Bakıda İran İslam Respublikasının VIII sərgisinin açılışında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin nitqi - 29 aprel 2000-ci il


Hörmətli Ağayi Şafei!

İran İslam Cümhuriyyətindən Azərbaycana təşrif gətirmiş hörmətli nümayəndə heyətinin üzvləri!

Hörmətli iş adamları!

Hörmətli xanımlar və cənablar!

Mən sizin hamınızı bu gün Azərbaycanda, Bakıda İran İslam Respublikasının VIII sərgisinin açılışı münasibətilə təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu sərgi İran ilə Azərbaycan arasında olan iqtisadi əlaqələrin inkişafında böyük rol oynayacaqdır.

Ölkələrimiz arasında bütün sahələrdə geniş əməkdaşlıq vardır. Ancaq təbiidir ki, ölkələr arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etməsində iqtisadi əlaqələr xüsusi yer tutur. Bu, bütün dünyada, bütün ölkələr arasında, o cümlədən İran ilə Azərbaycan arasında da belədir.

Hesab edirəm ki, İran ilə Azərbaycan arasında olan əlaqələr İranın bir çox başqa ölkələrlə və Azərbaycanın bir çox başqa ölkələrlə əlaqələrindən fərqlidir. Doğrudur, burada, təbiidir ki, iqtisadiyyat, ticarət, mal dövriyyəsi xüsusi əhəmiyyət daşıyır. Amma bizim üçün bütün əlaqələrimizin əsasını təşkil edən xalqlarımızın bir-birinə dost, qardaş olması, bizim ümumi mənəvi, milli dəyərlərə, dinə, müştərək tarixi keçmişə mənsub olmağımızdır. Ona görə də İran ilə Azərbaycan arasındakı əlaqələr çox fərqlənir.

Təbiidir ki, bütün bunların hamısını nəzərə alaraq, iqtisadi əlaqələrin genişləndirilməsi, inkişaf etdirilməsi bizim əlaqələrimizi həm İranın, həm də Azərbaycanın bütün başqa ölkələrlə əlaqələrindən daha da yüksək səviyyələrə qaldırır. Buna görə də mən hesab edirəm ki, bu sərgi, yəni İran İslam Respublikasının Azərbaycanda açılmış VIII sərgisi bu işdə böyük rol oynayacaq, ölkələrimiz arasındakı iqtisadi əlaqələrin inkişafına, xüsusən özəl sektorun, iş adamlarının, biznesmenlərin bir-biri ilə daha da sıx əlaqələrinin yaranmasına kömək göstərəcəkdir.

Azərbaycan müstəqil bir dövlət olduğuna, ölkəmizdə geniş özəlləşdirmə proqramı həyata keçirildiyinə, respublikamızda dövlət mülkiyyəti şəxsi mülkiyyətə verildiyinə, Azərbaycanda torpaq islahatı aparıldığına və torpaqların hamısı keçmiş sahibinə, yəni torpaqda yaşayan, işləyən vətəndaşlara verildiyinə görə indi Azərbaycan bütün sahələrdə bazar iqtisadiyyatı yolu ilə gedir və bu da ölkəmizin iqtisadiyyatının əsasını təşkil edir. Əgər hazırda biz iqtisadiyyatımızın bir qismini hələ özəlləşdirə bilməmişiksə, bu, ona görə deyil ki, biz bu məsələdə hansısa bir geriliyə yol veririk, - yox, bu iş planla gedir və planla da gedəcəkdir.

Bir sözlə, Azərbaycan bazar iqtisadiyyatı yolu tutaraq bütün mülkiyyəti özəlləşdirir. Təbiidir ki, dövlətin də əlində müəyyən bir mülkiyyət qalmalıdır. Ancaq o, dövlətə məxsus olan mülkiyyətdir. Qalanların hamısı özəlləşdiriləcəkdir, xalqa veriləcəkdir. Onun çoxu da özəlləşdirilibdir.

Ona görə də indi İranın və Azərbaycanın iş adamlarının bir-biri ilə sıx əlaqəsi və mal dövriyyəsi, ticarəti həm İran üçün, həm də Azərbaycan üçün çox faydalıdır. İndi Azərbaycanda xarici ticarət tam liberallaşdırıldığına, sərbəstləşdirildiyinə görə ölkəmizə dünyanın hər yerindən mal gəlir. Uzaq-uzaq ölkələrdən Azərbaycana su gətirib satırlar. Su hər yerdə var. Amma bu suyun keyfiyyəti yüksək olduğuna görə gətirirlər, satırlar, burada onun alıcıları vardır. Həmin adamlar da qazanırlar. Əgər hansısa bir iş adamı gördüyü işdən qazanc götürməsə, təbiidir ki, bu işi görməyəcəkdir. Əgər uzaq ölkədən butulkalarda su gətirib Azərbaycanda satırsa, demək, bundan mənfəət götürür.

