Azərbaycan Milli Ordusunun yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli yubiley mərasimində Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Heydər Əliyevin nitqi - 25 iyun 1998-ci il


scotch egg
scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb
temp-thumb

Əziz əsgərlər, zabitlər, döyüşçülər!

Hörmətli xanımlar və cənablar!

Sizi Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü, Azərbaycan Milli Ordusunun yaranmasının 80 illik yubileyi, bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Azərbaycanın Silahlı Qüvvələrində öz şərəfli xidmətlərini yerinə yetirən, səngərlərdə duran, hərbi hissələrdə fəaliyyət göstərən, cəbhə bölgəsində Ermənistan Silahlı Qüvvələri ilə üz-üzə duraraq Azərbaycanın torpaqlarını, vətənimizi qoruyan əsgərləri, döyüşçüləri ürəkdən təbrik edirəm.

Biz 26 iyun gününü bayram elan etmişik. Bu, tam əsaslıdır, məqsədəuyğun, qanunauyğundur. Çünki 80 il bundan öncə məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin - ölkəmizin müstəqilliyini elan edən xalq cümhuriyyətinin, müstəqil Azərbaycanı qurub-yaradan, hələ Gəncədə fəaliyyət göstərən hökumətin ilk addımlarından biri Azərbaycanın Milli Ordusunun yaranması haqqında verdiyi qərar olmuşdur. Həmin qərara, addıma böyük hörmət əlaməti olaraq biz 26 iyun gününü Azərbaycanın Silahlı Qüvvələri, ordusu günü elan etmişik:

Ötən 80 il müddətində Azərbaycan xalqı ordu quruculuğu sahəsində mürəkkəb, ziddiyyətli və eyni zamanda şərəfli bir yol keçmişdir. Bu 80 ilin mərhələləri, hər mərhələnin də özünəməxsus əhəmiyyəti vardır. Bu bizim 80 illik tariximizdir. Bizim bugünkü ordumuz, Silahlı Qüvvələrimiz, müstəqil Azərbaycanın Silahlı Qüvvələri bu 80 illik yoldan keçərək bugünkü nizami ordu səviyyəsinə gəlib çatmışdır.

Azərbaycan xalqının qədim, zəngin dövlətçilik tarixi vardır. Azərbaycanın dövlətçilik tarixində ordu qurulması, yaranması, dövləti, ölkəni qorumaq üçün qüdrətli olması həmişə diqqət mərkəzində dayanıbdır. Azərbaycan xalqı çoxəsrlik tarixində çox döyüşlərdən çıxmış, yadelli basqınlara cavab verərək, torpaqlarını qoruyaraq, qonşu xalqların, ölkələrin təcavüzünün qarşısını alaraq, yaxud da öz ərazisinin bərpasını təmin edərək çox döyüşlər etmiş, döyüşlərdən çıxmışdır. Azərbaycan xalqı tarix boyu görkəmli qəhrəmanlıq nümunələri göstərmişdir. Azərbaycan xalqının igid oğulları öz qəhrəmanlıqları ilə dastana çevrilmişlər, nəsillərdən-nəsillərə, dillərdən-dillərə keçmişlər. Koroğlu, Babək kimi adlar bizim tarixi keçmişimizə aid olsa da, xalqımız üçün bu gün də qəhrəmanlıq, cəsurluq nümunələridir, hər bir Azərbaycan gənci üçün örnəkdir.

XIX-XX əsrlərdə Azərbaycan öz dövlətçiliyindən məhrum olandan sonra, çar Rusiyasının tərkibində olduğu zaman da Azərbaycan xalqının görkəmli nümayəndələri həmin orduda xidmət etmiş və Azərbaycan oğlunun, əsgərinin hərbi peşəkarlıq sahəsində nəyə qadir olduğunu dəfələrlə sübut etmişlər.

Doğrudur, respublikamız çar Rusiyasının tərkibində olduğu zaman azərbaycanlıları, müsəlmanları orduya cəlb etmirdilər, ordudan azad edirdilər. Biz tarixi təhlil edərkən bunun nə qədər mənfi nəticələr verdiyini görürük. Millətimiz, xalqımız hərbi peşədən məhrum olmuşdu. Ancaq bununla yanaşı, o dövrdə hakim dairələrlə bağlı olan xan sülalələri övladlarını hərbi xidmətə göndərir, bunu özlərinə böyük şərəf hesab edirdilər. Onlar yüksək səviyyəli hərbi məktəblərdə təhsil alaraq böyük rütbələr almağa nail olurdular. Onlar yüksək səviyyəli hərbi məktəblərdə təhsil alaraq böyük rütbələr almağa nail olurdular. Onlar hamısı çar Rusiyasının ordusunda xidmət etmişlər. Azərbaycanlı bəzi görkəmli sərkərdələr, generallar Rusiyanın XIX əsrdə apardığı müharibələrdə iştirak etmiş və qəhrəmanlıq nümunələri göstərmişlər. Bununla bərabər, xatırladığım bu faktların, bunun bizim üçün əhəmiyyəti ondan ibarətdir ki, bunlar xalqımızın, millətimizin nəyə qadir olduğunu göstərir.

