Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İtaliyanın sənaye və ticarət naziri Pyer Luici Bersaninin rəhbərliyi ilə bu ölkənin nümayəndə heyətini qəbul edərkən söhbətindən - Prezident sarayı, 3 iyun 1998-ci il


Heydər Əliyev: Dünən biz bir yerdə olduq və bu, yaxşı gün idi. Əvvəla, beynəlxalq "Xəzərneftqaz-98" sərgisinin özü çox yaxşı təsir bağışladı. Mən şadam ki, İtaliya bu sərgidə layiqincə təmsil olunmuşdur. Lakin dünənki gün həm İtaliya üçün, həm də bizim üçün bir də bununla əlamətdar idi ki, biz Xəzər dənizinin Azərbaycan sektorundakı "Kürdaşı" neft yatağının birgə işlənilməsi haqqında çox böyük və ciddi müqavilə imzaladıq.

Mən şadam ki, İtaliya ilə Azərbaycan arasında münasibətlər uğurla inkişaf edir. Biz buna böyük əhəmiyyət veririk. Bununla əlaqədar mən ötən ilin sentyabrında İtaliyaya rəsmi səfərimi böyük səmimiyyətlə və məmnunluq hissi ilə xatırlayıram. Sizə təşəkkür edirəm ki, dünən mənə İtaliyaya səfərim haqqında fotoşəkillər olan albom bağışladınız. Orada çox maraqlı görüşlər olmuşdur. Məhz orada İtaliya ilə Azərbaycan arasında sənədlər imzalayaraq "Kürdaşı" yatağına dair müqavilənin bünövrəsini qoyduq və dünən bu müqavilə imzalandı. Bu səfərdən məndə çox xoş və yaxşı təəssürat qalmışdır. Əminəm ki, biz İtaliya ilə Azərbaycan arasında əməkdaşlığı daha da müvəffəqiyyətlə inkişaf etdirmək imkanına malikik. Mən İtaliya hökumətinin Azərbaycanda səfirlik açmaq qərarını alqışlayıram. Səfirlik artıq işləyir və mənə elə gəlir ki, öz funksiyalarını layiqincə yerinə yetirir.

Azərbaycana gəlməyiniz mənə xoşdur və hesab edirəm ki, burada olmağınız Sizə ölkəmizi, xalqımızı, ölkəmizdəki vəziyyəti və həyatı daha yaxşı öyrənməyə imkan verəcək və bu da öz növbəsində münasibətlərimizin daha da genişlənməsinə kömək edəcəkdir. Sizin hamınızı bir daha salamlayıram.

Pyer Luici Bersani: Mən Sizi böyük uğurlar münasibətilə təbrik etmək istəyirəm. Biz bu uğurlarla dünən beynəlxalq sərgidə tanış olduq. Mənə elə gəlir ki, bu sərgi Sizin iradənizə, maksimum müstəqillik şəraitində ölkənizin iqtisadiyyatının inkişaf etdiyinə sübutdur. Biz münasibətlərimizin möhkəmlənməsi üçün açılmış bu təzə imkanları yeni inkişafın başlanğıcı kimi qiymətləndiririk. Biz Sizin siyasətinizə və fəaliyyətinizə böyük hörmətlə yanaşırıq.

Biz hesab edirik ki, "ENİ/Acip" şirkətinin Azərbaycanda olması münasibətlərimizin daha da inkişafına xidmət etməlidir. Burada bizim çox maraqlı görüşlərimiz, o cümlədən İqtisadiyyat Nazirliyində görüşlərimiz oldu və gördük ki, adamlarımız və ölkələrimiz bir-birlərinə çox yaxındırlar. Bu, bizə daha da irəliləməyə imkan verəcəkdir.

Heydər Əliyev: Hesab edirəm ki, Siz İtaliya ilə Azərbaycan arasında, İtaliya və Azərbaycan xalqları arasında böyük yaxınlıq olduğunu düzgün qeyd etdiniz. Bizim adətlərimizdə, mərasimlərimizdə və xarakterimizdə, xüsusən temperamentimizdə oxşar cəhətlər həqiqətən çoxdur. Bütün bunların da böyük əhəmiyyəti var. Hesab edirəm ki, əməkdaşlığımız üçün bütün bu müsbət cəhətlərdən istər sizin tərəfinizdən, istərsə də bizim tərəfimizdən səmərəli istifadə olunacaqdır.

Cənab Maskato qolunu çirmalayıb "Kürdaşı" yatağında işə girişməlidir. Ümidvaram ki, yaxın vaxtlarda bu müqavilə parlamentimiz tərəfindən təsdiq ediləcək və biz əməli işə başlayacağıq. Mən dünən dedim və bir daha demək istəyirəm ki, dünyanın bir çox neft şirkətləri bu yatağa olduqca böyük maraq göstərirlər. Ümidvaram ki, əməli iş bu yatağın güman edildiyinə nisbətən daha böyük potensiala malik olduğunu göstərəcəkdir. Sizə burada öz ofisinizi genişləndirmək, bütün şirkətləri öz ətrafınızda birləşdirmək lazım gələcəkdir. Biz isə öz tərəfimizdən kömək edəcəyik ki, konsorsium fəaliyyətini uğurla həyata keçirsin.

İqtisadiyyat Nazirliyində keçirdiyiniz görüşləri müsbət qiymətləndirirəm, çünki hesab edirəm ki, Azərbaycanla İtaliya arasında əməkdaşlıq nəinki neft və qaz sahələrini, həm də iqtisadiyyatın bir çox digər sahələrini əhatə etməlidir. Biz məhz bu cür xətt götürmüşük.

Qulyelmo Moskato ("ENİ/Acip" şirkətinin prezidenti): Biz şəxsən Sizə minnətdarıq ki, məhz Romaya səfəriniz zamanı bu sənədin imzalanmasının bünövrəsi qoyuldu. İtaliyaya səfəriniz zamanı Sizinlə birgə imzaladığımız ilkin sazişlərdən dünən çox danışıldı və deməliyəm ki, bizim bütün neft sənayesi bu müqavilənin imzalanmasını səbirsizliklə gözləyirdi. Dünən dediyim kimi, biz götürdüyümüz bütün öhdəliklərə əməl edərək, müqavilə üzərində bacardıqca daha yaxşı işləmək əzmindəyik. Biz Sizin ölkənizin imkanlarına bələdik və əminik ki, onun potensialı konkret səciyyə daşıyır.

Biz həmçinin bilirik ki, Azərbaycan enerji ehtiyatları çox zəngin olan ölkədir. Biz yeni yataqların işlənilməsinə öz töhfəmizi verməyə hazırıq. İndi biz layihədə Qara dənizdən İtaliyayadək neft kəməri çəkilməsini nəzərdə tutan layihə üzərində işləyirik. Biz neftin nəqlinin digər variantlarını, o cümlədən Sizin təklif etdiyiniz variantları da nəzərdən keçiririk.

Heydər Əliyev: Siz haqlısınız, bütün marşrutları nəzərdən keçirmək lazımdır. Ona görə ki, Xəzər hövzəsində neft həqiqətən çoxdur. Biz də hesab edirik ki, bütün marşrutları nəzərdən keçirmək gərəkdir. Lakin Siz, cənab Maskato, Qazaxıstandan neftin nəqlində daha böyük fəallıq göstərməlisiniz. Mən Sizə bu istiqamətdə də işləməyi məsləhət görürəm.