyik. Bu bank həm çox uğurlu olacaq, həm də çox yaxşı xidmətlər göstərəcəkdir. Uğurlar diləyirəm.

Heydər Əliyev: Süleyman bəy, "Koç" Türkiyənin və demək olar ki, dünyanın ən böyük şirkətlərindən biridir. Bilirik ki, Türkiyədə də, Türkiyənin xaricində də "Koç" çox işlər görmüşdür. "Koçbank"ın Azərbaycana gəlməsini mən alqışlamışam. Sizinlə bu barədə telefonda danışanda, siz mənə dediniz ki, "Koçbank"a Azərbaycanda işləməyə imkan vermək lazımdır. Siz dediniz ki, bank gələndən sonra "Koç"un bura başqa sərmayələri də gələcəkdir. Ona görə də mən onları gözləyirəm. Təkcə Bakıda yox, başqa işlər də görmək lazımdır. Sizin pulunuz çox, iş görmək imkanınız çox, gəlin, buraya para qoyun, yatırım qoyun, iş görün, pul qazanın. Sizə uğurlar diləyirəm.

Süleyman Dəmirəl: Bunların ayaqları çox yüngüldür. Bunlar bir yerə gedirlərsə, demək, orada çox önəmli işlər olacaqdır. Çünki başqaları bunlara diqqət yetirir, bunlara baxırlar. Bunlar hara gedirlərsə, oraya başqaları da gəlirlər. Yalnız özləri gəlmir, başqalarını da gətirirlər. İndi ona görə gəliblər ki, bura başqaları da gəlsin.

Heydər Əliyev: Mən buna inanıram. Birinci sizin dediyiniz sözlərə inanıram, ikinci onlara inanıram. Türkiyə prezidenti Süleyman Dəmirəlin və Azərbaycan prezidenti Heydər Əliyevin "Koçbank Azərbaycan" bankının fəxri qonaqlar kitabına ürək sözləri:

"Koçbank" Türkiyə-Azərbaycan əlaqələrində çox önəmli bir rolu təmsil edir. Dünyaya açıq ola bilməyin ən önəmli ehtiyaclarından biri bankdır. "Koçbank" yalnız Türkiyə-Azərbaycan əlaqələrində deyil, Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayacaqdır. Türkiyənin bu qurumunun Bakıya gəlməsi eyni zamanda həm türklər, həm də əcnəbilər üçün etibarlılıq əlamətidir. Uğurlar diləyirəm. Süleyman Dəmirəl Türkiyənin Cümhur başkanı 9 aprel 2000-ci il"

"Koçbank"ın Azərbaycanda işə başlaması əlamətdar hadisədir. Ümid edirəm ki, bu, Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin inkişafında səmərəli nəticələr verəcək. Uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.