Cəbhəyanı rayonlarda yaranmış vəziyyətlə əlaqədar Ağcabədi və Gəncədə keçirilmiş müşavirələrdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin yekun çıxışı - 12 dekabr 1993-cü il


Bizim problemlərimiz çoxdur. Müşavirəyə isə yalnız iki-üç məsələ ilə əlaqədar toplaşmışıq. Burada verilən məlumatlardan aydın oldu ki, işğal edilmiş torpaqlardan köçməyə məcbur olan vətəndaşlar respublikanın bir çox rayonlarında məskunlaşmışlar. Onların bəziləri ailələrdə, müxtəlif binalarda yerləşdirilmişdir, bir hissəsi isə çadırlarda yaşayır.

Noyabrın 2-də xalqa müraciət edərkən demişdim ki, respublika əhalisinin əksəriyyəti, xüsusən kənd rayonlarının sakinləri yaxşı evlərdə yaşayırlar. Hər ailə bir qaçqın ailəsinə öz evində yer versə, ola bilsin, bizim bu problemimiz aradan qaldırılacaqdır. Keçmişdə belə bir təcrübə olmuşdur. 1941-1945-ci illər müharibəsi zamanı Rusiyanın qərb vilayətlərindən, Ukraynadan, Belorusiyadan Azərbaycana köçüb gəlmiş qaçqınlar qonaqpərvərliklə qarşılanmış, onların bir çoxunu adamlarımız öz ailələrində qəbul etmişdilər. Müharibə qurtardıqdan sonra isə onlar öz yerlərinə qayıtdılar.

İndi bizim doğma bacı və qardaşlarımızı, müstəqil Azərbaycanın vətəndaşlarını imkanı olan adamlar - belələri isə çoxdur - öz evlərində saxlasalar, çörəklərini onlarla bölüşdürsələr, bu problemin həlli çox asanlaşar. Şübhəsiz, bu mənim arzumdur. Bu arzumu bildirir və güman edirəm ki, çoxları buna səs vermişdir. Burada verilən məlumatlardan aydın oldu ki, ayrı-ayrı ailələr təkcə qohum və tanışlarını deyil, başqalarını da gətirib saxlayırlar. Bir də ki, axı biz hamımız azərbaycanlıyıq, hamımız qohumuq. Qohumluq yalnız qan qohumluğu demək deyildir, Azərbaycan xalqının soykökü birdir. Ona görə də hər bir qaçqını qəbul edib sığınacaq vermək, şərait yaratmaq bizim tarixi, milli, mənəvi ənənələrimizə tam uyğun olardı. Güman edirəm ki, gələcəkdə də bu istiqamətdə iş görüləcəkdir.

Eyni zamanda qaçqınların, köçkünlərin yerləşdirildiyi rayonların rəhbərləri onlara daha yaxşı qayğı göstərməlidirlər. Bu, sizin vəzifənizdir və onun layiqincə yerinə yetirilməsini tələb edirəm. Rayon rəhbərləri dedikdə mən həm icra orqanlarının, təsərrüfat orqanlarının, həm də sovetlərin, hüquq-mühafizə orqanlarının başçılarını nəzərdə tuturam. Onların hamısı çalışmalıdır ki, ev-eşiklərini tərk etmiş bacı-qardaşlarımız, vətəndaşlarımız ağır vəziyyətə düşməsinlər, müvəqqəti yaşayış yerlərində lazımi səviyyədə dolana bilsinlər. Güman edirəm ki, bu vəzifənin yerinə yetirilməsi üçün bundan sonra daha böyük səy göstərəcəksiniz.

Respublika nazirlikləri, komitələri, baş idarələri rəhbərlərinin bir qismi məhz bu məqsədlə müşavirəyə dəvət edilmişdir. Onlar öz imkanlarından istifadə edərək qaçqınların problemləri ilə məşğul olmalıdırlar. Bu, onların ümdə vəzifəsidir.

Çıxış edənlər qaçqınlara yardım göstərilməsi sahəsində yaranmış vəziyyətdən də danışdılar. Doğrudan da, bu məsələdə çox pərakəndəlik var. Xarici ölkələrdən də çoxlu humanitar yardım göndərilir. Lakin mən indiyədək bu yardımların necə, hansı xətlə qaçqınlara çatdırıldığını araşdıra bilməmişəm. Düzdür, Nazirlər Kabinetində bu işlə məşğul olan adamlar var, o cümlədən də baş nazirin müavini Əsgər Məmmədov. Ancaq çıxışlardan belə başa düşdüm ki, bu iş lazımi səviyyədə qurulmamışdır. Ona görə də Nazirlər Kabinetinə, şəxsən Əsgər Məmmədova tapşırıram ki, Dövlət Qaçqınlar Komitəsi ilə birlikdə xaricdən göndərilən humanitar yardımın tənzimlənməsi, ədalətli şəkildə bölüşdürülməsi, həqiqətən ehtiyacı olan adamlara çatdırılması ilə ciddi məşğul olsunlar. Təəssüf ki, humanitar yardım kimi göndərilən malların dağıdılması, mənimsənilməsi, ehtiyacı olan qaçqınlara çatdırılması halları vardır. Hətta ehtiyacı olmayan adamlar bu yardımdan istifadə edirlər. Buna nəinki yol vermək olmaz, həm də bu, cinayət xarakterli hallardır və hökmən qarşısı alınmalıdır.