Çar Rusiyasının ordusunda azərbaycanlılar, müsəlmanlar xidmət etmədikləri halda Azərbaycan oğulları rus ordusunun yüksək səviyyəli hərbi məktəblərini bitirib, döyüşlərdə böyük peşəkarlıq, qəhrəmanlıq nümunələri göstərib, general rütbəsi alıb, yüksək ordenlərlə təltif ediliblərsə, bunlar Azərbaycan xalqının, oğullarının nəyə qadir olduğunu göstərir. Bunlar tariximizin Sovet dövründə unudulmuş səhifələridir, faktlarıdır. Ancaq biz bu gün tariximizi bərpa edərkən bunların hamısını öyrənməliyik və xalqımız bunu bilməlidir.

Naxçıvan xanları sülaləsindən bir neçə general çox uğurla xidmət etmişlər: general Ehsan xan, general Kəlbəli xan, Hüseyn xan, İsmayıl xan, Cəmşid xan Naxçıvanskilər. Bakıxanovlar sülaləsindən bir çox generallar Azərbaycanın tarixində ordusunun tarixində, görkəmli yer tutmuşlar. Talışxanovlar sülaləsindən bir çox generallar bizim tariximizin səhifələrində öz yerlərini tutmuşlar. General Fərəc bəy Ağayev, general Ağalarov, general Ərəblinski və başqaları - bunlar hamısı XIX əsrdə və XX əsrin əvvəllərində orduda xidmət etmiş yüksək rütbəli generallar, Azərbaycan oğullarıdır.

Rus ordusunda böyük hörmət qazanmış Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski tariximizdə adlarını çəkdiyim generallara nisbətən daha da tanışdırlar. Onlar rus-yapon müharibəsində iştirak etmişlər, qəhrəmanlıq nümunələri göstərmirlər, sonra isə 1918-ci ildən başlayaraq Azərbaycanda Silahlı Qüvvələrin yaranmasında böyük xidmətləri olmuşdur.

Bəli, bu gün məmnuniyyət hissi ilə qeyd etmək olar ki, 1918-ci ildə xalq cümhuriyyəti, Azərbaycanın ilk demokratik hökuməti dövlət quruculuğu işini çox mürəkkəb və çətin bir dövrdə apardığı zaman Silahlı Qüvvələrin yaranmasına və ordu quruculuğuna xüsusi əhəmiyyət vermiş, qayğı göstərmişdir. Xalq cümhuriyyətinin iki illik - iki il tam olmamışdır - tarixini bu gün vərəqləyərkən ordu quruculuğu sahəsində nə qədər dəyərli işlər görüldüyü doğrudan da böyük hörmət hissi doğurur.

Azərbaycanın ilk hərbi naziri baş nazir Fətəli xan Xoyski olmuşdur. Ancaq az bir müddətdən sonra Səməd bəy Mehmandarov hərbi nazir, Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edilmişlər. Baş qərargahın rəisi isə polyak millətindən olan Sulkeviç olmuşdur. Onlar çox işlər görmüşlər. O vaxt gənc, müstəqil Azərbaycan Ermənistan təcavüzünə, Ermənistanın Azərbaycanda törətdiyi təxribatlara qarşı mübarizə, döyüşlər aparırdı və uğurlu işlər görürdü.

Xalq cümhuriyyəti süqut edəndən sonra Azərbaycan Sovet Sosialist Respublikası yaşadığı əvvəlki iki il müddətində ordu quruculuğu ilə məşğul olmuşdur. O vaxt, 1920-ci ildə Azərbaycan Sovet Sosialist Respublikasının Hərbi Dəniz Nazirliyi yaranmışdı. Azərbaycan öz Silahlı Qüvvələrini yaradır və inkişaf etdirirdi. Doğrudur, bu ordu dərhal sonra XI Qızıl Ordunun tərkibinə keçmişdi. Ancaq buna baxmayaraq bu, Azərbaycan Respublikasının özünün yaratdığı hərbi hissələr olmuşdur. Xalq cümhuriyyəti kimi, Azərbaycan Sovet Sosialist Respublikasının hökuməti də Azərbaycanın mövcud olan hərbi mütəxəssislərindən istifadə etmişdir.

Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski uzun müddət çar Rusiyasının ordusunda xidmət edəndən, xalq cümhuriyyəti dövründə müstəqil Azərbaycan ordusunun yaranmasına rəhbərlik edəndən sonra Azərbaycan Sovet Sosialist Respublikasında da ordu qurmaq, yaratmaq, azərbaycanlılara hərbi təhsil, təlim vermək işləri ilə məşğul olmuşlar. Bu, çox maraqlıdır, səciyyəvidir, amma eyni zamanda təbiidir. Çünki hərbi peşə, ixtisas birinci növbədə hərbi təhsil, təcrübə, bilik hərbi təlim-tərbiyə, döyüş təcrübəsi tələb edir. Bunlar olmayanda ordu qurmaq, Silahlı Qüvvələr yaratmaq mümkün deyildir. Əgər bunlar, peşəkar hərbçilər varsa, ordu quruculuğunda onlardan səmərəli istifadə etmək olar. Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski buna əyani sübutdur.

Qeyd etdiyim kimi, Cəmşid Naxçıvanski Naxçıvan xanları sülaləsindən çıxmış generallardan biridir. O, çar Rusiyası ordusunda xidmət etmiş, xalq cümhuriyyəti zamanı Azərbaycanın diviziya komandiri olmuş və Qarabağda erməni təxribatçılarına, təcavüzkarlarına qarşı döyüşlər aparmış, sonra isə sovet ordusunda xidmət etmişdir. O, nə qədər böyük təcrübəli bir insan olmuşdur ki, o vaxt Sovetlər İttifaqının ən yüksək hərbi məktəbi olan Frunze adına Moskva Hərbi Akademiyasında kafedra müdiri vəzifəsində işləmişdir.

