Azərbaycan Prezidenti Heydər Əliyevin Vaşinqtonda jurnalistlər üçün mətbuat konfransı - 26 fevral 2003-cü il


Sual: Cənab prezident, özünüzü necə hiss edirsiniz, necəsiniz?

Cavab: Yaxşıyam.

Sual: Bizi çox maraqlandırır və hətta Amerika Birləşmiş Ştatlarında da hamının diqqət mərkəzindədir ki, prezident Heydər Əliyev ABŞ prezidenti Corc Buşla nə barədə, nədən danışdı?

Cavab: Bəli, bu təbiidir. Hesab edirəm, prezident Corc Buşla çox yaxşı danışığımız oldu. Əgər sadalasaq ki, hansı məsələlər barəsində danışdıq, birincisi, beynəlxalq terrorizmlə mübarizə, antiterror koalisiyasında Azərbaycanın iştirakı və xidmətləri haqqında. Prezident Corc Buş çox təşəkkür elədi. Azərbaycanda bu sahədə görülən işlərdən və nəticələrdən çox məmnun qaldığını söylədi. Bildirdi ki, siz bizim, Amerikanın yaxın dostusunuz və sizi belə də qəbul edirik. Mən ona dedim ki, biz həmişə Amerika ilə dost münasibətində olmağa çalışmışıq. Ancaq 11 sentyabr hadisələrindən sonra, sizin yaratdığınız beynəlxalq terrorizmə qarşı koalisiyaya dərhal qoşulmuşuq, bu koalisiyada öz işimizi görmüşük və görürük. Dedim, bir halda ki, görülən iş belə yüksək qiymətləndirilir, mən bundan çox məmnunam.

İkinci məsələ Bakı-Tbilisi-Ceyhan haqqındadır. Görünürdü ki, o, bu barədə, bizim burada gördüyümüz işlər haqqında görüşdən əvvəl də məlumat almışdı. Elə birinci məsələ barədə də. Təbii ki, o, bu sözləri havadan demirdi. Ona öz nazirliklərindən, müvafiq orqanlarından məlumatlar verilmişdi və bunun nəticəsində belə fikirlər söyləyirdi.

Bakı-Tbilisi-Ceyhanla bağlı mən ona bizim keçirdiyimiz konfrans haqqında dedim. Onun səbəbləri, nə üçün Gürcüstan, Türkiyə, Amerika Birləşmiş Ştatları ilə bir yerdə keçirməyimiz barədə dedim. Çünki siz görürsünüz, biz nə qədər çətinliklə rastlaşırıq. Bəzən Azərbaycanın daxilində bunu o qədər də hiss etmirlər, elə siz jurnalistlər də. Çünki biz istəmirik ki, hər bir şeyi mətbuata çıxaraq və hər şeyi problemə çevirək.

Ümumiyyətlə, mən bu gün prezident Buşa bir də onu dedim ki, biz 8 il bundan öncə ki, bu layihəni başladıq, yəni Xəzər dənizinin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının işlənilməsi ilə əlaqədar böyük bir müqavilə imzaladıq, ondan sonra bizə müxtəlif təzyiqlər başladı. Bu, sizə məlumdur. Bizə notalar, etirazlar gəldi ki, Xəzərin hüquqi statusu müəyyən olunmamış burada hər hansı Xəzəryanı bir ölkə iş görə bilməz. Amma bununla qurtarmadı. Sonrakı dövrlərdə də müxtəlif yollarla bizə maneçilik etmək istədilər və bu günə qədər də istəyirlər.

O cümlədən, Bakı-Tbilisi-Ceyhan. Bir var layihənin özü, yəni neftin hasil olması, qazın hasil olması, bu, təbiidir, müxtəlif qüvvələri narahat edir. Amma ikinci tərəfi, hasil olan neftin ixracıdır - kəmər haradan, hansı marşrutla gedəcək, hansı ölkədən keçəcəkdir. Bu, çox mühüm məsələdir və çoxları bundan narahatdırlar. Biz əvvəldən bu marşrutu seçmişik və bunun da üstündə durmuşuq və dururuq.