Noyabrın 2-də mən Azərbaycanın bizneslə məşğul olan iş adamlarına, imkanlı adamlara da müraciət etmişdim ki, şəxsən yardım göstərsinlər. Sonra televiziyada, mətbuatda xəbər verildi ki, bu çağırışa qoşulan adamlar var və onlar öz imkanlarından istifadə edərək ehtiyacı olan qaçqınlara, köçkünlərə kömək göstərmək istəyirlər, bir çox ailələrin təminatını öz öhdələrinə götürmüşlər. Lakin mənə elə gəlir ki, bu, müəyyən qədər kampaniya xarakteri daşımışdır və indi bir qədər zəifləmişdir. Eyni zamanda bu iş də pərakəndə haldadır. Ona görə də burada irəli sürülən təklifləri düzgün hesab edir və Nazirlər Kabinetinə, şəxsən Əsgər Məmmədova tapşırıram ki, bu məsələlər də mərkəzləşdirilsin.

Şübhəsiz ki, hər bir biznesmen, iş adamının təşəbbüsü bəyənilməlidir. Ancaq aydınlaşdırmaq lazımdır ki, bu yardım haraya göndərilir, kimə çatır. Məsələn, çıxışlarda deyildi ki, maşınlarla rayon mərkəzinə gətirilən yardım bir neçə yerə paylanır, bəzən isə heç yarısı da paylanmır. Belə tədbirlər reklam xarakteri daşıyır. Bizə isə reklam yox, həqiqətən ehtiyacı olan adamlara kömək göstərilməsi lazımdır. Bu işdə lazımi qayda yaratmaq üçün Əsgər Məmmədov xüsusi tədbirlər görməli, bu barədə mənə müntəzəm məlumat verməlidir. Başqa sözlə, bu işlər mərkəzləşdirilməli və normal qaydada, intizamlı şəkildə həyata keçirilməlidir. Mən qaçqınların bütün problemləri üzərində dayanmaq istəmirəm. Güman edirəm ki, bu deyilənlər yerlərdə, nazirliklərdə həmin problemlərlə ciddi məşğul olmaq üçün tapşırıqdır və ona əməl olunmalıdır.

Respublikanın müdafiə qabiliyyətini möhkəmləndirmək sahəsində görülən işləri müsbət qiymətləndiririk. Ancaq bu sahədəki vəziyyət bizi hələ qane etmir. Ordumuz daha da güclənməli, səfərbərlik işi davam etdirilməlidir. Müşavirənin gedişində qeyd etdim ki, elə bu səfər zamanı biz orduda xidmət etməyə qadir olan xeyli cavan adamlar gördük. Rayon icra hakimiyyətlərinin başçıları, hərbi komissarlıqlar, hüquq-mühafizə orqanları, Müdafiə Nazirliyi bu işlə ciddi məşğul olmalıdırlar. Güclü orduya malik olmağımız müharibə vəziyyətindən sülh yolu ilə çıxmağımız üçün də böyük zəmin yaradacaqdır. Ona görə də güclü ordu yaradaraq respublikanın etibarlı müdafiəsini təşkil etmək, eyni zamanda sülh danışıqlarını qüvvəmizə arxalanaraq aparmaq istəyirik.

Səfərbərlik zamanı qarşıya çıxan hər kəsi orduya göndərmək lazım deyildir. Bizim imkanlarımız genişdir. Səfərbərliyə alınaraq orduya göndərilənlər layiqli adamlar olmalıdırlar. Onlar yaxşı seçilməli, hərbi xidmət keçmiş adamlar, mütəxəssislər olmalıdırlar. İndi ordumuza hərbi peşələrin sirlərinə bələd olan adamlar lazımdır. Belələri qısa müddətdə ordu sıralarında öz yerlərini tapa, layiqli xidmət edə, ordunu gücləndirə bilərlər. Adamları məcburi surətdə, zorla tutub orduya göndərmək lazım deyildir. Çünki indi bizim öz xalqına, Vətəninə həqiqətən sədaqətli olan torpağını can-başla, ürəkdən müdafiə etmək istəyən adamlarımız çoxdur, onları cəlb etməliyik. O adamlar ki, hələ öz vətəndaşlıq borcunu başa düşmürlər, qoy bir qədər də gözləsinlər.

