Türkiyənin iş adamları ilə görüşdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxışı - "Gülüstan" Sarayı, 12 aprel 1995-ci il


Hörmətli baş nazir xanım Tansu Çillər! Türkiyənin iş adamlarını özünüzlə birlikdə Bakıya gətirdiyinizə görə sizə təşəkkür edirəm. Çünki bizim buna böyük ehtiyacımız var. Demək olar ki, 1990-cı ildən, bəlkə də ondan bir az öncə Azərbaycanla Türkiyə arasında işgüzar əlaqələr qurulmasına, ayrı-ayrı iş adamlarının burada fəaliyyət göstərməsinə baxmayaraq, mən etiraf etmək istəyirəm ki, bu sahədə iş çox zəif gedir. Bu həqiqətdir.

Türkdilli dövlətlərdən Türkiyə və Azərbaycan bir-birinə daha yaxındır. Ancaq Türkiyənin iş adamlarının Azərbaycan iqtisadiyyatına qoyduğu sərmayə - mən bunu açıq demək istəyirəm - digər türkdilli dövlətlərin iqtisadiyyatına qoyulan sərmayədən çox azdır. Azərbaycana çoxlu iş adamları gəlib-gedir. Amma çox güclü iş görülmür. Bunu da açıq demək lazımdır. Ola bilsin ki, bunun günahı bizdədir. Mənə bəzi iş adamları deyirlər ki, guya burada gömrük qanunları və bəzi başqa qanunlar Azərbaycanda iş görməyə şərait yaratmır. Mən bir dəfə Ankarada, İstanbulda olanda iş adamları bu barədə mənə deyiblər.

Ola bilsin ki, bizim belə qüsurlarımız var. Biz çalışırıq ki, bu qüsurları aradan götürək. Bilin ki, biz gənc dövlətik. Keçmişdə bizim nə müstəqil gömrüyümüz, nə də bazar şəraitinə uyğun başqa bir iqtisadiyyatımız olubdur. Biz keçmiş sosialist iqtisadiyyatı şəraitində yaşamış adamlarıq. Bu qanunları dəyişdirmək və digər işləri görmək üçün siz gərək kömək edəsiniz. Yəni siz deməlisiniz ki, bu qanun düzgün deyil, onu dəyişdirmək lazımdır və yaxud da nəyi isə əlavə etmək lazımdır və yaxud da nəyi isə əlavə etmək lazımdır ki, Azərbaycana investisiya gəlsin. Məsələn, mən Aşqabatda olarkən mənim dostum, Türkmənistan prezidenti Saparmurad Niyazov dedi ki, Türkiyənin iş adamları onun ölkəsinə külli miqdarda sərmayə qoyublar. Mən, əlbəttə, sevindim, çünki Türkmənistan bizə qardaş olan ölkədir. Amma içimdə dedim ki, bəs niyə Azərbaycana bu qədər sərmayə qoymurlar?

Ola bilsin ki, Azərbaycan müharibə şəraitində olduğuna görə bəzi adamlar respublikamızda iş görməyə ehtiyat ediblər. Belə hesab ediblər ki, indi müharibədir, kim bilir, sabah nə olacaq, əgər bura sərmayə qoysam nə olar? Bəzən də iş adamları Azərbaycanda daxili ictimai-siyasi vəziyyət sabit olmadığına görə - mənə belə gəlir ki, təkcə Türkiyənin yox, digər ölkələrin də iş adamları - bura gəlib sərmayə qoymaqdan çəkinirlər. Ancaq hörmətli bacımız Tansu Çillərin yanında sizə demək istəyirəm ki, arxayın olun. Birincisi, biz çalışacağıq ki, Türkiyənin köməyi ilə, dünyanın mütərəqqi ölkələrinin, beynəlxalq təşkilatlarının köməyi ilə, əlbəttə, ilk növbədə də öz işimiz və fəaliyyətimizlə müharibə vəziyyətindən çıxaq. Biz atəşkəsi davam etdirəcəyik və sülh yaranmasına çalışacağıq. Siz bu məsələdən narahat olmayın. O ki qaldı respublikamızın daxilində ictimai-siyasi vəziyyətin sabitliyinə, doğrudan da, bu məsələdə də müəyyən əsas var. Çünki üç il ərzində burada üç dəfə dövlət çevrilişi cəhdi olubdur. Ona görə də bu barədə Azərbaycan dünyada rekord vura bilər. Ancaq sizə demək istəyirəm ki, artıq bunlara da son qoyulub, arxayın olun.

Bir dəfə 1993-cü ildə çevriliş etdilər, Xalq Cəbhəsini hakimiyyətdən yıxdılar. O vaxt məni dəvət etdilər və mən gəlib vətəndaş müharibəsinin, qardaş qanı axıdılmasının qarşısını aldım. Sonra ötən ilin oktyabrında mənim əleyhimə dövlət çevrilişinə cəhd etdilər. Xalqa müraciətimlə bir gecədə Bakının bir milyondan çok sakini mənim ətrafıma toplaşdı. Bunun qarşısında heç bir top, heç bir tank dura bilmədi. Bir dəfə də dövlət çevrilişinə cəhd etdilər. Siz bilirsiniz ki, mən çox çalıhdım, - bu barədə mətbuatda da yazılıbdır, - mən televiziya və radio vasitəsilə müraciət etdim, xahiş etdim, adamları qəbul etdim, fərman verdim, o cinayətkarları əfv etdim. Ancaq onlar buna baxmadılar, onların başları çox qızmışdı və bizim əsgərlərin üzərinə hücum etdilər. Əsgərlər də atəş açıb bu məsələni qurtardılar. Dövlət çevrilişinə cəhd etmək istəyənləri vurub dağıtdıq. Onlara da, dünyaya da göstərdik ki, müstəqil Azərbaycan dövlətinin özünü qorumaq üçün, xalqını qorumaq üçün gücü var və buna qadirdir. Siz buna arxayın ola bilərsiniz. Azərbaycanda bir daha dövlət çevrilişi olmayacaqdır. Siz buna əmin ola bilərsiniz.

Azərbaycan demokratiya yolu ilə, sərbəst bazar iqtisadiyyatı yolu ilə gedir. Biz indi özəlləşdirmə proqramı hazırlamışıq. Özəlləşdirməni həyata keçirəcəyik, torpaq islahatı aparırıq, kolxoz və sovxozları ləğv edirik, özəl bölməyə geniş imkanlar veririk. Yəni Azərbaycan keçmiş sosialit iqtisadiyyatından, sosialist quruluşundan, kommunist ideologiyasından tamamilə əl çəkibdir. Buna arxayın olun. Nə qədər ki, Azərbaycanda Heydər Əliyev var, Azərbaycanın müstəqilliyi də var. Amma arxayın olun, Heydər Əliyev də çox olacaqdır.

Ona görə də hörmətli baş nazir, bacımız Tansu Çillərin sözlərini, sizə göstərişlərini çox məmnuniyyətlə qarşılayıram. Həqiqətən, bizdə böyük sənaye potensialı var. Respublikamızın böyük fabrikləri, kimya, maşınqayırma, toxuculuq, metallurgiya müəssisələri var. Bizim başqa imkanlarımız da var. Məsələn, neft sahəsində bu, bizim birinci müqaviləmizdir. Bizim bir neçə yatağımız da var. Onların işlənməsinə başlayacağıq. Həmin yataqlardan neftin çıxarılması, qaz yataqlarının işlənməsi, bunların əsasında kimya sənayesində istehsalın genişləndirilməsi, başqa məhsullar istehsalının artırılması nəzərdə tutulur. Yəni Azərbaycanın təbii sərvətləri də, sənaye potensialı da böyükdür. Respublikamız geniş işçi qüvvəsi imkanlarına malikdir.

Eyni zamanda bizim mühəndislərimiz, texniklərimiz də çoxdur. Sadəcə olaraq gəlib bizimlə birgə işləmək lazımdır. Hörmətli baş nazirin dediyi kimi, bir ay ərzində - mən göstəriş verirəm bizim baş nazirin vəzifəsini icra edən Fuad Quliyevə və başqa rəhbər şəxslərə - birgə işləmək üçün danışıqlar aparaq və kim bizimlə birgə işləmək istəyirsə, buyursun gəlsin. Əgər bu birgə iş şərtlərini yüngülləşdirmək lazımdırsa, biz bunu da edə bilərik. Yəni biz çalışacağıq ki, Azərbaycana sərmayə gəlsin. Onun Azərbaycana gəlməsinə nə mane olursa, onu aradan qaldırmağa hazırıq. Mən sizi Azərbaycana dəvət edirəm.