Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Beynəlxalq Valyuta Fondunun nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 17 iyul 2002-ci il


Con Odlinq-Smi: Cənab prezident, gərgin qrafikinizə baxmayaraq, mənimlə görüşə vaxt tapdığınız üçün Sizə öz minnətdarlığımı bildirirəm. Təəssüflər olsun, Azərbaycana az-az gəlirəm, ona görə də ölkədə nələr baş verdiyi barədə tam təsəvvürə malik olmaq mənim üçün vacibdir. Əlbəttə, mən öz həmkarlarımdan informasiya alıram. Təxminən iki il əvvəlki səfərimdən bəri ölkədə makroiqtisadi göstəricilər çox əlverişli olmuşdur. İqtisadi artımın sürətinə görə Azərbaycan MDB ölkələri arasında, əslində, liderdir və burada inflyasiya çox aşağıdır. Bu, çox yaxşı göstəricidir. Əlbəttə, bu, qismən neftlə izah edilir, lakin təkcə bununla deyil, həm də onunla izah edilir ki, Maliyyə Nazirliyi və Milli Bank çox yaxşı makroiqtisadi siyasət aparırlar. Struktur islahatları da yaxşı gedir. Deməliyəm ki, təxminən iki il əvvəl məndə müəyyən narahatlıq yaranmışdı ki, islahatlar prosesi bir qədər zəifləmişdir. Lakin təxminən bir il əvvəl islahatlar yenidən yüksək sürətlə aparılmağa başlandı və indi bu proses çox yaxşı gedir.

Əlbəttə, siz hər il struktur islahatlarının yeni mərhələsinə başlayırsınız və təzə məsələlərlə qarşılaşırsınız. Siz onları həll etməlisiniz. Bunun əlamətlərindən biri də odur ki, indi sərmayələr üçün əlverişli şərait yaradılmasına çox böyük diqqət yetirirsiniz. Bunun təzahürlərindən biri də odur ki, siz həm Azərbaycan biznesmenləri ilə, həm də xarici biznesmenlərlə görüşlər keçirdiniz. Ümidvarıq ki, bu görüşlər əsasında çox müsbət tədbirlər görüləcəkdir.

O ki qaldı Azərbaycanla BVF arasındakı münasibətlərə, biz bundan, xüsusən Maliyyə Nazirliyi, Milli Bank, Prezidentin İcra Aparatı ilə əlaqələrimizdən çox məmnunuq.

Biz bərabər hüquqlu tərəflər kimi açıq diskussiyalar və müzakirələr aparırıq və ümid edirik ki, bu müzakirələr sizin üçün faydalı olacaqdır. Bizə isə bu müzakirələr ölkədə vəziyyət barədə daha çox məlumat almağa imkan verir.

Bildiyiniz kimi, indi yoxsulluğun azaldılması və iqtisadi inkişafa kömək proqramının həyata keçirilməsinin ikinci ili gedir. İndiyədək biz bu proqram üzrə ikinci icmalı başa çatdırmalı idik, lakin müəyyən ləngimə olmuşdur. Mənim səfərimin əsas məqsədlərindən biri də yaranmış maneələri aradan qaldırmaqdan ibarətdir ki, bir, yaxud iki aydan sonra BVF-nin növbəti missiyası gələndə bu icmalı başa çatdırmaq barədə razılıq əldə etmək mümkün olsun.

Ləngimənin iki səbəbi olmuşdur. Əvvəla, hökumət Beynəlxalq Bankın özəlləşdirilməsi cədvəlini hələ təqdim etməmişdir. Bundan başqa, enerji daşıyıcılarının daxili bazar qiymətlərinin dünya qiymətləri ilə uyğunlaşdırılması cədvəli üzrə razılaşma əldə olunmamışdır.

Bu tədbirlərin hər ikisi Sizin hökumətinizlə razılaşdırılmışdır və indi əsas məsələ onların yerinə yetirilməsi cədvəllərini razılaşdırmaqdan və həyata keçirilməsi üçün konkret tədbirlər görməkdən ibarətdir.

Beynəlxalq Banka gəldikdə isə, ötən 2-3 illik gecikmədən sonra bu prosesə yeni təkan vermək lazımdır. Bütün tələblərə cavab verəcək və İdarəetməni lazımi səviyyədə təmin edəcək investor tapmaq lazımdır. Bildiyimizə görə, belə investor vardır.

Enerji daşıyıcılarının qiymətlərinin uyğunlaşdırılmasına gəldikdə isə, zənnimcə, hamı başa düşür ki, bunu bazar münasibətlərinə keçid prosesinin müəyyən mərhələsində və enerji ehtiyatlarından israfçılıqla, səmərəsiz istifadəni aradan qaldırmaq üçün etmək lazımdır. Əlbəttə, hər hansı ölkə belə genişmiqyaslı, dəyişiklikləri bir gün ərzində həyata keçirə bilməz. Lakin, zənnimcə, müəyyən müddətdən sonra lazımi ardıcıl tədbirlər sayəsində bunu həyata keçirmək tamamilə real bir işdir və biz bunun öhdəsindən gələ bilərik.