Məsələn, bu gün bizə məlumat verdilər ki, dünən bu yaxınlıqda erməni silahlı qüvvələri bir neçə tankla hücuma keçmişlər. Həmin hücum vaxtı Bakının Binəqədi rayonunda təşkil edilmiş batalyonun şəxsi heyətinin əksəriyyəti (mən batalyonun komandiri ilə qospitalda görüşdüm. O, yaralanmışdır) tankların səsini eşidən kimi qaçmışdır. Bəziləri silahını da qoymuş, bəziləri isə silahla qaçmışlar. Həm də nəinki döyüş mövqeyini tərk etmiş, hətta Bakıya döğru qaçmışlar.

Ağcabədi rayonunun ərazisində başqa bir batalyonla görüşdük. O, Göytəpədən (Prişibdən) gəlmişdir və "Göytəpə batalyony" adlandırılır. Bu batalyon döyüş mövqeyini tərk edən batalyonun əvəzinə göndərilmiş, həmin mövqeni müdafiə etmiş, erməni silahlı qüvvələrinin hücumunun qarşısını alaraq geri oturtmuşdur.

Görürsünüz, bu batalyonların hər ikisində xidmət edənlər bizim övladlarımızdır, hamısı Azərbaycanın vətəndaşıdır. Lakin bir dəstə qorxaqlar, mən deyərdim ki, satqınlıq etmiş, tankın səsini eşidən kimi döyüş mövqeyini qoyub qaçmış, digər dəstə isə, əksinə, cəsarət göstərərək düşmənin qarşısını almışdır. Mən sonuncuların bir hissəsi ilə görüşdüm. Onlar bildirdilər ki, biz ölərik, lakin geri dönmərik. Xalqımıza sədaqətlə xidmət edəcəyimizə, torpağımızı müdafiə edəcəyimizə əmin ola bilərsiniz.

Onların bu qətiyyəti məni çox sevindirdi. Belə hallar çoxdur. Xalqımızın əksəriyyəti bu əhval-ruhiyyə ilə yaşayır. Burada doğru dedilər ki, belə cavanlar əsasən zəhmətlə böyümüş adamlardır. Onlar xalqımızı ürəkdən sevirlər. Xalqın, ölkənin sərvətlərindən gen-bol istifadə edərək qeyri-qanuni yolla varlanmış ailələrdən olan adamlarda isə hələ Vətən, torpaq hissi yoxdur və bəlkə də olmayacaqdır. Biz həqiqi, vətənpərvər azərbaycanlılara güvənirik. Belələri əksəriyyət təşkil edir. Güman edirəm ki, əgər siz - icra başçıları, hərbi komissarlar, hüquq-mühafizə orqanlarının rəhbərləri, hərbi hissələrin komandirləri, Müdafiə Nazirliyinin rəhbərliyi belə cəsarətli, qeyrətli gənclərin qüvvəsindən səmərəli istifadə etsəniz, müdafiə imkanlarımız qısa bir müddətdə artacaq və respublikanın etibarlı müdafiəsini təmin edərək işğal olunmuş torpaqlarımızı geri qaytaracağıq.

Son üç gün ərzində erməni silahlı qüvvələri Beyləqan, Ağcabədi istiqamətində müntəzəm olaraq hücum edirlər. Ancaq məmnuniyyət hissi ilə qeyd edirəm ki, bu hücumların qarşısı alınmışdır. Biz tərəfdən atəşkəs pozulmamış və heç bir hücum olmamışdır. Lakin qanlı döyüşlər zamanı erməni silahlı qüvvələrinin hücumlarının qarşısı alınmış, onlar öz məqsədlərinə nail ola bilməmişlər. Bizim də itkilərimiz var. Ancaq Ermənistanın verdiyi itkilər daha çoxdur. Son hücumlar göstərir ki, erməni işğalçıları danışıqlarda barışığa gəlmək təklifi irəli sürsələr də, öz çirkin niyyətlərindən əl çəkmirlər. Digər tərəfdən,onlar bu hücumları ilə istədiklərinə nail ola bilmirlər, layiqli cavab alaraq geri çəkilirlər.

Ordu hissələrimizin həmin mövqelərdə ciddi döyüşlər aparması vəziyyətin müəyyən qədər dəyişdiyini, onların lazımınca idarə olunduğunu göstərir. Əgər son dövrlərə nəzər salsaq, bu dediklərim kiçik də olsa, əlamətdar haldır. Bu onu göstərir ki, gücümüzü toplaya bilsək, adamlarda vətənpərvərlik hissini gücləndirə bilsək, inamı artıra bilsək, daha doğrusu, inam yarada bilsək, torpaqlarımızı müdafiə edə biləcəyik. Artıq geriyə yol yoxdur. İndi müdafiə mövqelərimizdən bir addım geri çəkilmək olmaz. Ordu da, xalq da, siz də bilməlisiniz ki, bundan sonra heç bir məğlubiyyətə yol vermək və ona dözmək olmaz.

