Birləşmiş Millətlər Təşkilatının baş katibi cənab Kofi Annana - Bakı şəhəri, 18 iyul 1998-ci il


Hörmətli cənab Baş katib!

Məmnuniyyətlə Sizin məktubunuzla tanış oldum. Toxunduğunuz məsələlərin vacibliyi şübhəsiz ki, bütün dövlətlərin diqqət mərkəzindədir.

Böyük ruh yüksəkliyi ilə Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illik yubileyini qeyd edirik. Məhz bu bəyannamədə insan hüquqları sahəsində ilk rəsmi sənədlərdən biri olmaqla onun mətnində təsbit olunmuş ümumbəşəri hüquqların dəyəri tam şəkildə səciyyələndirilir.

Bəşəriyyətin indiki inkişaf mərhələsi planetimizin sosial-siyasi və mənəvi simasının ən dərin dəyişiklikləri ilə əlamətdardır. Əlbəttə, bu dəyişikliklər müsbət xarakter daşıyır və beynəlxalq münasibətlərin ab-havasına olduqca əlverişli təsir göstərir.

Azərbaycan Respublikası da baş verən proseslərdən kənarda qalmamışdır. Sülh və tərəqqi yolunda Azərbaycan dövləti öz siyasətini həmişə bəşəriyyətin yüksək və daimi dəyərlərinə - demokratiyaya, insan hüquqlarının və azadlıqlarının təmin edilməsinə yönəltmişdir.

Hörmətli dost!

Güman edirəm ki, Azərbaycanda son illərdə əldə edilmiş nailiyyətlər tanış olmaq sizin üçün maraqsız olmayacaq.

1995-ci ildə ümumxalq səsverməsi yolu ilə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi və çoxpartiyalı parlamentinin seçilməsi cəmiyyətin demokratikləşdirilməsi və hüquqi dövlətin qurulması prosesinin ən vacib mərhələlərindən biridir. Konstitusiya, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəalarını özündə əks etdirərək və demokratik cəmiyyətlərin təcrübəsini nəzərə alaraq yaradılmışdır. Qanunvericilik sistemində mövcud olmuş müstəsna cəza tədbiri - ölüm cəzası - dövlətimizə keçmiş Sovet İttifaqından acınacaqlı miras kimi qalmışdır. Halbuki 1993-cü ilin iyun ayından başlayaraq, Azərbaycanda ölüm hökmü icra olunmamış, faktiki olaraq onların icrasına tərəfimdən moratorium qoyulmuşdur. Sonradan bu moratorium reallığa çevrilərək, Azərbaycanda ölüm hökmünün ləğv edilməsi zərurətinə gətirib çıxarmışdır.

İnsan hüquqlarının təmin edilməsini ümumdövlət vəzifəsi hesab edərək, bu il fevralın 3-də ölüm cəzasının ləğv edilməsi təşəbbüsü ilə parlamentə müraciət etdim və humanist akt qəbul edildi.

Bununla da Şərq aləmində ilk dəfə olaraq Azərbaycanda ölüm cəzasının ləğvi ölkəmizin dünyəvi, demokratik və hüquqi dövlət quruculuğu yolunda mühüm bir addım oldu.

Lakin dövrümüzün reallığı ondan ibarətdir ki, insanların təhlükəsiz yaşamaq hüququ bir çox yerlərdə kobudcasına pozulur və bunların başlıca amili müharibələrdir.

Şübhəsiz ki, insan hüquqlarını təmin edən demokratik dövlət müharibəni birinci başlamaz. Burada xüsusi qeyd etmək istəyirəm ki, 1988-ci ildən bəri davam edən Ermənistanın Azərbaycana qarşı silahlı təcavüzü nəticəsində on minlərlə insanlar həlak olmuş, onların yaşadıqları yerlər dağıdılmış, mədəni sərvətlər məhv olunmuş, ailə üzvləri arasında əlaqələr kəsilmiş, bir milyondan artıq soydaşlarımız öz yurdlarından didərgin düşmüş və böyük faciələrə düçar olmuşlar. Lakin bütün bunlara baxmayaraq, bir daha bəyan edirəm ki, Azərbaycan dövləti münaqişəni yalnız sülh yolu ilə həll etmək niyyətindədir. Biz sülhü insan həyatında ən ülvi məqsəd hesab edirik. Digər tərəfdən sülhün öz-özünə bərqərar olacağını hesab etmək sadəlövhlük olardı. Müharibələr bütün bəşəriyyəti böyük bir təhlükə altında qoyur. Odur ki, bütün dövlətlər, beynəlxalq təşkilatlar və hər bir insan sülhün bərqərar olunmasında məsuliyyət daşıyır və onun qorunub saxlanılmasına öz səylərini əsirgəməməlidir.

Bu gün hər bir şəxsin həyatında və cəmiyyətdə insan hüquqlarının reallığa çevrilməsi amalı ilə yaşayan Azərbaycan dövləti insan hüquqları sahəsində 20-dək beynəlxalq konvensiya və sazişlərə, o cümlədən 1992-ci il iyulun 21-də "Uşaq hüquqlarına dair" , 1995-ci il iyunun 30-da isə "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" konvensiyalara qoşulmuşdur və üzərinə götürdüyü öhdəliklərə sadiqdir.

Yəqin sizə məlumdur ki, bu ilin may ayında Azərbaycan hökuməti ilə BMT-nin İnkişaf Proqramının "Qadın hüquqları-insan hüquqları, Qadınlar hərbi münaqişələrdə" mövzusunda subregional konfransı keçirilmişdir.

İnsan hüquqlarının müdafiəsi sahəsində zəruri hüquqi mexanizmlərin yaradılması məqsədi ilə bu ilin fevral ayında "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərman, aprel ayında isə "Birləşmiş Millətlər Təşkilatının Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyinin keçirilməsi haqqında" sərəncam imzalamışam və müvafiq tədbirlərin keçirilməsi barədə tapşırıqlar vermişəm. Bununla bağlı insan hüquqlarının müdafiəsinə dair dövlət proqramının təsdiq edilməsi, BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 50 illiyi münasibətilə yubiley tədbirlərinin keçirilməsi üzrə komissiyanın yaradılması və BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə insan hüquqlarının müdafiəsinə dair proqramın hazırlanmasını, ölkəmizdə Ombudsman təsisatının, insan hüquqları problemləri üzrə elmi tədqiqat institutunun yaradılması barədə təkliflərimi xüsusilə qeyd etmək istərdim. Bu günlərdə Azərbaycan hökuməti ilə BMT-nin İnsan Hüquqları Üzrə Mərkəzi arasında əməkdaşıq proqramının təsdiqlənməsi gözlənilir.

Sizi əmin etmək istərdim ki, əldə etdiyimiz nailiyyətlərlə kifayətlənməyərək, biz demokratiyanın möhkəm binasının qurulması yolunda fəal iş aparmaqda davam edirik. Bu bina ölkəmizin hər bir vətəndaşı azad yaşamaq hüququna nail olacaq və onun ictimai quruluşu dünyanın ən zəngin nümunələrindən geri qalmayacaqdır.

Dərin hörmət və ehtiramla,

Heydər Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.

"Azərbaycan" qəzeti, 19 iyul 1998-ci il.

Oçerklər

Azərbaycan - BMT

Ümumi tarixi arayış

Azərbaycan - BMT‎

Tarixi arayış