Doğrudur, təəssüf etməliyik ki, belə kadrların bəziləri, bəlkə də çoxları sonralar Sovet hakimiyyətinin repressiya qurbanları oldular. Onların çoxu 30-cu illərdə öldürüldülər, məhv oldular, o cümlədən Cəmşid Naxçıvanski də 1937-ci ildə repressiya qurbanı oldu.

Mən bu fikirləri deməklə onu bildirmək istəyirəm ki, ordu quruculuğu, Silahlı Qüvvələrin yaranması böyük səriştə, təcrübə, bilik tələb edir. Bunu ilk Azərbaycan Xalq Cümhuriyyətinin, hökumətinin rəhbərləri çox gözəl bilirdilər. Ona görə də hərbi mütəxəssislərin, keçmişdə xidmət etmiş generalların, zabitlərin təcrübəsindən, xidmətlərindən səmərəli istifadə edirdilər.

Bunlar hamısı Azərbaycanda ordu quruculuğunun tarixinə aid səhifələrdir. Çünki 80 illik yubiley deyəndə biz ortada heç bir şeyi itirməməliyik. Bir daha deyirəm, Azərbaycan xalqı keçmiş dövrlərdə də, öz ordusu olduğu zamanda da güclü ordu yaratmağa qabil olubdur. Azərbaycan xalqı hətta müstəqil olmadığı halda da, başqa dövlətin tərkibində, yaxud başqa bir rejimdə yaşadığı zamanda da yenə hərbi peşəni mənimsəməyə çalışıb və çox nümunələr göstəribdir.

İkinci dünya, Böyük Vətən müharibələri zamanı Azərbaycanın yeni böyük hərbçilər, zabitlər, generallar korpusu yarandı. 1941-ci ildə, Böyük Vətən müharibəsi başlayan zaman, ümumiyyətlə müharibənin gedişi dövründə Azərbaycan vətəndaşlarının 700 mini cəbhəyə göndərilmiş, onlardan 300 mini həlak olmuş, geriyə qayıtmamışdır. Onların əksəriyyəti azərbaycanlılar olmuş və Azərbaycan oğulları alman faşizmi ilə aparılan döyüşlərdə böyük qəhrəmanlıq nümunələri göstərmişlər.

Onların adları xalqımızın tarixində daim yaşayacaqdır. İsrafil Məmmədov, Qafur Məmmədov, Hüseynbala Əliyev, Mehdi Hüseynzadə kimi Sovet İttifaqı qəhrəmanları həqiqətən böyük igidliklər göstərmişlər. O illərdə azərbaycanlılardan yüksək səviyyəli zabitlər və generallar da yetişmişdir. Həzi Aslanovun qəhrəmanlığı bütün dünyaya məlumdur. General Həzi Aslanov, general Akim Abbasov, general Mahmud Əbilov və bir çox başqa generallar, zabitlər İkinci dünya müharibəsi zamanı yetişmiş Azərbaycan generalları, zabitləridirlər.

O illər Azərbaycan xalqının müharibədə iştirakı bir neçə xüsusi Azərbaycan diviziyalarının tərkibində olmuşdur. 1941-ci ildən başlayaraq Azərbaycanda 402-ci, 369-cu, 223-cü, 416-cı diviziyalar təşkil olunmuşdur və onların əksəriyyəti azərbaycanlılardan ibarət idi. Onlar Qafqazın müdafiəsində, sonra isə alman faşist qoşunlarının Sovet İttifaqı ərazisindən çıxarılmasında, hətta Berlinə qədər qovulmasında iştirak etmişlər. Bu diviziyalar, hələ 20-ci illərdə Azərbaycanda yaranmış 77-ci diviziyanın əsasında 1941-1944-cü illərdə yaranmış diviziyalar idi. 77-ci diviziya da çox böyük döyüş, qəhrəmanlıq yolu keçmişdir. 416-cı Taqanroq diviziyası Berlinə qədər getmişdir. 223-cü diviziya Belqradın alınmasında, Rumıniya və başqa ölkələrdə faşist ordularının məhv olunmasında iştirak etmişdir. Bunlar hamısı Azərbaycan xalqının hərbi peşəyə bağlı və hərbi peşə kimi bir peşəyə yiyələnməyə qadir olduğunu əyani surətdə göstərir.

İkinci dünya, Böyük Vətən müharibələrində Azərbaycandan iştirak edənlərin çoxları yüksək qəhrəmanlıq nümunələri göstərib ordenlərlə, medallarla təltif olunmuşlar. Ancaq təəssüflər olsun ki, müharibə zamanı yaranmış milli diviziyalar müharibə qurtarandan sonra, 1940-cı illərin sonunda, 1950-ci illərdə dağıdıldı. Beləliklə də Azərbaycan millətindən olan zabit korpusu da get-gedə dağıldı. Demək olar ki, 1960-cı illərdə azərbaycanlılardan sovet ordusunda yüksək zabit, general səviyyəsində xidmət edənlər azaldı və yoxa çıxdı.

