Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İngiltərənin "Midl ist maqazin" jurnalının müxbirinə müsahibəsi - Paris, 4 dekabr 1995-ci il


Müxbir: İlk sualım belədir: siz bu yaxınlarda Nyu-Yorkda Ermənistan prezidenti ilə görüşmüsünüz. Bilmək istərdim, bu görüşdə hansı nəticələr əldə edilib və Ermənistan ilə Azərbaycan arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində hansı əməli addımların atılması mümkündür?

Heydər Əliyev: Oktyabrın 23-də mən Nyu-Yorkda Ermənistan prezidenti cənab Levon Ter-Petrosyanla görüşdüm. Biz məsələlərin sülh yolu ilə həll olunmasına dair fikir mübadiləsi apardıq. O da, mən də bəyan etdik ki, biz atəşkəs rejiminin bundan sonra da saxlanmasını təmin edəcəyik. Eyni zamanda ikimiz də bu fikirdə olduq ki, biz yollar axtarmalıyıq ki, saziş əldə edək, müharibəyə tamamilə son qoyaq və bölgədə sülhü təmin edək. Bunun üçün biz razılaşdıq ki, Minsk qrupu çərçivəsində danışıqlar davam etdirilməlidir və fikirləşməliyik ki, daha hansı konkret yollar tapa bilək ki, müharibəyə son qoyaq. Razılaşdıq ki, Minsk qrupu çərçivəsindəki danışıqlarla yanaşı, Ter-Petrosyan və mən öz xüsusi nümayəndələrimizi ayıraq və onlar da bilavasitə danışıqlar aparsınlar. Yəni görüşümüzün əsas nəticəsi, mənası sülh danışıqları aparmaqdan və qarşılıqlı razılaşma əldə etmək üçün yeni imkanlardan istifadə etməkdən ibarətdir.

Müxbir: Sizin bölgədə neçə aydan sonra sülh əldə edilə bilər? Siz Azərbaycanda bizim öz gözümüzlə gördüyümüz qaçqınlara və köçkünlərə deyə biləcəksinizmi ki, tezliklə evinizə qayıtmaq mümkün olacaqdır?

Heydər Əliyev: Bilirsiniz, bunu demək, yəni nə vaxt tam sülh əldə olunacağını demək çox çətindir. Belə sülhün olması üçün bir neçə şərt lazımdır. Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən tamamilə çıxmalıdır, sizin gördüyünüz qaçqınlar çadırlarda ağır vəziyyətdə yaşayan Azərbaycan vətəndaşları yerlərindən, yurdlarından zorla çıxarılmış insanlar öz yerlərinə qayıtmalıdırlar. Dağlıq Qarabağda yaşayan ermənilərin də təhlükəsizliyi təmin edilməlidir. Böyük sülh bu prinsiplər əsasında olmalıdır. Biz çalışırıq ki, bu, tezliklə olsun.

Gecikmənin səbəbkarı biz deyilik. Siz bilirsiniz ki, gecikmənin səbəbkarı Ermənistandır. Çünki ermənilər Azərbaycanın torpağını işğal ediblər. Onların işğalçılığı nəticəsində bizim vətəndaşlarımız zorla öz yerlərindən qovulublar. Ona görə də ermənilər geri çəkilməli, beynəlxalq hüquq normalarına riayət etməlidirlər. Azərbaycanın ərazi bütövlüyü təmin olunmalıdır. Biz bu şərtlər daxilində bölgəmizdə sülh yaratmaq istəyirik. Əlbəttə, çadırlarda ağır şəraitdə yaşayan bir milyondan artıq Azərbaycan vətəndaşının vəziyyəti bizi üzür, çox narahat edir. Biz istəyirik ki, onlar tezliklə öz yerlərinə qayıtsınlar. Yenə deyirəm, bu məsələlərin hamısının vaxtında həll olunması Ermənistanın mövqeyindən asılıdır.

Müxbir: İcazənizlə, sizə neftlə bağlı bir neçə sualla müraciət edim. Mən Bakıda "Qarabağ" neft yatağının birgə istismarı ilə əlaqədar müqavilənin imzalanması mərasimində iştirak edirdim və sizin oradakı çıxışınızı da diqqətlə dinlədim. Həmin müqavilə imzalandıqdan sonra bir neçə sualla bəzi adamlara müraciət etdim, lakin heç kim mənə dəqiq cavablar verə bilmədi. Bu cavabları sizdən ala bilərəmmi? Müqavilədə iştirak edən şirkətlər layihəyə xərc qoyurlar və çıxarılan neftdən də öz səhmlərinə müvafiq pay götürəcəklər. Əgər nəzərə alsaq ki, şirkətlər qoyduqları xərci neftlə götürəcəklər və pay kimi alacaqları nefti də bunun üzərinə əlavə etsək, onların bütünlüklə götürəcəkləri neftin həcmi nə qədər olacaqdır?

Heydər Əliyev: Bunu hesablamaq lazım deyil. Çıxarılacaq neft təxminən 150 milyon tondur. Şübhəsiz ki, bunun bir hissəsi qoyulan xərclərə gedəcək, bir hissəsi də şirkətlərin və Azərbaycanın payına düşəcəkdir.

Müxbir: 150 milyon ton neft çıxarılması nəzərdə tutulan axırıncı müqavilədən Azərbaycanın payına nə qədər neft düşəcəkdir?

Heydər Əliyev: Azərbaycanın nə qədər neft əldə edəcəyini mən indi demək istəmirəm. Ancaq bundan hər kəs öz gəlirini götürəcəkdir, özü də yaxşı götürəcəkdir. Əgər gəlirimiz olmasa, biz o müqaviləni nə üçün bağlayırıq? Yaxud da ki, o şirkətlər bundan mənfəət götürməsələr, nə üçün gəlib sərmayə qoysunlar?

Müxbir: Cənab prezident, siz bu rəqəmləri niyə sirr olaraq saxlayırsınız?

Heydər Əliyev: Bu, sirr deyil. Burada mənim müşavirim var, ona deyərəm, sizə məlumat verər. Mən hesab etmirəm ki, bu rəqəmləri prezident deməlidir.

Müxbir: Ümumi siyasətə qayıtsaq, siz hansı siyasəti yeritmək istəyirsiniz? Elə etmək istəyirsiniz ki, neft şirkətləri nə qədər mümkündür və imkan daxilində tez bir zamanda, çox miqdarda neft çıxarsınlar, yoxsa neftin az-az, tədricən, uzun müddətə çıxarılmasının tərəfdarısınız?

Heydər Əliyev: Bu, bizim istəyimizdən asılı deyildir. Bu prosesdə hər bir işin öz vaxtı var. Həmin vaxtı biz qısalda bilmərik və onu süni surətdə uzatmağa da ehtiyac yoxdur. Məsələn, birinci müqavilə 30 il üçün nəzərdə tutulmuşdur. Bu 30 il müddətində hər bir mərhələnin öz vaxtı var. Ola bilər ki, işin gedişində imkanlar genişlənsin, o cür olmasın, bu cür olsun.

Müxbir: Sizcə, ölkənin iqtisadiyyatına müsbət təsir göstərmək üçün əsas gəlirləri nə vaxtdan etibarən əldə edəcəksiniz?

Heydər Əliyev: İlkin neft çıxarılandan sonra, 1997-ci ildə biz artıq gəlir əldə edəcəyik.

Müxbir: Sizə belə bir sual verim: Sizcə, Azərbaycan nə vaxt Küveytə dönəcəkdir?

Heydər Əliyev: Bilirsiniz, bu sualı mənə tez-tez verirlər. "Küveyt" ifadəsini qanun kimi götürmək istəmirəm. Küveyt ayrı ölkədir, Azərbaycan başqa ölkədir. Ancaq hesab edirəm ki, 2000-ci ildən sonra Azərbaycan xalqı lazımi qədər təmin olunacaqdır.

Müxbir: Bir neçə kəlmə ilə izah edə bilərsinizmi Rusiya ilə sərhədlər nə üçün bağlanmışdır?

Heydər Əliyev: Rusiya belə hesab edir ki, öz sərhədlərini Çeçenistandakı müharibə ilə əlaqədar bağlamışdı.

Müxbir: Axı, orada müharibə başa çatıb, sərhədləri nə üçün açmayıblar.

Heydər Əliyev: Orada müharibə hələ qurtarmayıb.

Müxbir: Siz sərhədlərin açılması üçün danışıqlar aparırsınızmı?

Heydər Əliyev: Aparırıq.

Müxbir: Nəticəsi varmı?

Heydər Əliyev: Söz verirlər, baxaq, görək. Bir az çətindir.

Müxbir: İki il ərzində siz əsas neft ixracı üçün boru kəməri çəkməlisiniz. Siz hansı marşruta üstünlük verirsiniz?

Heydər Əliyev: Üstünlük yoxdur, ilk marşrut müəyyən etmişik, ikisindən də eyni səviyyədə istifadə edəcəyik. Əsas neftə isə hələ vaxt var.

Müxbir: Diplomatiya sahəsindəki istedadınız barədə mətbuatda çox oxumuşdum. Amma indi sizin mətbuatla işinizdən də çox gözəl diplomat olmağınızın şahidi oldum.

Heydər Əliyev: Təşəkkür edirəm.

Müxbir: Cənab prezident, Fransanın neft şirkətləri ilə Azərbaycan arasında əməkdaşlıq barədə nə deyə bilərsiniz? Burada fransızlar belə hesab edirlər ki, onlar da Azərbaycan neftindən istifadə olunmasında öz rolunu oynamalıdırlar. İndiki səfəriniz zamanı bu neft şirkətlərinin nümayəndələri ilə görüşünüz olubmu?

Heydər Əliyev: Bilirsiniz, mən istəyirəm ki, Fransa gəlib Azərbaycanla neft sahəsində əməkdaşlıq etsin. Fransanın "Elf agiten" şirkətinin prezidenti ilə mən bir neçə dəfə görüşmüşəm, bu gün axşam da onunla görüşəcəyəm. Bu gün Fransanın baş naziri cənab Alen Jüppe ilə danışanda da bu barədə öz fikirlərimi ona dedim. Hesab edirəm ki, "Elf agiten" şirkəti Azərbaycanda böyük bir neft yatağının - "Şahdəniz" yatağının işlənməsində konsorsiuma daxil olmaq istəyir.

Müxbir: Cənab prezident, bilirəm ki, sizin iş cədvəliniz çox gərgindir. Müsahibəyə görə çox sağ olun.

"Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyanatlar, müsahibələr, məktublar, müraciətlər, fərmanlar) - Azərnəşr, Bakı - 1998, 5-ci cild, səh. 100 - 103

Tarixi arayış