Türkiyə Prezidenti Süleyman Dəmirəlin adından Azərbaycan Prezidentinin şərəfinə təşkil edilmiş rəsmi ziyafətdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - Ankara, 5 may 1997-ci il


Hörmətli prezident cənab Süleyman Dəmirəl, hörmətli Nəzmiyyə xanım!

Hörmətli baş nazir cənab Nəcməddin Ərbakan!

Hörmətli dostlar, xanımlar və cənablar!

Sizin hamınızı Azərbaycan xalqı adından ürəkdən salamlayır, sizə Azərbaycan xalqının hörmət-ehtiramını və sevgi-məhəbbətini çatdırıram.

Türkiyə Cümhuriyyətinə rəsmi səfərə dəvət olunduğuma görə əziz dostum, qardaşım, prezident Süleyman Dəmirələ təşəkkür edirəm. Sizi əmin edirəm ki, bu görüşlər, danışıqlar Türkiyə ilə Azərbaycan arasında olan dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirəcək, daha yüksəklərə qaldıracaqdır.

Biz hamımız - mən və mənimlə Türkiyəyə gəlmiş böyük nümayəndə heyəti sizin ölkənizə, torpağınıza gəlməkdən çox məmnunuş və çox xoşbəxtik. Türkiyə hər bir azərbaycanlı üçün, bizim üçün dəyərli ölkədir, əziz diyardır. Türk xalqı bizim qardaşımız, dostumuzdur. Ona görə də Türkiyəyə hər bir ziyarət böyük iftixar hissi doğurur, Türkiyə ilə hər bir görüş böyük məhəbbət hissi doğurur. Bu hissiyyatlarla da biz bu gün buraya gəlmişik.

Bu gün səhər tezdən indiyə qədər aparılan danışıqlar və imzalanmış sənədlər Türkiyə ilə Azərbaycan arasında əlaqələrin nə qədər möhkəm olduğunu və nə qədər böyük gələcəyə malik olduğunu bir daha nümayiş etdirir. İftixar hissi ilə demək istəyirəm ki, bu əlaqələr tarixi keçmişimizlə, tarixi kökümüzlə bağlıdır. Həqiqətən xalqlarımız əsrlər boyu böyük sınaqlardan keçərək həmişə bir-birinə dayaq olmuş, yardım etmiş, bir-birini sevmiş və bir-birinin yanında olmuşdur. Hətta son yetmiş illik ayrılıq da xalqlarımızın, millətlərimizin arasında olan dostluq, qardaşlıq, məhəbbət hisslərini söndürə, qıra bilməmişlər. Əksinə, biz hər il, hər gün o keçmiş zamanlar haqqında düşünərkən yeganə fikrə gəlirik ki, ayrılıq insanlarda bir-birinə qovuşmaq hissini daha da artırır. Bu qovuşmaq hissi nəhayət, Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra Türkiyə ilə Azərbaycan arasında indi mövcud olan əlaqələrin yaranmasına gətirib çıxarıbdır.

Azərbaycan dövlət müstəqilliyini elan edən kimi, Türkiyə dünyada ilk dövlət olaraq Azərbaycanın dövlət müstəqilliyini tanıdı, dəstəklədi və beləliklə, bizim müstəqilliyimizin tanınmasına geniş yol açdı. Ötən altı il ərzində ölkələrimiz arasında əlaqələr o qədər genişlənib, inkişaf edibdir ki, sanki yetmiş illik ayrılıq olmamışdır. Bu da təbiidir. Çünki bizim bir-birimizə bağlılığımız əsrlər boyu olmuşdur. Bu əsrlərin yanında yetmiş il bir şey deyildir. Ulu babalarımızın əsrlər boyu bir-biri ilə bağlılığını, bir-birinə olan münasibətini yetmiş illik ayrılıq heç də poza bilməzdi.

Ona görə də təbiidir ki, biz müstəqillik əldə edən kimi, sərhədlər açılan kimi, bir-birimizlə əlaqələr asanlaşan kimi dostluğumuz, qardaşlığımız böyük bir fəvvarə kimi püskürdü və bütün dünyaya nümayiş etdirdi ki, Türkiyə ilə Azərbaycan keçmişdə də bir olub, bu gün də birdir, gələcəkdə də bir olacaqdır.