Nəhayət, bunu biz reallaşdırdıq. Keçən il sentyabrın 18-də üç ölkənin prezidenti - Türkiyənin prezidenti, Gürcüstanın prezidenti ilə Azərbaycanın prezidenti Amerika Birləşmiş Ştatlarından enerji nazirinin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əsasını qoyduq. Ancaq ondan sonra yenə də bəzi maneçiliklər var, maliyyələşdirmə barəsində verilən vədlər vaxtında yerinə yetirilmir. Çünki şirkətlərin özlərində pul yoxdur ki, xərcləsinlər. Danışıqlar belə olubdur ki, şirkətlər müəyyən maliyyə mərkəzlərindən kredit alacaqlar. O kreditlər vasitəsilə də onu maliyyələşdirəcəklər. Məsələn, bu proqramın layihəsinin 30 faizi Azərbaycan dövləti tərəfindən maliyyələşdirilir. Amma bunun hamısını biz nağd qoya bilmərik. Biz də kreditə ümid bağlamışıq.

Burada müəyyən problemlər meydana çıxıbdır. Gürcüstanda əvvəldən də müxtəlif qüvvələr daim buna mane olmaq istəyirdilər. Ancaq həqiqətən, Gürcüstan hökuməti və xüsusən prezident Şevardnadze bu barədə birmənalı, qəti mövqe tutubdur. Ancaq orada bəzi qüvvələr var, müxtəlif yollardan istifadə edirlər. Son dəfə, məsələn, biz oraya böyük bir nümayəndə heyəti göndərdik. Devid Vudvord, Natiq Əliyev və başqaları getdilər, danışdılar. Ancaq orada ekologiya naziri var, qadındır, o, bəzi sənədləri imzalamadığı üçün onlar qayıtdılar geriyə. Sonra mən ikinci dəfə prezident Şevardnadzeyə telefon etdim, danışdım. İkinci dəfə getdilər, indi həmin nazir bunu imzalayıbdır, amma onun dalınca da buraya, Vaşinqtona - Beynəlxalq Maliyyə Korporasiyasına məktub göndəribdir. Özü yaratdığı qeyri-hökumət təşkilatları tərəfindən etirazlar göndəribdir. Bunlar, təbiidir. Belə məlumatlara diqqətlə baxırlar. Çünki, ümumiyyətlə, ətraf mühitin qorunması həmişə çox öndə durur.

Marşrutun seçilməsi ilə əlaqədar buraya yalan məlumatlar verirlər ki, guya üç marşrut olub, bəziləri də deyir dörd marşrut olubdur. Amma həqiqətdə belə deyil, ilkin bir marşrut verilmişdi, Beynəlxalq Əməliyyat Şirkəti onun üzərində işləmişdi. Ancaq sonra Gürcüstan hökuməti özü o marşrutdan imtina etmişdi, təhlükəsizlik nöqteyi-nəzərindən başqa marşrut təklif etmişdi. Bu marşrut üzərində də başlayıblar işləməyə. Yəni marşrutu şirkətlər, Beynəlxalq Əməliyyat Şirkəti seçməyibdir. Marşrutu Gürcüstan hökuməti müəyyənləşdirib və Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinə təqdim edibdir. Onlar da bunun üzərində mühəndis işləri aparıblar.

İndi də müxtəlif hərəkətlərlə marşrutu şübhə altına almağa başlayıblar. Bunların hamısı gəlib çatıb bura. Biz əvvəldən danışmışıq və söz vermişdilər ki, mart ayında maliyyələşmə başlayacaqdır. İndi isə burada məsələni çox uzadırlar.

Mən sizə məsələni bir az geniş danışıram. Bunları mən cənab Buşa bu qədər ətraflı deməmişdim. Amma sizə danışıram ki, vəziyyəti biləsiniz.

Biz ümid edirdik ki, martda maliyyələşmə başlayacaqdır. Ancaq biz buraya gələn günü böyük bir heyətimiz getdi Beynəlxalq Maliyyə Korporasiyasına, bir neçə saat orada oldular. Çox narahat gəldilər.