Son günlər şəhid olmuş döyüşçülərimizin ailələrinə başsağlığı verirəm və bir daha bildirirəm ki, Vətən yolunda həyatını qurban verənlərin xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır.

Ordumuz xalqın qayğısı ilə əhatə olunmalıdır, çünki o, xalqın bir hissəsidir. Hər bir vətəndaş orduya hörmətlə yanaşmalı, hər bir gənc hərbi xidməti özünə şərəf saymalıdır. Bunu mətbuatda da geniş təbliğ etmək lazımdır. Orduda xidmət edən adamlar bilməlidirlər ki, haradasa azacıq da olsa, geri çəkilməyə yol versələr, bundan ötrü başları ilə cavabdehdirlər.

Ermənistanla həmsərhəd rayonların rəhbərlərinə bir daha deyirəm: Siz rayonun ərazi bütövlüyünə cavabdehsiniz. Əgər geri çəkilsəniz, hər hansı mövqeyi təhvil versəniz, buna heç bir vəchlə bəraət qazandıra bilməyəcəksiniz, əksinə, mühakimə olunacaqsınız. Mən xəbərdarlıq edirəm, bundan sonra belə hallar bağışlanmayacaqdır. Hər birimiz, sizinlə birlikdə mən də Vətən yolunda, xalqımızın gələcəyi naminə özümüzü qurban verməyə hazır olmalıyıq. Eyni zamanda imkanlarımızdan səmərəli istifadə etməliyik ki, Vətəni müdafiə edək, itkilərimiz də az olsun.

İşğal olunmuş rayonların rəhbərləri, hörmətli, adlı-sanlı adamları harada yaşamalarından asılı olmayaraq, həmin rayonların geri qaytarılması barədə düşünməlidirlər. Kəlbəcər rayonunun başçısı çıxış edərkən mən təsadüfən demədim ki, siz artıq Kəlbəcəri unutdunuzmu? İnsanlar belədir ki, bir müddət keçdikdən, özlərinə, necə deyərlər, yuva düzəltdikdən sonra əvvəllər yaşadığı yeri az qala tamam unudurlar. Güman edirəm ki, kəlbəcərlilər belə edə bilməzlər. Təkcə onlar yox, ağdamlılar, laçınlılar, cəbrayıllılar, füzulililər, qubadlılılar, zəngilanlılar, şuşalılar, keçmiş Dağlıq Qarabağda yaşayan azərbaycanlılar da - bir sözlə, hamı bu torpaqları necə geri qaytarmaq barədə düşünməlidir.

Siyasi, diplomatik işləri görürük. Bu işdə kənardan köməyə ehtiyacımız yoxdur. Lakin bu işləri aparmaq üçün və bunlar nəticə verməsə, ən son məqamda torpaqlarımızı qanımızın, canımızın bahasına olsa da, geri qaytarmaq üçün işləməli, qüvvələrimizi toplamalıyıq. İşğal olunmuş rayonların cavanlarının hamısı olmasa da bir hissəsi gəlib orduda xidmət etsə ordumuz güclənər, biz də arxayın olarıq ki, nəyin bahasına olursa-olsun, torpaqlarımızı geri qaytaracağıq. Bu barədə düşünmək lazımdır. Başqa rayonlarda da səfərbərlik işinə ciddi fikir verilməlidir.

Mən bir neçə hərbi hissədə əsgərlərlə, zabitlərlə görüşmüşəm. Onlarda Vətənə, xalqa xidmət etmək əhval-ruhiyyəsi yüksəlir. Lakin çox iş görməliyik ki, orduda daimi xidmət edən hərbçilər olsun, onlar öz peşələrinin sirlərinə yiyələnsinlər və cəbhənin istənilən yerində torpaqlarımızı müdafiə edə bilsinlər.

Şübhəsiz ki, orduya təsadüfi adamlar da gəlir. Çıxışlarda qeyd edildi ki, həm Füzuli, həm Cəbrayıl, həm də Zəngilan rayonlarında hərbi xidmətdən şəxsi məqsədləri üçün istifadə edərək ordunu dağıdan adamlar da çox olmuşdur. Son məğlubiyyətlərimiz də ordu yaradılandan bəri onun daxilində xəyanətkar, cinayətkar ünsürlərin çox olmasının nəticəsidir. Təəssüf ki, belələri orduda yüksək vəzifələr də tutmuşdur. Təsadüfi deyil ki, Müdafiə Nazirliyinin keçmiş rəhbərləri cinayət məsuliyyətinə cəlb edilmişlər və indi həbsxanadadırlar.