Şübhəsiz ki, həmin dövrdə biz hərbi peşəkarlıq sahəsində, xalqımızın bu işə münasibətində müəyyən mənada itirmişik. Ancaq biz bunu da aradan götürməyə çalışdıq. 1960-1970-ci illərin əvvəllərində müşahidələr onu göstərdi ki, sovet ordusuna Azərbaycandan hər il 60-70 min gənc səfərbər edilir, onlar hərbi mükəlləfiyyət, iki illik hərbi xidmət keçirlər. Ancaq bunların içərisində peşəkar hərbçilər ya olmur, ya da çox az olurdu. Azərbaycanlı gənclərin hərbi məktəblərdə təhsil almağa marağı çox azalmışdı. Bu, müəyyən qədər təbiidir. Çünki əgər XIX əsrdə Azərbaycan xanları öz övladlarını çar ordusunda xidmət etməyə, yüksək dərəcəli hərbi məktəblərdə oxumağa göndərməyi özləri üçün böyük şərəf hesab edirdilər və bu, onlara hörmət gətirirdisə, bu, öz-özünə yox, onların fəaliyyəti nəticəsində olurdu.

İkinci dünya müharibəsi zamanı ümumi səfərbərlik oldu. Azərbaycan oğulları qəhrəmanlıq nümunələri göstərdilər, müharibə zamanı yetişdilər, yüksək zabit, general rütbələri aldılar. Əgər təkcə Azərbaycan diviziyalarını yox, ümumiyyətlə milli diviziyaları dağıtmasaydılar, şübhəsiz ki, bizim peşəkar hərbi kadrlarımız daha da çox ola bilərdi.

Ona görə də biz 1970-ci illərin əvvəllərində azərbaycanlılardan ibarət peşəkar hərbi kadrlar hazırlanması məsələsini xalqımızın əsas vəzifələrindən biri kimi ortaya atdıq. Nə üçün?

Birincisi, mən bu gün açıq deməliyəm ki, bizim, xalqımızın şərəfinə toxunurdu ki, orduda azərbaycanlı zabit, general ya yoxdur, ya da azdır. İkinci tərəfdən, bu, bizə ona görə toxunurdu ki, səfərbər olunanların əksəriyyəti ikinci-üçüncü dərəcəli hissələrə, inşaat batalyonlarına göndərilirdi. Beləliklə də onlar iki illik xidmət zamanı yüksək hərbi peşəkarlıq təcrübəsi əldə edə bilmirdilər. Əgər XIX əsrdə millətimizin orduda xidmət etməsinə məhdudiyyət qoyulduğu halda Azərbaycan xanları generallar hazırlanmasına xüsusi diqqət verirdilərsə, bəs XX əsrin ikinci yarısında nə üçün biz azərbaycanlılardan generallar, yüksək rütbəli zabitlər hazırlamamalıyıq? Ona görə də biz bu işlə çox ciddi məşğul olduq və 1972-ci ildə Cəmşid Naxçıvanski adına orta hərbi məktəb yarandı, indi onun adı hərbi kollecdir. O, xalqımıza çox böyük xidmət etdi və bu gün də xidmət edir. Ancaq biz təkcə bununla kifayətlənmədik.

Azərbaycanda 1939-cu ildə sovet ordusunun iki hərbi məktəbi yaranıbdır. Onlardan biri Ümumi Hərbi Komandirlər Məktəbi, ikincisi Hərbi Dəniz Donanması Məktəbidir. Bu məktəblər Azərbaycanda 1939-cu ildən yaranıbdır, on illərlə respublikamızda yerləşibdir. Ancaq mən 1970-ci ildə bu məktəblərin işi ilə tanış olarkən gördüm ki, hər bir məktəb ildə 300 müdavim qəbul etdiyi halda, Ümumi Hərbi Komandirlər Məktəbində cəmisi 10-15 nəfər azərbaycanlı təhsil alır, Hərbi Dəniz Donanması Məktəbində isə 1-2 nəfər azərbaycanlı oxuyur. Hərbi məktəblər Azərbaycanda, Bakıda yerləşirdi, amma orada oxuyanların tam əksəriyyəti azərbaycanlı deyildi. Bu, bir tərəfdən o vaxt aparılan siyasət - Sovet hakimiyyətinin siyasəti idi. Onlar o vaxt orduda yüksək vəzifələrdə başqa millətlərdən və xüsusən Azərbaycan millətindən olan insanları görmək istəmirdilər. İkinci tərəfdən də Azərbaycanda hərbi peşəyə soyuq münasibət var idi. Biz bunların aradan qaldırılması üçün tədbirlər gördük. Biz Naxçıvanski adına hərbi məktəb yaratmaqla yanaşı, Azərbaycanda yerləşən iki ali hərbi məktəbə - baxmayaraq ki, onlar birbaşa Moskvaya, Sovet İttifaqı Müdafiə Nazirliyinə tabe idilər - hər il azərbaycanlıların qəbul edilməsinə nail olduq.

Bununla yanaşı, 1970-ci illərdən bu iş tədricən getdi. 1970-ci illərin axırında biz hər il Sovetlər İttifaqının cürbəcür şəhərlərində yerləşən təxminən 45-dən artıq hərbi məktəbə təhsil almaq üçün Azərbaycandan ümumən 800-900 nəfər gənc göndərirdik. Bunların hamısını edərkən biz öz xalqımız haqqında düşünürdük. Düşünürdük ki, xalqımızda hərbi peşə itməsin, - çar Rusiyası vaxtı demişdilər ki, "müsəlmanlar orduda qulluq edə bilməz", - xalqımız hərbi peşədən məhrum olmasın. Mən eyni zamanda o vaxt düşünürdüm ki, gələcəkdə bu bizə lazım olacaqdır.

