Xalq artisti Həsənağa Turabova - Bakı şəhəri, 24 mart 1998-ci il


Hörmətli Həsənağa Turabov!

Sizi - müasir Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsini anadan olmağınızın 60 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Siz milli teatr sənətimizin zəngin ənənələrini layiqincə davam etdirərək qırx illik səhnə fəaliyyəti dövründə yaratdığınız parlaq obrazlarla tamaşaçıların böyük rəğbətini qazanmısınız. Dünya dramaturgiyasına və milli klassik irsimizə müraciət etməklə siz bir çox əsərlərin qəhrəmanlarına səhnə həyatı verərək ədəbiyyatın daim diqqət mərkəzində olan insan problemini bütün çalarları ilə müasirlərimizin yaddaşlarına həkk etmisiniz. Məhz buna görə də sizin Azərbaycan teatr sənətini zənginləşdirmiş yaradıcılığınız sənətsevərlər tərəfindən daim yüksək qiymətləndirilmişdir.

Sizin kino aktyoru kimi də əməyiniz diqqətəlayiqdir. Bədii filmlərdə yaratdığınız maraqlı və yaddaqalan surətlər aktyor həyatınızın böyük bir hissəsini təşkil edərək fitri istedad və sənətkarlıq bacarığınızı bariz şəkildə nümayiş etdirir.

Əminəm ki, siz mahir sənətkar kimi milli teatrımızın və kinomuzun inkişafı üçün bundan sonra da əlinizdən gələni əsirgəməyəcəksiniz.

Sizə möhkəm cansağlığı və xoşbəxtlik, sənətinizdə uğurlar arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

Tarixi arayış

MƏDƏNİYYƏT