Məsələn, Azərbaycana istehlak, geyim mallarının çoxu Avropa ölkələrindən - İtaliyadan, başqa ölkələrdən gəlir. Respublikamızın mağazaları, dükanları, bazarları həmin mallarla doludur. Bizdə bütün ticarət özəlləşdirilibdir, ayrı-ayrı insanların əlindədir, sahibkarlara verilibdir. Onlar haradan istəyirlər, oradan da mal gətirirlər. Amma uzaq ölkədən gələn malın, təbiidir ki, xərci çox ola bilər, qazancı da az olur. Yəni hər bir biznesmen üçün nəqliyyat xərci həmişə böyük əhəmiyyət daşıyır. Amma təbiidir ki, yaxın ölkədən, qonşu ölkədən gələn malın xərci az, tacirin, iş adamının da gəliri çox olacaqdır.

Bununla onu demək istəyirəm ki, İran ilə Azərbaycan bir-biri ilə bağlıdır. Bizim bir sərhədimiz var. Buradan tullansan İranda düşəcəksən, İrandan da tullansan buraya düşəcəksən. Sadəcə, bəzi idmançılar bunu edə bilərlər. Yəni məsafə çox kiçikdir, azdır. Əlbəttə, bu da həm İranın, həm də Azərbaycanın tacirlərinə, iş adamlarına böyük imkanlar yaradır. Ona görə də mən hesab edirəm ki, gərək Azərbaycanın ticarət əlaqələri birinci növbədə onun qonşu ölkələri ilə, o cümlədən xüsusən İranla aparılsın. Əlbəttə, İranın tacirləri, iş adamları da birinci növbədə Azərbaycanda əlaqələr qurmalıdırlar. Çünki İranın Azərbaycandan yaxın qonşusu yoxdur. Doğrudur, Türkmənistan da, Ərəb ölkələri də İranın qonşusudur. Amma ən yaxın qonşu Azərbaycandır.

Ticarətdə, iqtisadiyyatda rəqabət var. Həm İrandan Azərbaycana, həm də Azərbaycandan İrana gətirilib satılan malın keyfiyyəti əsas məsələdir. Təbiidir ki, bu sərgi İranda istehlak, yaxud sənaye mallarının bugünkü səviyyəsi, keyfiyyəti haqqında Azərbaycan ictimaiyyətinə, ölkəmizin iş adamlarına, tacirlərinə və dövlətə yeni imkanlar yaradacaqdır ki, baxıb görək sərgidə nə var, hansı keyfiyyətdədir, bu malları İrandan almaq, yaxud İtaliyadan, Fransadan gətirmək faydalıdır.

Yenə də deyirəm, keçmişdə İran həmişə bazar iqtisadiyyatı prinsipi ilə yaşayıbdır. Ona görə də bu, onlar üçün yenilik deyildir. Amma Azərbaycan keçmişdə sovet sistemində yaşadığı zaman iqtisadiyyat da, ticarət də, hər şey dövlətin əlində olubdur. Dövlət nə istehsal edibsə, onu da satıbdır. Bu malların keyfiyyəti xarici ölkələrdəkindən aşağı keyfiyyətdə olsa da onu satıbdır. Bu malları da alıblar. Çünki hər bir insan, vətəndaş bundan istifadə etməlidir. Yəni onun yüksək keyfiyyətli mal almağa imkanı yoxdursa, bunu alır və qane də olur.

Beləliklə, mən onu izah etmək istəyirəm ki, İran ilə Azərbaycan arasında olan iqtisadiyyat, ticarət əlaqələri, mal dövriyyəsi həm İran, həm də Azərbaycan üçün çox əlverişlidir.

Hörmətli nazir Ağayi Şafei İranda sənayenin inkişafı, yeni-yeni müəssisələrin yaranması, bir çox xarici ölkələrdə onların apardıqları işlər, həyata keçirdikləri layihələr haqqında danışdı. Bunlar çox sevindirici haldır. Demək, İranın iqtisadiyyatı, texniki və texnoloji səviyyəsi elə mərtəbəyə qalxıbdır ki, İran xarici ölkələrdə də öz sənayesini tətbiq edə bilir və həmin dövlətlər buna maraq göstərirlər.

Təbiidir ki, İran sənayecə inkişaf etmiş böyük bir ölkədir. Biz görürük və müşahidə edirik ki, son 20 il ərzində İranda iqtisadiyyat sahəsində, xüsusən sənaye sahəsində böyük inkişaf vardır. Burada dünyanın müasir texnika və texnologiyası tətbiq olunubdur, bir çox müəssisələr artıq dünya standartları səviyyəsində iş görür və məhsul buraxırlar. Ona görə də İran bizim üçün yaxşı bir bazardır. Yəni oradan mal alıb gətirmək bizim üçün əlverişlidir.

Azərbaycan mallarının İrana ixrac edilməsi də çox mühüm məsələdir. Təbiidir ki, Azərbaycan keçmişdən böyük sənaye mərkəzidir, xüsusən Bakı keçmiş Sovetlər İttifaqının ən böyük sənaye mərkəzlərindən biri olubdur və burada həddindən çox sənaye müəssisələri vardır. Ancaq həmin sənaye müəssisələri keçmiş Sovetlər İttifaqının ümumi sənaye kompleksinə daxil idi. Həmin sənaye kompleksində Azərbaycanın sənaye müəssisələri Sovetlər İttifaqının tələbatının bir qismini yerinə yetirirdi, yaxud istehsal olunacaq hansısa malın ilkin istehsalını təmin edirdi. Amma son istehsal üçün onu başqa yerə göndərirdi. Ona görə də Azərbaycanın sənaye müəssisələri keçid dövründə çox çətin bir vəziyyətə düşüblər.