İndi təsəvvür edin, əgər bunları etməsəydik, müstəqillik əldə edəndə ordumuzda hansı zabitlərdən istifadə edə biləcəkdik? O illərdə biz eyni zamanda, sovet ordusunun sıralarında azərbaycanlıların irəliyə çəkilməsi ilə də məşğul olurduq. Biz hər bir belə işi Azərbaycan xalqı üçün əlamətdar hadisə kimi qiymətləndirirdik.

Məsələn, hələ 1940-cı illərdən Bakıda böyük bir hərbi hissə - hava hücumundan müdafiə dairəsi yerləşirdi. Onun vəzifəsi təkcə Bakını mühafizə etmək deyildi. O, bütün Qafqazı, hətta Rostova, Volqoqrada qədər olan ərazini mühafizə etməkdən ötrü böyük bir hərbi hissə idi.

Amma orada azərbaycanlılar xidmət etmirdilər. Nəhayət, bir neçə azərbaycanlının orada xidmət etməsi mümkün oldu. Orada zenit-raket qoşunlarına komandan ilk dəfə azərbaycanlı Hüseyn Rəsulbəyov təyin olundu. O, general-leytenant rütbəsinə gəlib çatdı. Bu, xalqımız üçün böyük bir hadisə oldu.

O vaxt mən arayırdım ki, sovet ordusunda harada azərbaycanlı var, onlara kömək edək, irəliyə çəkək, onların inkişafına yardım göstərək. General Bərşadlı da onlardan biridir. O vaxt mən arayarkən onu sovet ordusunun Almaniyadakı hissəsində tapdım. O, orada ordu komandanının müavini idi. Mən onu Azərbaycana dəvət etdim və Bakıda yerləşən Hərbi Komandirlər Məktəbinə rəis təyin etdim. Həmin məktəbin rəisi həmişə rus olurdu, müavini isə mən işlədiyim dövrdə bir neçə erməni idi. Amma bu məktəb Azərbaycanda yerləşirdi. General Bərşadlını həmin məktəbə rəis təyin etmək asan məsələ deyildi. Ancaq mən onu təyin etdirdim ki, onun vasitəsilə oraya çoxlu azərbaycanlılar qəbul olunsun, hərbi peşəyə alışsınlar və bu peşəni, zabit peşəsini öyrənsinlər və fəaliyyət göstərsinlər.

Bakıda Xəzər Hərbi Dəniz Donanması 1920-ci ildə yaranıbdır, hələ çar Rusiyası vaxtından var idi. Orada da qətiyyən azərbaycanlı yox idi. Biz admiral Qasımbəyovu Kronştadtdan tapıb gətirdik. İlk dəfə olaraq Xəzər Hərbi Dəniz Donanmasına komandan admiral Qasımbəyovu təyin etdim.

Xatirimdədir, general-polkovnik Ağahüseynov 1970-ci illərin əvvəllərində burada polk komandiri, zabit idi. Mən çox qayğı göstərdim, çalışdım ki, o, inkişaf etsin, inkişaf da etdi. Sonra Volqoqradda diviziya komandanı, Rostovda korpus komandanı oldu və nəhayət, Bakı Hava Hücumundan Müdafiə Hərbi Dairəsinin komandan müavini, general-polkovnik rütbəsinə gəlib çatdı. O vaxta qədər sovet ordusunda bir nəfər də azərbaycanlı general-polkovnik rütbəsinə çatmamışdı. Bir azərbaycanlı kimi bu məni narahat edirdi və biz buna da nail olduq. Mən o vaxt bir çox belə yüksək zabit, general rütbəli kadrların irəliyə çəkilməsinə, Azərbaycanın bugünkü hərbi mütəxəssis, zabit kadrlarının yetişməsinin əsasını qoymağa çalışırdım.

Allaha şükürlər olsun ki, görülən bu işlər öz nəticəsini veribdir. Müdafiə naziri Səfər Əbiyev indi bu gün raport verir ki, iki hərbi məktəb fəaliyyət göstərir və Hərbi Dəniz Donanması Məktəbi bazasında hərbi akademiya yaranır. Bunlar çox sevindirici hallardır. Çünki bizim ordumuzun gələcək inkişafı hərbi kadrların hazırlanması və onların peşəkarlıq səviyyəsinin daim yüksəlməsi ilə bağlıdır.

Mən bu tarixi məqamları bu gün yada salaraq, eyni zamanda qeyd etmək istəyirəm, - təəssüflər olsun ki, Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qaldığı halda, xüsusən Azərbaycan öz dövlət müstəqilliyini əldə etdiyi zaman bu peşəkar hərbi kadrlardan istifadə edə bilmədi, ola bilər ki, bu da bizim məğlubiyyətlərimizin səbəblərindən biri oldu.

Yəni biz əgər iki əsri - XIX, XX əsrləri götürsək, Azərbaycan xalqı bu hərbi ixtisası mənimsəmiş bir xalq olmuşdur. Azərbaycan xalqı ayrı-ayrı mərhələlərdə görkəmli hərbi mütəxəssislər, zabitlər, generallar meydana çıxarmışdır. Belə olan halda 1990-cı illərin əvvəllərində Azərbaycan Ermənistan tərəfindən təcavüzə məruz qaldığı zaman bu kadrların hamısını yığıb onlardan istifadə etmək lazım idi. Ancaq təəssüf ki, bunlar olmamışdır. O vaxt biz çox itkilər vermişik. Müdafiə naziri Səfər Əbiyev bu barədə danışdı, bunu təkrar etməyə ehtiyac yoxdur.

