Azərbaycan Prezidenti Heydər Əliyevin Yaponiyanın iqtisadi təşkilatlarının Azərbaycan prezidentinin şərəfinə təşkil etdikləri rəsmi qəbulda nitqi - Tokio, Azərbaycan Prezidentinin iqamətgahı, 26 fevral 1998-ci il


Hörmətli cənab prezident!

Möhtərəm cənablar, dostlar!

Sizin hamınızı ürəkdən salamlayıram və bundan çox məmnun qaldığımı bildirirəm ki, mənə sizinlə - Yaponiyanın ən iri işgüzar dairələrinin nümayəndələri ilə görüşməyə imkan verilmişdir. Burada, sizin təşkil etdiyiniz ziyafətdə görüşü mühüm hadisə kimi qiymətləndirirəm. Azərbaycanda biz Yaponiya ilə hərtərəfli əməkdaşlığı inkişaf etdirməyə fəal surətdə çalışırıq. Aydındır ki, onun əsasını iqtisadiyyat sahəsində əməkdaşlıq təşkil edə bilər. Buna görə də mən bu görüşə böyük əhəmiyyət verirəm.

Ümidvaram ki, siz Azərbaycan haqqında müəyyən təsəvvürə maliksiniz. Buna baxmayaraq, ölkəmiz barədə bir neçə söz deyəcəyəm.

Azərbaycan qədim tarixə, zəngin ənənələrə, zəngin və özünəməxsus mədəniyyətə malik bir məmləkətdir. Xalqımız dünya sivilizasiyasına böyük töhfə vermişdir. XIX və XX əsrlər ərzində Azərbaycan çar Rusiyasının tərkibində, Oktyabr inqilabının qələbəsindən sonra isə Sovet İttifaqının tərkibində olmuşdur. 1991-ci ildə Sovet İttifaqının dağılması ilə əlaqədar Azərbaycan dövlət müstəqilliyi qazanmışdır və biz bunu xalqımızın həyatında tarixi hadisə hesab edirik.

Müstəqilliyimizin ötən bu illəri ərzində biz dünyanın bir sıra ölkələri ilə çoxsaylı əlaqələr yaratmağa müvəffəq olmuşuq və Dünya Birliyində layiqli yer tutmuşuq. Azərbaycanın 7,5 milyon əhalisi var, onun ərazisi 86 min kvadrat kilometrdir. Azərbaycan sənayesi inkişaf etmiş ölkədir, onun əsasını neft sənayesi təşkil edir. Azərbaycanda neft hasilatının çox zəngin və qədim tarixi var və biz bununla haqlı olaraq fəxr edirik ki, Azərbaycan bütün dünyada neft sənayesinin inkişafına böyük töhfə vermişdir. Dənizdə neft və qaz yataqlarının işlənməsinə də dünyada birinci olaraq məhz Azərbaycanda başlanmışdır.

Müstəqillik əldə etdikdən sonra biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq. Keçmiş Sovet İttifaqının digər respublikaları kimi, biz də köhnə sosialist iqtisadiyyatından və sosialist ictimai-siyasi quruluşundan yeni iqtisadiyyata - bazar münasibətlərinə əsaslanan iqtisadiyyata keçid dövrünü yaşayırıq. Biz iqtisadi islahatlar, bazar iqtisadiyyatını inkişaf etdirmək yoluna möhkəm qədəm qoymuşuq və deməliyəm ki, artıq müəyyən nəticələrə nail olmuşuq. Biz özəl sahibkarlığı, özəl sektoru inkişaf etdiririk. Bizdə mülkiyyətin özəlləşdirilməsi proqramı, torpağı alıb-satmaq hüququ ilə onun özəl mülkiyyətə verilməsi haqqında qanun fəal həyata keçirilir. Biz açıq qapı siyasəti elan etmişik və xarici sərmayələr üçün çox əlverişli şərait yaratmışıq.

1995-ci ildə biz demokratik Azərbaycanın ilk Konstitusiyasını qəbul etdik və o, bazar münasibətləri əsasında iqtisadiyyatı inkişaf etdirmək sahəsində konkret tədbirlər nəzərdə tutur. Biz iqtisadiyyatın, xarici ticarətin liberallaşdırılmasına və xarici sərmayələr üçün maksimum əlverişli şərait yaradılmasına yönəldilmiş bir çox qanunlar qəbul etmişik. İdxalı stimullaşdırmaq üçün biz gömrük tariflərini azaltmışıq, onlar çox aşağı, 15 faizdir, ixrac-gömrük vergiləri isə bizdə yoxdur.