Məsələn, Ağayi Şafei burada kimya sənayesi haqqında danışdı. Azərbaycanda çox böyük kimya sənayesi yaranıbdır. Kimya sənayesinin əsasını təşkil edən əsas xammal neft və qazdır. Azərbaycanda neft və qaz həmişə olubdur. Buna görə də kimya sənayesi keçmiş Sovetlər İttifaqının başqa respublikalarından bəlkə də daha çox Azərbaycanda inkişaf etmişdi. Bizim Sumqayıtda böyük kimya kompleksləri yaradılıbdır.

Təəssüflər olsun ki, sovet hökumətinin bir siyasəti var idi. Həmin siyasət də respublikaların, o cümlədən bizim kimi respublikaların xeyrinə yox, zərərinə idi. Amma ittifaqın, yaxud da Rusiyanın xeyrinə idi.

Məsələn, kimya sənayesində buraxılan malların ilkin məhsulu Azərbaycanda istehsal olunurdu, sonra isə Rusiyanın uzaqda olan hansısa bir şəhərinə göndərilirdi və orada son məhsula çevrilirdi. Təbiidir ki, ilkin məhsulun qiyməti son məhsulun qiymətindən azdır. Ona görə də biz az qazanırdıq, onlar çox qazanırdı. Bu, məsələnin bir tərəfidir. İkinci tərəfi isə ondan ibarət idi ki, biz onlardan asılı qalmışdıq.

Vaxtilə Azərbaycanın kimya sənayesi üçün xammalı - apatiti Murmanskdan gətirirdilər. İndi Murmanskdan buraya xammal - apatit gətirmək ondan məhsul istehsal edib qazandığın gəlirdən beş dəfə baha olacaqdır. Amma o vaxt vahid bir sənaye sistemi olduğuna görə gələn apatitin qiymətini yəqin heç Fikrət Sadıqov da bilmirdi. Apatit Murmanskdan buraya gəlirdi, burada məhsul istehsal edirdiniz, amma onu son məhsula çatdıra bilmirdiniz? Elədirmi?

Fikrət Sadıqov ("Azərkimya" Dövlət Şirkətinin prezidenti): Bəli.

Heydər Əliyev: Bunlar burada yarımçıq məhsul istehsal edib yenə də Rusiyanın başqa bir şəhərinə göndərirdilər və orada o, son məhsula çevrilirdi.

Neft maşınqayırma sənayesində də belə idi. Azərbaycanda neft maşınqayırma sənayesi çox inkişaf edibdir. Keçmiş Sovetlər İttifaqında neft avadanlığına olan tələbatın 70 faizini ödəyən məhsullar Azərbaycanda istehsal olunurdu. İstehsal edilən məhsul neft sənayesi olan yerlərə - həm Rusiyaya, uzaq Sibirə, həm də Orta Asiya ölkələrinə göndərilirdi. Ona görə də bu zavodlar çox gözəl işləyirdi. Hər bir zavodda 4, 5, 6 min insan çalışırdı, yaxşı pul qazanırdı.

O illərdə - 1970-ci illərdə Azərbaycana başçılıq etdiyim zaman mən həmin zavodların yaranmasında, keçmişdə tikilmiş zavodların modernləşdirilməsində, yəni müasirləşməsində çox iş gördüm. O zavodlar bizim hamımızın fəxri idi. Fəxr edirdik ki, bizim belə zavodlarımız vardır. Onlar bu gün də var. Amma bu gün həmin zavodlar üçün bazar yoxdur.

Çünki Rusiya və başqa ölkələr indi bu avadanlığı özləri istehsal edirlər. Başqa ölkələrdə də biz istənilən bazarı tapa bilmirik. Çünki onlar özləri də belə yüksək keyfiyyətli məhsullar istehsal edirlər.

Mən Azərbaycan sənayesinin başqa sahələri haqqında da bu sözləri deyə bilərəm. Vaxtilə Azərbaycan sənayesi çox böyük və məhsuldar olubdur. Amma Sovet İttifaqı dağıldığına, Azərbaycan müstəqillik qazandığına, bazar iqtisadiyyatı yolunu seçdiyinə görə indi müəyyən çətinliklər vardır. Vaxtilə biz bazarın nə olduğunu bilmirdik. Əsas vəzifə o idi ki, sən məhsul istehsal etməlisən. Sənin istehsal etdiyin malın haraya gedəcəyi qabaqcadan planlaşdırılırdı. Buraxılan məhsul son məhsul idisə, o, ticarətə verilirdi və keyfiyyəti yaxşı, yaxud pis olsa da hamı onu almalı idi. Çünki başqası, yaxud xarici ölkədən gələn mal yox idi.

Yenə də deyirəm, Azərbaycanın sənaye potensialı var. Bizim bu sənaye potensialımız belə qalmayacaqdır. Təbiidir ki, biz get-gedə onları yeni şəraitə uyğunlaşdıracaq və hər birinin inkişafını təmin edəcəyik.

Bütün bu səbəblərə görə indi biz çoxlu sənaye məhsulları ixrac edə bilmirik. Vaxtilə Azərbaycan İrana xeyli neft məhsulları ixrac edirdi. Amma indi İran bu məhsulları almır. Biz isə onu başqa ölkələrə ixrac edirik. Bu da bizim ölkələrin mal dövriyyəsinə müəyyən qədər təsir edir. Buna baxmayaraq, Azərbaycanın xarici mal dövriyyəsində İran yüksək yerlərdə durur. İran bir neçə il bundan əvvəl bu sahədə lap birinci yerdə idi. Ona görə ki, biz İrana çoxlu neft məhsulları ixrac edirdik. İndi gərək ki, İran üçüncü yerə düşübdür, lakin yenə də birinci yerə çıxa bilər. Əgər biz İrana çoxlu mal ixrac edə bilmiriksə, onda qoy İran Azərbaycana çoxlu mal ixrac etsin və biz mal dövriyyəsini yenə də artıraq.

İranın Azərbaycana mal ixrac etmək imkanları böyükdür. Bu sərgi də ona görə burada təşkil olunubdur ki, Azərbaycanın iş adamları, tacirləri baxıb görsünlər, həm keyfiyyətinə, həm də nəqliyyat xərclərinin az olmasına görə sərfəli malları İrandan almaq mümkündürsə, gedib onu İtaliyadan, Fransadan, yaxud Rusiyanın uzaq bir şəhərindən almasınlar. Təbiidir ki, bütün bunlar iqtisadçıların, tacirlərin, iş adamlarının işidir. Mən bu işə qarışmıram, sadəcə, öz fikrimi söyləyirəm.

Mən bunları deyərək, belə hesab edirəm ki, İran ilə Azərbaycan arasında iqtisadi əlaqələrin genişlənməsi və inkişaf etməsi üçün hələ böyük imkanlar vardır. Həm İran, həm də Azərbaycan tərəfi bu imkanlardan istifadə etməlidir. Biz bu imkanlardan nə qədər çox istifadə etsək, təbiidir ki, ölkələrimizin iqtisadi əlaqələrini də o qədər çox inkişaf etdirəcəyik. Mən sizə bəyan edirəm ki, Azərbaycan bu sahədə öz üzərinə düşən işləri görəcəkdir. Bizim iqtisadiyyatla məşğul olan bütün nazirliklərə tapşırıram və iş adamlarına tövsiyə edirəm ki, mənim bu sözlərimdən özləri üçün nəticə çıxarsınlar və lazımi işlər görsünlər.

Azərbaycanın neft sənayesi həmişə olduğu kimi, yenə də inkişaf edir. Azərbaycan qədim neft ölkəsidir. Dünyada ilk dəfə Azərbaycanda sənaye üsulu ilə neft hasil olunubdur. Əgər suyun dərinliklərindən neft çıxarılmasını, hasil edilməsini götürsək, Azərbaycan bu sahədə də dünyada birinci yer tutur. 50 il bundan öncə Azərbaycan Xəzər dənizindəki Neft Daşlarından ilk dəfə neft hasil edibdir. Ondan sonra oradan həddindən çox neft əldə olunubdur. Amma vaxtilə bu məhsulun hamısı Sovet İttifaqının necə deyərlər ümumi qazanına gedirdi. Azərbaycan sadəcə nefti hasil edirdi, hara lazımdırsa ora göndərirdi. Birincisi, müstəqil bir dövlət kimi öz sərvətlərinin sahibi olduğuna görə bu sərvətlərdən necə istifadə etməyi özü müəyyən edir. Əgər Sovetlər İttifaqı dövründə Azərbaycanın nə qədər neft hasil etdiyini və onun nə qədərini Sovetlər İttifaqına verdiyini hesablasaq görərik ki, bu ittifaqa daxil olmuş respublikalardan heç biri sovet hökumətinə bu qədər xeyir verməyibdir.

Bir şey məlumdur ki, çar dövründə Rusiya aqrar bir ölkə olubdur. Sovet İttifaqı yaranandan sonra bu aqrar ölkə qısa bir müddətdə sənaye ölkəsinə çevrildisə, SSRİ-də sənayeləşdirmə aparıldısa, bunun əsas səbəblərindən biri də o idi ki, Azərbaycan, Bakı nefti var idi. Əgər Bakı nefti olmasaydı, bunlara nail olmaq mümkün deyildi. Yaxud, İkinci dünya müharibəsi, alman faşistləri ilə müharibə dövründə əgər Azərbaycan nefti olmasaydı, həmin müharibənin nə ilə qurtaracağı məlum deyildi. Bu, bizim sözümüz deyil. Moskvada oturan, indi də yaşayan, o vaxt bu işlərlə məşğul olan böyük şəxsiyyətlər dəfələrlə deyiblər ki, İkinci dünya müharibəsi zamanı əgər Azərbaycan nefti olmasaydı - təbiidir ki, neftsiz nə təyyarə, nə tank, nə avtomobil, nə də başqa texnika işləyə bilməz - Sovetlər İttifaqı digər müttəfiqləri ilə birgə alman faşizminə qalib gələ bilməzdi.

Xalıqmız neft sənayesi sahəsində böyük işlər görübdür. Təəssüflər olsun ki, keçmişdə əldə etdiyi məhsulların əksəriyyətinin sahibi özü olmayıbdır. Amma biz indi öz sərvətlərimizin sahibiyik və bu sərvətlərimizdən istədiyimiz kimi istifadə edirik. Biz bunun üçün bu yolu seçdik ki, xarici şirkətləri Azərbaycana dəvət edək, onlar burada bizimlə müştərək iş görsünlər, sərmayə gətirsinlər, Xəzər dənizindəki zəngin neft və qaz yataqlarımızdan məhsul hasil edək və ölkəmizin iqtisadiyyatını inkişaf etdirək.

Bəzən deyirlər ki, dünyanın və xüsusən Qərb ölkələrinin şirkətləri nə üçün Azərbaycana gəldilər və onlar nə üçün buradadırlar? Bunu anlamaq lazımdır və onun cavabı çox sadədir. Azərbaycan müstəqil bir dövlət kimi keçid dövrü yaşadığı bir zaman həmin yataqların heç birindən özü istifadə edə bilmirdi. Biz hətta keçmişdən yaranmış neft mədənlərimizdə öz imkanlarımızla onları yalnız işlədə bilirdik. Amma suyun 200-300-400 metr dərinliyində quyu qazmağa və oradan neft çıxarmağa, müasir texnikanı, texnologiyanı tətbiq etməyə, təbiidir ki, bizim vəsaitimiz yoxdur. Demək, bu vəsait haradansa gəlməlidir. Ona görə də biz xarici sərmayəni ölkəmizə cəlb etmişik və bu gün də hesab edirəm ki, çox düz etmişik. Bu xarici sərmayə artıq Azərbaycana gəlibdir. Son beş ildə Azərbaycana beş milyard dollar həcmində sərmayə gəlibdir. Bunun nəticəsində də biz həmin yataqlardan hazırda məhsul alırıq.

Məsələn, 1994-cü ildə imzaladığımız ilk böyük müqavilədən - "Əsrin müqaviləsi"ndən biz 1997-ci ildən neft hasil edirik və onu ixrac edirik. Biz 19 müqavilə imzalamışıq. Bu müqavilələrdən də böyük miqdarda neft və qaz gözləyirik.

İkinci müqaviləni bağladığımız "Şahdəniz" yatağında biz gözlədiyimizdən həddindən çox qaz olduğunu müəyyənləşdirmişik, biz indiyədək hasil etdiyimiz nefti necə ixrac edəcəyimiz barədə düşünürdük, ona görə də bir sıra boru kəmərlərinin çəkilişi ilə məşğul idik. İndi isə hasil olunacaq qazın ixrac edilməsi haqqında düşünürük. Çünki həmin yataqda həddindən çox qaz olduğu aşkar edilibdir.

Bütün bunlar ancaq "Şahdəniz" yatağına aiddir. Başqa yataqlarda da xeyli neft və qaz vardır. Ona görə də bir neçə ildən sonra Azərbaycan dünya bazarına xeyli miqdarda həm neft, həm də qaz çıxarmaq imkanına malik olacaqdır. Təbiidir ki, indi biz bunların hansı yollarla, neçə çıxarılması barədə düşünürük.

Biz bu sahədə bir çox şirkətlərlə, o cümlədən İranın OİEK şirkəti ilə də əməkdaşlıq edirik. Buradakıların bəlkə də çoxları bilmir, bəlkə də Ağayi Şafeinin də yadından çıxıb, amma ona demişəm, - OİEK şirkətini "Şahdəniz" müqaviləsinə mən özüm cəlb etmişəm. Çünki biz birinci müqaviləni imzalayandan sonra hiss etdim, İranda bəzi fikirlər oyanıb ki, bu müqavilədə nə üçün İran iştirak etməyibdir? Ona görə də biz "Şahdəniz" yatağı barədə müqaviləni hazırlayarkən mən İran hökumətinə müraciət etdim ki, siz öz şirkətlərinizdən birinin nümayəndəsini göndərin, gəlib bu işdə bizimlə bərabər iştirak etsinlər.

"Şahdəniz" yatağında payın 10 faizi İranın OİEK şirkətinə məxsusdur. Demək, bu qaz həm bizim və həm də o müqavilədə iştirak edən bütün xarici ölkələrin, o cümlədən İranındır. İran da bu yatağa sərmayə qoyubdur.

Burada bir məsələ də var. Konsorsiumlar yarananda bəzi şirkətlər sərmayə qoyurlar, amma texnikanın, texnologiyanın, avadanlığın alınıb gətirilməsində o qədər yaxından iştirak etmirlər. Çünki adətən bu vəzifəni aparıcı şirkət, yəni işlərə rəhbərlik edən şirkət öz üzərinə götürür. Digər şirkətlər isə sərmayə qoyur və bunun da nəticəsində öz qazancını, payını alır.