Ölkəmizin ordu quruculuğunun son mərhələsi Azərbaycan dövlət müstəqilliyini əldə edəndən indiyə qədər olan mərhələdir. Bu mərhələ çox çətin, ağır olubdur. Çünki Azərbaycanın ümumiyyətlə, müstəqillik əldə etdiyi dövr başdan-ayağa ağır, çətin dövr olubdur. Öz torpaqlarını Ermənistanın təcavüzündən müdafiə etdiyi zaman Azərbaycan dövlət müstəqilliyini əldə edibdir. Amma eyni zamanda Azərbaycanın daxilində ictimai-siyasi vəziyyət qeyri-sabit, çox gərgin olubdur. Bunlar hamısı da Azərbaycanda normal ordu qurmaq üçün şərait yaratmayıbdır, bəziləri bunu heç qurmaq da istəməyiblər. Ancaq son beş ildə aparılan işlər indi Azərbaycanda nizami ordunun yaranmasını göstərir.

Mən bu gün böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, artıq Azərbaycanın müasir tələblərə cavab verə biləcək nizami ordusu vardır. Orduda lazımi nizam-intizam, qanun-qayda var və Azərbaycanın bugünkü ordusu, Silahlı Qüvvələri Azərbaycan torpaqlarını etibarlı müdafiə etməyə qadirdir.

Biz buna çətin yollardan keçərək nail olmuşuq. Ancaq əldə etdiyimiz nailiyyət bizi arxayınlaşdırmamalıdır. Azərbaycanda ordunun inkişaf etməsi, möhkəmlənməsi dövlətimizin və xalqımızın ən əsas vəzifəsidir. Biz həmişə həmrəy olaraq bəyan etmişik ki, Azərbaycanın dövlət müstəqilliyi əbədidir və sarsılmazdır. Bu bəyanatı həmişə reallaşdırmaq üçün, bu fikirləri əməli surətdə daim həyata keçirmək üçün biz orduya xüsusi qayğı göstərməliyik, onu möhkəmləndirməli və inkişaf etdirməliyik.

Azərbaycan sülhsevər dövlətdir. Biz heç vaxt müharibə istəmirik. Çünki Azərbaycan müstəqil dövlət kimi qarşısında duran problemləri həll etməlidir. Onları hətta həll etdikdən sonra da Azərbaycanın kiminləsə müharibə etməyə ehtiyacı yoxdur. Bizim siyasətimiz məlumdur: bütün qonşularımızla sülh, mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşamaq, yaşadığımız bölgədə sülh və əmin-amanlıq yaratmaq istəyirik. Məhz buna görə də Ermənistan-Azərbaycan münaqişəsini, Dağlıq Qarabağ problemini sülh yolu ilə həll etmək istəyirik. Bu səbəbdən 1994-cü ilin may ayında atəşin dayandırılması haqqında saziş imzalamışıq və atəşkəs rejimini qoruyub saxlayırıq.

Bu gün qeyd etmək istəyirəm ki, atəşkəs rejiminin qorunub saxlanması, birincisi, Azərbaycanın apardığı prinsipial, sülhsevər siyasətin nəticəsidir. İkincisi, bu siyasətin həyata keçirilməsi Azərbaycanın Silahlı Qüvvələrinin, ordumuzun xidmətlərinin nəticəsidir.

Dünyada, demək olar, analoqu olmayan bir haldır ki, bir-biri ilə müharibə vəziyyətində olan Ermənistanın və Azərbaycanın Silahlı Qüvvələri yaxın məsafədə qarşı-qarşıya durduqları halda heç bir ayırıcı, kənar qüvvənin iştirakı olmadan dörd ildir ki, atəşkəsi qoruyub saxlayırıq. Biz bununla özümüzün sülhsevər, atəşkəsə sadiq olduğumuzu sübut edirik. Həqiqət budur ki, burada Ermənistan tərəfinin də səylərini qiymətləndirmək lazımdır. Bu müddətdə onlar da atəşkəsin saxlanmasına çalışıblar. Əgər belə olmasaydı, bir tərəf heç vaxt atəşkəsi saxlaya bilməzdi. Ancaq fərq ondan ibarətdir ki, hərbi təcavüz nəticəsində Azərbaycanın torpaqlarının bir qismi işğal olunubdur. Bu torpaqlardan bir milyondan artıq vətəndaşımız zorla çıxarılıbdır. İşğal olunmuş ərazilərdə varidatımız talan edilibdir, dağıdılıbdır, yaşayış yerlərimiz viran qoyulubdur. Böyük itkilər vermişik. Bütün bunlara baxmayaraq, biz sülhsevər siyasət yeridirik, atəşkəs rejiminə riayət etmişik və edirik.

Bu gün Ermənistan - Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunması sahəsində müəyyən çətinliklər yaranıbdır. Sülh danışıqları prosesi bir qədər tormozlanıbdır. Bu, bizim günahımız deyil. Biz bu prosesi sürətləndirmək istəyirik. Minsk qrupunun həmsədrlərinə bu barədə öz fikirlərimizi dəfələrlə demişik. Bu gün də bəyan edirəm ki, ATƏT-in Lissabon sammitinin prinsipləri üzrə Minsk qrupunun həmsədrləri olan Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa nümayəndələrinin keçən ilin sentyabr ayında verdikləri təsniflər əsasında məsələnin sülh yolu ilə həll edilməsinə tərəfdar olmuşuq və bu gün də tərəfdarıq. Problemin bu yolla həll edilməsini sürətləndirmək istəyirik. Güman edirəm ki, Minsk qrupunun həmsədrləri bu sahədə öz səylərini artıracaqlar və danışıqlar prosesi sürətlənəcəkdir. Ancaq bunlara baxmayaraq mən bu gün bir daha bəyan edirəm ki, Azərbaycan atəşkəs sazişinə sadiqdir, məsələ sülh yolu ilə həll olunana qədər bu rejimi bundan sonra da qoruyub saxlayacaqdır.

Bu fikirləri bir daha bəyan edərək bildirmək istəyirəm ki, ordumuzu daha da inkişaf etdirib gücləndirərək heç də döyüşlər aparmaq istəmirik.

Müharibə etmək istəmirik, sadəcə olaraq biz bir müstəqil dövlət kimi öz ölkəmizin ərazisinin etibarlı qorunması üçün müvafiq səviyyəli Silahlı Qüvvələrə malik olmaq istəyirik. Bu baxımdan ordumuzun, Silahlı Qüvvələrimizin, bizim hamımızın qarşısında çox böyük vəzifələr durur. Biz orduya, Silahlı Qüvvələrə qayğını artırmalıyıq. Onun hər bir problemi dövlətin və hökumətin himayəsi altında olmalı, vaxtlı-vaxtında baxılmalı və həll edilməlidir.

Mən dövlət başçısı və Ali Baş Komandan kimi bəyan edirəm ki, bundan sonra da bu vəzifənin yerinə yetirilməsinə çalışacağam.

Xalqımızın, ictimaiyyətin üzərinə böyük vəzifələr düşür. Bu da ondan ibarətdir ki, xalqın ayrılmaz hissəsi sayılan ordumuz xalqın və vətəndaşların qayğısı altında olmalıdır. Xalq ordunu daim sevməli, ona kömək etməlidir. Əgər xalq azad, sərbəst yaşamaq istəyirsə, ölkəsinin, torpaqlarının toxunulmazlığını arzu edirsə, gərək hər şeydən öncə orduya qayğı göstərsin. Ordunun hörmətini qaldırmaq lazımdır. Hərbi peşə Azərbaycanda ən hörmətli peşələrdən biri olmalıdır. Hər bir vətəndaş Azərbaycan əsgərinə, zabitinə hörmət, ehtiram və qayğı göstərməlidir. Güman edirəm ki, xalqımızda vətənpərvərlik hissi güclüdür. Vətənpərvərlik hissi güclü olduqda isə orduya qayğı və münasibət gündən-günə artacaqdır.

Hər bir Azərbaycan vətəndaşı, hər bir gənc orduda xidmət etməyi özünün şərəfli borcu hesab etməlidir. Bu, vətəndaşlıq borcudur. Xatırladım ki, Sovet İttifaqının tərkibində olarkən hər il Azərbaycandan 60, hətta 70 min gənc sovet ordusu sıralarına səfərbər edilirdi. İndi ordumuza ildə bu qədər gənc lazım deyil. Amma nə qədər lazımdırsa, o qədər də olmalıdır. Hər bir azərbaycanlı gənc bilməlidir ki, orduda xidmət etməyən cəmiyyətdə hörmət qazana bilməz. Əksinə, cəmiyyətdə insanlara orduda xidmət etmələrinə görə yaxşı münasibət, xüsusi hörmət göstərilməlidir. Belələri orduda xidmət etməyənlərdən fərqləndirilməlidir. Mən üzümü Azərbaycan gənclərinə tutub bildirirəm ki, onlar öz vətəndaşlıq borclarını şərəflə yerinə yetirməlidirlər. Gənclər bu şərəfə nə qədər nail ola bilsələr, cəmiyyətimizdə o qədər də hörmət qazanacaqlar.

Eyni zamanda mən gənclərin valideynlərinə müraciət edirəm. Nahaq yerə valideynlər öz övladlarını orduda xidmət etməkdən yayındırmaq istəyirlər. Siz öz övladınıza kömək etmirsiniz. Çünki orduda xidmət edən hər bir gənc mətinləşir, bərkiyir. Orduda xidmət etmək kimi çətin yolu keçənlər gələcək həyatlarında hər bir çətinliyin öhdəsindən gəlməyə qadir olurlar. Hörmətli valideynlər, ona görə də övladlarınızın həyatda müvəffəq olmalarını, uğur qazanmalarını istəyirsinizsə birinci növbədə onları hərbi xidmətə göndərin. Qoy getsinlər, əsgər olsunlar. Əsgər adı Azərbaycanda ən şərəfli ad olmalıdır. Kim ki, əsgər olub, o, hörmətli adam hesab edilməlidir. Əsgər olmayan isə qoy özü hesabını aparsın. Bir sözlə, xalqın, vətəndaşların, ictimaiyyətin orduya qayğısı, münasibəti müxtəlif yollarla həyata keçirilməlidir. Bunların bəzilərini mən bildirdim.

Nəhayət, ordunun qarşısında duran vəzifə barədə. Ordu, Müdafiə Nazirliyi, Silahlı Qüvvələrin komandanları, bütün Silahlı Qüvvələr dövlətin, hökumətin, xalqın onlara göstərdikləri qayğıya layiq xidmət etməlidirlər. Biz orduda xidmət edənlərin maddi vəziyyətini daim yaxşılaşdırmağa, ayrı-ayrı təşkilatların da orduya yardımı artırmasına çalışırıq və bundan sonra da çalışacağıq.

Biz mövcud imkanlarımız daxilində orduya qayğı göstəririk. Ordumuz, hərbi hissələrimiz, Silahlı Qüvvələrimiz, əsgərlər və zabitlər bu qayğıya cavab olaraq, birincisi, gərək sədaqətlə xidmət etsinlər. İkincisi, gərək onlar hərbi hissələrdə yüksək vətənpərvərlik, sədaqət, mənəviyyat əhval-ruhiyyəsi yaratsınlar, bu keyfiyyətlərə malik olsunlar. Bəli, ordu siyasətə qarışmamalıdır. Kim ordunu siyasətə qatmaq istəyirsə o, Azərbaycanın Konstitusiyasını pozur və biz buna yol verməyəcəyik, belə halların qarşısını alacağıq. Ancaq orduda xidmət edən hər bir əsgər, zabit, general bilməlidir ki, o, müstəqil Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət edir. Azərbaycan dövlətinin, dövlətçiliyinin, ərazimizin müdafiəsi, ölkəmizin konstitusyon əsaslarının qorunması hər bir əsgərin, zabitin, döyüşçünün borcudur. Zabitlərin öz peşəkarlıqlarını artırması, ali hərbi məktəblərdə təhsil sisteminin yaxşılaşdırılması, hərbi hissələrdə sağlam mənəvi mühitin yaradılması və bütün yabançı meyllərin aradan qaldırılması komandirlərimizin, zabitlərimizin, Silahlı Qüvvələrin rəhbərlərinin müqəddəs vəzifəsidir. Bu vəzifələri gərək hamı yerinə yetirsin.

Mən Azərbaycanda ordu quruculuğunun 80 illik tarixini müəyyən qədər xatırlatdım. Bu gün Azərbaycanda İkinci dünya müharibəsinin iştirakçıları yaşayır. Yəqin ki, onlardan bu salona dəvət olunanlar da var. Biz onlara həmişə hörmət və ehtiramla yanaşı, qayğı göstərməliyik. Onlar cəmiyyətimizin hörmətli adamlarıdır. Yüksək mənəviyyata malik olan hər bir azərbaycanlı gərək İkinci dünya müharibəsinin veteranlarına hörmət və ehtiram göstərsin. Eyni zamanda onların da təcrübəsindən istifadə etmək, onlarla hərbi hissələrin əlaqələrini genişləndirmək lazımdır. Onlar böyük döyüşlərdən keçmiş, zəngin həyat təcrübəsi görmüş adamlardır.

Ermənistanın Azərbaycana təcavüzü başlanandan indiyədək xalqımız itkilər, şəhidlər veribdir. O illər hərbi hissələrimizdə müxtəlif mənfi hadisələrlə, hərəkətlərlə yanaşı, Azərbaycan oğullarının əksəriyyəti qəhrəmanlıqla vuruşublar, qan töküblər, şəhid, əlil olublar. Şəhid olmuş Rasimin atası bu gün burada həyəcanlı nitq söylədi. Onun sözlərini həyəcansız dinləmək mümkün deyil, yeganə oğlunu itiribdir, gənc mayor oğlunu. Şəhid olmuş belə gənclər, Rasim kimilər Azərbaycan xalqının fəxridirlər. Biz onların xatirəsini həmişə qəlbimizdə saxlamalı, qəhrəmanlıq nümunələrindən gənclərin tərbiyə olunmasında, onlarda hərbi peşəyə həvəs oyatmaqda istifadə etməliyik.

Azərbaycanın torpaqlarının qorunması uğrunda həyatını qurban vermiş, şəhid olmuş Azərbaycan oğullarının xatirəsi bizim üçün əzizdir. Bu bayram günü onların xatirəsini bir dəqiqəlik sükutla yad etməyinizi rica edirəm.

Allah rəhmət eləsin.

Mən bu gün şəhidlərin xatirəsi qarşısında baş əyərək bəyan edirəm ki, Azərbaycan ordusu dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunmasında, torpaqlarımızın azad edilməsində bundan sonra da fədakarcasına çalışacaq və biz ərazi bütövlüyümüzün təmin edilməsinə nail olacağıq. Yeritdiyimiz daxili və xarici siyasət ölkəmizin qüdrətini gündən-günə artırır. Sülhsevər siyasətimiz Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə təminat verir. Ölkəmizin Silahlı Qüvvələri , ordumuz Azərbaycanın etibarlı müdafiə olunmasının qarantıdır.

Mən Silahlı Qüvvələrimizə, Azərbaycan əsgərinə qarşılarında duran bütün vəzifələrin yerinə yetirilməsində yeni-yeni uğurlar arzulayıram.

Bu gün biz ilk dəfədir ki, Azərbaycanın Silahlı Qüvvələri günü yüksək səviyyədə bayram edirik. Bununla da yeni bir ənənə yaranır. Hesab edirəm ki, Azərbaycanın Silahlı Qüvvələri günü bir bayram kimi xalqımızın həyatına daxil olacaq, xalqla ordunun birliyini, dövlətimizin və xalqımızın orduya olan qayğısını nümayiş etdirəcəkdir. Mən bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq arzulayıram. Əmin-amanlığımızın və sülhün keşiyində bizim qəhrəman əsgərlərimiz durublar.

Azərbaycan əsgərinə eşq olsun!

"Azərbaycan" qəzeti, 26 iyun 1998-ci il.