Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Naxçıvan Muxtar Respublikasına səfərə yola düşməzdən əvvəl Binə Hava limanında kütləvi informasiya vasitələrinin nümayəndələrinə müsahibəsi - 10 avqust 2002-ci il


Heydər Əliyev: Mənim səfərimin proqramı məlumdur. Avqustun 14-də sərhəddə, Sədərəkdə Ermənistan prezidenti Köçəryan ilə mənim aramda görüş olacaqdır. Ancaq ona qədər Naxçıvanda bir neçə tədbirlər həyata keçirmək planlaşdırmışam. Birincisi, Naxçıvanın yeni hava limanının tikilməsidir. Sabah oraya mütəxəssislər, lazımi adamlar gələcəklər. Orada bu məsələni müzakirə edəcəyəm, layihəyə baxacağam və yəqin qərar qəbul edəcəyəm ki, yeni müasir, dünya standartlarına cavab verən, dünyanın hər bir ölkəsi ilə əlaqə saxlamaq imkanı olan hava limanı tikilsin.

İkincisi, sizə məlumdur ki, mən sərəncam vermişəm, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan şöbəsini yaratmışam. Bu çox mühüm məsələdir. Orada bir neçə institut yaranacaq və onlar Naxçıvanın qədim tarixini, etnoqrafiyasını, təbii sərvətlərini, tarixi abidələrini öyrənməlidirlər. Çünki Naxçıvan Azərbaycanın çox qədim bir hissəsidir. Amma təəssüflər olsun ki, indiyə qədər orada həm tarixi nöqteyi-nəzərdən, həm də Naxçıvanın sərvətlərinin müəyyən edilməsi nöqteyi-nəzərindən lazımi iş görülməyibdir. Ona görə Milli Elmlər Akademiyasının bir qrup nümayəndəsi oraya gedir. Bu məsələləri onlarla müzakirə edəcəyəm.

Üçüncü məsələ də odur ki, hələ 1981-ci ildə, mən burada işləyərkən biz Naxçıvanda Vayxır çayı üzərində böyük bir bənd tikib su anbarı yaratmaq barədə layihə hazırlamışdıq və həmin il bəndin inşasına bağlanmışdı. Mən 1982-ci ilin sonunda Moskvaya getdim. O vaxta qədər, ondan sonrakı bir-iki ildə də xeyli iş görülmüşdü. Ancaq təəssüflər olsun ki, o, yarımçıq qalıbdır. Bu da çox mühüm əhəmiyyət kəsb edir. Çünki Naxçıvanda su qıtlığı var. Dağlardan çaylar çox gəlir, amma aran hissədə torpaqlarımızın suvarılması lazımi qədər təmin olunmur. Bir də, ümumiyyətlə, 1981-ci ildə bağlanmış işi o vəziyyətdə saxlamaq olmaz. Mən keçən dəfə orada olanda bu məsələni müzakirə etmişdim. İndi orada böyük tədbirlər görmək lazımdır. Orada həm yerində, bənddə olacağam, həm də mütəxəssislərlə müzakirə edəcəyəm. Güman edirəm ki, onun daha sürətlə tikintisinə bağlanması haqqında qərar qəbul edəcəyəm. Əsas bu məsələlərlə məşğul olacağam. Ola bilər başqa məsələlər də ortaya çıxacaqdır.

Sual: Cənab Prezident, Ermənistan prezidenti ilə görüşünüzün təşəbbüsçüsü kimdir–Siz, yoxsa Robert Köçəryan? Görüşdə ATƏT-in Minsk qrupunun təklif etdiyi hansısa ideyalar müzakirə olunacaq, yoxsa prezidentlər özləri bütün variantları müzakirə edəcəklər?

Cavab: Bilirsiniz, təşəbbüsçüsü deyəndə, burada həm o tərəf təşəbbüsçüdür, həm də bu tərəf. Bizə bir neçə dəfə təklif olunmuşdu ki, görüşmək lazımdır. Biz son dəfə 9 ay bundan öncə görüşmüşük. Köçəryan da bəyan etmişdi ki, yaxın vaxtlarda

görüşmək lazımdır. Mən də demişdim. Hətta mən demişdim ki, iyun ayında görüşmək lazımdır. Ancaq imkanım olmadı. Sonra Minsk qrupundan mənə dedilər ki, Köçəryan bir neçə dəfə təşəbbüs göstəribdir, indi yəqin ki, Siz təşəbbüs göstərməlisiniz. Çünki həqiqətən də bu belədir. Mən də təşəbbüs göstərdim və avqustun 14-nə görüş təyin olundu. Burada elə bir qeyri-adi şey yoxdur. Amma nə müzakirə edəcəyimizə gəldikdə isə, görüşəndə çox şey müzakirə olunacaqdır.

Sual: Cənab Prezident, Ağdam bölgəsində atəşkəsin pozulmasını danışıq prosesinə təzyiq kimi qiymətləndirmək olarmı? 

Cavab: Bilirsiniz, bu şeyləri şişirtmək lazım deyildir. Amma bunu şişirdirsiniz. Mən bilmirəm, sən haradansan?

Jurnalist: "Saman yolu" televiziyasından.

Heydər Əliyev: Sən də bir az düz yola gəl. Bizim müxalifət adamlarının təsiri altına düşmə.

Jurnalist: Atəşkəsin ermənilər tərəfindən pozulmasını deyirəm.

Heydər Əliyev: Qulaq as, axı sən niyə deyirsən ki, atəşkəs pozulubdur? Axı, kim dedi ki, atəşkəs pozulubdur.

Jurnalist: Müdafiə Nazirliyinin məlumatında belə deyilir.

Heydər Əliyev: Müdafiə naziri deməyib ki, atəşkəs pozulubdur. Bilirsiniz, müxalifətdən bir nəfər bu damğanı vurur, ondan sonra hamınız götürüb bunu təkrar edirsiniz. Siz anlayın, başa düşün, hamınıza deyirəm, bütün Azərbaycan xalqına deyirəm: dünya praktikasında indiyə qədər olmayan şeydir ki, bir neçə il müharibə aparmış iki dövlət müharibə  nəticəsində böyük itkilər verildiyi, Azərbaycan torpaqlarının bir qisminin işğal olunduğu halda 1994-cü ildə atəşkəs barədə qərara gəlmişdir.

Bəli, onda cəhd var idi ki, buraya Rusiyanın sülhyaratma güvvələri gəlsinlər, bizim aramızda dursunlar. Mən bunu qəbul etmədim Ermənistanla o vaxt danışdıq ki, biz özümüz bunu təmin edəcəyik. Özümüz də təmin edirik. Bu, dünyada analoqu olmayan bir şeydir. Bu, təkcə bizim xidmətimiz deyil, Ermənistan tərəfinin də xidmətidir. Demək, bu onu göstərir ki, Ermənistan tərəfi də istəyir ki, atəşkəs olsun, biz də istəyirik. Bunu heç kəs pozmur. Amma sərhəddə, siz təsəvvür edin – sən get o sərhəddə, səngərlərin içində 3-4 gün ol, onda görərsən orada nə cürdür – erməni əsgərləri ilə Azərbaycan əsgərləri bir-birindən 100 metr məsafədə üz-üzə durublar. Biri səngərdən başını çaxardanda snayper vurur. Oradan da çıxaranda bizimkilər vurur. Bu, keçən illər çox olmuşdu. İldə təxminən 250–300 nəfəri bu tərəfdən də, o tərəfdən də vururdular. Haradan çox, haradan az, onu deyə bilmərəm. Biz danışdıq, mən göstəriş verdim, Köçəryan da. Bizim müdafiə nazirləri sərhəddə görüşdülər, danışdılar ki, bunların qarşısı alınsın. Bunun qarşısını almaq bizim ümumi siyasətimizdir. Amma cavan bir əsgər orada durub, o birisi başını çıxaranda həvəslidir ki, atım, görüm vura biləcəyəm, yoxsa yox. Vurdu. Ağdam istiqamətində belə bir şey olubdur. Bizim bir zabiti, deyəsən, baş leytenantı vurublar. Sonra iki əsgər onun meyitini götürmək istəyəndə onlara da güllə atıblar, qıçlarından yaralanıblar. Bu, atəşkəsin pozulmasıdırmı? 

Amma o dəqiqə bizim bu özəl televiziyalar yayır, qatı müxalifət qəzetləri böyük başlıqla yazır ki, atəşkəs pozuldu. Bunlar hamısı yalan şeylərdir. Ona görə də siz ağlınızı başınıza yığın. Ümumiyyətlə, Ermənistan–Azərbaycan münasibətlərinə aid

belə səhvlər buraxmayın. İndi bizim daxilimizdə nə edirsiniz, edin. Nə bilim, prezidenti təhqir edirsiniz, söyürsünüz, nalayiq sözlər deyirsiniz. Bununla öz mənəviyyatsızlıqlarını göstərirlər. Mən bunu sizə demirəm, həmin bu işləri edənlərə deyirəm. Edin, demokratiyadır. Amma başa düşün ki, biz burada, necə deyərlər, ülgücün üstündə durmuşuq. Atəşkəsin pozulması nə bizə, nə də Ermənistana lazım deyildir. Amma, əlbəttə, cürbəcür fitnəkarlıq ola bilər - üç gün pozuldu, iki gün pozuldu. Onu aradan qaldırmaq üçün 10 gün lazımdır.

Sual: Cənab Prezident, son vaxtlar İranın Minsk qrupu səviyyəsində məsləhətləşmələrə cəlb olunması Mehri variantı ilə bağlıdır?

Cavab: Yox, onunla bağlı deyildir. Onun əsas təşəbbüskarı Ermənistandır. Ermənistan bir neçə dəfə deyib ki, İran da bizim bölgədədir, qoy bunu onlar da bilsinlər. Minsk qrupu da Parisdə İranın nümayəndəsi ilə görüşübdür, onu məlumatlandırıbdır.

Sual: Cənab Prezident, Sizcə Ermənistandakı siyasi böhran onun mövqeyinə təsir edə bilərmi? 

Cavab: Mən Ermənistandakı siyasi böhranı bilmirəm və buna qarışmaq da istəmirəm.

Sual: Cənab Prezident, Gürcüstanda vəziyyət gərginləşibdir. Bakı-Ceyhanın reallaşması ərəfəsində bu Sizin narahatlığınıza səbəb olurmu?

Cavab: Yox, narahat deyiləm. Onlardan heç bir şey ola bilməz. Sağ olun.

Tarixi arayış

MÜSAHİBƏLƏR