Azərbaycan Prezidenti Heydər Əliyevin İllinoys ştatının ən varlı və elitar ailələrindən biri olan Pritskerlərlə görüşdə söhbətindən - Çikaqo, 3 avqust 1997-ci il


Hörmətli cənab Tomas Pritsker!

Hörmətli cənablar!

Mən ilk öncə bildirirəm ki, ABŞ-ın İllinoys ştatının ən varlı və elitar ailələrindən biri olan Pritskerlər ailəsinin üzvləri ilə görüşdən məmnun oldum. Qeyd etmək istəyirəm ki, sizin prezidenti olduğunuz, Amerikada və dünyada böyük nüfuz qazanmış "Hyyat" korporasiyası Azərbaycanda da yaxşı tanınır. Bu korporasiyanın Azərbaycanla əlaqələrinin hazırkı vəziyyətindən razı qaldığımı vurğulayaraq eyni zamanda nəzərə çarpdırmağı önəmli sayıram ki, əməkdaşlığımızı daha da inkişaf etdirmək çox vacibdir.

Amerika Birləşmiş Ştatlarının prezidenti cənab Bill Klintonun dəvəti ilə ölkənizə ilk rəsmi səfərimdən məmnunluqla söhbət açaraq bildirmək istəyirəm ki, avqustun 1-də Vaşinqtonda prezident Bill Klintonla və ABŞ hökumətinin yüksək vəzifəli digər rəsmi şəxsləri ilə keçirdiyim görüşlərin, apardığım danışıqların, imzalanmış sənədlərin əhəmiyyəti olduqca böyükdür. Bu görüşlər, danışıqlar və imzalanmış sənədlər Azərbaycan-Amerika əməkdaşlığının inkişafında yeni bir mərhələ açmışdır.

Hüquqi demokratik dövlət quran, bazar münasibətləri yolunu seçmiş Azərbaycan Dünya Birliyi ilə sıx əlaqələr yaratmağa xüsusi diqqət yetirir. Biz respublikamıza sərmayə qoymaq istəyən xarici ölkələrin işgüzar dairələrinin nümayəndələri, hər bir şirkət ilə münasibətlərimizin möhkəmləndirilməsinə ciddi fikir veririk və onlara hər cür şərait yaradırıq.

Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi, bir milyon nəfərdən artıq soydaşlarımızın öz doğma yurdlarını tərk edərək qaçqın vəziyyətində çadırlarda yaşaması, ölkəmizin iqtisadiyyatına və mədəniyyətinə vurulmuş böyük zərər bizim üçün ən ağrılı problem olaraq qalır. Bütün bunlara baxmayaraq, biz Ermənistan-Azərbaycan münaqişəsini sülh yolu ilə nizama salmaq istəyirik. Elə buna görə də 1994-cü il mayın 12-də əldə edilmiş atəşkəsə dönmədən əməl edirik.

ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlarda fəal iştirak edirik. Mən Minsk qrupuna həmsədrlik edən üç böyük dövlətin - ABŞ, Rusiya və Fransanın prezidentləri Bill Klintonun, Boris Yeltsinin, Jak Şirakın Denverdə imzaladıqları birgə bəyanatı yüksək qiymətləndirirəm və bildirirəm ki, ATƏT-in üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Lissabon Zirvə toplantısında qəbul edilmiş prinsiplər əsasında Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasına respublikamız tərəfdardır. Buna görə bir daha nəzərə çatdırıram ki, Azərbaycanın haqq işinin dünya ictimaiyyəti, Amerikanın rəsmi dairələri, nüfuzlu adamları tərəfindən müdafiə edilməsi bu gün olduqca vacibdir.

Təəssüflə bildirirəm ki, Ermənistanın respublikamıza hərbi təcavüz etməsinə baxmayaraq, 1992-ci ildə ABŞ Konqresinin "Azadlığı müdafiə aktı"na ədalətsiz 907-ci düzəlişi hələ də qüvvədə qalır və Azərbaycanı ABŞ dövləti xətti ilə göstərilən humanitar yardımdan məhrum edir. Biz əmin olmaq istərdik ki, Amerikanın Azərbaycanla əməkdaşlıq edən bütün nüfuzlu adamları bu düzəlişin tezliklə ləğv edilməsinə əməli kömək göstərəcəklər.

Nəzərinizə çatdırıram ki, Xəzərin Azərbaycan sektorundakı neft yataqlarının birgə işlənməsi sahələrində xarici ölkələrin bir sıra nüfuzlu şirkətləri ilə bağlanmış müqavilələrdə Amerika şirkətləri də yaxından iştirak edirlər. Lakin respublikamızın təkcə neft sahəsində deyil, digər sahələrdə də birgə fəaliyyəti üçün geniş imkanları vardır. Bu baxımdan cənab Tomas Pritsker, Sizin - "Hyyat" korporasiyasının prezidentinin, korporasiyanın respublikamızda fəaliyyət dairəsini genişləndirmək niyyətləri barədə təkliflərinizi məmnunluqla qarşılayıram və ümid edirəm ki, bu təkliflər tezliklə əməli işlərdə öz layiqli ifadəsini tapacaqdır.

"Azərbaycan" qəzeti, 7 avqust 1997-ci il