Şotlandiyanın biznes dairələrinin nümayəndələri ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 23 iyul 1998-ci il


Hörmətli cənab sədr!

Hörmətli xanımlar və cənablar!

Mən sizi və Sizin simanızda Şotlandiyanın sakinlərini, şotlandları səmimi qəlbdən salamlayıram. Sizin diyarınıza və çox qədim, gözəl, Edinburq şəhərinizə öz hörmət və ehtiramımı bildirirəm.

Bu gün mənim Birləşmiş Krallığa rəsmi səfərimin dördüncü günü başa çatır. Mən Londonda işimi başa çatdırandan sonra əvvəlcədən nəzərdə tutulmuş proqram əsasında bu gün buraya gəlmişəm. Mən bu günü məhz Şotlandiyaya, Edinburqa həsr edirəm. Güman edirəm, siz Azərbaycan haqqında yetərli qədər məlumata maliksiniz. Ancaq buna baxmayaraq, bir neçə kəlmə demək istəyirəm.

Azərbaycan Qafqazda, Xəzər dənizinin sahilində yerləşən bir ölkədir. O, çox əlverişli coğrafi-siyasi vəziyyətə malikdir. Azərbaycanın zəngin təbii sərvətləri - yeraltı və yerüstü sərvətləri vardır. Respublikamız altı il bundan əvvəl, Sovet İttifaqı dağılandan sonra öz dövlət müstəqilliyini əldə edibdir. Azərbaycan ötən bu altı il ərzində dövlət müstəqilliyi, azadlıq yolu ilə gedir.

Azərbaycanın çoxsahəli iqtisadiyyatı, sənayesi, aqrar sektoru vardır. Ölkəmizin inkişaf etmiş infrastrukturu vardır. Azərbaycan böyük intellektual potensiala malikdir. Bizim xalqımız qədim tarixə malikdir. Xalqımız əsrlər boyu öz müstəqilliyi və milli azadlığı uğrunda vuruşmuş, çalışmış və mübarizə etmişdir. Azərbaycan zəngin mədəniyyətə malikdir.

Bilirsiniz ki, keçmiş Sovetlər İttifaqına mənsub olmuş Azərbaycan öz dövlət müstəqilliyini əldə edəndən sonra yeni bir həyat yolu keçir. Bu, demək olar ki, bütün sahələrdə keçid yoludur. Müstəqil ölkə kimi Azərbaycan özünün müstəqil dövlətini qurur, cəmiyyətini formalaşdırır.

Bilirsiniz ki, Azərbaycan hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu prosesi yolu ilə gedir, öz dövlət müstəqilliyini qoruyub saxlamağa çalışır, iqtisadiyyatını bazar münasibətləri, sərbəst iqtisadiyyat sistemi əsasında qurur, bütün bu məqsədlərə nail olmaq üçün həm siyasi, həm ictimai, həm də iqtisadi islahatlar həyata keçirir. Bu islahatlar, həyatın demək olar ki, bütün sahələrini əhatə edir. Şübhəsiz ki, bunlar bir çox çətinliklər də yaradır. Mən eyni zamanda, iftixar hissi ilə deyə bilərəm ki, bütün bunlar yaxşı nəticələr verir.

Azərbaycan Sovetlər İttifaqının tərkibində olarkən dünya üçün qapalı idi. İndi Azərbaycan öz qapılarını dünyaya açıbdır. Biz "Açıq qapı" siyasəti aparırıq, həyatımızın bütün sahələrini dünya standartları səviyyəsinə qaldırmaq istəyirik və iqtisadiyyatımızı dünya iqtisadiyyatı ilə sıx bağlamağa çalışırıq. Bu sahədə də ilkin nailiyyətlərimiz bizi ürəkdən sevindirir.

Azərbaycan qədim neft ölkəsidir. Bu baxımdan Azərbaycan ilə Şotlandiya arasında çox bənzərlik, oxşarlıq vardır. Siz Şimal dənizinin sahilindəsiniz, Azərbaycan isə Xəzər dənizinin sahilindədir. Siz şimal, Azərbaycan isə cənub ölkəsidir. İqlimlərimizdə fərq var, amma hesab edirəm ki, insanlarımızda fərq azdır.

Şotlandlar çox işgüzar, mərd, öz mənliklərini və milli ənənələrini qoruyan, onun uğrunda mübarizə aparan insanlardır. Şotlandlar zəkalıdırlar, bəşər mədəniyyətinə, elminə çox dəyərli töhfələr vermişlər. Onlardan bəzilərinin adlarını cənab Forrenst burada çəkdi. Siz tamamilə haqlı olaraq onlarla fəxr edirsiniz. Ancaq şotlandları təkcə bunlarla xarakterizə etmək olmaz.

Şotlandiyanın çox qədim, gözəl mədəniyyəti vardır. Edinburq demək olar ki, qədim memarlıq abidələri şəhəridir. Şotlandiyanın ərazisi gözəl bir mənzərəyə bənzəyir. Mən Şotlandiyanı çox sevirəm. Bunu kitablardan aldığım təəssüratlardan deyirəm. Mən 38 il bundan əvvəl, 1960-cı ildə burada olarkən xatirimdə çox şeylər qalıbdır. Onlardan biri də Temza çayı üzərində XIX əsrin əvvəllərində tikilmiş çox əzəmətli bir körpüdür. Mən bu gün də həmin körpünü gedib gördüm.

Ümumiyyətlə, körpü bəşər tarixində çox böyük rol oynayır. İnsanlar, xalqlar, ölkələr arasında körpü həmişə xeyirxah niyyətlərə xidmət edibdir. Birləşmiş Krallığa mənim bu rəsmi səfərim də sizin ölkənizlə Azərbaycan arasındakı körpünü daha da möhkəmləndirmək, inkişaf etdirmək məqsədi daşıyır.

Mən ötən günlərdə Londonda çoxsaylı görüşlər keçirmişəm, danışıqlar aparmışam. Əlahəzrət kraliça ilə görüşmüşəm. Baş nazir cənab Toni Bleyrlə görüşüm, danışıqlarım, söhbətlərim çox əhəmiyyətli, məzmunlu və maraqlı olmuşdur. Biz ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətləri və tərəfdaşlıq haqqında siyasi Bəyannamə imzaladıq. İyulun 21-də baş nazirin iqamətgahında Böyük Britaniya ilə Azərbaycanın əməkdaşlığını inkişaf etdirmək üçün Birləşmiş Krallığın, o cümlədən Şotlandiyanın şirkətləri ilə ARDNŞ arasında üç müqavilə imzalandı. Şotlandiyanın "Morrison" Şirkəti ilə Bakı Şəhər İcra hakimiyyəti arasında bir niyyət Bəyannaməsi imzalandı.

Hesab edirəm ki, bütün bu danışıqlar və imzalanmış sənədlər Birləşmiş Krallıqla Azərbaycan arasındakı əlaqələrin gələcək inkişafı üçün yeni mərhələ olmuşdur və gözəl perspektivlər və açmışdır. Baş nazir cənab Toni Bleyr və mən eyni fikirdə olduq ki, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, elmi, humanitar və bütün başqa sahələrdə əməkdaşlığımızı gücləndirməliyik və genişləndirməliyik.

Hörmətli xanımlar və cənablar!

Siz Şotlandiyanın işgüzar dairələrinin nümayəndələrisiniz, şübhəsiz ki, iqtisadi əlaqələr sizi daha çox maraqlandırır. Mən hesab edirəm ki, ölkələrimiz arasında belə əlaqələr yaranıb və indi də yaxşı səviyyədədir. Böyük Britaniyanın Azərbaycanda yüzdən artıq şirkəti fəaliyyət göstərir. Böyük Britaniya şirkətlərinin sərmayələri Azərbaycana gəlir. Bizim 1994-cü ildə imzaladığımız ilk böyük müqavilənin "Əsrin müqaviləsi"nin həyata keçirilməsi üçün yalnız "Britiş Petrolium" Şirkəti ötən illərdə Azərbaycana 260 milyon dollar sərmayə qoyubdur. Həmin müqavilənin digər iştirakçısı - Şotlandiyanın "Remko" Şirkəti Azərbaycana 29 milyon dollar sərmayə qoyubdur. Birləşmiş Krallığa mənsub şirkətlər ilk müqavilənin həyata keçirilməsi üçün yaradılmış Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətindən 350 milyon dollar dəyərində sifarişlər alıblar. Bunlar bizim iqtisadi əlaqələrimizin göstəriciləridir. Ancaq bunlar bizim müştərək işimizin hələ ilk addımlarıdır. Əməkdaşlığı inkişaf etdirmək üçün daha böyük imkanlar vardır, onlardan səmərəli istifadə etmək lazımdır.

Mən sizi, Şotlandiyanın iş adamlarını, şirkətlərini müştərək iş görmək üçün Azərbaycana dəvət edirəm. Bunun üçün Azərbaycanda tam əlverişli şərait yaranıbdır. Birincisi, indi Azərbaycanda ictimai-siyasi sabitlik mövcuddur və bu sabitlik daimidir. İkincisi, xarici şirkətlərin Azərbaycana gəlib iş görməsi üçün biz çox mühüm qanunlar qəbul etmişik və bunlar bir çox qanunlarla tənzimlənir. Bizim, o cümlədən investisiyaların qorunması haqqında da çox ciddi qanunumuz vardır. Azərbaycanda fəaliyyət göstərən şirkətlər gəlirlərini öz ölkələrinə köçürmək imkanı qazanıblar. Bu, bizim qanunla tənzim olunur. Azərbaycanda sağlam ictimai-siyasi və mədəni mühit yaranıbdır.

Edinburq gözəl şəhərdir. Ancaq qürur hissi ilə deyirəm ki, Bakı da çox gözəl şəhərdir. Bakıda rahat yaşamaq, yaxşı işləmək olar.

Bizim həyata keçirdiyimiz islahatlar Azərbaycan iqtisadiyyatını çox canlandırıbdır. Biz keçid dövrünün çətinliklərinin öhdəsindən gəlirik. Hesab edirəm ki, bu il və qarşıdan gələn ildə ölkəmizin iqtisadiyyatında inkişaf daha da sürətlənəcəkdir. Apardığımız islahatlarla, insanlara sərbəstlik verməyimizlə bərabər, eyni zamanda, xarici sərmayələrin Azərbaycana gəlməsi respublikamızın iqtisadiyyatının inkişaf etdirilməsinin mühüm cəhətlərindən biridir. Azərbaycana xarici sərmayə təkcə neft sahəsinə yox, bir çox başqa sahələrə də qoyulur. Bu ilin ötən altı ayında Azərbaycana xarici sərmayə qoyuluşu keçən ilin müvafiq dövrünə nisbətən 70 faiz artmışdır. Güman edirəm ki, ilin ikinci yarısında bu artım daha da yüksək olacaqdır.

Respublikamızda gömrük rüsumları çox aşağıdır, 15 faizdən yuxarı deyildir. Ölkəmizdə vergi, maliyyə sistemi də tənzimlənibdir. Bizdə bir çox özəl banklar fəaliyyət göstərir. Özəlləşdirmə proqramı sürətlə həyata keçirilir. Biz kiçik müəssisələri özəlləşdirmişik. Orta və böyük müəssisələrin özəlləşdirilməsinə başlamışıq və artıq bu sahədə çox iş görmüşük. Bankların, birinci növbədə, Beynəlxalq Bankın özəlləşdirilməsi nəzərdə tutulur.

Azərbaycanda maliyyə vəziyyəti normaldır. Doğrudur, vəziyyət üç-dörd il bundan öncə tamam başqa cür idi. 1994-cü ildə Azərbaycanda çox yüksək inflyasiya var idi. 1994-cü ildə inflyasiyanın həddi 1600 faiz idi, 1995-ci ildə 80 faiz, 1996-cı ildə 6 faiz, 1997-ci ildə 0,4 faiz olubdur. Bu ilin altı ayında isə eyni səviyyədədir. Siz bu sahəni yaxşı bilən adamlarsınız, razılaşırsınız ki, bu, yaxşı nəticədir. Azərbaycanın milli valyutası - manat dönərlidir və manatın dəyəri son illər ilbəil artır, daha da möhkəmlənir.

Beləliklə, Azərbaycanda həm investisiya qoymaq üçün imkanlar vardır, həm də çox əlverişli iqtisadi maliyyə strukturları yaranıbdır. Şübhəsiz, dediyim bu sözlər sizdə elə bir təəssürat yaratmasın ki, bizdə hər şey idealdır. Bizim nöqsanlarımız nailiyyətlərimizdən qat-qat çoxdur. Bu, təbiidir: Biz keçid dövrü yaşayırıq. İnsanlar hər şeydə yeniliklə rastlaşırlar və həm ictimai-siyasi, həm də çox iqtisadi sahədə keçmişdən çox çətinliklə ayrılırlar.

Azərbaycan üçün demokratiya yeni bir şeydir. Biz bunları təmin etmək üçün ölkəmizdə demokratik Konstitusiya və qanunlar qəbul etmişik. Ancaq insanlar buna alışmalıdır və onların hamısının da eyni fikri olmalıdır. Biz bunu təmin edirik. Biz bazar iqtisadiyyatı sistemi yaradırıq. Qanunlarımız, proqramımız var, islahatlar, özəlləşdirmə aparırıq. Ancaq burada nöqsanlarımız da meydana çıxır. İnsanların bir qismi hələ buna alışa bilmir. Dövlət orqanlarında olan məmurlar da bəzən bunu bacarmırlar, yaxud da öz vəzifələrindən sui-istifadə edirlər. Belə və buna bənzər digər nöqsanlar az deyildir. Ancaq bunlar keçicidir. Daimi isə odur ki, Azərbaycan demokratiya, sərbəst iqtisadiyyat yolu ilə gedir, ölkəmizdə sahibkarlıq fəaliyyətinin yaranması və inkişaf etməsi üçün bütün imkanlar vardır və Azərbaycan öz iqtisadiyyatını dünya iqtisadiyyatı ilə sıx bağlamaq istəyir.

Azərbaycanın təbii sərvətlərindən, iqtisadi potensialından müştərək istifadə etmək, həm xaricdən gələn sərmayəçilərimiz, həm də bizim özümüz üçün çox faydalı olacaqdır. Ona görə də mən sizi Azərbaycana dəvət edirəm.

Sizin neft sənayesi sahəsində nailiyyətləriniz çoxdur. Siz 1975-ci ildən Şimal dənizində geniş neft hasilatına başlayaraq qısa bir müddətdə çox irəliyə getmisiniz. İqtisadiyyatın başqa sahələrində də sizin nailiyyətləriniz çoxdur. Siz təkcə öz ərazinizdə işləmirsiniz. Siz dünyanın bir çox ölkələrində işləyirsiniz. Mən sizi Azərbaycanda da işləməyə dəvət edirəm.

Güman edirəm, dediyim bu sözlər bizim danışığımızın başlanğıcı üçün bəsdir. Mən sizin suallarınıza cavab verə bilərəm.

Buyurun.

"Azərbaycan" qəzeti, 25 iyul 1998-ci il