Dünya şöhrətli dirijor və görkəmli bəstəkar Niyazinin 90 illiyinə həsr olunmuş yubiley gecəsində Azərbaycan Prezidenti Heydər Əliyevin nitqi - 8 dekabr 2002-ci il


Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Niyazinin 90 illik yubileyini təntənəli qeyd edərək, biz Azərbaycan xalqının mədəniyyətimizə, musiqimizə olan hörmətini və məhəbbətini ifadə edirik. Görkəmli mədəniyyət xadimlərimizin, musiqi ustalarımızın, yazıçılarımızın, şairlərimizin, elm xadimlərimizin, ictimai xadimlərin yubileylərini Azərbaycanda yüksək səviyyədə qeyd etmək bizim, Azərbaycan hökumətinin xalqımızın elminə, mədəniyyətinə, ədəbiyyatına olan diqqətini və qayğısını göstərir.

Bəzən kimsə elə düşünür ki, belə təntənəli yubileylər bəlkə də lazım deyildir. Biz belə səsləri eşitmişik. Ancaq bunları nəzərə alaraq, mən bu gün bir daha deyirəm ki, belə yubiley gecələri bizi daha da zənginləşdirir, bizə ruh verir, bizi daha da nikbin edir.

Mən bu gün bu salonda Niyazi haqqında deyilən sözləri dinləyərək, onun musiqisini dinləyərək, dirijorluq sənətinin nümunələrini yenidən xatırlayaraq, böyük hissiyyatlar keçirirəm. Bu hissiyyatlar xalqımıza olan sevgidən gəlir. Mədəniyyət, musiqi xalqımızın ən dəyərli sərvətlərindən biridir. Mədəniyyət hər bir xalqı dünyada daha da çox tanıdan, onu təbliğ edən vasitələrdən biridir. Biz isə xoşbəxtik ki, xalqımızın belə zəngin mədəniyyəti, incəsənəti var və bunlar həm xalqımızın özünə mənəvi qida verir, həm də onu dünya xalqları içərisində fərqləndirir, tanıdır, başını ucaldır. Niyazi məhz Azərbaycan xalqının başını ucaldan ən böyük şəxsiyyətlərdən biridir.

Bu gün Niyazi haqqında çox gözəl xoş, dərin mənalı sözlər, fikirlər deyildi. Hamısı düzdür. Mən də hamısını təsdiq edirəm. Çünki, Niyazini bəlkə də, bu salonda oturanların hamısından daha da çox tanıyanlardan biri mənəm, Mənim Niyazi ilə əlaqəli, onunla olan dostluqla bağlı çox xatirələrim var. Hamısı da xoş xatirələrdir, sevindirici xatirələrdir.

Mən 1950-ci illərdən Niyazi ilə yaxın dostluq əlaqəsində olmuşam. Bəlkə ailələrimiz çox yaxın olubdur. Ailəvi dost olmuşuq. Sonrakı dövrdə, Azərbaycana rəhbərlik etdiyim zaman da bu dostluğum davam edib və təkcə onunla dost olduğuma görə yox, o, həqiqətən nadir insan olduğuna görə, nadir musiqiçi, dirijor olduğuna görə həmişə mən ona böyük məhəbbətlə, sevgiylə yanaşmışam. Təbiidir ki, lazım olan qayğılarımı da göstərmişəm.

Azərbaycanda professional musiqinin, yəni simfonik musiqinin təbliğində, Azərbaycan bəstəkarlarının simfonik musiqi əsərləri yaratmasında və bu əsərlərin ifa edilməsində Niyazinin əvəzsiz rolu olubdur. Burada Qara Qarayevin sözlərini səsləndirdilər ki, onun əsərlərinin səslənməsində o, Niyaziyə borcludur. Bu, həqiqətdir. Çünki mən Qara Qarayevlə də çox yaxın dostluq əlaqəsində olmuşam. Qara Qarayev bu sözləri düzgün deyibdir. Mən çox sevinirəm ki, səmimi deyibdir. Amma təkcə Qara Qarayevin yox, bütün Azərbaycan bəstəkarlarının həm opera əsərlərinin, həm simfonik əsərlərinin işıq üzü görməsində, səslənməsində, xalqa çatdırılmasında Niyazi əvəzsiz rol oynamışdır. Bunların hamısı məlumdur. Ancaq bu gecənin mənası ondan ibarətdir ki, heç kəs bunları unutmasın. Bugünkü nəsillər də, gələcək nəsillər də bunları bilsin. Yəni biz bu gün səslənən sözləri yaşatmalıyıq.

