Azərbaycan Prezidenti Heydər Əliyevin Türkiyənin dənizçilik məsələləri üzrə dövlət naziri Ramazan Mirzəoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən söhbətindən - 28 avqust 2002-ci il


Heydər Əliyev: Türkiyənin hər bir nümayəndəsinin Azərbaycana gəlməsi bizim üçün çox əhəmiyyətlidir. Hökumət üzvlərinin gəlməsi isə, təbiidir ki, ölkələrimiz, dövlətlərimiz, hökumətlərimiz arasında əlaqələri daha da inkişaf etdirir.

Türkiyə böyük gəmiçilik ölkəsidir. Çünki Türkiyənin, demək olar, hər tərəfi dənizdir, okeandır. Azərbaycan Xəzər dənizində gəmiçiliklə həmişə məşğul olubdur. Ancaq Xəzər qapalı dənizdir. Sonralar Xəzər dənizindən Volqa-Don kanalı ilə Qara dənizə, başqa dənizlərə çıxış olubdur. Bizim gəmilərin də bir qismi elə Qara dənizdə, yaxud da başqa dənizlərdə daha çox üzür, nəinki Xəzərdə. Çünki burada onların daşıması üçün o qədər də yük yoxdur.

Azərbaycan gəmiləri Türkiyənin limanlarından istifadə edir. Ona görə də bu sahədə də əməkdaşlığımızı inkişaf etdirmək lazımdır.

Ramazan Mirzəoğlu: Bakıda olarkən dənizçilik sahəsində əməkdaşlıq məsələləri barədə baş nazirin müavini Abid Şərifovla, nəqliyyat naziri Ziya Məmmədovla, Xəzər Dəniz Gəmiçiliyinin rəisi Aydın Bəşirovla çox faydalı müzakirələr apardıq. Sizin gəmilərin bizim limanlardan istifadə etməsi, təmir işlərinin İstanbuldakı Tuzla tərsanəsində həyata keçirilməsi haqqında yekdil qərara gəldik. Bakı çox əhəmiyyətli limandır. Sizin arzu edəcəyiniz təqdirdə, onun genişlənməsi işlərinə kömək edə bilərik. Bizim fikrimizcə, bu, həm Azərbaycana, həm də Türkiyəyə çox xeyir verə bilər.

Biz Türkiyə olaraq, Sizin belə bir fikrinizə çox böyük əhəmiyyət veririk ki, Xəzər dənizi qapalı hövzə olsa da, onun Volqa-Don kanalı vasitəsilə bütün dünyaya çıxışı vardır. 1994-cü ilə qədər bu yoldan fəal şəkildə istifadə edilmiş, daha sonra bir qədər zəifləmişdir. Qarşıdakı illərdə Türkiyə Xəzər dənizi vasitəsilə ildə 2 milyon ton buğda, pambıq, metal daşıyacaqdır. Həmin yolu bağlamaq beynəlxalq hüquq normalarına ziddir. Bu barədə biz Rusiya ilə müzakirələr aparacağıq, Rusiyanın bütün gəmiləri bizim Qara dənizdəki və Mərmərə dənizindəki boğazlardan keçir, Türkiyə limanlarından istifadə edir, Volqa-Don kanalı da eyni şəkildə bütün dövlətlərin gəmilərinə, ilk növbədə də Xəzər hövzəsi ölkələrinin gəmilərinə açıq olmalıdır. Bu su yolunu bağlamaq haqsızlıqdır. Bunu qəbul etmək mümkün deyildir. Ona görə də Türkiyə bu sahədə lazımi tədbirləri görəcəkdir.

Türkiyə Azərbaycanın işğal olunmuş rayonlarının dərhal boşaldılmasını, qaçqınların öz yurd-yuvalarına qayıtmasını tələb edir. Biz Azərbaycanın ərazi bütövlüyünün qorunmasına böyük əhəmiyyət veririk və bunun sülh yolu ilə həyata keçirilməsini arzulayırıq.

Bütün bunlarla yanaşı, Türkiyə ilə Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin möhkəmləndirilməsi və inkişaf etdirilməsi zəruridir və bu sahədə Sizin apardığınız siyasət bizi son dərəcə məmnun edir.

Heydər Əliyev: Volqa-Don kanalı ilə Xəzər dənizindən Qara dənizə çıxış bizim üçün çox əhəmiyyətlidir. 1994-cü ilə qədər bu sahədə heç bir problem olmayıbdır. Sonra Rusiya bu rejimi çox şərtləşdirdi. Rusiya indi bir sıra şərtlər irəli sürür.

Aydın Bəşirov: Biz üç ay əvvəldən Rusiya hökuməti sədrinin adına teleqram göndəririk. Bundan sonra onlar gəmilərin adları göstərilməklə xüsusi cədvəl üzrə buraxılmasına icazə verirlər ki, bu da ildə 10 gəmidən artıq olmur. Xəzərdə İranın cəmi 4, Türkmənistanın 3 yük gəmisi var. Lakin onlar Qara dənizə çıxa bilmirlər. Qazaxların hələlik yük tankerləri yoxdur, almaq fikrindədirlər. Rusiya Həştərxan limanından 6 yük gəmisini Dağıstanın balansına keçiribdir. Hazırda Mahaçqaladan İrana yük daşıyırlar. İndi onlar Ukraynadan alınmış, 100 min ton metalı İrana daşımaqla məşğuldurlar. Bu yüklər yalnız Rusiyanın gəmiləri ilə daşınır. Bizim gəmilərə yük vermirlər.

Ramazan Mirzəoğlu: Türkiyənin boğazlarından, on milyon insanın yaşadığı İstanbuldan Rusiyanın 150 min tonluq tankerləri keçir. Bizim buna heç bir etirazımız yoxdur. Amma eyni şəkildə Türkiyə gəmiləri də Xəzər dənizinə gəlməlidir. Bu, məsələdə ədalətli olmaq lazımdır. Bu birtərəfli ola bilməz. Biz bunu tələb edəcəyik, onlarla danışıq aparacağıq. Bunu Xəzər hövzəsi ölkələri - Azərbaycan, Qazaxıstan, Türkmənistan da etməlidir.

Heydər Əliyev: O biri ölkələrin gəmiləri yoxdur, Xəzərdəki gəmilərin 90 faizi Azərbaycanındır. Yükləri Azərbaycan gəmiləri daşıyıbdır. Yəni gəmiçilik əsasən, Azərbaycanda olubdur. Hətta Həştərxanda da o qədər olmayıbdır.

İndi vəziyyət dəyişibdir. Qonşu ölkələr də gəmilər alırlar. Ancaq gərək nə qədər gəmi alsınlar ki, onların donanması Azərbaycanınkı qədər olsun. Biz onların gəmilərinin də yük daşımasına etiraz etmirik. Hamı Volqa-Don kanalından istifadə etməlidir. Buna məhdudiyyət qoymaq olmaz.

Referendumla bağlı təbriklərinizə görə sizə çox təşəkkür edirəm. Bu, çox əhəmiyyətli bir tədbir idi. Çünki biz Konstitusiyamızda dəyişiklikləri ancaq referendum vasitəsilə həyata keçiririk. Bunu Milli Məclisdə edə bilmərik. Referendumu keçirdik, xalq da bizi dəstəklədi. Referenduma çıxarılan məsələləri həll etdik. Mən də bundan çox məmnunam. Xalq bir daha Azərbaycanın iqtidarına öz münasibətini, öz etibarını göstərmiş oldu. Dağlıq Qarabağ məsələsinə gəlincə, Türkiyə həmişə bu işdə bizimlə bərabərdir. Biz də çalışırıq ki, münaqişəni sülh yolu ilə həll edək. İşğal olunmuş torpaqlar azad edilsin. Bir milyondan artıq insanımız qaçqın-köçkün vəziyyətindədir, onlar öz yerlərinə qayıtsınlar. Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun. Biz bu işlə ciddi şəkildə məşğuluq. Bilirsiniz ki, mən avqustun 14-də Ermənistan-Azərbaycan sərhədində, Naxçıvan bölgəsində Ermənistan prezidenti Koçaryanla görüşdüm. Biz 4 saat söhbət etdik, danışıqlar apardıq. Danışıqları davam etdirmək lazımdır. Münaqişəni sülh yolu ilə həll etmək o qədər də asan deyil, amma mümkündür. Biz bu danışıqları aparırıq və bundan sonra da aparacağıq. Mən də məmnunam, xalqımız da məmnundur ki, Türkiyə bu məsələlərdə Azərbaycanın mövqeyini müdafiə edir, bizimlə birlikdədir, Azərbaycanı dəstəkləyir. Buna görə də biz həmişə Türkiyəyə minnətdar olduğumuzu bildiririk.

"Azərbaycan" qəzeti, 29 avqust 2002-ci il.