Dünən Beynəlxalq Maliyyə Korporasiyasının prezidenti mənim yanıma gəldi, danışdıq. Onun fikirləri artıq bir az başqadır. Ancaq yenə də deyir ki, bizim payçılarımız, yəni səhmdarlarımız çoxdur. Onlar gərək hamısı, - bilmirəm 170-dir, nə qədərdir, - buna səs versin. Aldığımız materiallara gərək baxaq, ətraf mühit haqqında BP-yə əlavə göstərişlər veriblər, gərək onları bizə versinlər, biz təhlil edəcəyik, apreldən sentyabra qədər işləyəcəyik. Ola bilər, maliyyələşməni ancaq sentyabrda açaq. Bu da bizim üçün əlverişli deyildir. Baxmayaraq ki, bu qəti olsa, demək, biz buna da gedə bilərik. Bunlar hamısı müxtəlif istiqamətlərdən edilən maneçiliklərdir.

Mən bu barədə prezident Buşa qısaca bildirdim. O, dedi göstəriş verəcək ki, bizə bu barədə lazımi yardım etsinlər. Dəfələrlə dedi ki, bu layihənin Amerika Birləşmiş Ştatları üçün çox böyük əhəmiyyəti var, biz buna böyük əhəmiyyət veririk və mütləq bunun həyata keçirilməsini təmin edəcəyik.

Üçüncü məsələ Ermənistan-Azərbaycan münaqişəsidir. Bu məsələni mən artıq o qədər bilirəm, o qədər bilirəm ki, gecə yuxuma da girir, yaxud elə yuxulu olanda da nə soruşsan, hamısını deyəcəyəm.

Bu barədə mən ona xəritə üzərində məlumat verdim, vəziyyəti danışdım və Azərbaycanda, bizdə, əhalidə, ictimaiyyətdə olan narazılığı bildirdim ki, xalq artıq belə vəziyyətə dözə bilmir. On ildən çoxdur ki, torpaqlar işğal altındadır. Ermənistan işğalçıdır, təcavüzkardır. Ancaq hər yerdə, beynəlxalq təşkilatlarda, bütün danışıqlarda bizi bərabər səviyyəyə qoyurlar və bir-birimizlə danışıb məsələni həll etməyimizi gözləyirlər. Biz bir-birimizlə çox danışmışıq, ancaq məsələ həll olunmur. Çünki Ermənistan tərəfi hesab edir ki, o, torpaqları işğal edibdir, onun üstünlüyü var və iddiası budur - Dağlıq Qarabağ Ermənistana birləşməlidir, yaxud da ki, müstəqil olmalıdır. Biz isə bununla razı ola bilmirik. Beləliklə, ikimiz, yəni iki dövlət başçısı bu məsələni həll edə bilmirik.

Prezident Buşa bu barədə geniş məlumat verdim, xarici işlər naziri Kolin Pauell, müdafiə naziri Ramsfeld, prezidentin təhlükəsizlik məsələləri üzrə köməkçisi Kondoliza Rays bizim danışıqda əvvəldən axıra qədər iştirak edirdilər. Prezidentin bu işlərlə məşğul olan müşavirləri, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri və təbiidir ki, bizim nümayəndə heyətimiz, o cümlədən, ölkəmizin səfiri iştirak edirdi. Bu barədə ətraflı məlumat verdim. Çünki elə düşünürük ki, bu məsələni hamı bizim qədər bilir. Amma elə deyildir. Hərənin özünə görə dərdi var, problemi var. Bizə belə gəlir ki, bu, elə problemdir ki, onu hamı biz bildiyimiz qədər bilməlidir. Bu, düz deyildir.

Ona görə də mən həmişə bizim işçilərə demişəm ki, - mən özüm də bunu edirəm, - nə qədər təkrar olsa da, hər dəfə xəritə üzərində vəziyyəti anlatmaq lazımdır. Ən kiçik məmurdan tutmuş, prezidentə qədər bunu etməlidir. Mən bunu həmişə edirəm. Özü də mən kimlə - prezidentlə, yaxud, hansısa ölkənin məmuru, beynəlxalq təşkilatın nümayəndəsi ilə danışmağımdan asılı olmayaraq, həmişə bunu edirəm. Çünki bu, bizim dərdimizdir və onu bizim qədər heç kəs bilmir. Buna görə də çox geniş məlumat verdim, öz fikirlərimi söylədim.

