Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dahi şair və mütəfəkkir Nizami Gəncəvinin məqbərəsinə ziyarəti zamanı nitqi - Gəncə, 24 may 2000-ci il


Əziz gəncəlilər!

Əziz bacılar, qardaşlar, xanımlar və cənablar!

Əziz dostlar!
Mən dünən Gəncə şəhərinə gəlmişəm. Ancaq bilirsiniz ki, dünən Yenikənd Su Elektrik Stansiyasının açılması münasibətilə Şəmkir rayonuna getmişdim. Orada stansiyanın açılış mərasimini keçirdikdən sonra, Şəmkir Su Elektrik Stansiyasını bir də ziyarət etdim. Bunlar hamısı mənim üçün çox əziz işlərdi. Dünən mən Yenikənd Su Elektrik Stansiyasının açılışında olan mitinqdəki nitqimdə də bunu söylədim.

70-ci illərdə mən Azərbaycana rəhbərlik etdiyim zaman respublikanın müstəqil elektrik enerjisi sistemini yaratmaq üçün biz o vaxt uzaqgörənlik edib bir çox işlər gördük. Buna baxmayaraq, bu gün bizim ölkəmizdə qış vaxtı elektrik enerjisi təminatı ilə bağlı bəzi çətinliklər olur. Ancaq əgər o vaxt biz bu işləri görməsəydik indi nə vəziyyətdə olardıq?! Mən dünən bu barədə orada geniş danışmışam, yəqin televiziyada verəcəklər, siz dinləyəcəksiniz, təkrar etmək istəmirəm. Ancaq o illərdə bizim apardığımız siyasət və həyata keçirdiyimiz əməli tədbirlər bu gün Azərbaycanın müstəqil dövlət kimi yaşamasına, insanların həyatının təmin olunmasına böyük şərait yaratdı. İndi Azərbaycanın artıq heç bir ölkədən asılı olmayan böyük elektrik enerjisi sistemi var. Doğrudur, son illər stansiyaların bəziləri köhnəlib, təmirə ehtiyacları var, bəzən ehtiyat hissələri tapılmır. Ancaq bunların hamısının öhdəsindən gəlirik. Biz o vaxt bu proqramı həyata keçirirkən Kür çayının üzərində bir-birinə yaxın bir neçə su elektrik stansiyasının tikilməsi barədə qərar qəbul etdik. Bu Azərbaycanımızın bu günü üçün, gələcəyi üçün, on illər də, yüz illər də bundan sonra çox əhəmiyyətli bir proqramdır. Çünki elektrik enerjisini istehsal etmək, təbiidir ki, böyük elektrik stansiyalarının qurulmasını tələb edir. Amma bununla yanaşı, o elektrik stansiyalarının yanacaqla təmin olunması lazımdır. O illər bizdə qaz ehtiyatı çox olduğuna görə, biz elektrik stansiyalarımızı əsasən qaz vasitəsilə işlətmək prinsipi ilə yaratmışdıq. Eyni zamanda, qaz olmayan halda mazutdan da istifadə etmək texnologiyası hamısı orada qurulmuşdu. Təbiidir ki, dünyanın əksər yerlərində insanlar istilik elektrik stansiyalarından, yəni yanacaq vasitəsilə hərəkətə gətirilən elektrik stansiyalarından istifadə edirlər. Biz vaxtilə - keçmişdə Sumqayıtda, əli Bayramlıda (Şirvan), Bakıda belələrini qurmuşduq. Ancaq Mingəçevirdəki su elektrik stansiyası ilə yanaşı, doqquz müstəqil istilik elektrik stansiyası yaratmaq proqramını başladıq və artıq onun səkkizi yaranıbdır. Əgər onlar olmasaydı və bizim bu sahədə gördüyümüz başqa işlər olmasaydı, indi Azərbaycanın enerji tələbatının heç 20-30 faizini təmin edə bilməzdi.

Qışda  bir az çətinliklər olduğu zaman biz çox insanların narazılığını eşidirik. Təbiidir, insanlar öyrənib ki, evində elektrik, işıq olsun, soyuducusu da işləsin, televizoru da işləsin, ütüsü də işləsin, evindəki başqa elektrik cihazları da işləsin. Amma əgər indi 50 il bundan öncəni götürsək, elektrik enerjisindən sadəcə, evləri işıqlandırmaq üçün istifadə edirdik. O vaxt heç soyuducular da yox idi. Onda, təbii ki, tələbat az idi. Amma indi insanların tələbatı artıbdır. Təkcə insanların yox, bütün həyatın tələbatı artıbdır. Sənayenin, kənd təsərrüfatının, nəqliyyatın tələbatı - hər şey elektrik enerjisi ilə bağlıdır. Ona görə mən yenə də deyirəm  indi evdə elektrik enerjisi çatışmayanda narazılıq əmələ gəlir. Amma narazılıq edən adamlar, yəqin ki, onların əksəriyyəti bilmirlər ki, bu elektrik enerjisi harada, nə çətinliklə, hansı imkanlarla istehsal olunur və indi bizim bu qədər elektrik enerjisi almağımızın əsası nədən ibarətdir. Bunun əsası isə keçmişdə görülən işlər və xüsusən 70-ci illərdə bizim başladığımız və ardıcıl sürətdə həyata keçirdiyimiz proqramdır. Bir də deyirəm, o proqramın son məqsədi ondan ibarət idi ki, Azərbaycanın elektrik enerjisindən asıllığını təmin edək. Bəlkə də o vaxt bunu anlayanlar o qədər yox idi. Çünki o vaxt SSRİ-nin vahid energetika sistemi var idi. Bəzi yerlərdə elektrik stansiyası var idi, amma bəzi yerlərdə yox idi. Ancaq vahid sistem olduğuna görə, SSRİ-nin bir yerində olan böyük elektrik stansiyasının istehsal etdiyi enerji başqa yerlərə də verilirdi. Yəni burada bir problem yox idi. Biz onda Sovetlər İttifaqının tərkibində idik. Ancaq indi müstəqilik. İndi bizə heç kəs elektrik enerjisi vermir. Versə də, ona gərək nə qədər pul ödəyək, vəsait ödəyək. Bax, buna görə də biz o proqramı hazırladıq, həyata keçirdik və o proqramın tərkib hissəsi, demək olar ki, vacib bir hissəsi də Kür çayının üzərində su elektrik stansiyaları yaratmaq idi.

Keçmişdə, 50-54-cü illərdə ilk dəfə Azərbaycanda Mingəçevir Su Elektrik Stansiyası yaradıldı. O, bizim həyatımızda böyük hadisə oldu. Onda Azərbaycanın elektrik enerjisinə olan tələbatı indiki kimi deyildi. İlk dəfə belə bir su elektrik stansiyasının yaradılması, təbii ki, möcuzə kimi bir şey idi. Amma ondan sonra biz həmin Kür çayının üzərində Şəmkir Su Elektrik Stansiyasını yaratdıq. Onun gücü Mingəçevirdəki su elektrik stansiyasından bir xeyli çoxdur. Bəli, o vaxt proqram belə idi ki, Şəmkir rayonunun ərazisində, Kür çayının üzərində elektrik stansiyası tikilsin. Ondan sonra Kürün axarlı yerində Yenikənd Su Elektrik Stansiyası tikilsin.