Xarici sərmayələri cəlb edən başlıca sahə, əlbəttə, neft-qaz sənayesidir. 1994-cü ilin sentyabrında biz dünyanın 6 ölkəsindən 11 şirkətin daxil olduğu konsorsiumla 30 il müddətinə ilk iri müqavilə imzaladıq. Kapital qoyuluşunun məbləği 8 milyard dollar olan bu müqavilə artıq həyata keçirilir və ötən il noyabrın 12-də biz həmin müqaviləyə uyğun olaraq işlənilən "Çıraq" yatağından ilk neft çıxarmışıq. Biz bu nefti Rusiya ərazisindən keçən neft kəməri ilə Qara dəniz sahilindəki Novorossiysk limanına ixrac etməyə başlamışıq.

Birinci müqavilədən sonra biz daha 8 müqavilə imzalamışıq və bu müqavilələrdə dünyanın 12 ölkəsindən təxminən 20 neft şirkəti iştirak edir. Həmin müqavilələr üzrə kapital qoyuluşlarının ümumi məbləği təqribən 30 milyard dollardır.

Təbii ki, biz neftin Azərbaycanda nəql olunması məsələlərini də həll edirik. Dediyim kimi, biz neft kəmərlərindən birini istifadəyə vermişik və o, Bakını Novorossiysk limanı ilə birləşdirir. Digər neft kəməri qərb istiqamətində çəkilir və o, Gürcüstan ərazisindən keçib onun Qara dəniz sahilindəki Supsa limanına gedəcəkdir. Əsas neft kəmərinin çəkilişi planlaşdırılır. Nəzərdə tutulduğuna görə, o, Bakıdan başlayaraq Gürcüstan və Türkiyə ərazisindən keçib Aralıq dənizi sahilindəki Ceyhan limanına gedəcəkdir. Xəzər dənizinin şərq sahilindən - Qazaxıstan və Türkmənistandan başlayaraq Xəzər dənizindən keçib Azərbaycana və buradan da Gürcüstan, Türkiyə vasitəsilə Qərbə - Avropaya gedəcək neft-qaz kəmərlərinin inşası da nəzərdə tutulur.

Bütün yeni müstəqil ölkələrdə, o cümlədən Azərbaycanda keçid dövründə iqtisadi böhran özünü göstərir. Təxminən 1990-cı ildən başlayaraq bizdə istehsalın səviyyəsi hər il aşağı düşmüşdür. Lakin biz buna son qoya bildik. 1996-cı ildə biz istehsalın azalması meylini dayandırdıq və 1997-ci ildə onun müəyyən dərəcədə artımına nail olduq. 1990-cı ilin əvvəllərindən 1996-cı ilədək ümumi daxili məhsul hər il 25 faiz azalırdı, sənaye və kənd təsərrüfatı istehsalının səviyyəsi də təxminən bir o qədər aşağı düşürdü. 1996-cı ildə biz iqtisadiyyatın vəziyyətini sabitləşdirməyə müvəffəq olduq, 1997-ci ildə ümumi daxili məhsul istehsalının həcmi 5,8 faiz artdı, sənaye istehsalının artımı təqribən 1 faiz oldu. Biz inflyasiyaya son qoymağa müvəffəq olduq, halbuki, 1994-cü ildə inflyasiya 1600 faiz təşkil edirdi. 1997-ci ildə bizdə inflyasiya əslində olmamalıdır. Dövlət büdcəsi kəsiri təxminən 2 faiz təşkil etmişdir. Biz öz milli valyutamızı - manatı sabitləşdirə bildik. O, son illərdə dollara nisbətdə hətta bir qədər möhkəmlənmişdir.

Açıq qapı siyasəti bizə müxtəlif ölkələrin müxtəlif şirkətləri ilə çoxsaylı iqtisadi əlaqələr yaratmağa imkan vermişdir. Bu isə Azərbaycana sərmayə axınına gətirib çıxarmışdır. 1996-cı ildə ölkəmizə qoyulmuş sərmayələrin məbləği 600 milyon dollar olmuş, 1997-ci ildə iki dəfə artaraq 1 milyard 200 milyon dollar təşkil etmişdir. Belə düşünürəm ki, 1998-ci ildə artım təxminən bu cür sürətlə gedəcəkdir.

Ölkəmizdə özəlləşdirmə onda əcnəbi vətəndaşların fəal iştirakını nəzərdə tutur. Azərbaycanda müştərək müəssisələr yaratmaq və ya müştərək, yaxud yüz faiz xarici kapitalla müəssisələrə malik olmaq imkanı var. Qəbul etdiyimiz bir sıra qanunlar xarici sərmayələrin qorunmasını təmin edir. Bizim qanunlara görə, əcnəbi sərmayədarlar öz mənfəətini öz ölkəsinə köçürmək imkanına malikdirlər. Biz bank işini genişləndiririk və təkrar edirəm, ölkənin qapılarını açmışıq, əcnəbi sərmayədarları dəvət edirik.