ABŞ-ın Minsk qrupundakı həmsədri Perina mənim yanıma gəlmişdi, onunla çox ətraflı söhbət etdik. O, mənə deyir ki, onlar yeni təklif hazırlayırlar. Bu məlumat yəqin ki, prezident Buşa da verilmişdir. Ona görə Kolin Pauellə tapşırdı ki, bu işlə məşğul olsun və dedi ki, bizim işçilər bununla məşğuldurlar. Hər halda o, vəziyyətin ağırlığını görür, bilir, anlayır. Bizim regionda belə bir münaqişənin daim qalmasının təhlükəli olduğunu bilir və güman edirəm ki, bundan sonra diqqət daha da artmalıdır.

Başqa məsələlər barəsində də söhbət elədik. Ancaq söhbətimiz əsas bu üç məsələ ətrafında oldu. Mən söhbətdən çox razıyam. Hər şeydən - həm görüşün ab-havasından, həm də Azərbaycana, onun prezidentinə göstərilən diqqətdən və hörmətdən razıyam. Prezident Buş yenə də dedi ki, Azərbaycan Amerika Birləşmiş Ştatlarının yaxın dostudur və biz, bütün sahələrdə gələcəkdə əməkdaşlıq edəcəyik. Bununla da bizim görüşümüz bitdi.

Sual: Cənab prezident, görüşdə İraq probleminə toxunuldumu?

Cavab: Bundan sonra biz Dövlət Departamentində olduq. Dövlət Departamentində dövlət katibinin birinci müavini cənab Armitacla, onların təkcə Azərbaycanla əlaqədar olan yox, ümumiyyətlə, yüksək səviyyəli, məsul işçiləri ilə söhbət oldu, bir saziş imzalandı. Bizim tərəfimizdən səfir Paşayev, onların tərəfindən Elizabet Cons imzaladılar. Çox vacib bir sənəddir. Bundan sonra nahar yeməyi, lanç oldu. Hamımız orada bir yerdə olduq. Oturub həm bir az yemək yemək, həm də söhbət etmək - bu da bir vasitədir. Bütün bu məsələlər barəsində onlarla da çox geniş söhbət apardıq. Xüsusən, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar.

Sonra isə saat 3-də vitse-prezident cənab Çeyni ilə də görüşdük.

Vitse-prezident Çeyni Azərbaycana çox böyük maraq göstərir, keçmişdən mənə də çox diqqətli olubdur. O, artıq bilirdi ki, prezident Buşla biz nə barədə söhbət eləmişik və bütün bunları dəstəkləyirdi. Eyni zamanda, o da həm Bakı-Tbilisi-Ceyhan haqqında, - bu işi çox yaxşı bilir, - həm beynəlxalq terrorizmlə mübarizə barəsində, həm də ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar bir az geniş məlumat əldə etmək istədi.

Bu söhbət də çox dostluq şəraitində, səmimiyyət şəraitində keçdi. Vitse-prezident də Azərbaycana yüksək qiymət verdi və görülən işlərimizə görə təşəkkür etdi. Beləliklə, hesab edirəm ki, biz üç əsas görüş keçirdik və onlar hamısı Azərbaycan üçün çox faydalıdır.

Bilirsiniz ki, indi Vaşinqton bütün dünyanın diqqətindədir. Burada hər bir kiçik, böyük iş dərhal maraq doğurur. Heydər Əliyevin bu vaxt, bu dövrdə Vaşinqtona gəlməsi və burada bir çox görüşlər keçirməsi diqqətdən yayına bilməz. Ticarət naziri gəlmişdi, onunla çox geniş söhbət apardıq. Sonra energetika naziri ilə söhbət apardıq. Beynəlxalq Maliyyə Korporasiyasının prezidenti gəlmişdi, onunla söhbətimiz oldu və böyük toplantı keçirdik. Qısa bir müddətdə nə qədər işlər gördük. Bu gün isə təbii ki, bunların ən yüksək səviyyəsi oldu. Mən bunlardan çox məmnunam. Hesab edirəm ki, hər halda bu mərhələdə biz Amerika Birləşmiş Ştatlarına çatdırmaq istədiyimizi çatdırdıq, bildirmək istədiyimizi bildirdik, fikirlərimizi anlatdıq və fikir mübadiləsi, müəyyən danışıqlar apardıq.

