Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Türkiyə Baş Bakanlığının gömrük müstəşarı Ramazan Uludağı qəbul edərkən söhbətindən - Prezident sarayı, 8 dekabr 1999-cu il


Ramazan Uludağ: Hörmətli cümhur başqanım. Biz Bakıya ölkələrimiz arasındakı qarşılıqlı əlaqələrin genişləndirilməsi və gömrük sahəsində dünyada gedən inkişaf barədə müzakirələr aparmaq üçün gəlmişik. Bizi qəbul etdiyinizə görə Sizə dərin hörmət və ehtiramımı bildirirəm. Təbii ki, gömrük işində həm problemlər var, həm də dünyada bu sahədə inkişaf vardır. Dünya ticarəti artıq internet vasitəsilə ticarətə keçir, inhisarlaşmaya keçir. Biz bu sahədə həmkarımız, hörmətli nazirinizlə fikir mübadiləsi aparmışıq. Biz iqtisadiyyat üzrə dünyada öndə gedən ölkələr sırasındayıq. Ölkələrimizin coğrafi vəziyyəti, digər ölkələrin gömrük sahəsindəki bəzi nailiyyətləri barədə qarşılıqlı müzakirə aparmaq məqsədi ilə ziyarətə gəlmişik. Səfərimdən çox məmnunam.

Heydər Əliyev: Çox gözəl. Türkiyənin gömrük təşkilatı böyük tarixə malikdir. Amma Azərbaycanda gömrük təşkilatı çox gəncdir. Biz müstəqillik, istiqlaliyyət əldə etməzdən öncə Sovetlər Birliyində özümüzün, yəni Azərbaycanın gömrük təşkilatı yox idi. Ona görə də o, yeni qurulmuş bir təşkilatdır və burada dünya təcrübəsindən, o cümlədən Türkiyənin təcrübəsindən istifadə etməyə çox böyük ehtiyac vardır. Bunun üçün də, təbiidir ki, əlaqələri daha da inkişaf etdirmək lazımdır.

Dünyanın bir çox ölkələrində gömrük işi ilə əlaqədar müxtəlif təcrübələr vardır. Amma onlar bir-birinə bənzərdir. Bizim üçün isə Türkiyənin təcrübəsi, qanunları daha da önəmlidir, daha da yaxındır. Çünki bizim ölkələrimizin tarixi dostluğu, qardaşlığı və tarixi köklərimiz, ölkələrimizin mentalitetinin bir-birinə yaxın olması Türkiyənin gömrük işləri ilə yaxınlığın vacibliyini göstərir. Mənə verilən məlumata görə, Siz Azərbaycana ilk dəfə gəlmisiniz.

Ramazan Uludağ: Cənab prezident, ilk dəfədir gəlmişəm. Sizin gömrük təşkilatınızı çox yaxşı gördüm. Mən çox yaxşı təəssüratla ayrılıram. Gömrükdə çalışan həmkarlarım son dərəcə bacarıqlıdırlar. Hətta bu təşkilatınızın bölgəmizdəki bütün gömrük idarələrindən səviyyəli olduğunu deyə bilərəm. Bizim təşkilatımız 75-76 illik təcrübəyə malikdir. Amma Azərbaycanın təcrübəsi 7 il ərzində bizi ötüb keçmişdir.

Cənab prezident, 1991-ci ildə Ankarada nahar zamanı bir şəkil çəkilmişdir. O vaxt Siz bizə Ömər Seyfəddindən danışırdınız. Bu, mənim xatirimdədir. İcazə verin, həmin şəkli Sizə təqdim edim.

Heydər Əliyev: Biz o vaxt birlikdə olmuşduq?

Ramazan Uludağ: Bəli, cənab prezident.

Heydər Əliyev: Çox gözəldir. O vaxt məni Şərif Ercan dəvət etmişdi. O da bu şəkildədir?

Ramazan Uludağ: Bəli, cənab prezident.

Heydər Əliyev: Çox gözəldir, sağ olun. Təşəkkür edirəm.

Mən çox məmnunam ki, siz bir yerdə çalışırsınız. Amma mənim əziz dostum, cümhur başkanı Suleyman Dəmirələ də demişəm, - "Həsrət körpüsü"ndə gömrük işləri o qədər də yaxşı deyildir. Bunu siz bilirsiniz. Türkiyənin buradakı səfiri bir-iki ay bundan əvvəl oraya getmişdi. Sonra gəlib dedi ki, o "Həsrət körpüsü"ndə gediş-gəliş çoxdur. Amma Türkiyə tərəfinin gömrük məntəqəsi çox kiçikdir. Türkiyə tərəfi bunu buraxa bilmir.

Biz o körpünü 92-ci ilin mayında açdıq. Süleyman bəy gəldi, bakanlar gəldilər. O, mühüm bir iş idi. Yəni Azərbaycanın Türkiyə ilə bir sərhədi, 11 kilometrlik sərhədi var, bu da oradadır. Bu sərhəddən istifadə etmək üçün körpünü yaratdıq. Amma indi gediş-gəliş də rahat olmalıdır.

Ramazan Uludağ: Cənab prezident, indi oraya sərmayə qoyulur.

Heydər Əliyev: Çox rica edirəm. Siz bilirsiniz ki, Naxçıvan Ermənistan ərazisi ilə bizdən ayrı düşübdür. Buna görə Naxçıvanın Türkiyə ilə, İranla əlaqələri, gediş-gəlişi onun üçün daha da faydalıdır. Məsələn, İran ilə bir neçə yerdən 24 saat gediş-gəliş var. Amma Türkiyə ilə əlaqə bir yerdəndir, orada da Türkiyə tərəfdən işçilər çox azdır, vaxt məhdudiyyəti vardır. Ona görə də insanlar gəlib körpüdə gözləyir, keçə bilmirlər. Mən bunu Süleyman bəyə demişdim. Bu yaxınlarda onunla bir yerdə olduq. Mən Türkiyədə olanda dedi ki, sabah İqdıra gedirəm. İqdırda da valiyə göstəriş vermişdi. Amma siz bu işi yaxşı bilirsiniz.

Ramazan Uludağ: Cənab prezident, mən cümhur başqanımızla birlikdə İspartada idim.

Heydər Əliyev: Mən də İspartada oldum. Sən mənim İspartaya getdiyimi bilirsənmi?

Ramazan Uludağ: Bilirəm, cənab prezident. Orada xəstəxana açdınız.

Heydər Əliyev: Xəstəxana açdıq, sonra Süleyman Dəmirəl adına Universitetdə mənə fəxri doktor adı verdilər. Mən orada bir nitq söylədim.

Ramazan Uludağ: Cənab prezident, mən də orada idim.

Heydər Əliyev: Çox gözəl. Təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 9 dekabr 1999-cu il.