Azərbaycanda simfonik orkestrin yaranması Üzeyir Hacıbəyovun fəaliyyəti ilə bağlıdır. Üzeyir Hacıbəyov, Müslüm Maqomayev o illərdə, ilk illərdə Azərbaycanda simfonik orkestrin inkişaf etməsi üçün çox işlər görmüşlər. Birincisi, simfonik orkestr üçün Azərbaycan musiqisi nümunələri yaratmışlar, ümumiyyətlə, dünya musiqisinin, dünyanın böyük bəstəkarlarının əsərlərinin Azərbaycan səhnəsində, Azərbaycan simfonik orkestrinin ifasında səslənməsində çox iş görmüşlər. Ancaq mən bunu tam qətiyyətlə deyirəm - əgər Niyazi olmasaydı, Azərbaycanın simfonik orkestri bu səviyyəyə çatmazdı. Niyazi olmasaydı, bizim Azərbaycanın görkəmli bəstəkarlarının yaratdıqları gözəl opera əsərləri, simfoniyalar bu qədər yüksək səviyyəyə çatmazdı. Bunların hamısında Niyazinin xidməti var, rolu var və təkcə musiqiçilər yox, bütün Azərbaycan xalqı ona minnətdar olmalıdır.

Şəxsi nöqteyi-nəzərdən Niyazi özünü çox sevdirən bir adam idi, məzəli insan idi. Burada dedilər, onun sərtliyi də var idi. Bəzən heç kəsi eşitmirdi. Mülayimliyi də var idi, hamısı var idi. Bu da, təbiidir, onun xarakteri idi. O, ömrü boyu öz xarakteri ilə yaşadı və böyük işlər gördü. Burada dedilər, yeganə Azərbaycan dirijorudur ki, öz ölkəsinin sərhədlərindən çıxıb, dünyanın böyük, yüksək musiqi sənətinə malik ölkələrində ən tanınmış simfonik orkestrlərə dirijorluq etmişdir. Bu, Leninqradda da olubdur. Oranın Opera və Balet Teatrı dünyada ən məşhur teatrlardan biridir. Bu, Praqada da, Londonda da, Parisdə də, Türkiyədə də olubdur.

Niyazinin Türkiyəyə 1950-ci illərdə ilk səfərlərinin hamısı mənim xatirimdədir. O vaxt xaricə getmək çətin məsələ idi. Bütün Sovetlər İttifaqı dəmir pərdə ilə bağlanmışdı. Nadir hallarda ayrı-ayrı insanlar xarici ölkələrə səfərlər edirdilər. Niyazi, bəlkə də, bizim musiqiçilərimizdən Türkiyəyə və başqa ölkələrə ən əvvəl səfər edən sənətkardır. Doğrudur, sonrakı illərdə Rəşid Behbudov öz mahnıları ilə çox fəaliyyət göstərmişdir. Amma bunlar bir-birindən tamamilə fərqli musiqi janrlarıdır.

Niyazinin musiqi sahəsindəki gördüyü işlər, demək olar ki, ən çətin işlərdir. Burada hörmətli xanım Janna Dozortseva çıxış etdi, o illərdə Niyazinin simfonik orkestrinin konsertləri haqqında söylədi.

Mən bir gün filarmoniyaya gəlmişdim, hansısa simfonik konsert var idi. Salon dolu idi, konsert çox yaxşı, böyük alqışlarla keçdi. Konsertdən sonra mən otağında onunla söhbət edirdim. O, mənə söylədi ki, Siz buraya gəlmisiniz, yəqin bu münasibətlə salon doludur, - yəni simfonik orkestrin konsertlərini nəzərdə tuturdu, - ancaq başqa vaxtlarda bizim simfonik orkestrin konsertlərinə adamlar çox gəlmir. Bəzən də çox az gəlirlər. Dedim, nə üçün? Dedi, belədir, biz simfonik musiqini insanlara hələ lazımi səviyyədə çatdıra bilməmişik. Onda biz onunla belə bir plan cızdıq ki, Niyazi ayda bir dəfə filarmoniyada yüksək səviyyəli konsertlər verəcək və Azərbaycanın bütün rəhbər işçiləri öz ailə üzvləri ilə bu konsertə gələcəklər. Bunu təşkil etdik.