OİEK şirkətinin başqa bir müqavilədə də 10 faizlik payı vardır. Biz bunu etmişik. Amma hesab edirəm ki, biz bundan sonra da geniş əməkdaşlıq edə bilərik. Ağayi Şafei buradakı çıxışında neft və qaz sahəsində əməkdaşlığımızın genişləndirilməsi məsələlərinə toxundu. Hesab edirəm ki, biz bunu edə bilərik.

Mən bayaq dedim, bir daha təkrar edirəm ki, Xəzərin Azərbaycan sektorundakı yataqların birgə işlənilməsi barədə imzaladığımız müqavilələrə əsasən, 5, 10, 15 il sonra biz həmin yataqlardan çox böyük miqdarda neft və qaz əldə edəcəyik. Hasil ediləcək nefti dünya bazarına çıxarmaq üçün 2-3 kəmər yox, daha çox kəmər lazımdır. Yəni bizə alternativ yollar da lazımdır. Əlbəttə, bu sahədə biz hər bir ölkə ilə, o cümlədən İranla əməkdaşlıq edə bilərik.

Bütün bunlar böyük, qlobal, dövlətlə dövlət arasında olan məsələlərdir. Hesab edirəm ki, biz bu məsələlərin həll olunmasına bundan sonra da diqqət yetirməliyik. Ancaq geniş mənada ticarət, iqtisadi əlaqələr hamıya, xüsusən iş adamlarına aiddir. Təbiidir ki, bugünkü sərgi bu işə yardım göstərəcəkdir.

Bu gün bu sərginin açılışına gəldim. Mənim buraya gəlməyimi bəlkə də gözləmirdilər. Çünki mən belə sərgilərin açılışında adətən iştirak etmirəm. Belə sərgilərdə bizim müvafiq nazirlər, başqaları iştirak edirlər. Ancaq İran-Azərbaycan iqtisadi əlaqələrinə xüsusi diqqət yetirərək, ona xüsusi əhəmiyyət verərək mən buraya gəldim ki, bu sərginin açılışında iştirak edim və sərginin iştirakçıları ilə, İrandan gəlmiş qonaqlarımla görüşüm, - baxmayaraq ki, bu gün mənim onlarla rəsmi görüşüm də var, - bəzi fikirlərimi deyim.

Bu fikirlərdən biri də ondan ibarətdir ki, İran ilə Azərbaycan arasında iqtisadi əlaqələri inkişaf etdirərək, biz bütün sahələrdə əməkdaşlığımızı genişləndirməliyik. Azərbaycan bu mövqedə durubdur. Mən İslam Konfransı Təşkilatının son dəfə Tehranda keçirilən zirvə toplantısında prezident cənab Xatəmi ilə görüşərkən biz bu barədə ətraflı danışdıq. Mən bundan sonra Azərbaycana gəlmiş İran nümayəndələrinə də öz fikrimi demişəm və bu gün də deyirəm ki, gərək biz bütün sahələrdə əlaqələri, əməkdaşlığımızı genişləndirək. Çünki İran Azərbaycan üçün, birincisi, yaxın qonşudur, ikincisi də dost, qardaş ölkədir. Bizim xalqlarımızı birləşdirən, doğma edən böyük tariximiz vardır. Bunları heç vaxt unutmaq lazım deyil.

Hər bir ölkənin özünəməxsus sistemi vardır. Dünya belədir. İndi dünyada bütün ölkələri bir qəlibə yerləşdirmək olmaz. Hər bir ölkə özü müəyyənləşdirir, özü seçir ki, hansı iqtisadi sistemdə yaşayacaq, hansı siyasi sistemi, dövlət quruluşu olacaqdır. Biz özümüzdən asılı olmayaraq, 70 il məcburən Sovet İttifaqına daxil olmuşduq. Buna məcbur idik, çünki başqa əlacımız yox idi, həmin sistemin içərisində yaşayırdıq, müstəqil deyildik, sovetlər ölkəsinin bir hissəsi idik. Ola bilərdi ki, get-gedə milliliyimizi də itirərdik.

Ən böyük nailiyyətimiz ondan ibarətdir ki, bu 70 il müddətində biz milliliyimizi qoruyub saxlaya bildik. Yəni dilimizi qoruyub saxlaya bildik. Baxmayaraq ki, bütün Sovetlər İttifaqında rus dili idi. Baxmayaraq ki, SSRİ rəhbərliyi çalışırdı ki, hamını, bütün millətləri rus dilindən istifadə etməyə məcbur etsin. Baxmayaraq ki, assimilyasiya prosesi aparırdılar. Hətta belə bir anlayış - "insanların yeni tarixi birliyi, sovet xalqı" anlayışı meydana atılmışdı. Amma Sovet İttifaqında 100-dən artıq millət, xalq var idi.

