Azərbaycan Prezidenti Heydər Əliyevin Davos iqtisadi forumunda dünyanın energetika problemlərinə həsr olunmuş sessiyada çıxışı - 30 yanvar 1995-ci il


Hörmətli cənab sədr, möhtərəm xanımlar və cənablar! Azərbaycan Davos forumunda ilk dəfə iştirak edir. Ona görə də ən əvvəl dəvət üçün və Davos- 95 kimi maraqlı görüşün təşkili üçün təşəkkürümü bildirirəm. Bütünlükdə bu forumda, xüsusən də energetika problemlərinin müzakirə olunduğu bugünkü görüşdə iştirak etməyimizi respublikamız üçün çox faydalı sayıram.

Azərbaycan üç il bundan əvvəl müstəqillik qazanmış respublikadır və öz istiqlaliyyətini möhkəmləndirmək, demokratik hüquqi dövlət yaratmaq yolu ilə, bazar iqtisadiyyatı yolu ilə, azad sahibkarlığa, xarici investisiyalara şərait yaratmaq, dünya iqtisadiyyatına sıx bağlanmaq, Azərbaycanla əməkdaşlığa maraq göstərən bütün ölkələrlə qarşılıqlı surətdə faydalı iqtisadi əlaqələr qurmaq yolu ilə gedir. Azərbaycanın həm sənaye, həm də kənd təsərrüfatı istehsalı sahəsində böyük iqtisadi potensialı var. Heft sənayesi və neft kimyası kompleksi bu potensialda mühüm yer tutur.

Sizə məlum olduğu kimi, Azərbaycanda ta qədimlərdən neft və qaz çıxarılır. Ölkəmizdə sənaye üsulu ilə neft çıxarılmasına hələ ötən əsrin ortalarında - 1848-ci ildə başlanmışdır. Əsrimizin əvvəlində sənayemiz öz inkişafının yüksək mərhələsinə çatmışdı. Bu zaman dünya neft hasilatının çox hissəsi Azərbaycanın payına düşürdü. Bütün ötən dövr ərzində Azərbaycanda 1 milyard 400 milyon ton neft çıxarılmışdır. Lakin Azərbaycanda bu gün də zəngin neft və qaz yataqları var.

Müstəqil dövlət kimi dünya birliyinə daxil olduğumuz indiki dövrdə biz enerji ehtiyatlarımızdan - neft yataqlarından istifadə etmək üçün tədbirlər görürük.

Bu istiqamətdə xeyli iş görülmüşdür. Bildiyiniz kimi, ötən ilin sentyabrında Azərbaycan ilə xarici neft şirkətləri konsorsiumu (buraya on şirkət- "Amoko", "Penzoyl", "Makdermott", "Yunokal", "Britiş petroleum", "Statoyl ", "Lukoyl " və başqaları daxildir) arasında böyük müqavilə imzalanmışdır. İndi həmin müqavilənin praktiki olaraq həyata keçirilməsinə başlanmışdır. Müqavilə 30 il müddətinə imzalanmışdır və bu vaxt ərzində 500 milyon tondan artıq neft çıxarılması nəzərdə tutulur. Biz bunu Azərbaycanın dünya iqtisadiyyatına fəal inteqrasiyası yolunda ilk addım sayır, ölkəmizin xarici investisiyalar üçün, biznes üçün, qarşılıqlı surətdə faydalı əməkdaşlıq üçün açıq olduğunu nümayiş etdiririk.

Neft müqaviləsi Xəzər dənizinin Azərbaycana aid hissəsindəki üç yatağı əhatə edir. Həmin yataqların ikisi yeni kəşf olunmuşdur, üçüncü yatağı isə biz çoxdan istismar edirik. Sizə məlumdur ki, dənizdə neft çıxarılması sahəsində Azərbaycanın zəngin təcrübəsi var. Respublikada bu işə 45 il əvvəl başlanmışdır. Neft sənayesi, neft elmi, geologiya sahəsində böyük təcrübəsi olan Azərbaycan mütəxəssisləri həm də güclü kadr potensialı yaratmışlar. Azərbaycan keçmiş ittifaqın neft akademiyası sayılırdı. Sovet İttifaqındakı bütün neft yataqları bizim mütəxəssislərin iştirakı ilə kəşf olunmuş və istismar edilmişdir. Azərbaycanın bu sahədəki elmi praktiki kadr potensialı indi də mövcuddur və gələcəkdə ondan daha geniş istifadə etmək mümkündür.

Azərbaycanda neft və qaz sənayesinin böyük infrastrukturu yaradılmışdır. Elmi tədqiqat institutlarından, elmi potensialdan əlavə, güclü neftayırma sənayemiz var. Hazırda respublikada ildə 9 milyon ton neft çıxarılır, neftayırma zavodlarımızın gücü isə təxminən 23-25 milyon tondur. Azərbaycanda güclü neft kimyası və neft maşınqayırma kompleksləri var. Keçmiş Sovet İttifaqında buraxılan neft mədəni avadanlığının 70 faizə qədəri Azərbaycanın neft maşınqayırma zavodlarında istehsal olunurdu.

Təbii ki, indi Azərbaycanda çıxarılacaq neftin respublikadan kənara, xüsusən Qərb ölkələrinə aparılması məsələsi gündəlikdə durur. Konsorsiumun əsas iştirakçıları da Qərbin neft şirkətləridir. Neft müqaviləsində nəzərdə tutulan yataqlardan əlavə, Xəzər dənizinin Azərbaycana aid hissəsində çox perspektivli başqa yataqlar da var. Həmin yataqların neft və qaz ehtiyatları müəyyənləşdirilmişdir. Hazırda biz bu yataqların işlənilməsi barədə xarici neft şirkətləri ilə danışıqlar aparırıq. Şübhəsiz, həmin yataqlar xarici kapitalı cəlb etməklə, xarici şirkətlərlə birlikdə, xarici maliyyə təşkilatlarının iştirakı ilə işlənilə bilər. Biz buna ümid bəsləyirik. Müvafiq sazişlər bağlamaq üçün həmin yataqlar yaxın vaxtlarda tender əsasında təqdim olunacaqdır.

Mühüm məsələlərdən biri də çıxarılan neftin ixrac edilməsidir. İki ildən artıqdır ki, alim və mütəxəssislərimiz xarici şirkətlərlə, beynəlxalq bank təşkilatları ilə birgə neft kəmərinin keçdiyi marşrutun bir neçə variantını hazırlamışlar, indi bunun üzərində durmaq istəmirəm. Hər halda biz bu variantları bir də nəzərdən keçirməyi, neft kəmərinin marşrutunun ən məqsədəuyğun variantını müəyyənləşdirməyi zəruri sayırıq. Eyni zamanda biz bunu əsas tuturuq ki, bu halda neft kəmərinin iqtisadi cəhətdən sərfəliliyi uzunmüddətli istifadə baxımından təhlükəsizliyin möhkəmliyi, həmçinin təbii ki, kəmərin marşrutu üzərində olan dövlətlərlə münasibətlər əsas götürülməlidir. Bununla əlaqədar Qazaxıstan neftinin də Xəzər dənizi və Azərbaycan, İran, Türkiyə və başqa ölkələrin ərazisi vasitəsilə Cənuba daşınmasının mümkünlüyü barədə cənab Nursultan Nazarbayevin fikrinə tamamilə şərikəm. Biz bu məsələ ilə bağlı müvafiq söhbətlər, danışıqlar aparmışıq və zənnimcə, bunlar gələcəkdə də davam etdiriləcəkdir.

Bir sözlə, zəngin neft və qaz yataqları, digər təbii sərvətləri olan Azərbaycan müasir dünyanın istifadə etdiyi prinsiplər əsasında xarici investisiyalar, xarici şirkətlərlə əməkdaşlıq üçün, dünya üçün açıqdır.

Diqqətinizə görə təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 2 fevral 1995-ci il.