Həmin vaxt o, mənə dedi ki, biz simfonik musiqi əsərini ifa edirik, amma bəziləri bunun dərin mənasını dərk edə bilmirlər. Ona görə də bu musiqini qəbul edə bilmirlər. Təklif etdi ki, hər bir əsər haqqında əvvəlcə izahat verilsin, o əsərin məzmunu sadə dildə çatdırılsın, sonra isə əsər dinlənilsin. Çox yaxşı fikir idi. Mən də bəyəndim. Buna görə də o, hər ay Moskvadan Janna Dozortsevanı dəvət edirdi. Çox gözəl musiqişünasdır. O, əsərlərin məzmununu çox gözəl çatdırırdı. Mən hər dəfə, hər konsertdən konsertə görürdüm ki, bizim adamlar, yəni mənimlə konsertə gedənlər, təbiidir ki, o vaxt filarmoniyanın salonu tamamilə dolu olurdu, bu əsərləri məcburi yox, həvəslə, qəlbən dinləyirdilər.

Beləliklə, biz bir sistem yaratdıq. Buna da Moskvada, oradakı mətbuatda - qəzetlərdə, jurnallarda "Simfonik musiqini dinləmə universiteti" adı qoydular. Niyazi bu işləri elə həvəslə, elə ürəklə görürdü ki, mən görürdüm, ondan sonra o, mənəvi cəhətdən nə qədər ruhlanır, zövq alırdı ki, belə bir gözəl iş gördü.

Mən indi bu konsert salonunu seyr edirəm. Təbiidir ki, buradakıların əksəriyyəti niyazisevərlərdir, musiqisevərlərdir. Ancaq eyni zamanda, Azərbaycanın dövlət hakimiyyəti orqanlarında işləyən insanlar da dəvət olunublar. Amma mən burada həmin o iilərin simfonik konsertlərinin hansısa bir ruhunu hiss edirəm. Gəlin, razılaşaq, Niyaziyə həsr olunmuş bugünkü gecə, konsert indiyə qədərki başqa yubiley tədbirlərindən, konsertlərindən fərqlənir. Fərqlənir ona görə ki, birincisi, səhnədə simfonik orkestr - Niyazinin uzun illər rəhbərlik etdiyi və Niyazinin xidmətləri sayəsində bugünkü bu yüksək səviyyəyə çatmış orkestr var.

İkincisi, ona görə ki, burada Niyazinin əsərləri ifa olunur. Ona görə ki, Niyazi haqqında burada xatirələr deyildi. Ona görə ki, Niyazi həyatdan gedib, amma Azərbaycan xalqı üçün gözəl bir miras qoyubdur - simfonik musiqi, simfonik orkestr. Üzeyir Hacıbəyovun yaratdığı və Niyazinin fəaliyyəti nəticəsində çox yüksəklərə qalxmış, indi Niyazini əvəz edən Rauf Abdullayev kimi dirijoru olan simfonik orkestr.

Mən çox sevinirəm ki, bu yubiley gecəsində Niyazi haqqında gözəl, xoş sözlər deyilir. Ancaq o illəri xatırlayıram ki, bizim bəstəkarlar, musiqiçilər bir-biri ilə yola getmirdilər, bir-biri ilə ədavət edirdilər. Bunlar da var idi. Bunları gizlətmək lazım deyil, hamısı olubdur, hamısı bizimkidir.

Xatırlayıram, 1973-cü ildə, demək olar, 30 il bundan öncə, xüsusən bəstəkarlar arasındakı bu münasibət məni çox narahat etdiyinə görə, bazar günü bir qrup böyük bəstəkarı şəhərdən kənardakı, Zuğulbadakı dövlət bağ evinə dəvət etdim. Özü də erkən, səhər saat 11-də. Dedim ki, gəlin, oturaq söhbət edək, çay içək, bütün günü bir yerdə olaq. İndi baxıram, həmin o görüşdə iştirak edənlərdən təkcə Arif Məlikov var. Təəssüflər olsun ki, illər ötür, insanlar dünyasını dəyişir. Mənim o vaxt görüşdüyüm insanların Arif Məlikovdan başqa, demək olar, hamısı artıq dünyasını dəyişibdir.

Orada gözəl bir gün keçirdik. Mən xüsusən çalışırdım ki, Qara Qarayevi, Fikrət Əmirovu, Niyazini - üçünü bir-biri ilə dost edim, bir-biri ilə barışdırım. Onlar dost idilər, bir gün dost olurdular, bir gün küsürdülər, bir gün bir-birindən inciyirdilər. Bu da bizim ümumi işimizə zərər verirdi. Mənə belə gəlir ki, günün axırında, bizim oradakı görüşümüzdə tamamilə yeni bir ab-hava yarandı. Sonra bizim bəstəkarlar bunu daim xatırlayırdılar və təşəkkür edirdilər ki, mən belə bir görüş keçirdim və onları bir-biri ilə daha da yaxınlaşdırdım. Yəni bunlar yaxın idilər, bir yerdə işləyirdilər.