Tovuz rayonunun ərazisində də bir su elektrik stansiyası tikilsin və bunlar ucuz elektrik enerjisi istehsal edərək Azərbaycanı elektrik enerjisi ilə təmin etsinlər. Bu proqramın, demək olar ki, müəllifi, bu işləri başlayan mənəm. Ona görə o vaxt bu işləri başlayandan sonra da bir çox tədbirlər gördüm və onların bir hissəsini həyata keçirdik. Ancaq bilirsiniz ki, sonra mən Azərbaycandan ayrıldım. Doğrudur, mən Moskvada işləyən zaman bu işlərə tam nəzarət edirdim. Çünki bütün bu işlər mərkəzin, yəni sovet hökümətinin, mərkəzi hökumətin köməyi, vəsaiti olmadan həyata keçirilə bilməzdi. Ona görə ki, o illər bütün elektrik stansiyalarının tikintisi ancaq SSRİ büdcəsindən təmin olunurdu. Energetika Nazirliyi vardı, ona ayrılan büdcədən təmin edilirdi. Mən də Moskvada həm Siyasi Büronun üzvü, həm də Nazirlər Soveti sədrinin birinci müavini olduğuma görə səlahiyyətlərim var idi ki, o işlərin davam etdirilməsi üçün vəsait ayrılmasını təmin edək və ayrı-ayrı tədbirlər görək. Bəlkə də bu sahədə mənim Moskvadakı imkanlarım Bakıda işlədiyim dövrdəkindən daha çox idi. Bunları da mən etdim. Ancaq ondan sonra mən, bilirsiniz ki, bir neçə il tamamilə işdən də ayrıldım, uzaqlaşdım. Sonra Naxçıvanda yaşadım 1993-cu ildə Bakıya döndüm. Siz tələb elədiniz, xalq tələb elədi, mən də gəldim. Amma bizim qurduğumuz proqramlar o vaxt dayanmadı, yaratdığımız elektrik stansiyalarının bəziləri də bərbad vəziyyətə düşmüşdü. Ona görə də mən imkan tapıb bu işləri davam etdirmək qərarını qəbul etdim. Biz onun tikintisinə 70-ci illərin sonu - 80-ci illərin əvvəlində başlamışdıq, ancaq az bir iş görüldü, sonra dayandırıldı.

1994-cü ildə Yenikənd Su Elektrik Stansiyasının tikintisi üçün vəsait əldə etdik. Avropa Yenidənqurma və inkişaf  Bankından 53 milyon dollar vəsait aldıq və Yenikənd Su Elektrik Stansiyasını tikib qurtardıq. İndi o, elektrik enerjisi verir. Demək, indiyə qədər aldığımız elektrik enerjisindən əlavə olaraq 115 meqavat enerji alırıq. Dünən mən o elektrik stansiyasının açılışına getmişdim. Çox məmnun oldum ki, vaxtilə 1979-cu ildə mənim qəbul etdiyim qərarın həyata keçirilməsini, gec də olsa, Allah mənə nəsib edibdir. Mən bunu etdim. Yəni bunu göydən Allah göndərməyib, çalışıb sona çatdırmışıq. Getdim ki, Şəmkir Su Elektrik Stansiyasının vəziyyətinə baxım. Orada, Şəmkir rayonunda Kür qəsəbəsi var. Vaxtilə yaratdığımız o stansiya da yaxşı işləyir, dediyim kimi, Mingəçevir Su Elektrik Stansiyasından daha çox elektrik enerjisi verir.

İndi bizim qarşımızda Tovuz Su Elektrik Stansiyasını tikmək durur. O da təxminən Mingəçevir Su Elektrik Stansiyası həcmində elektrik enerjisi verə bilər. Dünən orada mütəxəssislərdən soruşdum. Buna 200 milyon dollar vəsait gərəkdir. Bunu axtarmaq, tapmaq lazımdır. Bu işləri biz davam etdiririk. Bir sözlə, bu çətin dövrdə Azərbaycanın iqtisadiyyatını inkişaf etdiririk, onun əsas sahəsi olan energetikanı təmin etməyə çalışırıq və çalışacağıq. Bu gün isə mən Gəncədə olmaq fikrindəyəm. Təbiidir ki, ilk öncə Nizaminin məqbərəsinə gəlmişəm. Siz də buraya toplaşmısınız. Ancaq siz nə üçün buraya gəlmisiniz mən bunu bilmirəm.

Yerdən səs: Hörmətli Prezident, bu məqbərənin də müəllifi Sizsiniz. Nizaminin 840 illiyi münasibətilə qərar verdiniz, o vaxt pul ayrıldı ki, məqbərə tikilsin və tikildi. 