Sovetlər İttifaqının tarixinin son 10 ilində belə bir şüar ortaya atılmışdı ki, artıq bütün millətlər bir-birinə yaxınlaşıbdır. Keçmişdə Leninin, Stalinin bir nəzəriyyəsi var idi ki, vaxt gələcək, dünyada bir millət olacaq. Yəqin ki, o da sovet milləti hesab edilirdi. Guya bütün millətlər get-gedə bir-birinə yaxınlaşacaq, bir dil, bir millət olacaqdır. Bu, kommunist ideologiyasının, sovet ideologiyasının əsaslarıdır.

Görürəm ki, burada alimlər, professorlar oturublar. Onlar bu işləri yaxşı bilirlər. Bəlkə də gənclər bunu o qədər də bilmirlər. Bu, belə idi, bu cür idi. Amma biz belə bir şəraitdə dilimizi qoruyub saxladıq. Azərbaycan dili yaşadı, yaşayır və təbiidir ki, bizim dövlət dilimiz kimi, bundan sonra da yaşayacaqdır.

Biz milli ənənələrimizi qoruyub saxladıq. Məsələn, o dövrdə Novruz bayramını ümumi bayram etməyə imkan vermirdilər. Yəni bu, ümumxalq bayramı idi, amma onu ümumxalq bayramı kimi keçirmirdilər. Lakin hər kəs, hər bir azərbaycanlı, müsəlman öz evində Novruz bayramını keçirirdi.

Mən gözümü açandan bunu öz evimdə görmüşəm. Kimin imkanı çox idi, bu bayramı daha da zəngin keçirirdi, kimin də imkanı yox idisə, heç olmasa 10 dənə yumurta boyayırdı, 3-4 dənə paxlava, yaxud şəkərbura bişirirdi. Bəziləri də bunu çatdırmırdı, - bizim Naxçıvan tərəfdə "kökə" deyirlər, bunu Bakıda bilmirlər, Bakıda ancaq paxlava, şəkərbura bilirlər, ancaq bizim tərəfdə, Naxçıvanda "kökə" deyirlər və onu təndirə yapırlar, - o, bundan bir az ucuzdur.

Bəli, Novruz bayramında hər kəs kökə yapırdı, yaxud şəkərbura bişirərdi. Bir dənə də toyuğu olsaydı, ilin axır günü, yaxud bayram gecəsi ailəsi üçün plov bişirməli idi. Bu bayramı insanların qəlbindən çıxara bilmədilər. Bizim dinimizi insanların qəlbindən çıxara bilmədilər. Nə qədər ateizm siyasəti apardılarsa, bizi dindən məhrum etmək istədilərsə dinimizi qəlbimizdən çıxara bilmədilər.

Kommunist ideologiyasının əsası o idi ki, din xalqın tiryəkidir, insanlar ondan uzaqlaşmalıdırlar. "Din xalqın tiryəkidir" sözləri Leninin idi. Bizi dindən ayırmaq istədilər, amma bunu edə bilmədilər. İnsanların hər biri bu dini qəlbində saxladı. Allaha şükürlər olsun ki, bəzi məscidlərimiz də yaşadı, durdu, saxlanıldı. İndi onların hamısı özümüzün əlimizdədir. Mədəniyyətimizi, mili ənənələrimizi itirmədik. Mədəniyyətimizi nəinki itirmədik, əksinə, milli mədəniyyətimizi inkişaf etdirdik.

Biz belə bir dövr yaşayaraq öz milliliyimizi saxladıq. İtkilərimiz də, nailiyyətlərimiz də oldu. Dost və qardaş ölkə olan İrandan 70 il ayrı düşməyimizə baxmayaraq, xırda bir imkan yaranan kimi, sərhədlər açılan kimi insanlar bir-birinə qovuşdu. Arazın o tayından, bu tayından insanlar bir-birini görmək üçün özlərini suya atdılar. Hətta bəziləri qışın o soyuq vaxtında özünü suya atdı ki, qardaşı, əmioğlusu, dayıoğlusu ilə görüşsün. İranda nə qədər insanlar var idi ki, qohumları Azərbaycanda yaşayırdı. O cümlədən, Azərbaycanda da çoxlu insanlar var idi ki, qohumları İranda yaşayırdı. Amma vaxtilə, sovet hakimiyyəti dövründə yoxlayırdılar, - kimin İranda qohumu varsa, onu nəzarət altına almağa başlayırdılar, onları təqib, sürgün edirdilər. Belə hallar çox idi və biz bunu yaşamışıq.

O dövrdə nə qədər insan sürgün olunubdur ki, nə var, onun qohumu İrandadır. Nə olsun ki, İrandadır? Ola bilər, casus olsunlar, gəlib Sovet İttifaqında iş görsünlər və sair.

Biz bu dövrü yaşamışıq. Amma Azərbaycan xalqı bu dövrü yaşayaraq öz milli mənliyini, məziyyətlərini, qürurunu saxlayıbdır və bundan sonra da saxlayacaqdır.

Biz indi müstəqil dövlətik, müstəqil xalqıq, sərbəstik və çətinliklərimiz çoxdur. Ən böyük çətinliyimiz, problemimiz, yaramız odur ki, torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilibdir. İşğal olunmuş torpaqlardan bir milyondan artıq soydaşlarımız zorla çıxarılıbdır. Onlar 7-8 ildir ki, çadırlarda ağır şəraitdə yaşayırlar. Amma buna baxmayaraq, 1994-cü ildə biz atəşi dayandırdıq. Biz məsələni sülh yolu ilə həll etmək istəyirik. İnanıram ki, biz bu münaqişəni sülh yolu ilə həll edəcəyik. İnanıram ki, biz Azərbaycanın işğal olunmuş torpaqlarını azad edəcəyik və Azərbaycan ərazi bütövlüyünü bərpa edəcəyik.

Ancaq bunlar hamısı bizim həyatımızı, iqtisadiyyatımızı, təbiidir ki, onun inkişafını çətinləşdirir. Bunlara baxmayaraq, iqtisadiyyatımız inkişaf edir. 1995-ci ilə qədər Azərbaycanda məhsul istehsalı ilbəil aşağı düşürdü. Yəni iqtisadiyyatın bütün sahələrində tənəzzül var idi. Özü də bu tənəzzül böyük idi. 1990-cı ildən başlayaraq Azərbaycanda hər il sənaye məhsulu istehsalı 20-25 faiz aşağı düşürdü, həmçinin kənd təsərrüfatı məhsulu istehsalı belə idi. İqtisadiyyatın başqa göstəriciləri də aşağı düşürdü.

1995-ci ildə biz vəziyyəti sabitləşdirdik və ondan sonra inkişaf başlandı. Təsəvvür edin, biz torpaqları kənddə sahibinə paylayandan, şəxsi mülkiyyəti təmin edəndən sonra Azərbaycanda ərzaq problemi yoxdur. Amma yadımdadır ki, - 1970-ci illərdə mən Azərbaycana rəhbərlik etdiyim zaman görmüşəm, - biz əti, yağı gərək Ukraynadan, südü Ukraynadan, yaxud Belorusiyadan, Rusiyadan gətirəydik. Həmin respublikalarda da istehsal ilbəil aşağı düşürdü, onlar plana əsasən bizə ayrılmış ərzağı vermirdilər. Ona görə də Azərbaycanda ət, süd, yağ çətin tapılırdı. İndi hər şey var, küçələr doludur.

Bunlar göstərir ki, biz düz yoldayıq. Biz bazar iqtisadiyyatı, şəxsi mülkiyyətin yaranması yolundayıq. Amma bu yol elə deyil ki, onu bir gündə, bir ildə keçəsən. Yox, bunun üçün zaman lazımdır. Biz bunun üçün zaman lazım olduğunu bilməliyik. Bu vəziyyətə bir tərəfdən dözməliyik, eyni zamanda bütün tədbirləri görməliyik ki, bu məsafəni tez keçək. İnandırıram ki, biz onu tez keçəcəyik.

Məsələn, son vaxtlar bizdə hər il inkişaf var. Keçən il ümumi daxili məhsul 7 faiz, bu ilin birinci rübündə yenə də 7 faiz artıbdır. Sənaye məhsulu istehsalı keçən il 3,5 faiz kənd təsərrüfatı məhsulu istehsalı təxminən 6-7 faiz artıbdır. Bu, 4-5 il bundan qabaq yox idi, əksinə, hamısı azalırdı.

Biz bu artımın nəticəsində insanların rifah halını yaxşılaşdırırıq, bir çox təbəqələrin maaşlarını bir neçə dəfə qaldırmışıq, bundan sonra da qaldıracağıq.

Beləliklə, mən bildirmək istəyirəm ki, Azərbaycan bu ağır dövrü yaşayır və bu ağır dövrü uğurla keçəcəkdir. Bunu etmək üçün biz gərək bütün ölkələrlə iqtisadi əlaqələrimizi inkişaf etdirək və bu istiqamətdə birinci növbədə İran İslam Respublikası ilə iqtisadi əməkdaşlığımızı genişləndirək. Biz İranla iqtisadi əlaqələrimizi genişləndirməklə bərabər, mədəni, elmi, siyasi əlaqələrimizi və bütün əlaqələrimizi genişləndirməliyik.

Mən hiss edirəm ki, İran hökuməti də mənim bu fikirlərim mövqeyindədir. Yenə də deyirəm, mən bunu hörmətli prezident Xatəmi ilə Tehranda görüşüm zamanı onun sözlərindən bildim. Güman edirəm ki, bu yaxın vaxtlarda bizim görüşlərimiz də olacaqdır və bu məsələlərdə yeni uğurlar əldə etmək üçün müəyyən tədbirlər də görə biləcəyik. Beləliklə də bizim ölkələrimiz arasındakı dostluğu, əməkdaşlığı və qardaşlığı möhkəmləndirəcəyik.

Mən İran xalqına səadət, xoşbəxtlik, bütün işlərində uğurlar arzu edirəm. İran tacirlərinə və Azərbaycanın iş adamlarına bazar iqtisadiyyatının inkişaf etdirilməsində, İran ilə Azərbaycan arasında ticarətin, mal mübadiləsinin genişləndirilməsində uğurlar arzulayıram. Bu sərgini təşkil edənlərə təşəkkürümü bildirirəm. Sağ olun.

"Azərbaycan" qəzeti, 30 aprel 2000-ci il.