Məmnunluq hissi ilə qeyd edirəm ki, son illərdə Yaponiya sərmayədarları Azərbaycana fəal gəlirlər. Yaponiyanın altı şirkəti ölkəmizdə özlərinin xüsusi nümayəndəliklərinə malikdir. Bilirəm ki, ən böyük müvəffəqiyyətə "İtoçu" şirkəti nail olmuşdur. Bu şirkət 1994-cü ildə imzalanmış ilk neft müqaviləmizin iştirakçısıdır. "Dan ulduzu" və "Əşrəfi" yataqlarına dair layihədə iştirak payının 20 faizi "İtoçu"ya məxsusdur. Həmin yataqlara dair müqavilə 1996-cı ildə imzalanmışdır. Biz Xəzər dənizinin Azərbaycan sektorundakı neft və qaz yataqlarının birgə işlənməsi barədə Yaponiyanın bəzi digər şirkətlərindən də təkliflər almışıq. Biz bu təklifləri nəzərdən keçiririk və əminəm ki, onlar da gerçəkləşdirəcəkdir.

Azərbaycan çoxsahəli sənayeyə, iqtisadiyyata malikdir. Buna görə də onların digər sahələrində əməkdaşlıq və bu sahələrə sərmayə qoymaq üçün böyük imkanlar var. Bizdə neft kimyası və kimya kompleksi, qara və əlvan metallurgiya, maşınqayırma, dəzgahqayırma, yüngül sənaye, kənd təsərrüfatı məhsullarının emalı sahələri ən iri sahələrdir. Bütün bu sahələrə sərmayə qoymaq və əməkdaşlığı təmin etmək mümkündür.

"Niçimen" şirkəti ilə münasibətlərimiz müvəffəqiyyətlə inkişaf edir. Onunla Yaponiyanın "Eksimbank"ının kreditləri və Azərbaycanın hökumət təminatı ilə bu gün və ya sabah böyük müqavilə imzalanacaqdır.

Elektroenergetika da Azərbaycanda iri bir sahədir. Bizdə elektrik stansiyalarının yenidən qurulmasına və tikilməsinə dair layihələr var. Biz "Şimal" elektrik stansiyasının tikintisi üçün beynəlxalq əməkdaşlıq fondu üzrə iyena krediti almaq niyyətindəyik. "Neft Daşları" elektrik stansiyasının və "Bahar" yatağında kompressor stansiyasının tikintisinə dair layihələr nəzərdən keçirilir.

Bir çox yapon şirkətlərinin rəhbərləri ilə srağagün və dünən keçirdiyim görüşlər zamanı mən Azərbaycanda birgə iş barədə çox təkliflər aldım. Mən bu təkliflərə müsbət yanaşıram. Biz bu layihələrin maliyyələşdirilməsi mənbələrini birlikdə düşünüb müəyyən etməliyik. Ümidvaram ki, birgə işimiz və Yaponiya hökumətinin yardımı gözlənilən nəticələri verəcəkdir.

Azərbaycan yaxşı iqlimə, zəngin mədəniyyətə malik gözəl bir məmləkətdir, bizim yaxşı milli mətbəximiz var. Ona görə də sizin hamınızı birgə iş üçün Azərbaycana dəvət edirəm. Bizdə artıq fəaliyyət göstərən şirkətlər, zənnimcə, bu barədə özləri danışa bilərlər. Hesab edirəm ki, onlar bizim qarşılıqlı münasibətlərimizdən razıdırlar. Əmin ola bilərsiniz ki, müstəqil bir dövlət kimi, Azərbaycan müstəqillik mövqelərində möhkəm dayanır, Azərbaycan iqtisadiyyatı ancaq bazar münasibətləri prinsipləri əsasında inkişaf edəcəkdir. Biz xarici şirkətlərlə, o cümlədən Yaponiya şirkətləri ilə fəal əməkdaşlıq üçün bundan sonra da var qüvvə ilə səy göstərəcəyik. Təkcə neft və qaz sənayesində deyil, iqtisadiyyatın bir çox digər sahələrində də böyük perspektivlər var.

Hesab edirəm ki, Yaponiyaya bu günlərdə həyata keçirilən rəsmi səfərim, bu gün Baş nazirlə olacaq görüş, ölkələrimiz arasında imzalayacağımız sənədlər Yaponiya-Azərbaycan münasibətlərinin inkişafında yeni mərhələ açacaqdır. Əmin ola bilərsiniz ki, Azərbaycan Yaponiya üçün çox-çox illər ərzində etibarlı tərəfdaş olacaqdır.
 
Diqqətinizə görə sağ olun.