Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyənin və Azərbaycanın iş adamları ilə görüşdə çıxışı - Prezident sarayı, 8 dekabr 1995-ci il


Hörmətli xanımlar və cənablar!

Hörmətli qonaqlar!

Türkiyənin prezidenti hörmətli Süleyman Dəmirəl ikinci gündür ki, Azərbaycandadır və proqrama görə Türkiyənin və Azərbaycanın iş adamları ilə görüş, nəzərdə tutulmuşdur. Hörmətli qonağımız - Türkiyə Respublikasının prezidenti ilə buraya qardaş ölkənin böyük bir qrup iş adamları gəlmişlər. Güman edirəm ki, onlar dünən də, bu gün də burada lazımi işlər görüblər və yəqin ki, Azərbaycan ilə Türkiyə arasındakı iqtisadi əlaqələrin bundan sonra irəliyə necə aparılacağı barədə öz sözlərini, fikirlərini deyəcəklər, təkliflərini irəli sürəcəklər.

Biz hörmətli Süleyman Dəmirəllə dünən danışıq apararkən belə bir fikrə gəldik və xüsusən mən qeyd etdim ki, Türkiyə ilə Azərbaycan arasında indiyə qədərki iqtisadi əlaqələri şübhəsiz ki, qiymətləndirməliyik. Çünki keçmişdə heç bir şey olmayıbdır. Ancaq eyni zamanda bunları kafi hesab etmək olmaz, çünki tələbatımız - həm Azərbaycanın, həm də Türkiyə Respublikasında olan iş adamlarının, Türkiyə iqtisadiyyatının ehtiyacı indiyə qədər çatdığımız səviyyələrdən çox-çox artıqdır. Ona görə də biz daha geniş iş görməliyik.

Mən qeyd etmişəm və bu gün bir daha deyirəm: noyabrın 12-də qəbul etdiyimiz konstitusiya, indiyə qədər və bundan sonra qəbul edəcəyimiz qanunlar ölkəmizə xarici sərmayənin gəlməsinə, Azərbaycanda iş görülməsinə yaxşı imkanlar açacaqdır. Bilirsiniz ki, Azərbaycan bazar iqtisadiyyatı yolu ilə gedir. Biz özəlləşdirmə proqramını qəbul etmişik və onu həyata keçirməyə başlamışıq. Aqrar sektorda, yəni kənd təsərrüfatında ciddi iqtisadi islahatlar aparırıq. Ona görə də respublikamıza xarici sərmayənin gəlməsi, müştərək işlərin görülməsi bizim üçün çox əhəmiyyətlidir. Şübhəsiz, bu baxımdan Türkiyə ilə olan əlaqələrimizi inkişaf etdirmək, qardaş ölkənin iş adamlarının Azərbaycana gəlməsi bizim üçün çox əhəmiyyətlidir.

Doğrudur, şikayətlər də var ki, gəlib Azərbaycanda iş görmək üçün şərait bəzən o qədər də uyğun deyil, yaxud bəzi bürokratik əngəllər meydana çıxır. Hökumətin, dövlətin ayrı-ayrı orqanlarında bəzi şəxslər bu məsələləri anlamadıqlarına, yaxud işlərimizə qəsdən mane olmaq istədiklərinə görə belə əngəlləri süni surətdə yaradırlar. Ola bilər, bunlar var. Mən buna etiraz etmirəm, hesab edirəm ki, yəqin respublikamızda belə qüsurlar mövcuddur. Ancaq mən demişdim və bir də demək istəyirəm: Azərbaycanla Türkiyənin əlaqələri elədir ki, gərək Türkiyənin iş adamları bizim aramızda bəziləri tərəfindən yaradılan buzu yara-yara ölkəmizə gəlsinlər.

Məsələn, bilirəm ki, Türkiyənin iş adamları Rusiyada, başqa ölkələrdə həddindən artıq böyük miqyaslı işlər görürlər. Mən bir-iki ay bundan əvvəl Rumıniyada idim. Bu ölkənin prezidenti ilə söhbət aparırdım. Hörmətli prezident Süleyman Dəmirəl də orada idi. Biz Qara Dəniz Hövzəsi Ölkələri İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün orada idik. Mənə dedilər ki, burada Türkiyənin çoxlu iş adamları var. Bunlar hamısı çox gözəldir. Bunlar Türkiyə iqtisadiyyatının nə qədər inkişaf etdiyini və dünyanın nə qədər böyük ölkələrinə çıxdığını göstərir. Biz buna sevinirik. Ancaq bütün bunları həyata keçirməklə yanaşı, Azərbaycanı da unutmaq lazım deyildir. Nəinki unutmaq, Azərbaycanda şərtlər başqa yerlərdən çətin, ağır olsa da, bu şərtləri birlikdə aradan qaldırıb, ölkələrimiz arasındakı iqtisadi əlaqələri daha da möhkəmləndirməliyik. Bizim fikrimiz, istəyimiz, arzumuz budur. Yəni xarici iqtisadi əlaqələrdə istiqamətimizin əsas yolu budur. Ona görə də mən Azərbaycana gəlmiş iş adamlarını salamlayıram və buraya gəldiklərinə görə təşəkkür edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, bu görüşdən sonra bizim iqtisadi əlaqələrimizdə yeni dəyişikliklər əmələ gələcək, yəni bir inkişaf mövcud olacaq. Mən bu arzuları bildirməklə, öz çıxışımı bitirirəm.