Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Çarlz Frank ilə görüşdəki söhbətindən - London, Azərbaycan prezidentinin iqamətgahı, 21 iyul 1998-ci il


Çarlz Frank: Hörmətli cənab prezident! Azərbaycan Respublikasının Beynəlxalq Bankı ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında kredit sazişinin imzalanması mərasimində iştirak etdiyinizə görə Sizə minnətdarlığımı bildirir, görkəmli dövlət xadimi Heydər Əliyevlə görüşdən şərəf duyduğumu vurğulayıram. Rəhbərlik etdiyim bankın Azərbaycan respublikası ilə əlaqələrin sıxlaşdırılmasına xüsusi maraq göstərdiyini nəzərinizə çarpdırıram.

Heydər Əliyev: Cənab Çarlz Frank! Xoş və səmimi sözlərə görə Sizə təşəkkür edirəm. Mən Avropa Yenidənqurma və İnkişaf Bankının fəaliyyətini yüksək qiymətləndirirəm və vurğulayıram ki, bu bankla ölkəmizin əməkdaşlığının böyük perspektivləri vardır. Onu da bildirirəm ki, həmin gün imzalanmış kredit sazişi qarşılıqlı surətdə faydalı münasibətlərimizin daha da möhkəmlənməsinə güclü təkan verəcəkdir.

Demokratik inkişaf, bazar münasibətləri yolunu seçmiş, hüquqi, demokratik, dünyəvi dövlət quran Azərbaycanda iqtisadi islahatlar, özəlləşdirmə müvəffəqiyyətlə həyata keçirilir. Biz ölkəmizin iqtisadiyyatının dünya iqtisadiyyatı ilə sıx bağlanmasına daim xüsusi diqqət yetiririk.

Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi üçün dünyanın bir çox ölkələrinin ən nüfuzlu şirkətləri ilə ARDNŞ arasında tarixi müqavilələr bağlanmışdır. 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi"nin həyata keçirilməsi nəticəsində ilkin neft hasil edilmiş və hazırda Bakı-Novorossiysk boru kəməri ilə dünya bazarına ixrac olunur.

Azərbaycan zəngin neft yataqları ehtiyatlarına malikdir. Bu yataqlardan hasil edilən neftin çoxşaxəli marşrutlarla dünya bazarına çıxarılmasına respublikamız xüsusi əhəmiyyət verir. Hazırda boru kəmərlərinin istiqamətləri, tikintisi və istifadə imkanları ətrafında mühüm işlər görülür, Bakı-Supsa kəmərində inşaat işləri görülür.

Neftin nəqli məsələsindən danışarkən onu deyə bilərəm ki, biz neftin əsas boru kəməri olan Bakı-Ceyhan marşrutu ilə Gürcüstan və Türkiyə ərazisindən Aralıq dənizinə çıxarılmasını zəruri hesab edirik.

Biz Qazaxıstan neftinin də Bakı-Ceyhan boru kəməri vasitəsilə ixrac edilməsinin perspektivləri barədə Qazaxıstanla müqavilə bağlamışıq. Bu ölkənin Aktau limanından Xəzər dənizinin dibi ilə Bakıyadək boru kəməri çəkilməsi planlaşdırılır. Qazaxıstan nefti həmin boru ilə Bakıya gəlcək, buradan isə Bakı-Ceyhan kəməri ilə Aralıq dənizinə çıxarılacaqdır.

Çarlz Frank: Cənab prezident! Biz Sizin müdrik rəhbərliyiniz sayəsində son illər Azərbaycanda bütün sahələrdə, xüsusən iqtisadiyyatda qazanılmış böyük uğurları yüksək qiymətləndiririk. Azərbaycandakı bu müsbət irəliləyişləri aydın hiss edirik, ona görə də Sizin ölkənizlə daha sıx əlaqələr qurmağa ciddi diqqət yetiririk.

Heydər Əliyev: Altı il bundan əvvəl müstəqillik qazanmış Azərabycanda demokratik proseslərin uğurla davam etdiyini bildirirəm. Hazırda ölkəmizdə insan hüquqlarının qorunması, demokratik prinsiplərin bərqərar olunması, siyasi plüralizmə geniş meydan verilməsi sahəsində xeyli iş görülmüşdür.

Azərbaycanda qarşıda prezident seçkiləri durur. Ölkəmizin Konstitusiyası, seçkilər haqqında qəbul olunmuş qanun seçkilərin tam demokratik, azad və ədalətli keçirilməsinə şərait yaradır. Biz seçkilərin beynəlxalq hüquq normaları əsasında, Avropa standartlarına uyğun, bütün xalqın iştirakı ilə keçirilməsinə, yəni, geniş kütlələrin demokratik prosesə tam cəlb olunmasına xüsusi əhəmiyyət veririk.

Demokratik inkişaf yolunda respublikamızın qarşılaşdığı çətinliklərin aradan qaldırılması sahəsində bir çox işlər görülmüşdür. Ölkəmizdə rüşvətxorluğa, korrupsiyaya, digər mənfi hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaqdır.

Çarlz Frank: Müstəqil Azərbaycan Respublikasında son illər iqtisadi və siyasi sahədə irəliləyişlərin paralel surətdə getməsindən çox məmnun qaldığımı bildirirəm.

Cənab prezident, biz yaxşı bilirik ki, Sizin uzaqgörən siyasətiniz nəticəsində ölkəniz tezliklə dünyanın ən inkişaf etmiş dövlətlərindən birinə çevriləcəkdir. Elə ona görə də Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanla əlaqələrin ardıcıl surətdə inkişaf etdirilməsini çox vacib sayır və bu istiqamətdə işini bundan daha sürətlə aparacaqdır.

Heydər Əliyev: Səmimi görüş və xoş sözlərə görə bir daha minnətdarlığımı bildirirəm. Cənab Çarlz Frank, mən Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm.

Çarlz Frank: Mən bu dəvəti məmnunluqla qəbul edirəm və Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əlaqələrə xüsusi əhəmiyyət verdiyinizə görə Sizə təşəkkürümü bildirirəm.

"Heydər Əliyev: müstəqilliyimiz əbədidir" (çıxışlar, nitqlər, bəyənatlar, müsahibələr, məktublar, məruzələr, müraciətlər, fərmanlar) - 16-cı cild, səh. 357