Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Yaponiyanın "Soni Media Uorld" korporasiyasının rəhbərləri ilə görüşdəki söhbətindən - Tokio, 26 fevral 1998-ci il


Hörmətli cənablar, xoş gördük sizi.

Bilirsiniz ki, mən Yaponiyanın Baş naziri, zati-aliləri Ryutaro Haşimito cənablarının dəvəti ilə "Gündoğar ölkə"yə rəsmi səfərə gəlmişəm. Tokioda əlahəzrət imperatorla, Baş nazirlə, parlamentin nümayəndələr və müşavirlər palatalarının rəhbərləri ilə görüşlər və digər çoxsaylı görüşlər keçirmişəm. Bu məzmunlu və dəyərli görüşlərdə biz səmərəli danışıqlar apardıq. Ölkələrimizin əlaqələrinin hazırkı vəziyyəti çox yaxşıdır. Hesab edirəm ki, bu əlaqələri daha da genişləndirmək üçün həm Yaponiyada, həm də Azərbaycanda çox böyük imkanlar vardır və biz bu imkanlardan istifadə etməliyik.

İndi mən "Soni Media Uorld" korporasiyasının Tokiodakı ofislərindən birindəyəm. Xoş sözlərə görə, mehribanlıqla, ehtiramla qarşıladığınıza, qonaqpərvərliyə görə sizə öz minnətdarlığımı bildirirəm. Mənə verilən məlumatdan aydın oldu ki, ikikasetli maqnitofonun çox sadə modeli ilə fəaliyyətə başlayan bu korporasiya biznes və şəxsi istifadə üçün ən geniş çeşiddə orijinal məhsullar istehsalı sahəsində böyük nailiyyətlər qazanmışdır. Yüksək texnologiyası beynəlxalq miqyasda tanınan korporasiya müasir dövrün tələblərinə cavab verən elektronika aparatları istehsal edir. Gördüyüm müxtəlif cihazlar, teleaparatlar, səsyazma aparatları, kompüterlərin yeni müasir növləri məndə çox böyük təəssürat yaratdı.

Sizin gördüyünüz işlərə, hazırladığınız məhsullara Azərbaycanda da yaxşı bələddirlər. Siz video və audio aparatlarının və bütün digər avadanlığın təkmilləşdirilməsində həqiqətən çox böyük uğura nail olmusunuz. Korporasiyanızın əldə etdiyi nailiyyətləri bir vaxtlar təsəvvürə gətirmək belə çətin idi. Siz dünyada öz sahənizdə lider mövqeyi tutmusunuz və bizə göstərdiyiniz nümunələr elmi-texniki tərəqqi sahəsində həqiqətən çox böyük müvəffəqiyyətlər qazandığınızı nümayiş etdirir. Korporasiyanızın məhsulları sübut edir ki, insan ixtiralarının, zəkasının imkanlarının həddi-hüdudu yoxdur. Mən bu uğurlar münasibətilə sizi təbrik edirəm. Deməyə lüzum yoxdur ki, siz bununla kifayətlənməyəcəksiniz və yeni ixtiralarınızla, kəşflərinizlə dünyanı bundan sonra da heyrətləndirəcəksiniz. Sizə uğurlar arzulayıram.