Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Xalq şairi Bəxtiyar Vahabzadənin "Hara gedir bu dünya?!" pyesinin tamaşasından sonra yaradıcı kollektivin üzvləri ilə görüşü - Azərbaycan Milli Dram Teatrı, 7 noyabr 1997-ci il


Heydər Əliyev: Müvəffəqiyyətlə keçən tamaşaya görə sizin hamınızı təbrik edir, təşəkkürümü bildirir və yeni uğurlar arzulayıram.

Bəxtiyar müəllim, bu pyes əvvəllər də elə indiki quruluşda nümayiş etdirilmişdirmi?

Bəxtiyar Bahabzadə: Bəli, həmin quruluşdur. Tamaşanın quruluşçu rejissoru Bəhram Osmanov, bəstəkarı Adil Bəbirovdur. Bu pyes 1991-ci ildə bir neçə dəfə tamaşaya qoyulub. Sonra Türkiyədə onun beş tamaşası oldu. Daha sonra teatrın kollektivini Kiprə dəvət etdilər, orada da iki tamaşa göstərildi. Pyesin tamaşaları həm Türkiyədə, həm də Kiprdə böyük rəğbətlə qarşılandı.

Heydər Əliyev: Bu mövzu bu gün də öz aktuallığını itirnəyibdir. İnsan nə qədər yaşayacaqsa, bu mövzu bir o qədər də aktual olacaqdır. Bəxtiyar Bahabzadənin hər bir əsəri dəyərlidir, qiymətlidir. Onun hər bir əsəri bizim mədəniyyətimizi, incəsənətimizi, ədəbiyyatımızı inkişaf etdirir. Bəxtiyar Bahabzadə adətən şerlər, poemalar yazır, ancaq bir neçə səhnə əsəri də yaradıbdır. O, 1970-ci illərdə də çox uğurlu əsərlər yazmışdı, 1991-ci ildə də belə bir əsər yaradıbdır. Mən bu tamaşanı çox böyük maraqla, həvəslə izlədim. Doğrudur, bu pyesin məzmunu ilə mən əvvəldən tanış deyildim, ona görə də hadisələrin gedişini bəzən tuta bilmirdim ki, sonra nə olacaq. Mənə belə gəlir ki, əsərin ən böyük keyfiyyəti elə bundan ibarətdir. Bəzən tamaşaya bir az baxandan sonra hadisələrin sonrakı gedişini və nə ilə sona çatacağını təxminən bilirsən. Amma düzü, mən bu tamaşada bunu tuta bilmədim. Tamaşanın ortasında bir yerdə ixtiraçı alimin monoloqu qurtaranda elə bildim ki, tamaşa da bununla başa çatacaq. Sonra gördüm ki, yox, tamaşa hələ davam edir. Bunun özü müəllifin böyük ustalığının dərınliyini, məharətini, eyni zamanda bu mövzunun açılmasının qeyri-sadəliyini göstərir. Tamaşaçının, ümumiyyətlə, kitab oxuyan adamın diqqətini bütün başqa cəhətlərlə yanaşı bu, həmişə cəlb edir. Əsərin daxili mənası, məzmunu şübhəsiz ki, çox əhəmiyyətlidir. Məndə belə bir təsəvvür yarandı ki, bu, fəlsəfi, psixoloji bir əsərdir, eyni zamanda elmi əsərdir.

Bilirsiniz, adətən tamaşaya gəlirlər ki, əsərdə bir münaqişə olsun, yaxud da oynamaq, çalmaq-şənlik olsun. Bəlkə də belə bir əsər hər bir tamaşaçının diqqətini cəlb edə bilməz. Belə bir əsərin öz tamaşaçısı lazımdır. Ancaq eyni zamanda, hesab edirəm ki, hər bir insan - yaşlı da, cavan da, gənc də, qadın da, kişi də bu tamaşaya diqqətlə baxdıqca onların hamısında böyük maraq oyanacaq. Çünki bu tamaşa həyatı əks etdirir. Bəxtiyar müəllim belə bir əsər yazmaqla insan yaranandan indiyədək adamların arasında, onların həyatında gedən psixoloji prosesi əks etdirmək istəyib. Hesab edirəm kı, o, buna nail olubdur. İnsan həyatında, cəmiyyətdə gedən bu proseslər təəssüf ki, bir tərəfdən təbii proseslərdir - necə ki, təbiətin qanunları təbiidir və heç kəsdən asılı deyil. Biz indi artıq görürük - siz bu gün burada göstərdiyiniz, əcdadından indiyədək ən yüksək səviyyəyə qalxmış insan və insan cəmiyyəti, onun xüsiyyətləri, keyfıyyəti heç kəsdən asılı deyil.

