Azərbaycan Prezidenti Heydər Əliyevin "Azərbaycan Mədəniyyətinin Dostları" Fondunun təşəbbüsü ilə "Sədası bahardır Vətənimizin" devizi ilə keçirilən konsertdə söhbətindən - Respublika sarayı, 21 aprel 2000-ci il


Xuraman Qasımova (xalq artisti): Möhtərəm cənab prezident, icazə verin Sizə öz təşəkkürümüzü bildirək ki, vaxt ayırıb bizim konsertimizə təşrif buyurdunuz. Hamınıza təşəkkür edirik ki, bizi belə dəstəkləyir, alqışlayırsınız. Çox xoşbəxtik və sevinirik ki, hörmətli prezidentimiz öz gəlişi ilə bu konsertə xüsusi yaraşıq verdi. Biz sizin hamınıza bütün kollektivin adından "çox sağ olun" deyirik.

Əlbəttə, biz hamımız çox həyəcanlıyıq. "Azərbaycan Mədəniyyətinin Dostları" Fonduna, onun sədri, daxilən də, zahirən də çox gözəl insan olan Mehriban xanıma mədəniyyətimizə göstərdiyi qayğıya görə təşəkkür edirik. Mədəniyyət Nazirliyinə, konsertimizin baş tutmasına kömək edən bütün insanlara dərin minnətdarlığımızı bildiririk. Çox sağ olun.

Heydər Əliyev: Sizi uğurlu çıxışınız münasibətilə təbrik edirəm. Həmişəki kimi, çox yaxşı oxudunuz. Yadınızdadırmı, mən söz vermişdim gələcəyəm və gəldim.

Fidan Qasımova (xalq artisti): Çox sağ olun. Hər zaman olduğu kimi, Siz sözünüzün üstündə durursunuz, bizə qayğı göstərirsiniz, dəstək verirsiniz. Cənab prezident, proqramımız xoşunuza gəldimi?

Heydər Əliyev: Yaxşı oxudunuz, çox yaxşı, xoşuma gəldi.

Xuraman Qasımova: Sizi yormadıq ki?

Heydər Əliyev: Yox. Bu gün mənim doğrudan da çox ağır günüm idi. Mən saat 2-dən buraya gələnə qədər ağır bir müşavirə keçirirdim. Həddindən artıq yorulmuşdum və oradan çıxıb buraya gəlmişəm. Orkestr də çox xoşuma gəldi. Orkestr xeyli irəliləyibdir.

Fidan Qasımova: Möhtərəm prezident, Siz gələndə daim qayğı göstərirsiniz.

Heydər Əliyev: Bir mən gələndə yox, indi də bu orkestrin səviyyəsi qalxıbdır. Bu, çox gözəldir.

Polad Bülbüloğlu (Azərbaycan Respublikasının mədəniyyət naziri): Cənab prezident, Siz kömək etdiniz, maaşları qaldırdınız, musiqi alətləri aldınız, ona görə də səviyyəsi qalxıbdır.

Heydər Əliyev: Elədir, indi orkestr çox gözəl bir simfonik orkestrdir.

Rauf Abdullayev (xalq artisti): Çox sağ olun, cənab prezident, Sizə minnətdarıq.

Tarixi arayış

MƏDƏNİYYƏT