Publisist Elmira xanım Axundovaya - Bakı, 23 may 2003-cü il


Hörmətli Elmira xanım!

Sizi - respublikamızın tanınmış publisisti və jurnalistini yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz zəngin ənənələrə malik Azərbaycan publisistikasının istedadlı nümayəndəsi kimi dərin siyasi təhlil gücü ilə səciyyələnən sənədli əsərlər yaratmış, ictimai-siyasi publisistikanın bu gözəl nümunələri ilə xalqımızın yaxın tarixi dövrünün aydın mənzərəsini əks etdirmisiniz. Dünyanın beynəlxalq terrorizmin hədəfinə çevrildiyi bir zamanda terror və sifarişli qətllərin ifşası istiqamətində apardığınız araşdırmalar da Sizin yüksək jurnalist peşəkarlığınızdan xəbər verir. Ölkəmizin ictimai-siyasi və mədəni həyatında fəal iştirak etməklə yanaşı, xarici mətbuat orqanlarındakı cəsarətli çıxışlarınızda Siz vətəndaşlıq əzmi nümayiş etdirmiş, beynəlxalq ictimaiyyətin diqqətini ermənilərin yurdumuza qarşı təcavüzü nəticəsində qaçqın həyatı yaşayan soydaşlarımızın problemlərinə yönəltmisiniz.

Müxtəlif dövrlərdə hazırladığınız televiziya verilişləri və maraqlı reportajlar ölkəmizdə telejurnalistikanın inkişafına layiqli töhfə olmuşdur. "Literaturnaya qazeta"nın Azərbaycan üzrə xüsusi müxbiri olarkən, eləcə də Rusiyanın kütləvi informasiya vasitələrində çalışarkən Siz Azərbaycanı həmişə ləyaqətlə təmsil etmisiniz. "Azadlıq" radiostansiyasında müxbir kimi çoxillik fəaliyyətiniz isə Azərbaycanın milli maraqlarının qorunması işinə xidmət və xalqımızın haqq işinin dünyaya çatdırılması baxımından mənalı və yaddaqalandır.

Bədii tərcümə sahəsində göstərdiyiniz fəaliyyət də təqdirəlayiqdir. Azərbaycan ədəbiyyatının qiymətli nümunələrinin rus dilində geniş oxucu kütləsinə çatdırılmasında Sizin mühüm xidmətləriniz vardır. Bir ədəbiyyatşünas kimi qələminizin məhsulu olan əsərlər elmi ictimaiyyət tərəfindən maraqlı qarşılanmışdır.

İnanıram ki, Siz bundan sonra da Azərbaycan həqiqətlərini əsl vətəndaşlıq mövqeyindən işıqlandırmaqla yurdumuzun müstəqilliyinin əbədi, sarsılmaz olması naminə qüvvə və bacarığınızı əsirgəməyəcəksiniz.

Sizə cansağlığı, xosbəxtlik və yeni yaradıcılıq uğurları arzulayıram.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 24 may 2003-cü il.

Tarixi arayış

MƏDƏNİYYƏT