Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin Dövlət və Hökumət Başçılarının 4-cü zirvə toplantısında çıxışı - Yalta, 5 iyun 1998-ci il


Hörmətli cənab sədr!

Möhtərəm dövlət və hökumət başçıları!

Xanımlar və cənablar!

Sizi - Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində yüksək səviyyədə ənənəvi görüşün iştirakçılarını ürəkdən salamlayıram.

Hörmətli Leonid Daniloviç, sizə, Ukrayna hökumətinə və xalqına mehriban qəbul və qonaqpərvərlik üçün, bizim sammitin işindən ötrü yaradılmış gözəl şərait üçün səmimi minnətdarlığımı bildirirəm.

Dövlət müstəqilliyinin və suverenliyinin möhkəmlənməsinə, xalqlarımızın rifahının yüksəlməsinə yönəldilmiş ölkələrimizin səmərəli iqtisadi əməkdaşlığı Avrasiya iqtisadi inteqrasiyası üçün böyük əhəmiyyətə malikdir. Ötən altı ildə QİƏT-in fəaliyyəti və əldə edilmiş nəticələr göstərir ki, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı öz təşəkkül dövrünü keçmişdir və tamhüquqlu beynəlxalq təşkilata çevrilə bilər. Bununla əlaqədar əminəm ki, əsas sənədin - QİƏT Nizamnaməsinin imzalanması QİƏT üzvü olan ölkələr arasında əməkdaşlığın inkişafına yeni təkan verəcək, təşkilatın beynəlxalq aləmdə nüfuzunu yüksəldəcəkdir.

QİƏT bölgəsinin əlverişli coğrafi mövqeyi, xaricə çıxan nəqliyyat və telekommunikasiya arteriyalarının çoxşaxəli sistemi var. Onların inkişafı iqtisadi əməkdaşlığın, ticarətin güclənməsinə, istehsal kooperasiyasının, turizmin inkişafına kömək edəcəkdir. Qabaqcıl texniki sistemlər tətbiq olunmaqla telekommunikasiyalar sahəsində ilk konkret layihələr artıq əməli surətdə həyata keçirilir. Bu işi gələcəkdə genişləndirmək və təkmilləşdirmək lazımdır. QİƏT ölkələrinin nəqliyyat infrastrukturu layihələrinin - Avropa nəqliyyat sistemi ilə inteqrasiyanın nəzərdə tutulduğu layihələrin işlənib hazırlanması sahəsində əməkdaşlıq dinamik gedir. QİƏT-in iştirakçısı olan ölkələrdən bəziləri Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin yaradılması layihəsində iştirak edirlər. Azərbaycan bu layihənin fəal iştirakçılarından biridir, ona böyük əhəmiyyət verir, Avropa və Asiya ölkələri arasında yükdaşımalara geniş imkanlar açan yeni nəqliyyat şəbəkələrinin inkişafı üçün mühüm mexanizm kimi baxır. TRASEKA proqramının yerinə yetirilməsi çərçivəsində bu il sentyabrın 7-8-də Bakıda Avropa Birliyinin himayəsi ilə Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişafına dair beynəlxalq konfrans keçirmək nəzərdə tutulmuşdur. Bütün ölkələr üçün digər mühüm sahədə - elektroenergetika sahəsində əməkdaşlıq çox ümidvericidir. QİƏT-in üzvü olan ölkələrin elektroenergetika sistemlərini birləşdirmək layihəsi Birləşmiş Avropa-Asiya energetika sisteminin işlənib hazırlanmasında mühüm addımdır.

Ticarət QİƏT-in üzvü olan ölkələrin iqtisadi inkişafının əsas hərəkətverici qüvvələrindən biridir. İştirakçı ölkələrin qarşılıqlı ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi QİƏT bölgəsində ticarət sədlərini tədricən aradan qaldırmaq, milli gömrük və tranzit qaydalarını sadələşdirmək və uyğunlaşdırmaq məsələsini daha da aktuallaşdırır. Bu məqsədlə gələcəkdə QİƏT bölgəsində azad ticarət zonaları yaradılması işinə başlanmışdır ki, bu da ölkələrimiz arasında ticarət münasibətlərini fəallaşdırmaq üçün konkret addımdır. QİƏT-in iştirakçısı olan dövlətlərdə xüsusi sahibkarlığın inkişafı, kiçik və orta müəssisələrin fəaliyyətinə kömək və işgüzar əlaqələrin inkişafı üçün əlverişli şərait yaradılması işini bundan sonra da gücləndirmək lazımdır. Bununla əlaqədar QİƏT-in İşgüzar Şurası tərəfindən son illərdə keçirilən biznesforumlar olduqca perspektivlidir.

Hörmətli xanımlar və cənablar!

Bölgələrimizdə sülh və sabitlik Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının planlarının uğurla reallaşdırılması üçün zəruri şərtdir. Bölgəmizdəki silahlı münaqişələr, təcavüzkar separatçılıq, millətçilik, cürbəcür silahlı birləşmələrin terrorçuluq fəaliyyəti səylərimizi ləngidən böyük maneə olaraq qalmaqdadır. Gürcüstan və Dağıstanda onları silahlı toqquşmalara və yeni insan qurbanlarına gətirib çıxaran son hadisələr, dövlət çevrilişi cəhdləri, müstəqil dövlətlərin liderlərinin həyatlarına edilən sui-qəsdlər ciddi narahatlıq doğurur. Təəssüf ki, artıq 10 ildən çox davam edən Ermənistan-Azərbaycan münaqişəsi həll edilməmiş qalır. Erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, bir milyondan artıq əhali doğma yerlərindən qovulmuş və qaçqın vəziyyətinə düşmüşdür. Biz 1994-cü ilin mayında böyük səylər hesabına hərbi əməliyyatlara son qoymağa, atəşkəsə nail ola bildik. Biz atəşkəs rejimini tam sülh əldə edilənədək qoruyub saxlamaq əzmindəyik və beynəlxalq hüquq normalarına əsaslanan sülh danışıqlarına üstünlük veririk. ATƏT-in əsasında möhkəm sülh əldə etmək mümkün olan prinsipləri təsdiq etmiş 1996-cı il Lissabon zirvə görüşündə bu istiqamətdə böyük siyasi tərəqqi əldə edilmişdir. Bu prinsiplər Ermənistan və Azərbaycanın ərazi bütövlüyünün tanınmasına, Dağlıq Qarabağa Azərbaycan dövlətinin tərkibində yüksək özünüidarə statusu verilməsinə, Dağlıq Qarabağın bütün əhalisi üçün möhkəm təhlükəsizliyin təminatına əsaslanır. ATƏT-in Minsk qrupunun həmsədrləri münaqişənin nizama salınmasına dair təkliflər işləyib hazırlamışlar. Bu təkliflər sülh əldə etmək və dayandırılmış sülh danışıqları prosesinə Minsk qrupu çərçivəsində yenidən başlamaq üçün yaxşı əsasdır. Ümid edirəm ki, bu təkliflər üzərində konstruktiv iş bizə silahlı münaqişəyə son qoymağa və xalqlarımızın rifahı naminə dinc əməkdaşlığa başlamağa imkan verəcəkdir.

Hörmətli dostlar!

Ümidvaram ki, QİƏT çərçivəsində birgə işimiz səmərəli əməkdaşlığımız üçün əlverişli şərait yaradacaq və xalqlarımıza sülh, sabitlik və tərəqqi gətirəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.