Yaxud ordunun bir qismini parçalayaraq Azərbaycanın müdafiə imkanlarını xeyli zəiflətmiş Əlikram Hümbətov kimi quldur indi həbs edilmişdir. Ancaq təəssüf ki, vaxtı ilə yüksək vəzifəli şəxslərin havadarlığı nəticəsində o, Azərbaycana böyük zərbə vurdu, ordunun bir hissəsini cəbhə bölgələrindən uzaqlaşdıraraq Lənkəranda özünün şəxsi niyyətlərinə, cinayətkar məqsədlərinə nail olmaq üçün istifadə etdi. Avqustun 23-də xalq onun əleyhinə çıxdı. Lakin o zaman da xəyanətkarlıq oldu. O, qaçıb gizlənə bildi. Bu yaxlnlarda polis orqanları onu həbs etdilər. Bu, onu göstərir ki, cinayətkarlar gec-tez aşkar ediləcək, xalq qarşısında məsuliyyət daşıyacaqlar. Lakin onların son illərdə Azərbaycan xalqına vurduğu zərbələrin ağır nəticələri olmuşdur. Bir daha təkrar edirəm ki, son vaxtlarda Ermənistan silahlı qüvvələri tərəfindən rayonlarımızın işğal edilməsi məhz ordunun yarandığı vaxtdan onun daxilində təxribatçı qüvvələrin olmasının, onun dağıdıcı istiqamətdə idarə edilməsinin nəticəsidir.

Bizim bu bəlalarımızın səbəblərindən biri də odur ki, torpaqlarımızın əldən getməsində günahkar qalan şəxslər nə cəzalandırılmamış, nə də xalq tərəfindən pislənilməmişlər.

Axırıncı döyüşlərdə 20-30 nəfərədək adam həlak olmuşdur. Bu məlumatı eşidəndə bir tərəfdən ürəyim ağrıyır. Lakin gəlin reallığı nəzərə alaq. Müharibə gedir, biz torpaqlarımızı müdafiə edirik. Ola bilərmi ki, qurbansız olsun? Əlbəttə yox. Vətəni qorumaq şəhidlik, qurbanlar tələb edir. Ona görə də Zəngilanın icra başçısı çıxış edərkən ona qarşı narazılığımı bildirdim və dedim ki, hətta erməni silahlı qüvvələri rayona daxil olmamış nə üçün oranı tərk etdiniz? Deyir ki, biz vuruşduq. Əgər doğrudan da belədirsə, işğal olunmuş rayonların rəhbərlərindən nə üçün heç kim şəhid olmamışdır. Şəhid olanlar yalnız sadə adamlar, yaxud ordunun bəzi zabitləridir. Əgər həmin rəhbər işçilər döyüşdə şəhid olsaydılar, xalqın qəlbində böyük məhəbbət qazanardılar.

Əlbəttə, tarix bunların hamısına qiymət verəcəkdir: nə üçün Dağlıq Qarabağ əldən getdi, müqəddəs şəhərimiz Şuşanı itirdik? Nə üçün Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan əldən getdi? Təsəvvür edin, nə qədər sərvətlərimizi itirdik, nə qədər qurban verdik. Lakin çox hallarda döyüş getməmiş, şəhid də olmamışdır. Bu, ordu hissələrinə də aiddir. Cəbrayıldakı 2 min nəfərlik briqadadan 1.950 nəfəri mövqeləri tərk edərək Arazın o biri sahilinə - İrana keçmişdir.

Neçə ildir Azərbaycan təcavüzə məruz qalmışdır, lakin ordusunu yarada bilməmişdir. Müstəqilliyini elan etdikdən sonra da yarada bilməmişdir. Çünki ordunu yaratmaq istəməmişlər. Ondan ayrı-ayrı məqsədlər üçün istifadə etmişlər. Ona görə də orduda mənəviyyat ilk vaxtlardan başlayaraq pozulmuşdur. Buna son qoymalıyıq. Bizim ordumuz sağlam mənəviyyata malik adamlardan ibarət olmalıdır. Bu, əsgərlərə, zabitlərə və həmçinin Müdafiə Nazirliyinin rəhbərlərinə aiddir.

Hərbi komissarlıqların işindən çox böyük narazılıqlar var. Orada rüşvətxorluğun baş alıb getməsi dillərə düşmüşdür. Camaat arasında belə söhbətlər gedir ki, hərbi komissarlıqlar səfərbərlikdən istifadə edərək dörd-beş dəfə artıq adam çağırır, bir qismini orduya göndərir, qalanlardan isə rüşvət alaraq buraxırlar. Yəqin ki, bu sözlərdə həqiqət var. Hərbi komissarlar buraya dəvət olunmuşlar, mən bunu onların üzünə deyirəm. Bəsdir, bu çirkin işlərdən əl çəkin. Son günlərdə neçə nəfər həlak olmuşdur, siz onların, bütün şəhidlərin qarşısında cinayət edirsiniz.