Heydər Əliyev: Onu doğru deyirsən. Amma bu məqbərənin tarixi böyükdur. İlk dəfə burada, Nizami Gəncəvinin qəbri üzərində abidə 1948-ci ildə tikilibdir. O vaxtlar Nizami Gəncəvinin 800 illik yubileyi keçirilirdi. Ancaq o vaxt yaranmış məqbərə Nizamiyə layiq deyildi. İkincisi, siz yəqin xatırlayırsınız, gəncəlilər bilər ki, burada yaxınlıqda gil-torpaq kombinatı tikildi.Kombinatın işləməsi üçün əsas xammal alunit idi, texnologiyası da çox yüksək səviyyəli deyildi. Ona görə də orada -  gil-torpaq kombinatında alunitin işlədilməsi zamanı toz çıxırdı və Nizami Gəncəvinin məqbərəsini də toz basırdı. Xatırladınızmı? Bu bizi narahat edirdi. 70-ci illərdə mən Azərbaycana rəhbərlik etdiyim zaman bir çox ziyalılarımız və şairlərimiz, alimlərimiz gəlib Nizami Gəncəvinin məqbərəsini belə halda görəndə mənə bir neçə təklif verdilər.Təkliflər ondan ibarət idi ki, Nizami Gəncəvinin qəbrini başqa yerə köçürmək lazımdır. Bu, ziyalıların xatirindədir. Mən çox fikirləşdim ki, axı necə ola bilər? 800 il bundan öncə bizim dahi şairimiz Nizami Gəncəvini burada torpağa veriblər. 800 ildən artıqdır ki, bu torpaqdadır, bu yerdə yatır. İndi onu narahat edib başqa bir yerə köçürmək nə qədər duzgün olar? Eyni zamanda bizim ziyalılarımız - şairlərimiz, mədəniyyət xadimlərimiz mənə sübut edirdilər ki, əgər köçürmək mümkün deyilsə özlüyündə köçürmək çətin bir şey deyildi, texniki və ya maliyyə cəhətdən elə bir problem yox idi. Amma mənəvi baxımdan, tarixi-mənəvi baxımdan bu, nə qədər duzgün ola bilərdi? Ona görə bu məsələ məni çox düşündürürdü. Bir neçə il bu işlə məşğul olmuşdum. Hər il də ziyalılarımız dəstə-dəstə gəlib mənə deyirdilər ki, gedib Gəncədə Nizaminin məqbərəsini elə görürük, ürəyimiz ağrıyır. Doğrudan da, bax, oradan buranı toz vururdu və qurtarmaq bilmirdi. Təbiidir ki, həmin gil-torpaq kombinatını Nizaminin qəbrinin yanında tikən adamlar böyük tarixi səhv buraxıblar, böyük günah eləyiblər. Gəncənin ətrafında nə qədər istəsən yer var, onu harada istəsəniz tikmək olardı. Onu yaradanlar da bilirdilər ki, bu istehsal elədir ki, toz buraxır. Onu bizim ən böyük, ən müqəddəs tarixi abidəmiz olan Nizami Gəncəvinin qəbrinin, məqbərəsinin yanında yerləşdirmək, mən deyərdim ki, vaxtilə mənəvi cinayət olmuşdur. Bu işə 50-ci illərin axırında başlanıbdır. 

O vaxt yaşayan adamlar yəqin ki, bunu bilərlər. Bəli, bu iş 50-ci illərin sonunda başlanıbdır. Çünki mən 1969-cu ildə Azərbaycana rəhbər seçiləndə bir tərəfdən, gil-torpaq kombinatı hələ tikilirdi, digər tərəfdən də, onun tikilib istismara verilmiş hissəsi yaxşı işləmirdi və bu da bizim üçün ən böyük problem idi. Mən Moskvadan, başqa yerlərdən nə qədər mütəxəssis dəvət edirdim. Çünki bu bizim üçün yeni bir istehsal sahəsi idi, bizim adamlar bunu o qədər də yaxşı bilmirdilər. Burada işləyənlərin əksəriyyəti də Azərbaycanlılar deyildi. Gəncəlilər bilər, son vaxta qədər oranın direktoru Yamov idi. Çünki yerli mütəxəssis tapılmırdı ki, bu işi aparsın. Mən kombinatın tikilib qurtarması, xüsusən yeni texnologiya ilə, boksit xammalı ilə işləməsi üçün o illər nə qədər əziyyət çəkmişəm, nə qədər işlər görmüşəm. Bunu hesablamaq da mümkün deyildir. 

