Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Özbəkistanın məşhur "Yalla" Dövlət Əməkdar kamera-instrumental ansamblının konsertindən sonra yaradıcı kollektiv ilə görüşdəki söhbətindən - Respublika sarayı, 12 dekabr 1998-ci il


Heydər Əliyev: Sizi, həmişəki kimi, yenə də gözəl çıxışlarınız münasibətilə təbrik edirəm. Sizin ansambl artıq çoxdan böyük şöhrətə malikdir və hesab edirəm ki, özbək xalqı, Özbəkistan qarşısında xidmətləriniz böyükdür. Bir çox illər ərzində siz özbək incəsənətini, musiqisini, mahnılarını bütün dünyada layiqincə təmsil etmisiniz. Sizi keçmiş Sovet İttifaqının bütün respublikalarında, o cümlədən Azərbaycanda həmişə sevmişlər, ancaq siz o illərdə də öz yaradıcılığınızla İttifaqın hüdudlarından kənara çıxır, bütün dünyada qastrollarda olurdunuz və böyük müvəffəqiyyət, böyük ad-san qazanmışdınız.

Görürsünüz ki, Azərbaycanda tamaşaçılar sizi çox yüksək qiymətləndirir, sevir və gözəl başa düşürlər. Belə münasibət təsadüfi deyil. Əvvəla, siz həmişə qiymətləndirilən yüksək sənəti bu gün yenə də təqdim etdiniz. İkincisi, sizing mahnılarınızda və musiqinizdə milli, özbəklərə xas xüsusiyyətlər, eyni zamanda ümumbəşəri xüsusiyyətlər var. Siz o illərdə də məhz bununla böyük müvəffəqiyyət qazanmışdınız ki, öz milli musiqinizi, milli mahnılarınızı ümumbəşəri musiqi və mahnılarla birləşdirməyə, onları dünyaya məharətlə təqdim etməyə müvəffəq olmusunuz. Siz yüksək dərəcəli ustalarsınız, keçmişdə gözəl oxuyurdunuz, bu gün də gözəl oxuyur, çıxiş edirsiniz.

Bakıya gəlməyinizə şadam. Buna şad olan tək mən deyiləm. Bir baxın - salon tamaşaçılarla doludur, onlar sizi necə təntənəli, səmimi və hərarətlə qarşıladılar. Mən çox şadam. Azərbaycan prezidentinin seçkiləri ərəfəsində Bakıya gəlib İdman sarayında bu hadisəyə həsr olunmuş konsertlə çıxış etdiyinizə görə təşəkkür edirəm. Mən bunu çox yüksək qiymətləndirirəm. Bunu Azərbaycanda da, xüsusən mənə səs vermiş seçicilər də qiymətləndirirlər. Bir sözlə, Azərbaycan prezidentinin seçkilərində siz də iştirak etdiniz. Çox sağ olun.

Siz və Özbəkistanın, Azərbaycanın incəsənət xadimləri bir çox on illər ərzində ölkələrimizin incəsənət xadimləri arasında dostluq yaratmışlar. Bu dostluq bizim zəmanəmizdə, ölkələrimiz müstəqil, suveren dövlətlər olduğu dövrdə çox böyük rol oynayır. Özbəkistanla Azərbaycanı çox şeylər bağlayır, tarixi köklərimiz birdir, dilimiz, musiqimiz, dinimiz, adətlərimiz, bütün ənənələrimiz də birdir. Biz eyni köklərə mənsubuq və onları, milli xüsusiyyətlərimizi, miili mənşəyimizi indi daha çox qiymətləndiririk. Bu, müstəqil, suveren dövlətlər kimi Özbəkistanın da, Azərbaycanın da yer üzündə möhkəm durması və mövcud olması üçün, onların müstəqillik və suverenliyini heç kimin poza bilməməsi üçün zəruridir.

Biz - dövlət xadimləri bunu edirik. Siz Özbəkistan prezidenti, dostum İslam Kərimovla mənim aramda böyük dostluq olduğunu bilirsiniz. Ona böyük hörmətim var, onu yüksək qiymətləndirirəm, çoxdan - Moskvada, Kremldə işlədiyim vaxtdan tanıyıram. Mən Özbəkistanı keçmişdən, 70-cı illərdən tanıyıram, onun faciəli illərinə, özbək xalqının ədalətsizliyə məruz qaldığı illərinə bələdəm. O illərdə, xüsusən təxminən 1984-cü, 1985-ci illərdən başlayaraq sovet rəhbərliyinin ayrıayrı xadimləri tərəfindən özbək xalqına qarşı böyük ədalətsizlik edilmişdi. O illərdə İslam Kərimovun Özbəkistanı bu vəziyyətdən çıxarmaq vəzifəsini öz üzərinə götürməsi, özbək xalqına yapışdırmaq istədikləri hər şeyi ata bilməsi böyük hünərdir, böyük nailiyyətdir. Buna görə də həmin vaxtdan mən İslam Kərimovu çox sevdim, çünki o öz xalqının şərəf və ləyaqətini qorudu, onu müdafiə etdi. Onun indi, müstəqillik illərində də Özbəkistanın müstəqilliyini möhkəmlətmək üçün çox işlər gördüyünü bilirəm. Hərçənd bu, heç də asan deyildir. Sizin bölgənizdə də, bizim bölgəmizdə də, Qafqazda da problemlər olduqca çoxdur. Lakin yenilməzlik, mərdlik və milli müstəqillik bu çətinlikləri aradan qaldıra bilməyimiz üçün ən mühüm keyfiyyətlərdir. Bu gün mən sizi dinləyərkən Özbəkistan, özbək xalqı, Daşkənd və Özbəkistandakı dostlarım gözlərim qarşısına gəldilər. Mənim ən başlıca dostum isə İslam Kərimovdur. Xalqınıza, Özbəkistanın bütün incəsənət xadimlərinə, dostum İslam Kərimova salam yetirin. Bir daha təbrik edirəm.

Fərrux Zakirov (ansamblın yaradıcısı və bədii rəhbəri,bəstəkar): Cənab prezident, səmimi sözlərə görə, habelə konsertə gəldiyinizə görə Sizə təşəkkür edirik. Bu, təkcə bizim ansambl üçün deyil, özbək mədəniyyəti, millətimiz üçün də böyük şərəfdir, mədəniyyətimizə, millətimizə hörmətdir. Əgər seçkiqabağı kampaniyada öz iştirakımızla Sizin parlaq qələbənizə az-çox töhfə vermişiksə, biz xoşbəxtik. Qoy Allah Sizə, bizim prezidentimizə möhkəm cansağlığı versin və Siz xoşbəxtliyimiz naminə çox uzun ömür sürəsiniz. Bu gün biz bir daha yəqin etdik ki, tez-tez görüşməliyik.

Diqqətinizə görə çox sağ olun.

Heydər Əliyev: Bilirsiniz, mən məmnunluq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanda Özbəkistan səfirliyi təaliyyət göstərir və onların respublikamızda işləməsini mühüm amil hesab edirəm. Özbəkistanda isə ölkəmizin səfiri, dövlətlərimiz arasında gözəl, səmimi münasibətlər var başlıcası isə ölkələrimiz müstəqildir.

Əbdüqafar Əbdürəhmanov: (Özbəkistanın Azərbaycandakı səfiri): Cənab prezident, onu da bildirirərrı ki, "Yalla" ansamblı dekabrın 14-də Sumqayıtda xeyriyyə konserti verəcəkdir. Fürsətdən istifadə edərək, konsertə sponsorluq yardımına görə "Azəravtonəqliyyat" Dövlət Konserninə böyük təşəkkürümü bildirirəm.

Heydər Əliyev: "Yalla" ansamblının bütün üzvlərini bir daha təbrik edirəm. Sizə yeni uğurlar, cansağlığı və firavanlıq arzulayıram. Sağ olun.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT