Azərbaycan Prezidenti Heydər Əliyevin Böyük Britaniya Sənayeçiləri konfederasiyasında çıxışı - 22 fevral 1994-cü il


Hörmətli xanımlar və cənablar, axşamınız xeyir olsun!

Bu gün mən sizinlə görüşməyimə görə çox məmnunam. İlk öncə "Bi-Pi" və "Statoyl" şirkətlərinə bu görüşü təşkil etdiklərinə görə təşəkkürümü bildirmək istəyirəm.

Bildiyiniz kimi, mən Böyük Britaniyanın baş naziri cənab Con Meycorun dəvəti ilə İngiltərəyə rəsmi səfərə gəlmişəm. Təyyarədən Londona endiyim dəqiqədən bu anadək rəsmi dairələr tərəfindən qonaqpərvərlik görmüşəm və görüşlərimiz səmimilik şəraitində keçmişdir. Səfərin gedişində baş nazir, hörmətli Con Meycorla görüşəcəyəm, biz danışıqlar aparacağıq. Lakin indi İngiltərənin iş adamlarının nümayəndələri ilə görüşmək mənim üçün olduqca əhəmiyyətlidir.

İngiltərəyə səfərimdən əsas məqsəd müstəqil Azərbaycan Respublikası ilə Böyük Britaniya arasında əlaqələri genişləndirmək və inkişaf etdirməkdən ibarətdir. Azərbaycan Respublikası uzun illər ərzində Sovet İttifaqının tərkibində olmuş və 1991-ci ilin axırlarında - 1992-ci ilin əvvəllərində öz müstəqilliyini əldə etmişdir. İndi o, iki ildən çoxdur ki, bir müstəqil dövlət kimi dünya ölkələri tərəfindən tanınmışdır. Azərbaycan bütün dövlətlərlə qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq yolu ilə gedir. O cümlədən dünyanın qabaqcıl dövlətlərindən biri olan İngiltərə ilə bütün sahələrdə əlaqələr yaratmaq və bu əlaqələri inkişaf etdirmək əzmindədir.

Azərbaycan İngiltərə ilə münasibətlərini genişləndirmək yolu ilə gedərək, ən əvvəl iqtisadi əlaqələr yaradılmasına və inkişaf etdirilməsinə xüsusi fikir verir. Sizə bu barədə məlumat verərək bildirmək istəyirəm ki, Azərbaycan Respublikasının böyük iqtisadi potensialı var, yeraltı və yerüstü sərvətləri zəngindir. Odur ki, Azərbaycan başqa dövlətlərlə, o cümlədən də İngiltərə ilə bütün sahələr üzrə əlaqələrdə şübhəsiz, çox dəyərli tərəfdaş ola bilər.

Bunu da qeyd etmək lazımdır ki, indi Azərbaycan öz daxili siyasətində, xüsusən iqtisadiyyat sahəsində bazar iqtisadiyyatı yolu ilə gedir. Ölkəmiz iqtisadiyyatda islahatlar apararaq, mövcud iqtisadi sistemi, iqtisadi quruluşu dəyişdirərək sahibkarlığa, təşəbbüskarlığa və iqtisadiyyatda sərbəstliyə geniş meydan açmaq niyyətindədir. Bu sahədə zəruri tədbirlər həyata keçirilir. Ona görə də Azərbaycan Respublikası ilə başqa ölkələr, o cümlədən İngiltərə arasında iqtisadi əlaqələr qurulmasına indi daha əlverişli əsaslar yaranmışdır.

Azərbaycanın iqtisadi potensialı, yeraltı və yerüstü sərvətləri, elmi, intellektual potensialı ilə yanaşı, onun digər dövlətlərlə iqtisadiyyat sahəsində əməkdaşlığı üçün daha əlverişli şərait yaradan cəhətlərdən biri də ölkəmizin coğrafi-siyasi mövqeyidir. Azərbaycanın dövlət quruluşu, daxili siyasəti müstəqil dövlətə xas olan quruluş və siyasətdir, yəni Azərbaycan artıq müstəqil bir dövlətdir və öz müstəqilliyini bundan sonra heç vaxt əldən verməyəcəkdir. Dövlət quruluşunda nəinki tarixi və milli ənənələrimiz nəzərə alınır, həm də dünya təcrübəsindən, demokratik prinsiplərdən istifadə edilir, indi Azərbaycanda hüquqi demokratik dövlət quruculuğu prosesi gedir, hüquqi demokratik cəmiyyət yaradılır. Daxili həyatımızda demokratik prinsiplərə geniş imkanlar açılmışdır. Azərbaycan siyasi plüralizm, fikir azadlığı, insan azadlığı, vicdan azadlığı, söz azadlığı kimi prinsipləri həm dövlət siyasəti sahəsində, həm də siyasi-ictimai sahədə mühüm prinsiplər kimi həyata keçirmək yolu ilə gedir. Bütün bunlar Azərbaycanda demokratik vəziyyət yaranmasına gətirib çıxarmış və eyni zamanda respublikanın daxilində ictimai və siyasi vəziyyətin tamamilə sabitləşməsinə imkan vermişdir.

Beləliklə, Azərbaycan bütün dünya ölkələri ilə, ən əvvəl, iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərlə öz iqtisadi əlaqələrini genişləndirmək planlarını həyata keçirərək, xarici ölkə şirkətlərinin, firmalarının, iş adamlarının Azərbaycana maraq göstərməsinə xüsusi diqqət yetirir. Buna görə də biz Böyük Britaniya iş adamlarının, məşhur firma və şirkətlərinin ölkəmizə gəlməsini arzulayırıq. Mən sizə bildirmək istəyirəm ki, iş adamları üçün, müştərək iş görmək üçün, sərmayə qoymaq və digər bu kimi tədbirlər həyata keçirmək üçün Azərbaycanda tam şərait yaradıla bilər.

Tarixə nəzər salsaq aydın görərik ki, İngiltərə Azərbaycana daim maraq göstərmişdir. Tarixi faktlar sübut edir ki, İngiltərə tacirləri, səyyahları, iş adamları hələ XV-XVI əsrlərdə Azərbaycanda olmuş, XIX əsrin axırlarında - XX əsrin əvvəllərində isə İngiltərənin iri şirkətləri Azərbaycana axın-axın gəlmiş və orada çox böyük işlər görmüşlər. Bu gün mən "Britiş Petroleum" şirkətinin prezidenti ilə görüşərkən o dedi ki, bir neçə ildir "Bi-Pi" şirkəti "Statoyl" ilə birlikdə Azərbaycanda iş görür. Lakin mən ona xatırlatdım ki, "Britiş Petroleum" bir neçə il yox, hələ əsrimizin əvvəllərində, təxminən 90 il bundan qabaq Azərbaycana gəlmiş və Bakıda neft istehsalında iştirak etmişdir. Cari əsrin əvvəllərində, yəni 1920-ci ilə qədər İngiltərə biznesmenləri Azərbaycanda geniş fəaliyyət göstərmiş, çox işlər görmüşlər. Şübhəsiz ki, onlar Azərbaycan neftinin çıxarılmasında iştirak etməklə böyük mənfəət də götürmüşlər. Amma həmin proses təxminən 1920-ci ildə kəsilmiş, sonrakı dövrdə əlaqələr olmamışdır. Bu gün isə məmnuniyyət hissi ilə qeyd etmək olar ki, həmin əlaqələr bərpa olunur və onların daha da genişlənməsi üçün addımlar atırıq.

Mən tarixi faktları xatırladaraq, sizi və ümumiyyətlə, Böyük Britaniyanın bütün iş adamlarını Azərbaycana dəvət edirəm və əmin etmək istəyirəm ki, Azərbaycanda kapital qoymaq, iş görmək, müştərək müəssisələr yaratmaq üçün geniş imkanlar var. Ümidvaram ki, İngiltərənin iş adamları bu imkanlardan səmərəli istifadə edəcəklər.

Bir məsələyə də toxunmaq istəyirəm. Çünki ola bilər ki, bu məsələ bəzi adamların Azərbaycanda iş görməsinə maneçilik yaratsın. Həmin məsələ bundan ibarətdir ki, bildiyiniz kimi, Azərbaycan ilə Ermənistan arasında altı ildir müharibə gedir, Azərbaycan Respublikası ərazisinin bir qismi erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Bu müharibə süni şəkildə yaradılmış "Dağlıq Qarabağ problemi"ndən başlanmış, lakin sonralar iki respublika, iki dövlət - Ermənistanla Azərbaycan arasında genişmiqyaslı müharibəyə çevrilmişdir. Biz bu müharibəni aparmaq istəmirik, ona son qoymaq istəyirik, məsələləri sülh yolu ilə həll etməyə çalışırıq, onların beynəlxalq təşkilatlar vasitəsilə həll olunmasına çalışırıq. Odur ki, bu sahədə çox ciddi addımlar atırıq. Lakin bizim əsas şərtimiz bundan ibarətdir ki, erməni silahlı qüvvələri Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarını tərk etməlidir və bunun əsasında Ermənistanla Azərbaycan arasında sülh danışıqları aparılmalı və sülh yaradılmalıdır. Biz əminik ki, sülh yaranacaq, müharibə qurtaracaq və Azərbaycan Respublikasının ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı təmin ediləcəkdir. Buna görə də həmin problem biznesmenlərin Azərbaycanda iş aparmasına mane ola bilməz. Mən bunu sizə tam qətiyyətlə bildirirəm və qoy bu, heç kəsi narahat etməsin və heç kəsi Azərbaycanda iş aparmaq niyyətindən çəkindirməsin.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu gün Londonda bir neçə iri şirkətin başçıları ilə, o cümlədən "Bi-Pi", "Kayzer İncinirinq", "Ci-Pi-Ti", "Con Braun" şirkətlərinin prezidentləri ilə görüşlərimiz oldu. Güman edirəm ki, bu görüşlər yaxşı və səmərəli işlərin başlanğıcıdır. Sabah bu şirkətlərlə bizim müvafiq şirkətlər arasında protokollar, sazişlər imzalanacaqdır. Biz bu şirkətlərlə konkret işlər aparmaq əzmindəyik və nəzərdə tutulan niyyətlər həyata keçiriləcəkdir. Buna görə də başqa şirkətləri də, iş adamlarını da dəvət edirəm, qoy onlar da təşəbbüs göstərsinlər. Yenə də deyirəm: Azərbaycanın iqtisadi potensialı çox genişdir. İstər neft sahəsində, istər neft kimyası sahəsində, istər maşınqayırma, elektronika, elektrotexnika sahəsində, istərsə də kənd təsərrüfatı, yüngül sənaye sahəsində Azərbaycanın çox böyük müəssisələri var. Sənayenin, demək olar, bütün sahələrində geniş imkanlara malikik, böyük istehsal fondlarımız var. Onlardan müştərək surətdə səmərəli istifadə etmək olar. Mən bütün bu məlumatları İngiltərənin iş adamlarına təqdim edərək, onları müştərək iş aparmağa çağırıram.

Bir daha qeyd edirəm ki, Azərbaycan İngiltərənin iş adamları, biznesmenləri üçün çox faydalı və etibarlı ortaqdır. Güman edirəm ki, siz bu imkanlardan istifadə etmək üçün lazımi addımlar atacaqsınız.

Sizin hamınızı Azərbaycana dəvət edirəm. Diqqətinizə görə sağ olun. Əgər sizi maraqlandıran suallar varsa, mən onlara cavab verməyə hazıram.

Sual: Sizin xarici siyasətinizdə Rusiyaya, Yaxın Şərqə, xüsusən İrana münasibət necədir? Bakı-Ənzəli (İran) neft kəməri barədə nə deyə bilərsiniz? Bazar iqtisadiyyatınızda xarici ölkələrin, ümumiyyətlə Yaxın Şərqin, o cümlədən də İranın rolunu necə təsəvvür edirsiniz? Xəzər dənizi hövzəsi ölkələrinin lideri kimdir?

Cavab: Azərbaycanın xarici siyasəti bütün dövlətlərlə hüquq bərabərliyinə əsaslanan və qarşılıqlı surətdə faydalı olan əlaqələr yaratmaqdan ibarətdir. Bəli, məhz bütün dövlətlərlə, o cümlədən qonşu ölkələrlə. Şübhəsiz ki, qonşu dövlətlərlə coğrafi-siyasi vəziyyətə görə daha yaxındır. Lakin İngiltərə ilə Azərbaycan arasında əlaqələrin yaranmasına şəxsən mən, bir prezident kimi çox böyük əhəmiyyət verirəm. Ona görə də bugünkü çıxışımda heç də təsadüfi olaraq deyil, əksinə, düşünülmüş surətdə sizə bildirmək istərdim ki, İngiltərə hələ bir neçə əsr bundan əvvəl Azərbaycana maraq göstərmişdir. Əsrimizin başlanğıcında Azərbaycanda qoyulmuş xarici kapitalın əksər hissəsi İngiltərənin iş adamlarına məxsus olmuşdur. Buna görə də İngiltərə ilə Azərbaycanın əlaqələri müəyyən qədər tarixi, ənənəvi xarakter daşıyır.

Odur ki, bütün ölkələrlə əlaqələrimiz hüquq bərabərliyinə əsaslanmalı və qarşılıqlı surətdə faydalı olmalıdır. O cümlədən Rusiya ilə də, İranla da. Biz bunların heç birisinə fərq qoymuruq.

Bilmirəm, siz hansı boru kəmərindən danışırsınız. Mən bir şeyə diqqət yetirirəm ki, bu boru kəməri ilə əlaqədar həmişə çoxlu sual verilir. Ancaq hansı boru kəmərindən söhbət getdiyi məlum deyildir. Bir boru kəməri ola bilər. Biz artıq danışıqlar aparırıq. "Bi-Pi", "AMOKO", "Statoyl" iş görəcəklər. Bu konsorsiumun çıxardığı neft, şübhəsiz, boru kəməri ilə nəql ediləcəkdir. Lakin bu kəmərin haradan keçəcəyi, necə çəkiləcəyi hələ məlum deyildir. Bunu müəyyənləşdirəcəyik. Boru kəmərinin Bakıdan Ənzəliyə çəkiləcəyi barədə sualınıza gəldikdə, bundan mənim xəbərim yoxdur.

O ki qaldı Xəzər dənizi hövzəsi ölkələrinin liderinə, belə bir lider yoxdur. Hər ölkənin öz lideri var.

Bir daha bildirmək istəyirəm ki, Azərbaycan iqtisadiyyatı sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı yolu ilə gedəcəkdir və bu, müstəqil Azərbaycan Respublikasının iqtisadi sahədə strateji yoludur. Biz bu yolu seçmişik və onu seçərkən dünya təcrübəsindən istifadə etmişik, bundan sonra da istifadə edəcəyik. Başqa bir ölkənin, o cümlədən də İranın, yaxud hər hansı bir qonşu dövlətin bizim bazar iqtisadiyyatına heç bir təsiri ola bilməz. Ümumiyyətlə, dünya bazar iqtisadiyyatı yolu ilə gedir. Bildiyiniz kimi, son vaxtlaradək yalnız Sovet İttifaqında iqtisadiyyat sosializm quruluşuna əsaslanırdı, halbuki digər ölkələrdə sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı tətbiq edilirdi. İndi biz də bu yolla gedirik. Odur ki, buna başqa bir ölkənin nə təsiri, nə də etirazı ola bilər.

"Azərbaycan" qəzeti, 24 fevral 1994-cü il