Bu əsərdən doğan məna ondan ibarətdir ki, gərək hər bir insan nə olur-olsun, paklıq, mənəvi saflıq, mənəvi təmizlik uğrunda mübarizə aparsın, insana xas olan mənfi keyfiyyətlərdən insanları xilas etməyə axıra qədər çalışsın. Bizim yaşadığımız planetdə insanın tarixini heç kəs bilmir. İnsan neçə min-min illərdir yaşayır. Hər bir insanın isə kiçik - altmış, yetmiş, səksən, doxsan il ömrü var, bəziləri yüz yaşa qədər ancaq yaşaya bilir. Bunun da bir hissəsi uşaqlıq dövrüdür, bir hissəsi yuxudur, son hissəsi də onun yaşlı dövrünə düşür. İnsan sadəcə olaraq yaşamaq üçün mübarizə aparır, başqa bir imkanı olmur. Bu, insanın ömrüdür. Amma insan cəmiyyətinin ömrünü heç kəs bilmir. Yer üzündə neçə yüz min illərdir ki, insan yaşayır və insan cəmiyyəti mövcuddur. İbtidai icma dövrü - tarixçilər yazıblar - neçə min illər bundan öncə olubdur. Bu gün siz Bəxtiyar müəllimin yazdığı sözləri ifa edib bizə sübut etmək istəyirsiniz ki, o vaxtlar hər şey düz, pak olubdur, eyni zamanda, özünüz də inkar edirsiniz ki, yox, belə olmayıbdır. Həm deyirsiniz, həm də inkar edirsiniz. Yəni bunları Bəxtiyar müəllim belə yazıb, siz isə onları səhnədə ifa edirsiniz və bizə göstərirsiniz. Həyatın prosesləri çox mürəkkəbdir. Ancaq o da təbiidir ki, insan cəmiyyətində eybəcərliklər əsrlərdən - əsrlərə keçərək daha da çox artır. Bilirsiniz, mən indi bu tamaşaya baxanda Cəlil Məmmədquluzadənin "Ölülər" əsəri yadıma düşür. O, çox böyük fəlsəfi, həyatı və çox dəyərli bir əsərdir. Cəlil Məmədquluzadə "Ölülər" əsərində insanların şəxsi xüsusiyyətlərini, onların mənəviyyatını necə göstərirdi? Yəni bu hər bir əsrdə olubdur. Bizim XX əsrdə də belədir. Mən bu tamaşanı izlədikcə fıkirləşirəm, vəzifə nədən ibarətdir - bunu qəbul etmək, onunla razı olmaq, yaxud da ki, mübarizə aparmaq lazımdır? Əsərin də ana xətti ondan ibarətdir əsas qəhrəman Laçın bu mübarizəni aparır və öz fikrində əxlaqında axıra qədər qalır. Demək, insanları bu nümunədə tərbiyə etmək lazımdır. Bu, asan deyil, çox çətindir. Mən öz həyatımdan deyə bilərəm ki, çox çətindir. Bilirsiniz ki, mənim gördüyüm işlər bir, iki, on ili əhatə etmir. Mən təxminən 30 ildir ki respublikaya rəhbərlik etməyə başlamışam. Ancaq mən ondan əvvəl də, gənc vaxtlarımdan həyatın bütün bu eybəcərlikləri ilə mübarizə aparmağa çalışmışam. Hansısa bir mərhələdə nəyəsə nail olmaq olur. Sonra isə kimsə gəlib onu pozur. Məsələn, öz həyatımın tarixindən desəm, 1970-ci illərdə burada işləyəndə biz çox şeylərə nail ola bildik. Amma sonrakı dövr gəldi, bütün bunların hamısını dağıtdı. Şübhəsiz ki, bizim həyatımızda indi çox müsbət cəhətlər var. Bu da ondan ibarətdir ki, xalqımız azaddır, müstəqildir. Bizim müstəqil dövlətimiz var. Tariximizdə ilk dəfə sabit, müstəqil bir dövlətdə yaşayırıq. Biz həyatımızı yenidən qururuq, dövlət quruculuğunun yeni prosesi gedir, iqtisadiyyatımız yenidən qurulur. Bunlar hamısı həyatın müsbət cəhətləridir. Amma bununla yanaşı, bu əsərin əsas ana xətti olan xeyirlə şər yanyanadır, o həyatı zibilləyən mənfi cəhətlər var və təəssüf ki, onlar azalmayıb, əksinə, artıb və artmaqdadır. Onlar da özlərini haqlı sayırlar. Elə tamaşada Nərgizin sözləri ilə deyilir ki, bu maaşla dolanan kimdir? Başa düşürsınız, amma maaşla dolanan var. Bəxtiyar müəllim, altı faiz deyil, əhalinin əksəriyyəti maaşla dolanan adamlardır. Bir milyon qaçqnıımızın heç maaşı da yoxdur, onlar verilən köməklə yaşayır, dolanırlar. Yeddi milyon əhalidən bir milyonu qaçqındır. Yaxud, orada az məvaciblə dolanan adamlar var. Bunlar var. Ona görə də Bəxtiyar müəllim bu əsərdə rəqəmləri bir az əks tərəfə "şişirdibdir".

Bəxtiyar Vahabzadə: Elə mən özüm də maaşla dolananlardanam.

Heydər Əliyev: Təəssüf ki, cəmiyyətdə qanunu pozanlar, əxlaqsızlıq, mənəviyyatsızlıq edənlər də var. Belələri insanı o qədər incidir ki, həmin adam hər şeyi artıq qara rəngdə görür. Amma həyat tam qara deyil. Həyatın işıqlı tərəfi da, qaranlıq tərəfı də, gözəl tərəfi də, insanları incidən tərəfi də var. Ona görə bu məsələdən belə nəticə çıxarmaq olar ki, biz indiyə kimi nə qədər çalışmışıqsa, bundan sonra da hər bir insan cəmiyyətimiz, hər bir adamın əxlaqının təmizlənməsi uğrunda mübarizə aparmalıdır və heç vaxt ümidsiz olmamalıdır. Mən Bəxtiyar müəllimə bildirmək istəyirəm - bu əsərdə bəzən bir az ümidsizlik hiss olunur. Ümidsizlik olmamalıdır. Cəmiyyət, insan ümidlə yaşamalıdır. İnsan ümidlə yaşamalıdır ki, cəmiyyət mənfi hallardan xilas olsun. Biz bəlkə də buna nail ola bilməyəcəyik. Amma gələcək nəsillər buna mütləq nail olacaqlar. Əsərdə kökə qayıtmaq məsələsi var, mən onun mənasını belə anlayıram ki, kökümüzə olan o müsbət cəhətləri götürmək lazımdır. Mən də sizinlə razıyam ki, tamaşadakı kimi, ibtidai icma quruluşuna qayıtmayacağıq. Bu, mümkün deyil. Hansınız istəsəniz, bu, mümkün deyil. Mən yenə də Cəlil Məmmədquluzadənin "Ölülər" əsərinə qayıdıram. Orada da əvvəl hamısı istəyir ki, Şeyx Nəsrullah onun qohum-qardaşını diriltsin. Sonra hər birinə başa salanda ki, bu diriləndə nə olacaq - onda hamı imtina edib deyir ki, yox, kökə qayıdın. İndi Bəxtiyar müəllim də bu əsərində deyir ki, kökə qayıdın. Sizin hər biriniz nəticəni başa düşəndə, onda nə cür olacaq. Onda deyəcəksiniz ki, yox, indi nə cür var, qoy elə yaşayım. Cəmiyyət daim inkişaf edəcəkdir. Gələcək nəsillər daha da yaxşı yaşayacaqlar. Biz edə bilmədiyimizi gələcək nəsillər edəcəklər. Amma gələcək nəsillərə şərait yaratmaq üçün biz gərək bu mübarizəmizi aparaq Bəli, tamaşada Laçın rolunu oynayan mübarizə aparmaq üçün bunların hamısını - Bəxtiyar müəllimin sözlərini çox gözəl ifa etdi. Şübhəsiz ki, belə əsərlər mübarizə aparmaq üçün bizə kömək edir. Bunlar bizə lazımdır, əhəmiyyətlidir.

Bəxtiyar müəllim, mən sizi bir daha təbrik edirəm. Çox gözəl bir əsər yaratmısınız. Bu vacibdir. Bu mövzu bu gün də on il bundan sonra da aktual olacaqdır. Mən bədbin deyiləm nikbinəm və bu əsərin ümidsizlik nüansları, notları ilə də razı deyiləm. Çünki insan ümidlə yaşamalıdır. İnsan inanmalıdır ki, hər şeyə nail olmaq - cəmiyyəti də düzəltmək, insanların əxlaqındakı mənfi cəhətlərdən də insanı xilas etmək, onu tam mükəmməl etmək olar. Bizim borcumuz mükəmməl insan, mükəmməl insan cəmiyyəti yaratmaqdır və bunun uğrunda mübarizə aparmaq lazımdır. Bax, bu əsər də bütün bunlara kömək edir.

Ramiz Novruzov (əməkdar artist): Ulu əcdadlarımız deyiblər ki, keçmişlərin səhvlərini gələcək düzəltməlidir, ataların səhvlərini oğullar düzəltməlidir.

Heydər Əliyev: Bəli, Bəxtiyar müəllimin əsəri haqqında öz fıkirlərimi dedim. Sizin hamınız da rollarınızı çox gözəl ifa etdiniz. Mən yenə də deyirəm, bu əsər adi tamaşaçı üçün çox çətin qavranılan bir əsərdir. Amma həm rejissorun, həm sizin hamınızın birlikdə ifaçılıq sənətiniz insanı doğrudan da gərginlikdə saxlayır. Mən iki saatdan artıq davam edən bu tamaşanı çox diqqətlə, gərgin vəziyyətdə dinləyirdim. Sizin bu artistlik, ifaçılıq məharətiniz əsərin bu qədər canlı görünməsinə kömək etdi. Güman edirəm ki, Bəxtiyar müəllim inciməz - bu əsəri səhnədə görməyən adam kitabı oxusa, bu təəssüratı ala bilməz. Məsələn, siz özünüz yazdığınız şeri kitabdan oxuyanda ola bilər ki, onu yarıya qədər oxuyasan, yarısını oxumayasan. Elə bu əsərin özü də mürəkkəb əsərdir. Mən vaxtilə Hötenin "Faust" əsərini götürüb oxumağa başladım, heç yarısna çatmadım, onu kənara atdım. Çünki çətin idi. Fəlsəfi əsərlər həmişə çətin olur. Səhnədə sizin ifanız Bəxtiyar müəllimin bu əsərinin məzmununu, mənasını, əhəmiyyətini çox gözəl açıbdır. Quruluşçu rejissorun da işi təqdirəlayiqdir və hər birinizin ifa etdiyiniz rollar da çox gözəldir. Mən tamaşaya çox diqqətlə baxırdım. Hərə öz rolunu yaxşı ifa edirdi. Hamınızı təbrik edirəm və təşəkkür edirəm ki, bizə bu gün yeni bir tamaşa təqdim etdiniz. Çox sağ olun.

Kamal Xudayerdiyev (xalq artisti): Hörmətli prezident, icazə verin, biz də adımızdan Sizə təşəkkürümüzü bildirək. Arzu edirik ki, teatrımıza tez-tez gələsiniz. Çünki sizin hər gəlişiniz bizə ilham verir, bizi yeni uğurlara çağırır. Siz yazıçıların qurultayındakı nitqinizdə də teatrımızın adını çəkdiniz. Qeyd etdiniz ki, gələn il teatrın 125 illiyi qeyd olunacaqdır. Biz də sizə söz veririk ki, Dövlət Akademik Milli Dram Teatrını qoruyub saxlayacağıq, onu gənc nəslə təhvil verəcəyik.

Hörmətli prezident, mən Sizi Konstitusiya günü münasibətilə və ilkin neftin hasil olması münasibətilə təbrik edirəm. Sizə cansağlığı, uzun ömür arzulayıram. Arzu edirəm ki, Allah Sizi xalqımızın üzərindən əskik etməsin. Hörmətli prezident, teatrımızın repertuarında Şekspirin "Kral Şir" əsərinin tamaşası var. Biz bu tamaşa ilə Moskvada qastrolda olanda ona baxmağa sizin imkanınız olmadı. Biz oradan cox gözəl təəssüratla qayıtdıq. Xahiş edirəm, əgər imkan tapsanız, əgər imkan tapsanız, gəlib həmin tamaşaya baxasınız.

Heydər Əliyev: Bəli, Şekspirin "Kral Lir" əsərinin tamaşasına baxmaq lazımdır. O vaxt eşitmişdim, siz bu əsərin tamaşasını yaxşı göstərmisiniz.

Bəxtiyar Vahabzadə: Heydər müəllim, bayaq "Ölülər" əsəri haqqında dediniz. Moskva Universitetinin professoru Əziz Şərif var idi, çox ağıllı adam idi.

Heydər Əliyev: Bəli, mən onu yaxşı tanıyırdım və onunla bir neçə dəfə görüşmüşdüm.

Bəxtiyar Vahabzadə: O danışırdı ki, Azərbaycanda hamı "Ölülər" əsərinin necə qurtaracağını bilir. Deyirdi ki, Moskva Universitetində SSRİ xalqları ədəbiyyatından mühazirə oxuyanda tələbələrə söyləyirdim ki, "Ölülər" əsərində belə bir vəziyyət var - Şeyx Nəsrullah deyir: "Mən gəlib ölüləri dirildəcəyəm", camaat da gəlir, amma sonra hamı imtina edir. İndi gedin fikirləşin, o biri həftə mənə deyərsiniz görüm, dramaturq bu əsərdə hadisələri necə qurub ki, heç kəs öz qohumunun, övladının, atasının, anasının dirilməyinə razı deyil. Tələbələr gedib bir həftə fikirləşəndən sonra gəlib deyirdilər ki, professor, bilə bilmədik, siz Allah, deyin görək dramaturq həmin vəziyyətdən necə çıxır? Mən bu məsələni izah edəndə tələbələr dəhşətə gəlirdilər. Bizim Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov, Cəfər Cabbarlı, Hüseyn Cavid kimi dramaturqlarımız - biz onların bulağından su içirik - çox xariquladə əsərlər yaradıblar. Hüseyn Cavidin "İblis", Cəfər Cabbarlının "1905-ci ildə", "Almaz" pyesləri nə qədər böyük əsərlərdir.

Heydər Əliyev: Bəxtiyar müəllim, siz tamamilə düz deyirsiniz. Bizim dramaturgiya çox güclüdür. Mən yazıçıların qurultayında da, əvvəl də bunu demişəm. Bilirsiniz, biz bəlkə də bunu qiymətləndirmirik - öyrənmişik ki, bu belə olub, elə belə də olar. Amma belə deyil. Müsəlman, islam dünyasında 125 il bundan əvvəl ilk dəfə teatr yaradılması və Mirzə Fətəli Axundov tərəfindən səhnə əsəri yazılması böyük hadisədir, inqilabdır. O vaxt nə sosialist inqilabı var idi, nə də XX əsr deyildi. Görün nələr yaradıblar. Buna görə də Azərbaycanın teatrı, dramaturgiyası, incəsənəti çox böyük qiymətə layiqdir. Bunlar barədə çox danışmaq olar. Sizin əsasən 1960, 1970, 1980-ci illərdə, o cümlədən 1990-cı illərdə yaratdığımız əsərlərin hamısı qiymətlidir. Siz ədəbiyyatı əndən yaxşı bilirsiniz. Bayaq "Ölülər" əsərinin adını çərdim. Mən Şekspirdən başlayaraq bütün dram əsərlərini bilirəm. Hesab edirəm ki, "Ölülər" kimi əsəri heç kim yarada bilməyib. Çünki bu cür mövzu tapmaq özü bir fəlsəfədir, dahilikdir.

İradə Həsənova (aktrisa): Hörmətli prezident, mən Sizə Bəxtiyar müəllimə, Məmməd Araza, Ramiz Rövşənə göstərdiyiniz qayğıya görə dərin təşəkkürümü bildirirəm. Sizə cansağlığı arzu edirəm. Bir də arzum budur ki, hansı dövlətə, ölkəyə səfərə getsəniz, həmişə sözünüz keçərli olsun.

Laləzar Mustafayeva (aktrisa): Hörmətli prezident, tamaşalara gəlib baxmağınız bizim üçün çox əhəmiyyətlidir. Amma mənə elə gəlir ki, gərgin işinizə baxmayaraq vaxtınızı bizə sərf etməyinizin, ekranda bizi izləməyinizin, sonra zəng vurub təbrik etməyinizin qiyməti ölçülməzdir. Hörmətli prezident, çox sağ olun, hamımız Sizə minnətdarıq.

Heydər Əliyev: Sizi bir daha təbrik edirəm. Sizə cansağlığı, yeni-yeni uğurlar arzulayıram. Azərbaycan Milli Dram Teatrı bundan sonra da yaşayacaqdır. Biz onu saxlayacağıq. Biz ümumiyyətlə teatrsız, incəsənətsiz, televiziyasız yaşaya bilmərik. Siz öz sənətinizlə bütün insanlara çox böyük xidmət edirsiniz. Sağ olun.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT