"Azərbaycanda İnvestisiya İmkanları" Beynəlxalq Konfransında iştirak edən işgüzar dairələrin nümayəndələri ilə görüşdə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - London, 30 noyabr 1995-ci il


Mən çox məmnunam ki, siz burada olduğunuz vaxtdan səmərəli istifadə edirsiniz. Respublikanın mənimlə birlikdə buraya gəlmiş rəhbər vəzifəli şəxsləri işlərimiz haqqında yaxşı məlumata malikdirlər. Əgər onlar sizin suallarınıza cavab veriblərsə, deməli, mənim işimi yüngülləşdirmişlər. Əlbəttə, mən də buraya səfərimizin məqsədləri barədə və sizinlə görüşlərdən nəyi gözlədiyimiz barədə məlumat verəcəyəm.

Müstəqil bir dövlət kimi, Azərbaycan Respublikası dünya birliyində, dünya iqtisadiyyatında özünə layiq yer tutmaq istəyir. Şübhəsiz ki, biz dünyada artıq mövcud olan, iqtisadiyyatı inkişaf etmiş ölkələrdə yaranmış üsullardan, metodlardan, iqtisadiyyatın idarə olunması formalarından istifadə etmək, iqtisadiyyatımızı bu formalar, bu üsullar əsasında qurmaq istəyirik. Siz iqtisadiyyatı inkişaf etmiş ölkələrin nümayəndələrisiniz və hər birinizin rəhbərlik, yaxud təmsil etdiyiniz şirkət, firma iqtisadiyyat sahəsində böyük mərhələlərdən keçmiş və yüksək bir səviyyəyə qalxmışdır. Siz nə qədər yüksək səviyyəyə qalxmış olsanız da, daim fəaliyyətdəsiniz və onu genişləndirmək üçün, şübhəsiz, həmişə imkanlar axtarırsınız, iqtisadiyyatımızın miqyasını genişləndirmək üçün yeni regionlar axtarırsınız. Azərbaycan isə müstəqilliyini yenicə əldə etmiş gənc bir ölkədir və on illər ərzində mövcud olmuş sosialist iqtisadi sistemindən yeni iqtisadi sistemə keçmək mərhələsindədir. Buna görə də sizin Azərbaycana marağınızı daha da artırmaq üçün, daha da aydınlaşdırmaq üçün mən bir ölkə kimi Azərbaycanın bir neçə ümumi prinsipi barədə sizə öz fikrimi söyləmək istəyirəm.

Birincisi, Azərbaycan müstəqil dövlətdir və öz müstəqilliyini qoruyub saxlamağa qadirdir, müstəqil siyasət aparır və müstəqil dövlət olaraq öz iqtisadiyyatını inkişaf etdirmək, dünyanın digər ölkələri ilə qarşılıqlı surətdə faydalı əlaqələr yaratmaq istəyir. Azərbaycan keçmiş sovet, kommunist ideologiyasından tamamilə ayrılıbdır və bu ideologiyanın həm ictimai-siyasi sahədə, həm də iqtisadi sahədə Azərbaycana yenidən qayıtması daha mümkün deyildir. Azərbaycanın milli dövlət ideologiyası ölkəmizin müstəqilliyini təmin etməkdən və Azərbaycanda demokratik dövlət qurmaqdan ibarətdir. Dövlət quruculuğu sahəsində strateji yolumuz demokratik hüquqi dövlət qurmaqdır, demokratik cəmiyyət yaratmaqdır, insan hüquqlarını qorumaqdır, demokratiyanı qorumaqdır, siyasi plüralizmə geniş imkanlar verməkdir, insan azadlığını, vətəndaş azadlığını, insan hüquqlarının qorunmasını təmin etməkdir.

