27 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinin rəhbəri Dadli Smit hər şeydən öncə qəbula görə təşəkkürünü bildirib. Dadli Smit Heydər Əliyevə səfərdə məqsədin Azərbaycanın Avropa Şurasına qəbul olunması üçün tövsiyə vermək və bu işə daha da ruhlandırmaqdan, Azərbaycanın Mərkəzi Seçki Komissiyası ilə sıx təmaslar qurmaqdan ibarət olduğunu vurğulayıb.
Söhbət zamanı Dağlıq Qarabağ münaqişəsinə də toxunan Heydər Əliyev bildirib: "Siz bilirsiniz ki, biz bu münaqişəyə son qoyulmasını istəyirik. Çünki bizim torpaqlarımızın 20 faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunubdur. Azərbaycanın 8 milyon əhalisinin bir milyonu qaçqın vəziyyətində çadırlarda yaşayır. Bizim istəyimiz, arzumuzdur ki, bu məsələ sülh yolu ilə həll olunsun. Bu münaqişənin həll edilməsi də ondan ibarət olmalıdır ki, gərək Azərbaycanın ərazi bütövlüyü bərpa edilsin, Ermənistan silahlı qüvvələri işğal olunmuş torpaqlarımızdan çıxsın və həmin bir milyon insan darmadağın edilmiş o yerlərə qayıtsın, orada öz həyatını yenidən qursun. Ona görə də biz hər bir vasitədən istifadə edib məsələni bax, bu yolla həll etmək istəyirik".
Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi ərəfəsində, 3 yanvar 2001-ci ildə həmin təşkilatı təmsil edən növbəti nümayəndə heyəti Azərbaycana səfər edib. Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edən Latviya xarici işlər nazirinin rəhbərlik etdiyi şəxslər həmin gün prezident iqamətgahında Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevlə görüşüb.
Heydər Əliyev nümayəndə heyətinə Azərbaycanda demokratiyanın inkişafı, bu sahədə hökumətin apardığı fəaliyyət haqda ətraflı danışıb. O, Azərbaycan kimi yeni müstəqillik əldə etmiş ölkələrdə demokratiyanın tədricən inkişaf etməli olduğunu, Qərbdə buna tez bir zamanda nail olunmasının zəruriliyi haqda səsləndirilən bəzi fikirlərlə razılaşmadığını bildirib.
Azərbaycan Prezidenti ölkəsinin Avropa Şurasına daxil olmasında məqsədinin demokratikləşmədən, demokratiya təcrübəsi əldə etməkdən, təşkilatda təmsil olunan dövlətlərlə sıx əməkdaşlıq qurmaqdan ibarət olduğunu bəyan edib.
Heydər Əliyev Avropa Şurasının Ermənistanın təcavüzünə qarşı münasibət bildirməməsindən narazı olduğunu açıq ifadə edib: "Ermənistan təcavüzkardır, Ermənistan insanların hüquqlarını tapdalayır. Avropa Şurası ayrıca bir vətəndaşın hüquqları uğrunda mübarizə aparır. Bəs nə üçün Avropa Şurası bütöv bir xalqın hüquqları uğrunda mübarizə aparmır? Xalqımız təcavüzə məruz qalmışdır. Daimi yaşayış yerlərindən didərgin salınmış bir milyon adam 6-7 ildir çadırlarda yaşayır. Azərbaycanda real vəziyyət, bax, belədir. Avropa Şurası buna fikir vermir."
Azərbaycan - Avropa Şurası əlaqələrinin inkişafı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövründə daha da sürətlənib.
20 aprel 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında Avropa Şurası Parlament Assambleyasının Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andreas Qrossu və Andres Herkeli qəbul edib. Görüş zamanı Azərbaycan-Avropa Şurası Parlament Assambleyası əməkdaşlığının müxtəlif sahələri ilə bağlı məsələlər müzakirə edilib.
30 noyabr 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Prezident sarayında AŞPA-nın Dağlıq Qarabağ üzrə alt komitəsinin sədri lord Rassel Constonu qəbul edib. Görüş zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və Azərbaycan-Avropa Şurası Parlament Assambleyası əməkdaşlığına dair fikir mübadiləsi aparılıb.
17 sentyabr 2008-ci ildə Prezident İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının Azərbaycanda keçiriləcək prezident seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin seçkiqabağı missiyasının başçısı Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə Azərbaycanda qarşıdan gələn prezident seçkilərinə hazırlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. (www.president.az)
Andres Herkel sentyabrın 18-də keçirdiyi mətbuat konfransında Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması istiqamətində atılan hər bir addımı, o cümlədən sonuncu əfv fərmanını yüksək qiymətləndirdiyini bildirib. Sonuncu əfv fərmanını ölkədə demokratiyanın inkişafı və insan hüquqlarının qorunması istiqamətində olduqca müsbət addım adlandıran A.Herkel bildirib ki, bu addımların davamlı olacağına ümid edirik. O, bildirib ki, istər seçkilərdən qabaq, istərsə də seçkilərdən sonra əfv fərmanlarının imzalanması çox yaxşı hal olacaqdır və bu, Azərbaycanın imicinə müsbət təsir göstərəcəkdir. (http://www.azerbaijan.news.az/)
15 oktyabr 2008-ci il Azərbaycanda keçirilən Prezident seçkiləri ərəfəsində Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) beş nəfərlik nümayəndə heyəti Azərbaycanda olub. Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyəti seçkilərin normal keçirilməsi üçün şərait yaradan irəliləyişlər qeydə alıb. AŞPA nümayəndə heyətinin rəhbəri Andres Herkel seçkiləri ümumilikdə müsbət dəyərləndirib və əhəmiyyətli irəliləyişlərin olduğunu vurğulayıb.
Tarixi arayış 29 oktyabr 2008-ci ildə tərtib edilib.