Qaraqoyunlu dövləti


Hələ VI-VII əsrlərdə Azərbaycan xalqının təşəkkülündə iştirak etmiş oğuz tayfalarından olan qaraqoyunlular bu dövlətin hərbi-siyasi həyatında fəal iştirak edirdilər. 1408-ci ilin yazında Azərbaycan qaraqoyunlular tayfa birliyinin başçısı Qara Yusif Teymurilərin qoşunlarını məğlub edərək Azərbaycandan çıxartdı. Bu dəfə Azərbaycanda hakimiyyəti təkbaşına ələ keçirmək üstündə Qara Yusiflə Cəlairi Sultan Əhməd arasında mübarizə başlandı. Qara Yusif 1410-cu ilin avqustunda Təbriz yaxınlığında Sultan Əhmədə qalib gəldi və onu edam etdirdi. Kürdən cənubdakı Azərbaycan torpaqlarında yeni Azərbaycan dövləti-Qaraqoyunlu dövləti (1410-1467) meydana gəldi. Qaraqoyunlu dövlətinin paytaxtı Təbriz şəhəri idi. Müxtəlif vaxtlarda Azərbaycanın cənubu ilə yanaşı, Gürcüstanın bir hissəsi, Ermənistan, Kürdüstan, İraq və Qərbi İran Qaraqoyunlu dövlətinin tərkibində olmuşdur. Azərbaycan Qaraqoyunlu dövləti 1467-ci ilin sonunda süquta uğradı və Azərbaycan zəminində yeni siyasi qurum-Uzun Həsənin Ağqoyunlu dövləti təşəkkül tapdı.