ABŞ Azərbaycan ilə investisiya sazişi bağlayır


Ağ evdəki görüşdə erməni münaqişəsinin aradan qaldırılması yolları barəsində fikirləşirlər.

Dünən Ağ ev ABŞ-a ilk rəsmi səfərə gələn Azərbaycan Prezidenti Heydər Əliyev ilə kommersiya əlaqələrini genişləndirmək üçün investisiya sazişi imzalamışdır. Neft müqavilələrində nəzərdə tutulan 8 milyard dollar isə Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılmasına kömək səylərində mərkəzi yer tutur. Zəngin neft ehtiyatlarına malik Azərbaycan ilə güclü əlaqələr yaradan ABŞ-ın Dağlıq Qarabağ məsələsinin həllində bitərəf vasitəçi ola biləcəyinə şübhə edən ermənipərəst qüvvələr Konqresdə hay - küy qaldırsalar da Prezident Klintona təsir göstərə bilməmişlər.

Ağ evdə üç saatlıq görüş nəticəsində Əliyev və Klinton investisiya sazişi imzalamışlar. Xəzər dənizinin neft ehtiyatlarının müştərək istehsalı ilə bağlı 4 yeni iri kontraktın imzalanması mərasimində isə vitse-prezident Qor və Prezident Heydər Əliyev iştirak etmişlər.

Əliyev demişdir ki, ABŞ-ın "Eksson", " Şevron", "Mobil", və "AMOKO" kimi nəhəng neft şirkətlərinin iştirak etdikləri müqavilələrin investisiya dəyəri 8 milyard dollardır. Klintonla danışıqlardan sonra Əliyev icmalçılara demişdir ki, biz ölkələrimiz arasında iqtisadi əlaqələrin gələcəkdə daha da genişlənməsinin təməlini qoymuşuq.

İkitərəfli investisiya sazişi ABŞ ilə keçmiş sovet respublikası arasında kapitalın və gəlirlərin sərbəst hərəkətinə zəmanət verir və investisiyaları əvəzi ödənilməyən müsadirələrdən qoruyur. ABŞ-ı belə böyük müqavilələr imzalamağa vadar edən energetikanın inkişafı baxımından Xəzər dənizindəki zəngin neft yataqlarının cazibəsi və ixrac məsələlərində əməkdaşlıqdır.

Əliyev demişdir ki, iqtisadi əlaqələrin yaxşılaşdırılması yolunda növbəti addım ABŞ-ın Azərbaycan hökumətinə iqtisadi yardım üzərində beş ildən bəri davam edən qadağanın ləğv edilməsi olmalıdır. Klinton vəd etmişdir ki, bu qadağanın ləğv edilməsinə çalışacaqdır.

Vaxtı ilə Ermənistan və Dağlıq Qarabağ iqtisadi blokadaya alındığına görə Azərbaycanı cəzalandırmaq üçün ABŞ Konqresi bu embarqonu tətbiq etmişdir.

Nümayəndələr Palatasında və Senatda qanunvericilər Azərbaycanda demokratiyanın bərqərar olmasına yardım göstərmək üçün embarqonu yüngülləşdirmək niyyətindədirlər. Qadağanın bütünlüklə ləğv edilməsinə Amerikadakı erməni lobbisinin güclü təzyiqi mane olur.

Görüşdən sonra Klintonun və Əliyevin verdikləri birgə bəyanatdan aydın olur ki, məsələnin həll edilməsi müqabilində Azərbaycan Dağlıq Qarabağa ən yüksək muxtariyyət və Dağlıq Qarabağda yaşayan ermənilərin və başqa azsaylı xalqların təhlükəsizliyinə zəmanət verməlidir. Bu zaman Azərbaycan ilə Ermənistan bir - birinin sərhədlərinin pozulmazlığına hörmət etməlidirlər. Əliyev Rusiya, Fransa və ABŞ tərəfindən bu yaxınlarda irəli sürülən təklifləri qəbul etdiyini təsdiq etmişdir.

Bəyanatda deyilir ki, Xəzərin yanacaq ehtiyatlarının istifadəyə verilməsi üçün Azərbaycan ilə əlbir işləyərkən ABŞ tək Azərbaycanın çiçəklənməsinə kömək etmir, həm də öz enerji təchizatı mənbələrini artırır və ölkənin təhlükəsizliyinin möhkəmlənməsinə kömək edir. Bəyanatda təsdiq edildiyi kimi, Qafqaz dövlətləri öz potensiallarından tam mənada ancaq sülh şəraitində istifadə edə bilərlər. 

"Vaşinqton post " qəzeti,
2 avqust 1997-ci il