Çalışmalıyıq ki, bütün bu mənfi halların qarşısını alaq və ordunu möhkəmləndirək. Müdafiə Nazirliyinin rəhbərliyi öz vəzifələrini layiqincə yerinə yetirməlidir.

Ziyalılarımızın müntəzəm olaraq hərbi hissələrə gedərək döyüşçülərlə, xidmətə yeni çağırılmış gənclərlə söhbətlər aparması, onlarda vətənpərvərlik ruhunun yüksəlməsinə kömək etməsi çox lazımdır. Mən ziyalılara bir daha müraciət edərək onları belə tədbirlərdə geniş iştirak etməyə çağırıram.

Rayonlarda, şəhərlərdə, bütün respublikada ictimai-siyasi vəziyyəti sabitləşdirməliyik. Bu ilin əvvəlindən bəzi rayonlarda, şəhərlərdə sabitlik pozulmuş, bəziləri özbaşına vəzifələr tutmuş, hərc-mərclik yaranmışdı. Biz bunların qarşısını almışıq və bundan sonra da alacağıq. Lakin belə halların qarşısını yerlərdə icra hakimiyyəti orqanları, hüquq-mühafizə orqanları almalıdırlar. Bizə məlumat verdilər ki, son günlər Gəncə şəhərində ayrı-ayrı cinayətkar qruplar müxtəlif əməllər törətmişlər. Onların bəziləri yaxalanmış, bəziləri axtarışdadır. Lakin belə hallar təkcə Gəncə şəhərində baş verməmişdir. Təsadüfi deyil ki, mən bu barədə Balakən rayonunun icra başçısına da sual verdim və o, bildirdi ki, guya indi vəziyyət sabitdir. Respublikada sabitliyi pozmağa çalışan qüvvələr hələ də var. Bəziləri müəyyən qədər gözləmə mövqeyi tutmuşdur. Lakin biz onların heç birinə özbaşınalıq əməlləri törətməyə imkan verməyəcəyik. Bunu isə siz təmin etməlisiniz.

İcra hakimiyyəti orqanları hüquq-mühafizə orqanlarının işinə ciddi nəzarət, rəhbərlik etməlidirlər. Təəssüf ki, alınan siqnallara görə, hüquq-mühafizə orqanlarının işçiləri bəzən özləri cinayət törədir, cinayətkarlara havadarlıq edir, böyük iddialarla yaşayır, bəzi hallarda icra hakimiyyəti orqanlarına tabe olmadıqlarını bildirirlər. Nəzərə çatdırmaq istəyirəm ki, biz belə hallara yol verməyəcəyik. İcra başçıları dövlətin, prezidentin yerlərdəki nümayəndələridir. Onlar bu şərəfli ada layiq işləməlidirlər. Bunu hamınızdan tələb edirəm.

Ümumiyyətlə, rayonlarda, şəhərlərdə cinayətkarlıqla mübarizə gücləndirilməlidir. Hüquq-mühafizə orqanları bir-biri ilə sıx əlaqədə, icra başçıları ilə birlikdə fəaliyyət göstərməlidir.

Mən demirəm ki, siz birləşərək qanun pozuntusuna yol verəsiniz. Yox. Hamınızın qanun keşiyində durmasını, Azərbaycan dövlətinin möhkəmlənməsinə birgə xidmət göstərməyinizi və bu istiqamətdə öz işlərinizi qarşılıqlı surətdə əlaqələndirməyinizi tələb edirəm. Arzu edirəm ki, bu görüşdən hər kəs özü üçün lazımi nəticə çıxarsın və biz respublikanı bu ağır vəziyyətdən qurtarmaq üçün xalqın bütün təbəqələrini birləşdirə bilək.

Müşavirələrdə respublika nazirliklərinin, komitələrinin, baş idarələrinin bir qrupunun rəhbərləri və nümayəndələri də iştirak etmişlər. Onların buraya dəvət olunması rayonlara, şəhərlərə lazımi kömək göstərmək zərurəti ilə bağlıdır. Onlar öz vətənlərini bilməli və bu müşavirələrdə qarşıya çıxan məsələlərin həlli ilə ciddi məşğul olmalıdırlar. Verilmiş təkliflərə, edilən xahişlərə diqqətlə yanaşmalı, müvafiq kömək göstərmək üçün lazımi tədbirlər görülməlidir. Respublikamızın iqtisadiyyatı ağır vəziyyətdədir. Bilirsiniz ki, noyabrın 19-da biz iqtisadiyyatın bəzi sahələrində yaranmış vəziyyəti müzakirə etmişik, bəzi malların qiymətlərinin qaldırılması ilə əlaqədar tədbirlər görmüşük. İndi respublikada maliyyə-kredit sahəsində vəziyyət gərgindir. Ona görə də rayonların, şəhərlərin müvafiq orqanları dövlət büdcəsinə vəsait daxil olması məsələlərinə xüsusi diqqət yetirməlidirlər. Çünki bazar iqtisadiyyatı şəraitində kommersiya strukturlarının geniş yayılması ilə əlaqədar olaraq dövriyyəyə buraxılan nağd pul çox vaxt banklara qayıtmır və respublikanın maliyyə vəziyyətində gərginlik artır. Bu işlə məşğul olmağı rayon, şəhər icra orqanlarının başçıları qarşısında əsas vəzifə kimi irəli sürürəm.

Respublikanın iqtisadiyyatında vəziyyətin ağırlaşması əhalinin həyat səviyyəsinin aşağı düşməsinə səbəb olmuşdur. Çıxış edən rayon rəhbərlərindən bəziləri iqtisadiyyatın bərbad vəziyyətdə olması barədə danışdılar. Onların dediklərini qəbul edirəm, lakin iqtisadiyyatı qaldırmaq üçün həm respublika miqyasında, həm də şəhərlər və rayonlar miqyasında lazımi tədbirlər həyata keçirilməlidir. Yerlərdə daxili imkanlar çoxdur, bunlardan səmərəli istifadə edilməlidir. Bildiyiniz kimi, indi keçmiş sistem yoxdur. Təşəbbüskarlığı geniş yaratmaq, çox işləri şəhərin, rayonun öz imkanları ilə görmək olar. Sənayenin, kənd təsərrüfatının, tikintinin və iqtisadiyyatın başqa sahələrinin inkişafı üçün sizdən konkret təkliflər gözləyirik.

Gələn ilin kənd təsərrüfatı işlərini müvəffəqiyyətlə aparmaq üçün bu gün çox iş görülməlidir. Bu işlər sizə məlumdur. Əgər onlar görülməsə, iqtisadiyyatımız daha da zəifləyəcəkdir.

Sənayedə isə mövcud istehsal potensialından səmərəli istifadə etməliyik.

İqtisadiyyatımız nə qədər böhran keçirsə də, əhalinin başlıca tələbatının ödənilməsi ilə ciddi məşğul olmalıyıq. Əhalini ilk növbədə çörəklə, başqa ərzaq məhsulları ilə, qaz, elektrik enerjisi, istiliklə təmin etmək məsələsinə şəhər və rayonların rəhbərləri xüsusi diqqət yetirməlidirlər. Nəqliyyat sahəsində çox çətinliklər var. Bu, həm şəhər nəqliyyatına, həm də şəhərətrafı, şəhərlərarası nəqliyyata aiddir. Bu məsələ ilə də ciddi məşğul olmaq lazımdır.

Bir sözlə, elə sahə yoxdur ki, orada vəziyyət normal olsun. Belə ağır vəziyyətdən çıxmaq, respublikanın etibarlı müdafiəsini təmin etmək üçün, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün cəmiyyətimizdə sağlam mühit, sağlam əhval-ruhiyyə, milli birlik, vətəndaş həmrəyliyi yaratmaq lazımdır. Son illərdə ayrı-ayrı şəxslərin bu çətinliklərdən istifadə edərək hakimiyyət, vəzifə uğrunda mübarizə aparması yetər. Təəssüflər olsun ki, bu mübarizə həm rayon, şəhər səviyyəsində, həm də respublika səviyyəsində gedir. Dünən bir daha xatırlatdım ki, erməni silahlı qüvvələri Ağdam rayonunu güclü atəşə tutduğu bir vaxtda Ağdam şəhərində ayrı-ayrı qruplar vəzifə uğrunda mübarizə aparırdılar. Yaxud, dünən Füzuli rayonunun icra başçısı çıxışında açıq etiraf etdi ki, Füzuli rayonu verilməli idi, onu ayrı-ayrı qruplar qəsdən verdilər. Çünki o qədər cinayət törətmişdilər ki, bunları ört-basdır etmək, özlərini xilas etmək istəyirdilər. Təəssüf ki, indi belə cəhdlər göstərən qruplar, siyasi və ya ictimai qüvvələr var. Bunlara son qoymaq, respublikada ictimai-siyasi sabitliyi təmin etmək lazımdır. Mən partiyaların rəhbərləri ilə görüşdüm, onlara da bildirdim ki, biz çoxpartiyalı sistemə tərəfdarıq, buna mane olmayacağıq. Lakin bu o demək deyildir ki, hər partiya hakimiyyətə gəlmək üçün mübarizə aparmaqla respublikaya zərbə vursun. Bunlardan əl çəkmək lazımdır. Belə hərəkətlərin son illərdə Azərbaycana nə kimi zərbələr vurması hamınıza məlumdur. Xalq da bunu bilir. Hamı birləşməlidir.

Bəli, indi Azərbaycanda milli birliyə, vətəndaş həmrəyliyinə daha çox ehtiyac var. Təəssüf ki, bəzi qüvvələr özlərini müxalifətdə hesab edərək, respublikanın ağır müharibə şəraitində olduğunu nəzərə almayaraq, cürbəcür təxribatçı hərəkətlər edir və ümumi birliyi pozmaq istəyirlər. Biz buna yol verməyəcəyik. Biz qanunun keşiyindəyik və onun çərçivəsində hərəkət edəcəyik. Heç kəsə imkan verməyəcəyik ki, əvvəlki dövrlərdə olduğu kimi, respublikada yaranmış ağır vəziyyətdən istifadə edərək yenə də hakimiyyət, vəzifə uğrunda mübarizə aparsınlar. Kim belə fikirlərlə yaşayırsa, ondan əl çəksin. Bunların hamısının qarşısı alınacaqdır. Son illərdə Azərbaycanın kimlər tərəfindən belə hala salındığını xalq yaxşı başa düşür və bilir ki, yalnız düz yolla gedərək respublikanı bu vəziyyətdən çıxara bilərik.

Bizim bir məqsədimiz olmalıdır: Respublikanın etibarlı müdafiəsini təmin etmək, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq. Bundan sonra münasibətləri də aydınlaşdırmaq olar. Vəzifə hərisləri, hakimiyyət uğrunda mübarizə aparanlar, lakin hakimiyyətə gəlməyə əsla ləyaqəti olmayanlar əmin-amanlıq yarandıqdan sonra qoy mübarizələrini aparsınlar.

Lakin bəla burasındadır ki, xalq üçün hələ indiyədək heç bir iş görməmiş adamlar son illər siyasi meydana atılaraq hakimiyyət davası edirlər. Hakimiyyət uğrunda mübarizə aparmaq üçün gərək ilk növbədə xalqa göstərəsən ki, ondan ötrü nə etmisən, ona nə vermisən. Sonra isə deyəsən ki, mübarizə aparıram. Mən belələrinə xəbərdarlıq edirəm ki, prezident kimi öz səlahiyyətlərimdən istifadə edərək respublikada ictimai-siyasi sabitliyin pozulmasına yönəldilmiş hallara yol verməyəcək, Azərbaycanda qanunçuluğu, dövlətçiliyi möhkəmləndirmək üçün bütün imkanlardan istifadə edəcəyəm.

Azərbaycan müstəqil dövlətdir və biz birinci növbədə ərazi bütövlüyümüzü təmin etməliyik. Müstəqil dövlət öz ərazisinin sahibi olmalıdır. Biz buna nail olmalıyıq. Müstəqillik uğrunda mübarizə aparan adamlar öz səylərini, qüvvələrini bu istiqamətə yönəltməlidirlər.

Azərbaycan bazar iqtisadiyyatı, sərbəst iqtisadiyyat yolu ilə gedəcəkdir. Lakin bu yolu da sivilizasiyalı qaydada keçmək lazımdır. Bu yol o demək deyildir ki, oğurluq edəsən, cürbəcür fırıldaqlarla dövlətin, xalqın sərvətini mənimsəyəsən. Bu günlərdə biz respublikanın 50 milyon dollar vəsaitinin heç bir iqtisadi imkanı olmayan "Aran" korporasiyasına verildiyini öyrəndik. Biz bunun qarşısını aldıq. Lakin ola bilər ki, gələcəkdə belə hallar yenə qarşıya çıxsın. Bazar iqtisadiyyatı qanunların çərçivəsində, onlara əməl etməklə fəaliyyət göstərməlidir...

Mən bu müşavirəyə gələrkən gəncəlilərlə görüşdüm və onlara müraciətlə öz sözümü dedim. İndi müşavirədə bir daha demək istəyirəm ki, Azərbaycanda Gəncə şəhərinin xüsusi yeri var. Gəncə böyük intellektual və iqtisadi potensiala malikdir. Şəxsən mən bundan sonra da Gəncə şəhərinin inkişafı üçün bütün tədbirlərin görülməsini təmin edəcəyəm. Bu fürsətdən istifadə edərək gəncəlilərə bir daha hörmət və məhəbbətimi bildirirəm. Əminəm ki, gəncəlilər Azərbaycanın bu ağır vəziyyətdən çıxması üçün çox iş görə bilərlər və görəcəklər.

Güman edirəm ki, dünənki və bugünki görüşlərimiz, aparılan söhbətlər, müzakirələr hamımız üçün faydalıdır və qarşıda duran vəzifələrin yerinə yetirilməsinə kömək edəcəkdir. Bu işdə hamınıza uğurlar diləyirəm.

Mən xalqın müdrikliyinə, zəkasına inanıram və bir daha Azərbaycan xalqına, bütün vətəndaşlara müraciət edərək bildirmək istəyirəm ki, mənə göstərilən etimaddan tam istifadə edəcək, Azərbaycanın ağır vəziyyətdən çıxması üçün bundan sonra da əlimdən gələni əsirgəməyəcəyəm.