Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Rusiyanın "İtera" qaz şirkətinin prezidenti İqor Makarovu qəbul edərkən söhbətindən - Prezident sarayı, 28 avqust 2001-ci il


Heydər Əliyev: İqor Viktoroviç, sizi Azərbaycanda salamlayıram!

Sizin şirkətinizlə Azərbaycan arasında yaxşı kommersiya münasibətləri yaranmışdır və mən bunu müsbət amil kimi qiymətləndirirəm. Təəssüf ki, əvvəllər sizinlə əməkdaşlıq etməmişik, ancaq mən belə hiss edirəm ki, siz genişlənməklə öz fəaliyyətinizin coğrafiyasını da genişləndirirsiniz. Ona görə Azərbaycana da gəlib çıxmışsınız. Mənə elə gəlir ki, biz daha səmərəli əməkdaşlıq etməliyik və görünür, onu bundan sonra da davam etdirməyin mənası var. Gərək ki, Siz Azərbaycana ilk dəfə gəlmirsiniz, lakin biz sizinlə birinci dəfə görüşürük, ola bilsin əvvəllər də görüşmüşük, bilmirəm...

İqor Makarov: Vladimir Vladimiroviç Putin buraya gələndə mən nümayəndə heyətində idim.

Heydər Əliyev: Üzr istəyirəm ki, siz yadımda qalmamısınız.

İqor Makarov: Onda adam çox idi.

Heydər Əliyev: Deməli, siz Azərbaycana bələdsiniz. Mən sizi dinləyirəm.

İqor Makarov: Heydər Əliyeviç, qəbula görə sağ olun. Şirkətimizə verdiyiniz qiymətə görə sağ olun. Ölkə prezidentinin verdiyi qiymət bizim üçün yüksək tərifdir. Biz bundan sonra da çalışacağıq ki, belə qiymətlər alaq. Fürsətdən istifadə edərək, şirkətimiz haqqında qısaca danışmaq istərdim, çünki bəzən şayiələr yayırlar.

2000-ci ilin yekunlarına görə, biz 92 milyard kubmetr qaz satmışıq. Biz satışın həcminə görə dünyada ikinci qaz şirkəti olmuşuq. Birinci yerdə Rusiyanın "Qazprom" Səhmdar Cəmiyyətidir, ikinci yerdə isə bizik. Mətbuatda tez-tez bildirirlər ki, biz "Qazprom"un qazını alıb satan şirkətik. Amma son vaxtlar bizdə aparılmış bütün yoxlamalar təsdiqləmişdir ki, balansımızda bu cəmiyyətin qazı yoxdur. "Qazprom"un bizim qaza əsla dəxli yoxdur. Düzdür, biz "Qazprom"la münasibtlərimizi qiymətləndiririk, ancaq biz özəl müstəqil beynəlxalq şirkətik və öz qazımızı Rusiyanın şimalında Yamalda çıxarırıq. Biz ildə 30 milyard kubmetr qaz hasil edirik. Gələn ilin birinci rübündə daha bir yatağı istifadəyə verəcəyik və hasilatı 40-42 milyard kubmetrə çatdıracağıq.

3-4 ildən sonra isə şirkətimiz 70 milyard kubmetrədək qaz hasil etmək niyyətindədir. İndi balansımızda olan qaz özümüzündür. Özbəkistan, Qazaxıstan, Türkmənistan qazıdır. Bütün bunlar birlikdə ildə 90 milyard kubmetr təşkil edir. Necə deyərlər, keçmiş Sovet İttifaqının bütün ölkələrində işləyirik və qazın kiçik bir həcmini Avropaya göndərmək üçün "Qazprom"a satırıq. "İtera" qrupuna 130 şirkət daxildir, dünyanın 24 ölkəsində işləyirik. Bundan başqa, plastik qab istehsalı müəssisələrimiz var, biz qazdan kimyəvi məhsul alır və ondan qab-qacaq istehsal edirik. Moskva vilayətində MDB-də ən böyük zavod tikmişik, Belarusda da müəssisəmiz var, Avropada ən iri qeyri-filiz materialları karxanamız var, o, Stavropol diyarındadır. İldə bir milyon ton metal istehsal edirik, Moldovada metallurgiya zavodumuz var, bu metalın 92 faizi Birləşmiş Ştatlara, Avropaya ixrac olunur. Bizim Monqolustanda kiçik qızılçıxarma müəssisələrimiz var, amma fəaliyyətimizin əsasını energetika təşkil edir və kapital qoyuluşlarının 80 faizini həmin sahəyə yönəldirik. Son dörd ildə Rusiyaya 840 milyon dollar, keçmiş Sovet İttifaqının digər ölkələrinə, konkret olaraq, Ukraynaya 200 milyon dollar, Latviyaya 70 milyon dollar, Estoniyaya 20 milyon dollar sərmayə qoymuşuq. Bütün bu layihələr əsas etibarilə energetika sektoruna yönəldilmişdir. İndi biz Belarusda və Moldovada energetika obyektlərinin özəlləşdirilməsinə dair böyük bir proqram hazırlayırıq, çünki anbarlarımızda yığılıb qalmış təxminən 7 milyard kubmetr qaz var. Biz bu qazı elektrik stansiyalarına göndərmək, elektrik enerjisi istehsal etmək və bu enerjini həm keçmiş Sovet İttifaqı respublikalarının, həm də Avropanın ərazisində satmaq niyyətindəyik.

Biz Azərbaycana işləməyə gəlməyimizlə çox fəxr edirik. Bizi dəstəklədiyinizə görə sağ olun. İndi qeydiyyat işləri aparırıq və biz öz nümayəndəliyimizi açırıq. Onu da demək istərdim ki, Azərbaycana qaz ixracını artırmağa hazırıq, əgər bu, maraq doğurursa, buraya neft də göndərməyə və onu emal etməyə hazırıq, çünki biz Türkmənistandan neft alırıq və onu emal edib satırıq, maye qaz göndərməyə, qaz anbarlarını yenidən qurmağa hazırıq. Bizim bunda böyük marağımız var. Çünki qaz biznesi qeyri-adi işdir: qaz yayda artıqlaması ilə olur, qışda isə çatışmır. Odur ki, anbarların olması bunu tarazlaşdırmağa çox kömək edir. Biz kredit hesabına bu anbarları yenidən qurmağa da hazırıq. Bilirəm ki, sizin anbarların tutumu böyük deyildir, lakin bunu texniki imkanlar daxilində 3-4 milyard kubmetrə çatdırmağa hazırıq. Strateji tərəfdaş kimi Azərbaycanda çox böyük marağımız var. Dövlət Neft Şirkəti ilə aramızda yaxşı münasibətlər yaranmışdır. Əgər Siz bizi dəstəkləsəniz, əməkdaşlığımızı bundan sonra da inkişaf etdirməyə hazırıq.

Heydər Əliyev: Sizi dinləmək maraqlı idi. Yeri gəlmişkən, mən şirkətinizin fəaliyyətinin miqyası barədə geniş təsəvvürə malik deyildim, onun haqqında ancaq eşitmişdim. Şirkətin belə böyük potensiala malik olması, qaz hasilatı və satışı üzrə dünyada ikinci yer tutması, bundan başqa, digər sahələrdə də iş görməyiniz iqtisadi əməkdaşlığın və iqtisadi münasibətlərin yeni sisteminə yaxşı nümunədir. Gör, özəl şirkət nə deməkdir! Məgər "Qazprom" özəl şirkət deyil?

İqor Makarov: Orada dövlətin təxminən 40 faiz payı var.

Heydər Əliyev: Bəs sizdə dövlətin payı yoxdur?

İqor Makarov:Yoxdur. Bizim şirkət 100 faiz özəl şirkətdir. 2-3 ildən sonra Nyu-York Fond Birjasına çıxmağa hazırlaşırıq. Bizdə illik dövriyyə 5 milyard dollardan artıqdır.

Heydər Əliyev: Mən sizin bu uğurlarınızı alqışlayıram, təbrik edirəm və yenə təkrar edirəm ki, bunu keçmiş sovet məkanında yaranan yeni iqtisadi münasibətlərin nəticəsi kimi qiymətləndirirəm. Mən Moskvada işləmişəm, neft və qaz sahəsinə bələdəm. Yamal yatağı 70-ci illərin axırlarında kəşf edilib istismara verilmişdir. Həmyerlimiz məhrum Orucov qaz sənayesinə çox qüvvə sərf etmişdir. Siz onu xatırlayırsınızmı?

İqor Makarov: Əlbəttə, xatırlayırıq.

Heydər Əliyev: Yeri gəlmişkən, onadək Qaz Sənayesi Nazirliyi yox idi. O, neft sənayesi nazirinin birinci müavini idi, yadımdadır, dəfələrlə aktual məsələlər qaldırmışdı, MK-ya məktublarla müraciət edirdi, Brejnev onu iki dəfə qəbul etmişdi. Onda mən burada, Bakıda işləyirdim. Mən Moskvaya gedəndə, o, artıq dünyasını dəyişmişdi. Lakin o, əvvəllər burada tez-tez olurdu, öz təkliflərini mənimlə bölüşürdü. Onun maraqlı qeydləri vardı. O, məhz şimalın və ondan o yana Şimal Buzlu okeanının zəruriliyindən danışırdı. Orada da böyük ehtiyatlar vardır. Mən bunların hamısını xatırlayıram. Amma o vaxtlar bir sistem idi. Qaz Kəmərləri Nazirliyi vardı, nazir keçmiş Tümen Vilayət Partiya Komitəsinin katibi Şerbina idi, sonralar o, Nazirlər Soveti sədrinin müavini oldu. O vaxtlar bu, bir sensasiya idi ki, Sovet İttifaqı belə güclü qaz kəmərləri çəkmişdi və artıq Avropaya qaz göndərirdi. İndi işin keyfiyyəti başqa cürdür. Siz dünyada ən iri şirkətlərdənsiniz. Məsələn, mən hesab edirəm ki, Sovet İttifaqında olmuş o cür ehtiyatlara baxmayaraq, o sistem şəraitində səmərəli işləmək mümkün deyildi. Hərçənd, mən özüm ömrümün neçə-neçə illərini o sistemə xidmətə həsr etmişəm.

Çox şadam ki, şirkətiniz haqqında xeyli məluat aldım. Əlbəttə, mənə deyəndə ki, sizinlə razılığa gəlmək və qaz göndərilməsi haqqında saziş bağlamaq zəruri və mümkündür, şübhə etdim və düşündüm ki, - axı, biz özümüz də qaz hasil edirik, doğrudur, bu azdır, özümüzə çatmır, - qaz alacağıq, ancaq onun haqqını ödəmək lazım gələcəkdir. Lakin sonra biz razılığa gəldik və bu, mümkün oldu. Mən cədvəllərə baxdım və gördüm ki, bu il bizə 3 milyard kubmetr qaz göndərilmişdir, gələn il isə 4 milyard kubmetr göndərilməsi planlaşdırılır. Bu, bizim üçün böyük dəstəkdir, böyük köməkdir. Bilirsiniz ki, biz özümüz Qərb şirkətləri ilə birlikdə iri "Şahdəniz" qaz yatağını kəşf etmişik. Biz hələlik işləyirik, qaz hasil edəcəyik, bunun üçün vaxt lazımdır. İndi isə tələbatımızı həm də siz ödəyirsiniz. Ona görə də mən sizi alqışlayır, təbrik edirəm, sizinlə münasibətlərimizi hər iki tərəf üçün çox faydalı hesab edirəm və onların daha da genişləndirilməsini dəstəkləyirəm.

İqor Makarov: Bunun üçün bütün gücümüzü sərf edəcəyik. Biz sərmayə qoymağa hazırıq. Bu, bizim üçün strateji cəhətdən vacibdir. Odur ki, əməkdaşlığımızı genişləndirəcəyik. Gürcüstandan keçən qaz kəmərinin çəkilişində sizinlə birlikdə iştirak edə bilərik. Biz artıq 8 ildir Gürcüstana qaz göndəririk. Buna görə də bizim orada iş təcrübəmiz var, əl-ələ verib səylərimizi birləşdirə bilərik. Birlikdə işləməyə və əməkdaşlığımızı inkişaf etdirməyə çox şad olarıq.

Heydər Əliyev: Qaz anbarlarımızın genişləndirilməsinə gəldikdə, hesab edirəm ki, bu, bizim üçün çox vacibdir. Zənnimcə, siz bizim adamlarla razılığa gələcəksiniz. Mən bu işi alqışlayıram. Bu anbarlar 70-ci illərdə tikilmişdir. Xatirimdədir, mən burada işləyəndə 16 milyard kubmetr qaz çıxarır və bütün respublikanı qazla təmin edirdik. Amma tədricən qıtlıq hiss edirdik və ona görə də bu qaz anbarlarını tikməyə başladıq. Bir sözlə, əməkdaşlığımız baş tutsa, mən buna çox şad olaram.

Oçerklər

Ümumi tarixi arayış

Tarixi arayış

Azərbaycan-MDB iqtisadi münasibətləri