Türkiyənin bugünkü günü bizdə böyük iftixar hissi doğurur. Böyük öndər Mustafa Kamal Atatürkün yaratdığı Türkiyə Cümhuriyyəti yetmiş ildən artıq bir zamanda sürətlə irəliləyib dünyanın inkişaf etmiş dövlətləri sırasında durubdur və layiqli yer tutubdur.

Biz çox sevinir və fəxr edirik ki, Türkiyə Şərq ilə Qərbin sintezini dünyada təmsil edən bir ölkə olubdur. Türkiyə Cümhuriyyəti öz milli, mənəvi dəyərlərini, ənənələrini, adətlərini qoruyub saxlayaraq, eyni zamanda dünyanın ən qabaqcıl, mütərəqqi, ümumbəşəri dəyərlərindən bəhrələnib, istifadə edib öz ölkəsində yüksək mədəniyyətə, elmə, texnologiyaya, yüksək insani dəyərlərə malik olan bir cəmiyyət, cümhuriyyət yaradıbdır.

Türkiyənin cümhuriyyət dövründə keçdiyi yol tarixi yoldur. Bu tarixi yol ilə sizin kimi biz də fəxr edirik. Fəxr edirik ki. türk xalqı böyük Mustafa Kamal Atatürkün qoyduğu yolla inamla irəliləyir. Əminik ki, türk xalqının, Türkiyənin böyük gələcəyi də bu yolla bağlıdır və bu yol Türkiyənin böyük gələcəyini təmin edəcəkdir.

Türkiyədə yaranmış demokratik, hüquqi dövlət, demokratik cəmiyyət, insan azadlığı, vicdan, din, söz azadlığı - bunlar hamısı dünyanın ən müasir, ən inkişaf etmiş cəmiyyətlərinin səviyyəsindədir və bizim üçün örnəkdir. Sizin keçdiyiniz bu möhtəşəm, şərəfli yol gənc, müstəqil Azərbaycan dövləti üçün böyük örnəkdir. Sizin təcrübəniz bizim üçün böyük örnəkdir. Müstəqillik dövründə ölkəmizdə hüquqi demokratik dövlət quruculuğu prosesində, iqtisadiyyatda apardığımız dəyişikliklərdə Türkiyənin təcrübəsindən birinci növbədə istifadə edirik.

Şübhəsiz ki, biz dünya demokratiyasının bütün təcrübələrindən bəhrələnir, istifadə edirik. Ancaq dünya demokratiyasının, mədəniyyətinin, dünyanın inkişaf etmiş ölkələrinin iqtisadiyyatının təcrübəsinin Azərbaycanda tətbiq olunması məhz Türkiyənin əldə etdiyi nailiyyətlərdən istifadə etmək yolu ilə daha əlverişli və asandır. Çünki biz bir mədəniyyətə, dəyərlərə, milli ənənələrə malikik. Eyni ənənələrimiz, adətlərimiz, eyni milli, dini dəyərlərimiz bizi sizinlə tarixən birləşdirdiyi kimi, yeni mərhələdə də sizin təcrübəniz bizi daha da bəhrələndirir və biz bu yolla daha rahat gedə biləcəyik.

Ona görə də Türkiyə ilə Azərbaycan arasındakı əlaqələri ölkəmizin dövlət müstəqilliyini inkişaf etdirmək, dövlət quruculuğunu müvəffəqiyyətlə aparmaq, iqtisadiyyatda böyük islahatlar keçirmək, böyük dəyişikliklər etmək üçün çox əhəmiyyətlidir. Bu baxımdan hər dəfə Türkiyəni ziyarət edərkən burada gördüklərimizi, anladıqlarımızı, eşitdiklərimizi Azərbaycana aparıb tətbiq etməyə çalışırıq və çalışacağıq. Bu baxımdan Türkiyəyə bu səfərimizin də çox böyük əhəmiyyəti var.

Bildiyiniz kimi, Azərbaycan dövlət müstəqilliyinin altıncı ilini yaşayır. Bu dövr Azərbaycan üçün çox ağır, çətin, eyni zamanda şərəfli dövrdür. Çünki biz keçmişdə dövlət müstəqilliyimizi itirmişdik. 1918-ci ildə Azərbaycanda ilk demokratik cümhuriyyət yaranmışdı. Ancaq o, çox yaşaya bilmədi. Ondan sonrakı dövrdə də Azərbaycanın elminin, mədəniyyətinin, iqtisadiyyatının inkişafında böyük nailiyyətlər əldə olunubdur. Ancaq biz o zaman müstəqil, azad olmadıq, öz taleyimizin sahibi olmadıq. Ona görə də indi dövlət müstəqilliyi bizim üçün tarixi nailiyyətdir və onu qoruyub saxlamaq şərəfli vəzifəmizdir.

Altıncı ildir biz bu yolla gedirik. Ancaq bu yolla getməkdə çox maneələrlə də rastlaşmışıq. Azərbaycanın daxilində çox çətinliklər, maneçiliklər vardı. Azərbaycan xalqının birliyi, yekdilliyi, həmrəyliyi nəticəsində və apardığımız düzgün siyasət nəticəsində bu çətinlikləri aradan götürə bildik. İndi Azərbaycanın daxilində ictimai-siyasi sabitlik təmin olunub və iqtisadiyyatda aparılan islahatlar ölkənin iqtisadi böhrandan çıxması üçün müəyyən əsaslar yaradıbdır.

Ancaq bu illərdə Azərbaycanı incidən, onun həyatını zəhərləyən Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz və bu təcavüz nəticəsində Azərbaycanın torpaqlarının 20 faizinin işğal olunması, işğal edilmiş ərazilərdən bir milyondan artıq vətəndaşımızın qaçqın düşməsidir. Biz bu problemin həll olunmasına çalışırıq. Hesab edirəm ki, son illərdə böyük nailiyyətlərimizdən biri odur ki. biz atəşi dayandırdıq. Üç ildir ki, qan tökülmür. Biz sülh təşəbbüsü irəli sürdük. Bir həftədən sonra üç il tamam olacaqdır ki, atəşkəs haqqında saziş əldə edilib və Azərbaycan bu atəşkəsi qoruyub saxlayır.

Bunun özü böyük nailiyyətdir. Amma eyni zamanda bu, tam sülhə nail olmaq üçün sadəcə olaraq imkandır, şəraitdir. Bu imkandan, şəraitdən səmərəli istifadə etməyə çalışırıq, tam sülh əldə etmək istəyirik. Biz Azərbaycanda, ölkəmizdə, dünyada sülh istəyirik. Mərhum Mustafa Kamal Atatürkün Türkiyəyə aid olan bu sözləri Azərbaycanın bugünkü gününə də aiddir. Biz sülh uğrunda mübarizə apararaq torpaqlarımızı sülh yolu ilə azad etmək, Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini bərpa etmək istəyirik.

Bu yolda çox işlər görülübdür. Bu işlərdə Türkiyə daim Azərbaycanla bərabər olub, Azərbaycana daim yardım, kömək edibdir. Əziz dostum Süleyman Dəmirəl bu gün böyük Atatürkün sözlərini bir daha xatırlatdı ki, Azərbaycanın qəmi Türkiyənin qəmidir, Azərbaycanın sevinci Türkiyənin sevincidir. Bizim sözlərlə belə ifadə olunur. Bəli, belədir, biz də belə hesab edirik. Biz istəmirik ki, Türkiyədə qəm olsun. Ancaq Türkiyədə hansı bir qəm olsa o, bizim qəmimizdir. İstəyirik ki, Türkiyədə həmişə sevinc, şadlıq olsun, çünki bu o deməkdir ki, Azərbaycan da sevinəcək, şad olacaqdır.

Beləliklə, biz bir yerdəyik və Ermənistan Azərbaycana qarşı hərbi təcavüzə başlayandan, hələ Azərbaycan öz müstəqilliyini əldə etməzdən əvvəl də Türkiyə Azərbaycanla bərabər olub, Azərbaycanın təcavüz altında qalması ilə əlaqədar öz səsini qaldırıb, dünyaya haray çəkibdir və bizim haqq işimizi həmişə müdafiə edibdir.

1990-cı ilin yanvarında Azərbaycanda müstəqillik yolunda çalışan adamları qırmaq üçün Sovetlər İttifaqının hökuməti ölkəmizə qarşı hərbi təcavüz etmiş, Azərbaycanda yanvar qırğınları, 20 Ocaq adlı faciə baş vermişdi. Türkiyə o vaxt da səsini qaldırmışdı. Mən o vaxt Moskvada yaşayırdım, Türkiyənin qəzetlərini alırdım, radiosunu dinləyirdim, Türkiyənin televiziyası ilə verilən verilişlərdən bilgilər alırdım. O vaxt bu faciə ilə əlaqədar mən dərd içində olanda eyni zamanda fəxr edirdim ki, bizim dostumuz, qardaşımız var. Əgər Sovet İttifaqının hərbi qüvvələri gəlib Azərbaycanın günahsız insanlarını qırıbsa, Türkiyə oradan səsini qaldırıb, mitinqlər, nümayişlər keçirib, "Azərbaycandan əlini çək!" deyibdir.

Biz belə yollar keçmişik və bütün bu yollarda Türkiyə həmişə bizimlə olub, Azərbaycanı dəstəkləyib və bu gün də dəstəkləyir.

İqtisadiyyat sahəsində gördüyümüz işlərdə də Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin böyük rolu, əhəmiyyəti var. Həqiqətən, son üç ildə Türkiyənin iş adamları Azərbaycanda daha geniş fəaliyyət göstərir və Türkiyə ilə Azərbaycan arasında mal mübadiləsi, ticarət, demək olar, 3 dəfə artıbdır. Şübhəsiz ki, mütləq rəqəmləri götürsək, bu, o qədər də çox deyil, amma hər şey müqayisə ilə ölçülür, müqayisəyə görə bu artım da bizi sevindirir. Yəni, bu sahədə də - həm islahatların aparılması, həm iqtisadiyyatın inkişaf etdirilməsi, həm Azərbaycanda bazar iqtisadiyyatının tətbiq olunması, insanların bazar iqtisadiyyatını öyrənməsi sahəsində də Türkiyənin təcrübəsi bizim üçün həmişə çox gərəkli, əhəmiyyətlidir.

İnanırıq ki, sülhsevər ölkə olaraq biz Ermənistanın hərbi təcavüzündən xilas olacağıq. Bu məsələnin sülh yolu ilə həll olunması üçün keçən ilin sonunda Lissabonda ATƏT-in Zirvə görüşündə çox əhəmiyyətli sənəd qəbul edilibdir, məsələnin sülh yolu ilə həllinin prinsipləri qəbul olunubdur. Bu prinsiplərin qəbul olunmasında da biz Türkiyə ilə sıx əməkdaşlıq etmişik. Mənim əziz dostum, prezident Süleyman Dəmirəl Lissabonda daim bizimlə əlaqədə idi, məsləhətləşirdik. Görülən ümumi işlərin, o cümlədən burada iş birliyimizin, əməkdaşlığımızın nəticəsində belə bir mühüm sənədin əldə edilməsinə nail ola bildik.

İndi bu prinsipləri həyata keçirmək lazımdır. Yenə də, başqa dövlətlərlə bərabər, Minsk qrupuna daxil olan dövlətlərlə bərabər, Minsk qrupunun üzvü kimi Türkiyənin də böyük imkanları, rolu var. Biz bu gün danışıqlarda bu məsələləri də müzakirə etdik. Güman edirəm ki, Türkiyə yenə də bizimlə bərabər, Lissabon Zirvə görüşündə əldə olunan prinsiplərin həyata keçirilməsinə çalışacaqdır.

Ermənistanın indiki vəziyyəti və son vaxtlar ona Rusiya tərəfindən çoxsaylı silahlar verilməsi və xüsusən 1 milyard dollar dəyərində müasir silahların verilməsi, şübhəsiz ki, böyük təhlükə doğurur. Bu, bizi sayıqlığa dəvət edir. Amma eyni zamanda mən inanıram ki, Minsk qrupunun həmsədrləri - Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, Minsk qrupunun üzvləri, o cümlədən xüsusən Türkiyə və başqa dövlətlər bizimlə birlikdə sülh prosesini davam etdirəcəklər və biz Azərbaycanı bu bəladan xilas etməyə nail olacağıq.

Mən əminəm ki, əgər bu işlər istənilən səviyyədə görülsə, 1997-ci ildə sülhə nail olmaq olar və nəhayət, Azərbaycanın işğal edilmiş torpaqları azad ola bilər. Bu gün bu məsələlərin hamısı danışıqlarda müzakirə olunub və iki prezident tərəfindən imzalanmış Türkiyə-Azərbaycan strateji əməkdaşlığının dərinləşdirilməsi haqqında müqavilə gələcək işlərimiz üçün gözəl proqramdır. İmzalanmış başqa sənədlər də Türkiyə-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi üçün yaxşı imkanlar yaradır. Biz bu imkanlardan istifadə etməyə çalışacağıq.

Əziz dostlar, əziz qardaşlar! Bizə göstərdiyiniz bu qonaqpərvərliyə, dost, qardaş münasibətinə görə sizə təşəkkür edirəm. Mənim əziz dostum, qardaşım Süleyman Dəmirəl bu gün böyük bir təşəbbüs göstərmiş, məni Türkiyə Cümhuriyyətinin "Dövlət nişanı" ilə təltif etmişdir. Mən bu gün böyük məmnuniyyətlə "Dövlət nişanı"nı qəbul etdim. Mənim üçün bunun nə qədər böyük şəxsi əhəmiyyəti olduğunu dərk edirəm. Amma eyni zamanda bugünkü bu hadisənin, yəni bu mükafatın Türkiyə-Azərbaycan əlaqələrinin, dostluğunun, qardaşlığının möhkəmlənməsi üçün çox böyük əhəmiyyəti var.

Hesab edirəm ki, Türkiyənin, böyük Mustafa Kamal Atatürk Türkiyəsinin bu ali mükafatı tək mənə yox, bütün Azərbaycan xalqına verilibdir. Bu, Azərbaycan xalqının dövlət müstəqilliyi yolunda nə qədər əzmlə çalışdığına verilən qiymətdir, Azərbaycan xalqının dövlət müstəqilliyini indiyə qədər qoruyub saxlamasına verilən qiymətdir, Türkiyə-Azərbaycan dostluğunun bugünkü nailiyyətlərinə verilən qiymətdir. Mən həm öz adımdan, həm də Azərbaycan xalqı, bütün Azərbaycan vətəndaşları adından bu mükafata görə təşəkkür edirəm. Sizi əmin edirəm ki, Azərbaycan xalqı Türkiyə-Azərbaycan dostluğuna həmişə sadiq qalacaqdır. Dəfələrlə dediyimiz "Biz bir millət, iki dövlətik" sözləri hər bir azərbaycanlının qulağında səslənməlidir. Bu ifadə bizim gələcəyimizin proqramıdır. İndiyə qədər bu fikirlərlə yaşamış millət bundan sonra da həmin fikirlərlə yaşayacaqdır. Azərbaycanda yaşayan bütün azərbaycanlılar Türkiyədə yaşayan qardaşları ilə indiyə qədər bir olublar və bundan sonra da bir olacaqlar.

Sizi əmin edirəm ki, biz Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyub saxlayacaq və onu heç vaxt əldən verməyəcəyik. Mən sizi əmin edirəm ki, Azərbaycanın dövlət müstəqilliyi sarsılmazdır və dönməzdir. Türkiyə-Azərbaycan dostluğu dövlət müstəqilliyimizi qoruyub saxlamaq üçün bizə həmişə dayaqdır, köməkdir.

Əziz dostum Süleyman bəy, əziz dostlar, qardaşlar! Bu gözəl münasibətə görə sizə bir daha təşəkkür edir, Türkiyə Cümhuriyyətinə, xalqına səadət və xoşbəxtlik arzulayır, Türkiyə Cümhuriyyətinin qarşısında duran bütün vəzifələrin yerinə yetirilməsində sizə uğurlar diləyirəm.

Türkiyə Cümhuriyyətinin şərəfinə, Türkiyə xalqının şərəfinə, Türkiyə-Azərbaycan dostluğunun şərəfinə, Türkiyə Cümhuriyyətinin prezidenti Süleyman Dəmirəlin şərəfinə badə qaldırmağı rica edirəm. Yaşasın Türkiyə! Yaşasın böyük Atatürk yaradan Türkiyə Cümhuriyyəti! Əbədi Türkiyə-Azərbaycan dostluğuna eşq olsun!