Sual: Cənab prezident, Siz məhz Bakı-Tbilisi-Ceyhana toxundunuz və bu barədə məlumat verdiniz. Kredit ayrılmasının sentyabr ayına qədər ləngidilməsi tikintinin gedişinə hər hansı bir təsir göstərə bilərmi? Beynəlxalq Maliyyə Korporasiyasına ABŞ-ın çox güclü təsir imkanı var. Kredit ayrılmasında bu təsir imkanlarını işə salacaqları barədə söz verdilərmi?

Cavab: Söz verdilər, qəti söz verdilər. Mən bu məsələni prezident Buş ilə müzakirə edəndən sonra, inanıram ki, təsir edə bilər. Eyni zamanda, vitse-prezident Çeyni də bu işə qarışıbdır, bütün bu söhbətlərimizdə xarici işlər naziri də iştirak edirdi. Çünki, həqiqətən, Amerika Birləşmiş Ştatları, ümumiyyətlə, Xəzər dənizində bizim gördüyümüz işləri və xüsusən Bakı-Tbilisi-Ceyhan layihəsini çox ciddi dəstəkləyir. Maneələr yenə olacaq, ancaq güman edirəm ki, sentyabrda maliyyələşmə başlayacaqdır. O vaxta qədər, deyə bilərəm ki, nə qədər çətin olsa da, şirkətlərin imkanları var və güman etmirəm ki, bir hadisə baş versin. Amma yenə də hər nə baş verərsə, biz burdayıq. Buna arxayın ola bilərsiniz.

Sual: Cənubi Qafqazda vəziyyət müzakirə olunarkən Rusiyanın Gürcüstan ərazisindən çıxarmaq istədiyi silahları Ermənistanda yerləşdirmək niyyətindən söhbət getdimi?

Cavab: Bu barədə söhbət olmadı.

Sual: Cənab prezident, dünənki konfransda bir nəfər şəxs özünü "Dağlıq Qarabağ Respublikası"nın ABŞ-da rəsmi nümayəndəsi kimi təqdim etdi. Siz bildirdiniz ki, olmayan respublikanın nümayəndəsini, ümumiyyətlə, rəsmi konfranslara buraxmaq olmaz. Bugünkü görüşlərin hansındasa bu məsələyə toxundunuzmu?

Cavab: Oğlum, bu, kiçik məsələdir, Siz elə düşünürsünüz ki, biz belə bir kiçik məsələni belə böyük səviyyədəki görüşlərdə müzakirə etməliyik? Bu kiçik bir məsələdir, belə şeylərə fikir verməyin. Amma bundan ibrət götürün ki, bir azərbaycanlı da getsin bir yerdə elə bir hərəkət eləsin. İlham Əliyev universitetdə nitq söyləyəndə də həmin adam orada çıxış edib belə söz demişdi. O da ona sərt cavab vermişdi. Həmin adamdır. İndi bunlar bunu edirlər, biz bundan ötrü Amerika hökumətini ittiham edə bilmərik. Belə məsələlərdə bir az dərindən fikirləşin. Bunlar xırda məsələlərdir.

Sual: Cənab prezident, ticarət naziri Donald Evans Amerikanın Azərbaycandan maye qaz almaqda maraqlı olduğunu demişdir. Sizcə, ümumiyyətlə, bu, yaxın vaxtlarda nə dərəcədə realdır?

Cavab: İndiki halda real deyildir. Amma, ümumiyyətlə, siz gördünüz, Türkiyənin nümayəndəsi dünənki konfransda qazın gələcəkdə Avropada istifadəsi ilə əlaqədar yaxşı fikirlər söyləyirdi. Onlar artıq çox əhəmiyyətli müəyyən işlər görüblər. Güman edirəm bu istiqamətdə biz qaz proqramını, yəni "Şahdəniz" layihəsini yerinə yetirəcəyik.

Tarixi arayış