Altıncı Avrasiya İqtisadi Sammitinin iştirakçılarına - 30 sentyabr 2003-cü il


Hörmətli sammit iştirakçıları!

Sizi - Türkiyə Cümhuriyyətinin prezidentinin himayəsi və Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin təşəbbüsü ilə keçirilən Altıncı Avrasiya İqtisadi Sammitinin iştirakçılarını səmimiyyətlə salamlayır, hamınıza uğurlar arzulayıram.

Türkiyə hökumətinin yardımı və dəstəyi ilə hər il keçirilən bu sammit Avrasiya ölkələrinin dövlət və siyasi xadimlərini, millət vəkillərini, diplomatlarını, bir sıra nüfuzlu beynəlxalq və qeyri-hökumət təşkilatlarının, iqtisadi qurumların nümayəndələrini bir araya gətirərək, ölkələrimiz və xalqlarımız arasında formalaşan çoxtərəfli münasibətlərin daha da möhkəmlənməsinə, inkişaf etməsinə və mədəni inteqrasiyasına xidmət edən gözəl bir ənənəyə çevrilmişdir. Bu ənənənin davam etdirilməsinə və sammitin yüksək səviyyədə təşkil olunmasına görə Türkiyə Cümhuriyyətinin prezidentinə, hökumətinə və fəxri sədri olduğum Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin rəhbərliyinə minnətdarlığımı bildirirəm.

Əlamətdar haldır ki, Altıncı Avrasiya İqtisadi Sammiti Azərbaycan üçün də böyük tarixi əhəmiyyəti olan hadisənin - XX əsrin dahi siyasi və dövlət xadimi Mustafa Kamal Atatürkün rəhbərliyi altında Türkiyə Cümhuriyyətinin qurulmasının 80 illiyi ilə bir vaxta düşür.

Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın qarşısında duran ən mühüm vəzifələr demokratik, hüquqi dövlət quruculuğu, azad bazar iqtisadiyyatına keçid və Avroatlantika strukturlarına inteqrasiya olmuşdur.

1993-cü ildən bəri həyata keçirdiyimiz siyasətin ana xəttini cəmiyyətin siyasi, iqtisadi, hüquqi, qanunvericilik və digər sahələrində müxtəlif islahatlar təşkil etmişdir. 1995-ci ildə ölkənin bəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq prinsipi əsasında demokratik prezident, parlament və bələdiyyə seçkilərinin keçirilməsi, ölkə daxilində ilk dəfə olaraq, Konstitusiya Məhkəməsinin fəaliyyətə başlaması və bu kimi çoxsaylı tədbirlər Azərbaycanın yüksəliş yolunda atdığı önəmli addımlardandır.

1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adını almış irimiqyaslı neft müqaviləsinin bağlanması, Xəzərin Azərbaycan sektorunun karbohidrogen ehtiyatlarının istismarı ilə əlaqədar yeni müqavilənin imzalanması ölkəmizin iqtisadi potensialının dirçəlməsi, xarici investisiyaların artması üçün geniş imkanlar yaratmışdır. İndiyədək dünyanın aparıcı dövlətlərinin nəhəng şirkətləri tərəfindən Azərbaycanın neft sənayesinə 6 milyard dollardan çox vəsait qoyulmuşdur. 2004-cü ildə bütün maliyyə mənbələri üzrə sərmayələrin həcmi 18,3 trilyon manat, xarici investisiyaların həcmi isə 3 milyard dollar təşkil edəcəkdir.

Azərbaycanın uğurla həyata keçirdiyi neft strategiyası ölkəmizin region dövlətləri ilə qarşılıqlı münasibətlərinin daha konstruktiv və intensiv xarakter almasına əhəmiyyətli təsir göstərmişdir. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin, Şərq-Qərb enerji dəhlizinin gerçəkləşməsi və tarixi Böyük İpək Yolunun bərpası regional təhlükəsizliyin möhkəmlənməsinə əlverişli şərait yaratmışdır.

Həyata keçirilən səmərəli iqtisadi siyasət nəticəsində Azərbaycanda istehsal edilən ümumi daxili məhsulun həcmi 1998-ci ilə nisbətən 45 faiz artaraq, 2002-ci ilin yekunlarına görə 29,6 trilyon manat olmuşdur. Qeyd olunan dövrdə sənaye məhsulunun istehsalı 20,5 faiz, kənd təsərrüfatı məhsullarının həcmi 41,8 faiz artmışdır. Bir neçə ildir ki, ümumi daxili məhsulun illik artımı 10 faizə bərabərdir.

İndi Azərbaycan dünyaya açıqdır, geniş ikitərəfli əlaqələrə malikdir, mühüm beynəlxalq təşkilatların, birliklərin, iqtisadi və maliyyə qurumlarının üzvüdür. Ölkəmizin dünya birliyində nüfuzu günü-gündən artır, dövlətimiz beynəlxalq və regional siyasətin həyata keçirilməsində getdikcə fəal iştirak edir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ATƏT çərçivəsində həll edilməsi ilə bağlı Azərbaycanın diplomatik səyləri Ermənistanın mövqeyini xeyli zəiflətmişdir. Lakin Ermənistan rəhbərliyi təcavüzkar millətçilik, separatizm və terrorizm ideologiyasını əsas tutmaqda davam edərək, öz xalqını dərin böhran uçurumuna sürükləyir. Azərbaycan münaqişənin beynəlxalq hüquq normalarına uyğun, dinc yolla həllinin tərəfdarıdır. Bununla belə, Azərbaycanın səbri tükənməz deyildir. Biz heç zaman "mövcud reallıqlar" əsasında həll variantı ilə razılaşmayacağıq və torpaqlarımızın bir qarışını belə heç kimə verməyəcəyik.

11 sentyabr hadisələrindən sonra Azərbaycan ABŞ-ın formalaşdığı antiterror koalisiyasına qoşulmuş və terrorizmə qarşı mübarizədə barışmaz mövqe tutmuşdur. Erməni terrorundan əziyyət çəkən Azərbaycan bu problemin aradan qaldırılması üçün beynəlxalq qurumlarla və ayrı-ayrı ölkələrlə əməkdaşlıq edir.

Bu günlər ölkəmiz demokratiyanın növbəti yetkinlik mərhələsini yaşayır. Oktyabrın 15-də Azərbaycanda prezident seçkiləri keçiriləcəkdir. Ölkədə azad, şəffaf, demokratik və ədalətli seçkilərin keçirilməsi üçün beynəlxalq standartlara uyğun, qanunvericilik bazası yaradılmışdır. Mən Azərbaycan xalqının müdrik seçiminə inanıram.

Əmin olduğumu bildirmək istəyirəm ki, hazırkı sammit bizim çoxtərəfli əməkdaşlığımızın inkişafı, regionumuzda və Avrasiyada sülhün, sabitliyin və etimadın möhkəmlənməsi üçün əhəmiyyətli rol oynayacaqdır.

Fürsətdən istifadə edib bir daha sammit iştirakçılarına Azərbaycan xalqının və hökumətinin salamlarını çatdırır, sammitin işinə uğurlar diləyirəm.

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 2 oktyabr 2003-cü il.