İqtisadi sahədə strateji yolumuz respublikada bazar iqtisadiyyatına keçmək üçün iqtisadi islahatlar aparmaqdan və tədricən Azərbaycanda bütün sahələrdə sərbəst iqtisadiyyat, bazar iqtisadiyyatı formalarını tətbiq etməkdən ibarətdir. Bu sahədə xeyli iş görülübdür. İqtisadi islahatların həyata keçirilməsi üçün bir çox danışıqlar qəbul olunubdur. Ən böyük qanun və proqramımız mülkiyyətin özəlləşdirilməsidir. Bizim özəlləşdirmə proqramımız artıq qəbul olunub, bu barədə parlament qanun qəbul edib. İndi həmin proqram həyata keçirilir. Biz özəlləşdirməni üç il müddətində başa çatdırmaq istəyirik. Ticarət, xidmət sahələrində, kiçik müəssisələrdə özəlləşdirmə həyata keçirilməkdədir. O ki, qaldı böyük müəssisələrə, onların özəlləşdirilməsi proqram əsasında aparılır. Bizim özəlləşdirmə proqramında xarici şirkətlərin, xarici ölkə vətəndaşlarının da bu özəlləşdirmə prosesində iştirak etmək imkanı var, bunun üçün güzəştli şərtlər nəzərdə tutulur.

Aqrar sektorda islahatlar artıq başlanıbdır. Yəni burada da mülkiyyət formasının dəyişdirilməsi və şəxsi mülkiyyət yaranması nəzərdə tutulub. Bunu da ardıcıl surətdə həyata keçirib sona çatdıracağıq. Biz cürbəcür formalardan istifadə edirik. Məsələn, özəlləşdirməklə yanaşı, bəzi böyük sənaye müəssisələrimizin xarici ölkə şirkətləri tərəfindən idarə olunmasına dair təklif də irəli sürmüşük. Mən sizə bu barədə də bəyanat verirəm və bildirirəm ki, əgər bizim təkliflərimiz ayrı-ayrı şirkətlər tərəfindən qəbul edilsə, onda biz həmin təklifləri həyata keçirəcəyik.

Bazar iqtisadiyyatı sahəsində inkişaf etmiş ölkələrin təcrübəsindən Azərbaycanın xüsusiyyətlərinə uyğun olaraq geniş istifadə etməyə çalışırıq. Bütün bu islahatların, köklü dəyişikliklərin həyata keçirilməsi üçün lazımi qanunlar qəbul olunub və əsası budur ki, bunların hamısı noyabrın 12-də ümumxalq səsverməsi, referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk Konstitusiyasında öz əksini tapıbdır. Bu il noyabrın 12-də müstəqil Azərbaycan Respublikasının ilk parlamenti seçilib, həm də bu parlament demokratik prinsiplər əsasında seçilibdir. Parlament artıq öz işinə başlayıb. Mən sizə bildirmək istəyirəm ki, parlamentə seçilən deputatların tam əksəriyyəti Azərbaycan Respublikasının, dövlətinin və prezidentin həm iqtisadi sahədə, həm də dövlət quruculuğu sahəsində, həm də siyasi sahədə, o cümlədən xarici siyasət sahəsində bütün strateji xəttini müdafiə edir.

Dediyim kimi, demokratik iqtisadi islahatları həyata keçirmək üçün bizim bir çox qanunlarımız, normativ aktlar qəbul olunub və yeni qəbul edilmiş konstitusiyanın əsasında bundan sonra da bir çox qanunlar qəbul ediləcəkdir.

Xarici sərmayənin Azərbaycana gəlməsi üçün, ölkəmizdə müştərək işlər görülməsi üçün və Azərbaycan iqtisadiyyatının dünya iqtisadiyyatına bağlanması üçün biz bütün tədbirləri görməyə hazırıq və bildirmək istəyirəm ki, bu sahədə bir çox güzəştli şərtlər də yaradacağıq. Əlbəttə, hər bir xarici sərmayədar sərmayə qoyduğu ölkənin imkanlarını bilməlidir. Demək istəyirəm ki, imkanlar böyükdür. Azərbaycanın zəngin təbii sərvətləri var, böyük sənaye potensialı var, güclü intellektual potensialı var, bir çox sahələrdə bacarıqlı mütəxəssislərimiz var. Bizdə lazımi qədər işçi qüvvəsi var.

Sərmayə qoymaq istəyən hər bir təşkilat, hər bir şirkət üçün, şübhəsiz ölkənin daxili ictimai-siyasi vəziyyəti də çox əhəmiyyətlidir. Bildirmək istəyirəm ki, Azərbaycanda daxili ictimai-siyasi vəziyyət tam sabitdir. Prezident başda olmaqla Azərbaycanın dövlət orqanları bütün sahələrə tam nəzarət edirlər. Azərbaycan mədəni cəhətdən inkişaf etmiş bir ölkədir. Siz, Azərbaycanda həm Avropanı görəcəksiniz, həm də Asiyanı, Avropa ilə Asiyanın ən gözəl inteqrasiyası, sintezi məhz Azərbaycandadır. Buna görə də mən sizi Azərbaycana dəvət edirəm və hər birinizə zəmanət verirəm ki, bizim əməkdaşlığımız səmərəli olacaqdır.

Diqqətinizə görə çox sağ olun.

Sual: Bir ay bundan əvvəl Azərbaycanda olmuş Britaniya biznesmenlərindən öyrəndim ki, sizin ölkənizə sərmayə qoymaq üçün əlverişli şərait var. Bununla əlaqədar sizə iki sual vermək istəyirəm. Birincisi, Azərbaycandan neftin ixracı üçün boru kəmərlərinin haradan keçəcəyi barədə oktyabrın 9-da qəbul olunmuş qərar onu sübut edirmi ki, Rusiya Xəzər dənizinin Azərbaycana aid hissəsindəki neft ehtiyatlarının Azərbaycan və xarici şirkətlər tərəfindən müştərək işlənməsini qəbul edir və sizcə, gələcəkdə buradakı neft və qaz ehtiyatlarının istismarı zamanı Rusiya ilə hər hansı münaqişə yarana bilərmi? İkinci sualım da bununla bağlıdır. Rusiya Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda aradan qaldırılmasını öz strateji siyasətində nəzərdə tuturmu və bunu istəyirmi?

Cavab: Əvvəla, Xəzərin Azərbaycan sektorunda neft yataqlarının istismarı və ilkin neftin ixracı ilə əlaqədar neft kəmərlərinin marşrutları haqqında qərarlarımız var. Bir il bundan öncə, daha doğrusu, 1994-cü ilin sentyabrında böyük neft müqaviləsi imzalandı. Bu da Xəzərin Azərbaycan sektorundakı üç neft yatağından 30 il müddətində neft çıxarılması və ondan istifadə edilməsi haqqında müqavilədir. Müqavilənin imzalandığı vaxtdan bəri bu bir ildə çox iş görülüb. Müqaviləyə uyğun olaraq hazırlanmış proqram nəzərdə tutulmuş vaxtda yerinə yetirilir. Bunun nəticəsi olaraq bu ilin oktyabr ayında 1996-cı ildə çıxarılacaq ilkin neftin ixracı üçün neft kəmərlərinin çəkilməsi haqqında da qərar qəbul edilib. Onların biri Rusiya ərazisindən keçib Qara dəniz sahilinə gedəcək, digəri isə Gürcüstandan keçib həmçinin Qara dənizə çıxacaqdır. Konsorsium 1996-cı il üçün təxminən 600 milyon dollar məbləğində büdcə nəzərdə tutubdur. Deməli, müqavilə həyata keçirilir. Rusiya onun iştirakçısıdır. Müqavilənin layihəsində payların 10 faizi Rusiyanın "LUKoyl" şirkətinə məxsusdur. Dediyim kimi, ilkin neftin ixracı üçün neft kəmərinin biri də Rusiyadan keçəcəkdir. Odur ki, biz öz işimizi görür və Rusiya ilə əməkdaşlıq edirik. İndi siz fikirləşirsiniz ki, Rusiya buna gələcəkdə imkan verəcək, yoxsa verməyəcək. Bu sual bir az müəmmalıdır, yəni bir az aydın sual deyildir. Xəzərin ehtiyatlarından istifadə edilməsində Rusiya da, Azərbaycan da və başqa Xəzəryanı dövlətlər də eyni hüquqa malikdirlər. Biz isə belə hesab edirik ki, bütün münasibətlər beynəlxalq hüquq normaları çərçivəsində qurulmalıdır. Əlbəttə, beynəlxalq hüquq normalarına Rusiya da riayət etməlidir. Buna görə də biz burada elə bir böyük problem görmürük.

Dağlıq Qarabağ haqqında verdiyiniz suala gəldikdə isə bu, bizim üçün ən böyük problemdir. Ermənistanla Azərbaycan arasında münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün indi mən burada olduğum günlərdə Almaniyanın Bonn şəhərində böyük bir toplantı keçirilir. Orada ATƏT-in Minsk qrupu çərçivəsində Ermənistanla Azərbaycan arasında danışıqlar aparılır. Danışıqlarda Minsk qrupunun həmsədrləri də iştirak edirlər. Sizə deyə bilərəm ki, dünən axşam da, bu gün gecə də danışıqlar davam etmişdir. Mən səhər tezdən danışıqların gedişi barədə telefonla məlumat aldım. Bu danışıqlarda Rusiya da iştirak edir. Çünki Rusiya Minsk qrupunun həmsədrlərindən biridir. Minsk qrupunun indi iki sədri var. Sədrlərdən biri Rusiyanın, digəri isə Finlandiyanın nümayəndələridir. Ona görə də Rusiya bu işin bilavasitə içərisindədir. Biz istəyirik ki, bu məsələ sülh yolu ilə həll olunsun. Amma bizim əsas şərtlərimiz budur ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü, onun sərhədlərinin toxunulmazlığı tamamilə təmin edilsin, Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad edilsin, işğalçı silahlı qüvvələr Azərbaycan torpağından çıxsınlar. Bunlar ədalətli şərtlərdir. Biz bu şərtləri beynəlxalq hüquq normalarına əsasən irəli sürmüşük və Rusiya da çalışmalıdır ki, bu məsələ bizim şərtlərimiz əsasında sülh yolu ilə həll olunsun. Lakin bunun həll edilib-edilməyəcəyi məsələsi, ola bilsin, geciksin. Bunun isə Azərbaycana sərmayə qoyulmasına heç bir maneçiliyi ola bilməz. Odur ki, bunun üçün siz narahat olmayın.

Sual: Cənab prezident, mən dünyanın ən böyük sığorta şirkətlərindən biri olan Amerika Beynəlxalq İnkişaf Şirkətini təmsil edirəm. Keçmiş sovet respublikalarından bir çoxu öz dövlətlərinin sərhədlərindən kənarda, yəni xaricdə sığorta şirkətləri yaradıblar. Bu şirkətlərin də məqsədi ondan ibarətdir ki, ölkəyə qoyulan xarici sərmayələri bir növ sığortalasınlar. Məsələn, Rusiya Baham adalarında belə bir şirkət yaradıb. Özbəkistan belə bir şirkəti mənim şirkətimlə birlikdə Londonda yaradıb. Daha iki keçmiş sovet respublikası bu təcrübədən faydalanmaq niyyətindədir. Bilmək istərdik ki, indiyədək gördüyünüz tədbirlərə əlavə olaraq Azərbaycan hökuməti də bu təcrübədən istifadə etməyi planlaşdırırmı?

Cavab: Bilirsinizmi, biz iqtisadiyyatımızda dəyişikliklər aparmaq üçün bütün təcrübələrdən istifadə etməyə çalışırıq və çalışacağıq. Sizin verdiyiniz məlumat çox maraqlıdır. Zənnimcə, biz bu təcrübədən istifadə etməliyik.

Mən elə bu dəqiqə iqtisadi siyasət üzrə dövlət müşavirim Vahid Axundova göstəriş verirəm ki, sizin Özbəkistanla yaratdığınız əlaqələrlə maraqlansın. Əgər bu, doğrudan da faydalı təcrübədirsə, biz ondan mütləq istifadə edəcəyik.

Sual: Azərbaycan hökuməti vergiləri azaltmaq və güzəştli vergilər tətbiq etməklə xarici sərmayədarları ruhlandırmaq və ölkəyə sərmayə cəlb etmək niyyətindədirmi?

Cavab: Bəli, biz bu niyyətdəyik. Bu sahədə görmüş olduğumuz və görəcəyimiz işlərdə xarici sərmayədarlar üçün əlverişli şərait yaradılması mühüm yer tutur. Hazırda fiziki şəxslər üçün vergilərin yeni dərəcələri nəzərdən keçirilir. Bu məqsədlə biz ölkəmizdə işləyən bütün firma və şirkətlərin təklif və rəylərindən istifadə etmək niyyətindəyik.

H.Əliyev: Mən də öz adımdan və mənimlə birlikdə bu görüşə gələnlər adından sizə Azərbaycana göstərdiyiniz diqqətə görə təşəkkür edirəm və əmin olduğumu bildirmək istəyirəm ki, bizim bu görüşümüz əməkdaşlıq sahəsində yeni işlərin bünövrəsini qoyacaqdır. Hamınıza təşəkkür edir və işlərinizdə uğurlar arzulayıram.

"Azərbaycan" qəzeti, 2 dekabr 1995-ci il.