Heydər Əliyev: Biz Beynəlxalq Valyuta Fondu ilə neçə illərdir ki, əməkdaşlıq edirik. Ötən illərdə bu sahədə problemlər, çətinliklər də olubdur. Bəzən Beynəlxalq Valyuta Fondunda bizim islahatların aparılması, ümumiyyətlə, iqtisadi siyasətimizlə bağlı tədbirlərin həyata keçirilməsi barəsində müəyyən şübhələr də olmuşdur. Amma sonrakı illər sübut etdi ki, onlar əsassızmış və biz Beynəlxalq Valyuta Fondu ilə çox səmərəli əməkdaşlıq edirik.

Siz Azərbaycanın iqtisadi, maliyyə nailiyyətləri haqqında çox müsbət fikirlər söylədiniz. Bilirsiniz ki, bu nailiyyətləri əldə etmək heç asan deyildi, bizim qarşımızda çox çətinliklər var idi, mühafizəkar fikirli adamlar da, işimizə maneçilik edənlər də vardı. Bu da bəzən sizdə inamsızlıq yaradırdı. Amma mən Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığımız illərindən həmişə bəyan etmişəm ki, bizim tutduğumuz yol islahatlar yoludur, bazar iqtisadiyyatı yoludur. Şəxsən mən Azərbaycan prezidenti vəzifəsini üzərimə götürərkən bu yolu tutduğumu bəyan etmişəm və bu yol ilə de gedirik. İndi siz deyəndə ki, biz Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələr içərisində birinci yerdəyik, yaxud da birinci yerlərdəyik, əlbəttə, bu, məndə böyük iftixar hissi do doğurur, amma arxayınlaşdırmır. Çünki hələ çox iş görmək lazımdır.

Neftin qiymətləri haqqında keçən dəfə də söhbətlər aparmışdınız. Biz başa düşürük ki, siz bu məsələni düzgün qoyubsunuz. Ancaq siz də bizim bu barədə çətinliklərimizi başa düşürsünüz. Beynəlxalq Bankın özəlləşdirilməsi, sadəcə, təsadüfi hallara görə belə gecikdi. Yəni burada problem yoxdur, sadəcə, vaxt lazımdır.

Özəlləşdirmə prosesi daha da sürətlə getməli və başa çatmalıdır. Bu da mənim siyasətimin əsas hissələrindən biridir. Amma bu sahədə də əldə etdiyimiz təcrübə bizə bir çox şeyləri öyrətdi. Biz bir çox tikiş fabriklərini özəlləşdirdik, sahibkarlar aldı, qapısına qıfıl vurub getdilər. İndi nə fabrik var, nə kollektiv var, nə də məhsul var. Bu, təkcə bizdə deyildir. Xatirimdədir, 1994-cü ildə Budapeştdə ATƏT-in zirvə görüşü zamanı Macarıstanın baş naziri ilə söhbət etdim. Onunla keçmişdən tanış idik. Mən Sovet hökumətində rəhbər vəzifədə olanda, o da Macarıstanın rəhbərlərindən biri idi. Ondan soruşdum ki, siz özəlləşdirməni çox sürətlə apardınız, nəticəsi nədir? Dedi ki, çox ağırdır. Soruşdum, niyə? Dedi ki, böyük fabrikləri, zavodları tez özəlləşdirdik ki, özəl sektor onları yaxşı işlətsin. Xarici ölkələrin investorları da özəlləşdirdilər. Onlar gəlib aldılar, qıfıl vurdular, öz ölkələrinə çıxıb getdilər.

Ancaq bu, hesab edirəm ki, Macarıstanın özəlləşdirmə prosesinin dayandırılmasına gətirib-çıxarmadı, əksinə, Macarıstan inkişaf etdi. Biz də bundan qorxub özəlləşdirməni nə ləngidə bilərik, nə də dayandıra bilərik.

Dünya təcrübəsindən məlumdur ki, özəlləşdirmə heç də dərhal öz müsbət nəticəsidir. Biz özəlləşdirməni aparmalıyıq, özəl sektora kömək etməliyik.

Siz mənim sahibkarlarla görüşlərim haqqında danışdınız. Onların nəticələri öyrənilib, təhlil olunub, yekunlaşdırılıbdır. Güman edirəm, iyulun sonuna qədər bu görüşlərin nəticəsi ilə əlaqədar nəzərdə tutduğum müşavirəni keçirəcəyəm və lazımi fərmanlar, qərarlar qəbul edəcəyəm. Bunlar hamısı özəl sektorun inkişafına daha da yaxşı kömək edəcəkdir.

"Azərbaycan" qəzeti, 18 iyul 2002-ci il.