İndi burada eşitdik, əgər Niyazi olmasaydı, Qara Qarayevin əsərləri o cür yüksək səviyyədə təqdim edilə bilməzdi. Eləcə də Fikrət Əmirovun əsərləri. Onların hamısı bu simfonik orkestrdən və Niyazinin əlindən keçəndən sonra biz gördüyümüz səviyyəyə gəlib çatırdı. Bunda Niyazinin rolu böyükdür. Onlar da Niyazi ilə əməkdaşlıq edirdilər. Ancaq bəzən şəxsi münasibətlər dəyişirdi və bu da işlərimizi pozurdu.

Niyazi çox xeyirxah adam idi. Burada onun ev muzeyi haqqında danışdılar. Bəli, o, 1984-cü ildə vəfat etmişdi. Mən onda burada yox idim, Moskvada işləyirdim. Ancaq mən 1993-cü ildə Bakıya yenidən dönəndən sonra maraqlandım. Ümumiyyətlə, ev muzeylərinin yaradılması çox gözəl bir ənənədir. Məsələn, bizim yaratdığımız Üzeyir Hacıbəyovun ev muzeyi, Səməd Vurğunun ev muzeyi, Cəlil Məmmədquluzadənin ev muzeyi, Cəfər Cabbarlının ev muzeyi, Niyazinin ev muzeyi - bunların hər biri böyük mədəniyyət mərkəzinə çevrilir və belə də var.

Məsələn, bir var, başqa yerdə yığışasan, bir də var, Niyazinin yaşadığı evdə, onun divarları arasında yığışasan. Bu, tamamilə başqa bir əhval-ruhiyyədir. Onun o qədər də böyük mənzili yox idi, amma qapısı həmişə açıq idi. Gərək ki, burada Vasif Adıgözəlov da, Polad Bülbüloğlu da dedilər ki, onlar elə orada böyüyüblər. Doğrudan da belədir, qapısı açıq idi və gələn adam da orada mütləq yemək yeməli, çay içməli idi. Rəhmətlik Həcər xanım da səhərdən axşama kimi Niyazinin qonaqlarına qulluq etməli idi. Bax, Niyazi belə bir həyat keçirirdi. İstədiyi adam onun evinə gedə bilərdi və gedirdi də . O, heç vaxt heç kəsdən uzaqlaşmırdı.

Çox yaxşı lətifələr də danışırdı. Azərbaycanın müxtəlif bölgələrindən olan, müxtəlif ləhcələrdə danışan adamları çox gözəl yamsılayırdı. Ona görə bəzən mən onu görəndə deyirdim, danış görüm, Şəki teatrında "Otello" nə cür gedir. Elə danışırdı ki, daha ondan sonra nə konsert lazım idi, nə də teatr, heç bir şey lazım deyildi.

Həcər xanım daim Niyazi ilə bir yerdə idi. O, dünyada haraya gedibsə, Həcər xanım onunla bir yerdə olubdur. Mən bəzən zarafatla deyirdim ki, Niyazi, sənə bu mükafatları ki, veririk, gərək onların çox hissəsini Həcər xanıma verək. Əgər Həcər xanım olmasaydı, sən bu cür gözəl fəaliyyət göstərə bilməzdin. Çox gözəl insan idi. Mən onu çox sevirdim.

Yenə də deyirəm, mən bu gün burada, bir tərəfdən, qüssələnirəm ki, o, yoxdur. İkinci tərəfdən də, millətimə, xalqıma görə fəxr edirəm ki, belə insanlar yaradıbdır. Biz xoşbəxtik ki, XX əsrdə Azərbaycan xalqı mədəniyyət sahəsində çox böyük simalar yetiribdir. Onlar bizim mədəniyyətimizi yüksəldib və bizə böyük miras qoyub gediblər.

Mən bu gün Niyazinin ruhu qarşısında baş əyirəm. İnanıram ki, Niyazi Azərbaycan xalqının qəlbində daim yaşayacaq, onun əsərləri gələcək nəsilləri də mənəvi yüksəkliyə qaldıracaq və xalqımız mədəniyyətə, incəsənətə daim sadiq olacaqdır.

"Azərbaycan" qəzeti, 9 dekabr 2002-ci il.