Bir halda ki, bu gün siz burada yığışmısınız. Mən də keçmiş dərdlərimi deyirəm. Bu bizim üçün bir dərd olmuşdur. Yenə də deyirəm, belə böyük müəssisəni, bu cür texnologiyası, məhsulu olan müəssisəni gətirib Nizami Gəncəvinin qəbrinin, məqbərəsinin yanında tikmək tarixi, mənəvi cinayət olmuşdur. Ancaq nə etməli? O vaxt gərək ya bu müəssisəni daşıdaydıq. Bu da mümkün deyildi, çünki Sovet İttifaqının böyük tikintilərindən biri idi, ya da, deyirdilər ki, əgər bu mümkün deyilsə, tədbir görün, Nizami Gəncəvinin məqbərəsini başqa yerə köçürək. Onu da etmək mümkün deyildi, bunu da etmək mümkün deyildi. Biz neçə illər bu əziyyəti çəkdik. Sonra burada texnologiya dəyişildi, əsasən boksitə keçildi. İndi yenə alunit gəlir, ya yox?

Yerdən səs: İndi boksit işlədilir. Sizin vaxtınızdan yandırma kükürdlə oldu, tozun miqdarı təxminən 1000 dəfə azaldı. Amma buna baxmayaraq, orada yenə tozlu proses var.  Orada iki filtr sistemi var, onları dəyişdirsələr, tozu bir neçə dəfə də azaltmaq olar və şəhərə, ekologiyaya bu qədər zərər dəyməz.

Heydər Əliyev: Bəli, ümumiyyətlə, ekologiya nöqteyi-nəzərindən Gəncə şəhərinin gözəl iqlimi, təbiəti var. Bu tozun olması onun üçün zərərlidir. Amma müəssisə lazım idi. Çünki o vaxt alunit yatağının açılması böyük bir hadisə idi. Məsələn, mən 1970-ci illərdə Azərbaycanın rəhbəri olanda kombinatın işi ilə məşğul olarkən gedib SSRİ hökumətindən çox şeylər xahiş edirdim. Narazılığımı da bildirirdim ki, nə üçün belədir. Rəhmətlik Kosıgin - o, uzun müddət SSRİ Nazirlər Sovetinin sədri olmuşdu, Stalinin vaxtında da işləmişdi, o, mənə belə bir hadisə danışmışdı və bu həqiqətdir. Deyirdi ki, 50-ci illərdə Azərbaycanın rəhbəri

Mircəfər Bağırov Stalinin yanına gəldi, Daşkəsəndən gətirdiyi aluniti göstərdi ki, Azərbaycanda belə faydalı qazıntı var, bundan istifadə etmək lazımdır.

Təbiidir ki, o vaxt, müharibədən sonra SSRİ-nin ağır dövrü idi. Belə məhsula ehtiyac var idi. Çünki alunitdən aluminium oksidi, ondan da aluminium alınırdı. Aluminiuma da çox böyük ehtiyac var idi. Kosıgin o söhbətin şahidi olmuşdu. Xatırlayırdı ki, Stalin məni çağırdı və dedi ki, bu işlə məşğul ol. Çünki mən gedib şikayətlənəndə ki, bu, Azərbaycana, ekologiyaya, təbiətə zərər vurur, o mənə dedi ki, özünüz günahkarsınız. Deyirəm ki, kim günahkardır? Deyir ki, mənim xatirimdədir, 1950-ci illərin əvvəlində deyəsən, 1950 və ya 1951-ci ildə idi. Mircəfər Bağırov Moskvaya, Stalinin yanına gəlib böyük təmtəraqla aluniti göstərdi və sübut etdi ki, orada böyük bir kombinat tikmək olar. O da mənə tapşırdı, biz də başladıq tikməyə. Yəni bunlar tarixi səhvlərdir. Təbiidir ki, alunit bizim faydalı qazıntıdır və ondan istifadə etmək lazım idi. Buna indi, 50 il keçəndən sonra da mənim etirazım yoxdur. Ancaq bilmək lazım idi ki, o vaxt bugünkü texnologiya da yox idi. Bunu harada yerləşdirməyi də bilmək lazım idi. Şəhərin yaxınlığında yerləşdirmək olmazdı. Elə yerlər var ki, orada yerləşdirmək olardı. Ancaq yaxınlıqda da yerləşdirməli olsaydılar, hər halda, onu Nizaminin qəbrinin yanında yerləşdirmək olmazdı. Belə səhvlər buraxılmışdır. Mən bu işlərlə məşğul olmağa məcbur olmuşam. Birincisi, 1969-cu ildən bunun tikilməsi ilə məşğul olmuşam. Həmin Yamova nə qədər töhmətlər vermişəm. İkincisi, texnologiyanın boksitə keçirilməsi ilə məşğul olmuşam. Boksiti Qvineyadan alırdıq. Azərbaycanın bütün böyük müəssisələri kimi, bu da mənim üçün doğmadır. Biz bunlarla illərlə, aylarla məşğul olmuşuq. Ancaq yenə də deyirəm, bu bizi narahat edirdi. İndi müəssisənin dayanması, yəni tam gücu ilə işləməməsi, əlbəttə ki, zərərdir. Çünki vaxtilə burada çox insanlar işləyib, pul qazanırdılar. İndi bu iş yerləri itirilibdir. Hələ bir qisim iş yeri var, mən bu gün oraya gedəcəyəm. Ancaq eyni zamanda, indi toz yoxdur, bunu da bilmək lazımdır. Görürəm ki, bura da tərtəmizdir. Yəqin ki, mən gəldiyimi görə təmizləməmisiniz, həmişə belə təmizdir. Elədirmi? Bilirsiniz, biz çətinliklərə dözəcəyik, orada lazımı tədbirlər görəcəyik, buna şübhəniz olmasın. Bunun üçün zaman lazımdır. Amma Nizaminin məqbərəsini qorumaq bizim müqəddəs vəzifəmizdir. Siz də bunu etməlisiniz, biz də etməliyik. Gərək elə olsun ki, indiki nəsil də, gələcək nəsil də vaxtilə buraxılmış səhvləri buraxmasınlar.

Mən bu gün böyük hisslərlə Nizaminin məqbərəsini bir daha ziyarət etdim. Onu da sizə deyə bilərəm ki, Nizaminin 800 illiyi 1948-ci ildə keçirilmişdi. Amma 840 illik yubileyini mən böyük təntənə ilə keçirdim, yəni bu tədbiri həyata keçirməyə nail oldum. O vaxt buna da imkan vermirdilər. Mən Moskvada Kommunist Partiyası Mərkəzi Komitəsinin qarşısında bu məsələni qaldıranda, çünki onlarsız bu işi görə bilməzdik, dedilər ki, “840 il yuvarlaq rəqəm deyildir. 800 illiyi qeyd eləmisiniz, 850 illik də ola bilər. Amma 840 olmaz, Çünki sonra deyəcəksiniz ki, 845, nə bilim, 847 və s.”. Xatirimdədir, Mərkəzi Komitənin ikinci katibi var idi - Suslov, Brejnevin dövründə ikinci katib idi, mənə dedi ki, bu, mümkün deyildir.

Mən isə dedim ki, siz Nizami Gəncəvini tanıyırsınızmı? Dedi ki, tanıyıram, yaxşı tanıyıram. Suslov keçmiş işçi idi, Stalinin yanında da işləmişdi, 1948-ci ildə onun yubileyinin keçirilməsindən də xəbərim var. Dedim, yəqin ki, tamam xəbəriniz yoxdur. Nizami Gəncəvi elə dahidir ki, onun nəinki 840 illiyini, onun yubileyini hər il keçirmək lazımdır. Beləliklə, biz buna nail olduq, o vaxt Nizami Gəncəvinin 840 illik yubileyini keçirdik. Azərbaycanda, sonra Moskvada çox təntənə ilə keçirdik. O vaxt, yubiley ərəfəsində də qərar verdik ki, buradakı məqbərə yenidən qurulsun, Nizamiyə layiq bir səviyyəyə çatdırılsın. Mən məmnunam ki, bunu etdik. Amma indi içərisinə də, çölünə də baxanda hesab edirəm ki, bundan da yaxşı edə bilərdik. Güman edirəm, əgər vaxt çatsa, biz bunu edəcəyik. Amma vaxt çatmasa, gələcək nəsillər bu məqbərəni bundan da gözəl edəcəklər. Mənim buna şübhəm yoxdur. Bütün Azərbaycan xalqı Nizami Gəncəvi ilə fəxr edir. Ancaq gəncəlilər xüsusi iftixar hissi keçirirlər. Birincisi, ona görə ki, Nizami gəncəlidir, Gəncənin adını dünyada məşhur edibdir, bu torpaqda yaşayıbdır, bu torpaqda yazıbdır. Onun yazdığı əsərlər bütün dünyada məşhurdur. Təsəvvür edin, 850 il bundan öncə bu qədər böyük əsərlər yaratmaq! Bu əsərlər təkcə əsərdən ibarət deyildir, onların hər birində böyük elm var, böyük fəlsəfə, dahi fikirlər var. Buna görə onun əsərləri də yaşayır, özü də yaşayır.

Nizaminin xatirəsinə mənim bir xidmətim də olubdur. İndi burada fürsətdən istifadə edib onu da demək istəyirəm ki, Nizami Gəncəvinin əsərlərinin bir qismini 1948-ci ildə onun 800 illik yubileyi keçiriləndə rus dilinə tərcümə etmişdilər. Biz onun 840 illik yubileyini keçirəndə, əsərlərini tamamilə rus dilini tərcümə olunması və Moskvada böyük tirajla nəşr olunması barədə qərar qəbul etdik. Əgər burada ədəbiyyatçılardan varsa, bilərlər, Moskvada “Xudojestvennaya literatura” nəşriyyatı var idi. O, ən yüksək səviyyəli, tarixi şəxsiyyətlərin kitablarını nəşr edirdi. Bu asan bir iş deyildi. Mən buna da nail oldum, bu qərar da qəbul edildi. Ancaq elə oldu ki, bu qərar həyata keçirilənə qədər mən Bakıdan Moskvaya işə keçdim.Təbiidir ki, orada da mənim səlahiyyətlərim böyük idi. Bu işə nəzarət etdim və Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında Nizami Gəncəvinin beş cilddən ibarət poemalarını çox nəfis şəkildə nəşr edilməsinə nail oldum. Bunun böyük əhəmiyyəti var. Çünki Nizamini biz tanıyırıq, şərq ölkələri tanıyır. Amma lazımdır ki, Avropa da yaxşı tanısın. Avropada da tədqiqatçılar tanıyırlar, bir çox kitabxanalarda onun kitabları var. Ancaq rus dili böyük dildir. Rusiya böyük ölkə olduğuna görə - o vaxtlar biz Sovet İttifaqının tərkibində idik, bu əsərlərin rus dilində yaxşı, yəni yüksək səviyyədə nəşr olunması o vaxt bizim üçün böyük bir nailiyyət, böyük bir hadisə idi. Mən qürur hissi keçirirəm ki, Nizaminin yolunda az iş görməmişəm. Onun xatirəsini əbədiləşdirmək, irsinin daha da təbliğ olunması, yayılması üçün, kitablarının nəşri üçün çox iş görmüşəm. Buna görə də mən Nizami Gəncəvinin qarşısında öz borcumu yerinə yetirmişəm. Ancaq mən hesab etmirəm ki, bütün borclarımı qaytarmışam. Mən hələ çox illər yaşayacağam və bütün borclarımı da yerini yetirəcəyəm. Yəni açıq desək, mənim borcum yoxdur. Amma borcum olmasa da, nə qədər ki, çalışıram, xalq mənə etimad göstərir, xalq, millət, ölkə, dövlət, doğma torpaq qarşısında o qədər də özümu borclu hesab edirəm.

Sizinlə bu gün burada görüşməkdən çox məmnunam. Doğrudur, mən Daşdəmirovu tənqid etdim. Ancaq görünür ki, onun fikri belə deyildi. Onun planında yox idi ki, burada söhbət eləyək. Planı belə idi ki, birlikdə gəlib buraya əklil qoyaq. Amma mən isə bu fürsətdən istifadə edib sizinlə belə səmimi söhbət apardım, ürək sözlərimi dedim. Mən bu gün buradayam, yəqin ki, sizinlə hələ görüşəcəyik. Sağ olun, hamınıza cansağlığı, bütün işlərinizdə uğurlar arzulayıram.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT