Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Dünya Bankının Prezidenti Ceyms Vulfensonla görüşdə söhbətindən - 29 may 1999-cu il


Heydər Əliyev: Mən çox məmnunam ki, siz buraya gəldiniz. 1997-ci ildə Vaşinqtona rəsmi səfərim zamanı mən sizi Azərbaycana dəvət etmişdim. Çox məmnunam ki, siz mənim dəvətimi qəbul edərək Azərbaycana gedirsiniz. Daha da çox məmnunam ki, siz Azərbaycana gedərkən Antalyaya gəlib məni ziyarət edirsiniz. Mən bunu çox yüksək qiymətləndirirəm. Çox təşəkkür edirəm.

Vaşinqtonda tanışlığımızdan sonra mənim sizə çox hörmət və ehtiramım vardır. Slava Rostropoviç bizim müştərək dostumuzdur. Ona görə də burada görüşməyimizdən çox məmnunam.

Ceyms Vulfenson: Cənab prezident, biz Sizin liderliyinizə çox güvənirik. Ümidvaram ki, ölkəniz və onun gələcəyi barədə Sizin düşüncələrinizlə tanış olacağam və biz geniş fikir mübadiləsi aparacağıq. İcazə verin, məni Azərbaycana dəvət etdiyinizə görə Sizə bir daha təşəkkür edim və bu görüşümüzə böyük ümidlə gəldiyimi bildirim.

Heydər Əliyev: Mən Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığını çox yüksək qiymətləndirirəm. Bildirmək istəyirəm ki, biz bu əməkdaşlıqdan həddindən çox razıyıq. Dünya Bankı ilə ölkəmizin əməkdaşlığı islahatların həyata keçirilməsində Azərbaycana çox kömək edibdir. Azərbaycanda maliyyə məsələlərinin həll olunmasında, bütün maliyyə və bank sistemində islahatların həyata keçirilməsində Dünya Bankının ölkəmizə göstərdiyi yardım çox böyükdür və bu bizim üçün çox əhəmiyyətlidir.

Keçid dövrünü yaşayan Azərbaycan məhz Dünya Bankı ilə və başqa beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək qarşıda duran çətinliklərin öhdəsindən gələ bilir, ən əsası odur ki, bazar iqtisadiyyatını inkişaf etdirir.

Dünya Bankının Azərbaycana etdiyi yardıma görə də təşəkkür edirəm. Sizin verdiyiniz kreditlər respublikamızın maliyyə məsələlərini həll etməyə çox kömək edir. Bir sıra layihələr üçün ayırdığınız kreditlər də bizim üçün çox əhəmiyyətlidir. Torpaq islahatının həyata keçirilməsində, bu münasibətlə nümunəvi fermer təsərrüfatlarının yaranmasında da Sizin məsləhətləriniz, köməyiniz bizim üçün çox xeyirlər verir. Özəlləşdirmə proqramının, ümumiyyətlə, bütün iqtisadi islahatların həyata keçirilməsində yardımınız və sizinlə əməkdaşlıq bizim məsələlərin müvəffəqiyyətlə həll olunmasını təmin edir.

Mən çox məmnunam ki, sizin nümayəndələriniz tez-tez Azərbaycana gəlir. Respublikamızdakı nümayəndəniz Tevfiq Yaprak, Azərbaycanda bu işlərə rəhbərlik edən sizin nümayəndəniz İşrat Hüseyn və başqaları ölkəmizə çox kömək edirlər.

Cənab Vulfenson, bunlar hamısı Dünya Bankının prezidenti kimi şəxsən sizin liderliyiniz sayəsində həyata keçirilibdir. Bu əməkdaşlığa, yardımlarınıza görə mən sizə təşəkkür edirəm və ümidvaram ki, bizim əməkdaşlığımız bundan sonra daha uğurla davam edəcəkdir. Şübhəsiz ki, bu gün və gələcək üçün öz düşüncələrimi bu görüşümüzdə sizə çatdıracağam.

... Biz münaqişənin ATƏT-in Lissabon zirvə görüşündə qəbul olunmuş prinsiplər əsasında həll edilməsini istəyirik. Lakin Ermənistan bu prinsipləri qəbul etmir. Biz Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarə statusu verməyə hazırıq, ancaq Dağlıq Qarabağın müstəqil dövlət olmasına heç vaxt yol verə bilmərik.

... Cənab Bill Klinton mənə bildirdi ki , biz bu münaqişəni 2000-ci ilə qədər həll edəcəyik.

Ceyms Vulfenson: Cənab Prezident, Sizin liderliyiniz nəticəsində Azərbaycanda yaranmış ictimai-siyasi sabitliyi və ölkənizin iqtisadiyyatının sürətli inkişafını heyranlıqla müşahidə edirik. Biz bu inkişafın gələcəkdə də davam etdirilməsinə bundan sonra da Sizinlə birgə çalışacağıq.

... Cənab prezident, mənim məqsədim odur ki, Sizinlə şəxsi mənada tərəfdaşlıq quraq, rəhbərlik etdiyim Dünya Bankı Sizinlə birgə çalışaraq Azərbaycanın yaxın gələcəkdə inkişafı baxımından Sizin arzularınızın həyata keçməsinə nail olsun.

Heydər Əliyev: Cənab prezident Vulfenson! Xanım Vulfenson!

Sizin buraya, mənim ziyarətimə gəlməyinizdən, dəvətimi qəbul edərək Azərbaycana səfər etməyinizdən çox məmnunam. Sizə bir daha təşəkkür edirəm.

Hesab edirəm ki, Sizinlə bu gün Azərbaycan üçün səmərəli və əhəmiyyətli söhbətlər etdik. Bir daha demək istəyirəm ki, Sizin fikirləriniz, dəyərli məsləhətləriniz, təklifləriniz məni çox sevindirdi.

Mən 1997-ci ildə Vaşinqtonda olarkən Sizi Azərbaycana dəvət etdim. O vaxtdan gözləyirəm. İndi qismət belə gətirdi ki, Siz Azərbaycana gedirsiniz, mən isə Azərbaycanda deyiləm. Ona görə də Sizin buraya gəlməyiniz, Sizinlə görüşüm və xüsusən apardığımız söhbətlər məni çox sevindirdi.

Təsəvvür edə bilməzdim ki, Siz mənim dəvətimlə Azərbaycana səfəri bu qədər gecikdirərək, eyni zamanda, çox geniş bir proqramla gələcəksiniz. Bir daha bildirmək istəyirəm ki, Sizin bütün təkliflərinizi, məsləhətlərinizi, çox dəyərli fikirlərinizi məmnuniyyətlə qəbul edirəm. Hesab edirəm ki, Dünya Bankı ilə Azərbaycanın əməkdaşlığının yeni mərhələsi başlanır. Ümid edirəm ki, bu əməkdaşlıq uzun sürən, daimi və səmərəli olacaqdır.

Mən ümid edirəm ki, sizin təklifləriniz, fikirləriniz əsasında bizim əməkdaşlığımız Azərbaycanın inkişafını güclü surətdə irəliyə aparacaqdır. Bir daha bəyan edirəm ki, Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığı strateji xarakter daşıyır. Biz bu əməkdaşlıqdan indiyə qədər faydalanmışıq və inanıram ki, bundan sonra daha da çox faydalanacağıq.

Bizim istəyimiz, arzumuz Azərbaycanı demokratik, ədalətli, hüquqi, dünyəvi dövlət etməkdir, ölkəmizdə bazar iqtisadiyyatının inkişafını təmin etməkdir, respublikamızda özəl sektora geniş yol açmaqdır, özəlləşdirmə proqramını axıra çatdırmaqdır. Güman edirəm ki, sizin köməyiniz və sizinlə əməkdaşlıq nəticəsində biz bunların hamısına nail olacağıq.

Beləliklə, mən Azərbaycanın gələcəyini çox gözəl görürəm. Siz də bəyan etdiniz ki, Azərbaycan üçün proqramlar təklif edərək, respublikamıza yardım edərək Azərbaycanı inkişaf etmiş dövlət kimi görmək istəyirsiniz. Güman edirəm ki, müştərək işlərinizlə, sizin yardımınızla biz buna nail olacağıq.

Mən sizə bir daha minnətdarlığımı bildirirəm, sizinlə partnyorluq etməkdən çox böyük qürur hissi duyuram. Sizə, ailənizə və xanımınıza cansağlığı arzu edirəm. Sizə və Dünya Bankına gələcək işlərinizdə uğurlar arzulayıram.

Sizin şərəfinizə, xanımınızın şərəfinə badə qaldırıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 1 iyun 1999-cu il.