Mən Sizə və Amerikanın "Eksimbank"ına bu müqaviləni imzaladığınıza görə təşəkkür edirəm. Hesab edirəm ki, əməkdaşlığımız indiyə qədər uğurlu olduğu kimi, bundan sonra da uğurlu olacaqdır.
Azərbaycan öz iqtisadiyyatını bazar iqtisadiyyatı prinsipləri əsasında təşkil edərək, xarici investisiyaların respublikaya gəlməsi üçün geniş şərait yaradıb və artıq bu investisiyaların gəlməsini təmin edərək, xarici ticarəti, ixrac əməliyyatlarını liberallaşdıraraq, ölkədə genişmiqyaslı özəlləşdirmə proqramı həyata keçirərək dünyanın mühüm maliyyə mərkəzləri ilə, o cümlədən Amerika Birləşmiş Ştatları ilə və "Eksimbank"la sıx əməkdaşlıq etməyə daha çox ehtiyac duymaqdadır.
Bu gün imzalanmış müqavilə həmin proseslərin daha sürətlə həyata keçirilməsinə kömək edəcəkdir.
Mən "Eksimbank" ilə əməkdaşlığımıza uğurlar arzulayır və bəyan edirəm ki, Azərbaycan tərəfi bu sazişə sadiq olacaq və ondan irəli gələn vəzifələri yerinə yetirəcəkdir. Təşəkkür edirəm.
Hədiyyənizi çox məmnuniyyətlə qəbul edirəm. Sağ olun.
"Azərbaycan" qəzeti, 7 avqust 1997-ci il