Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Amerika Birləşmiş Ştatlarının Kənd Təsərrüfatı naziri Den Qlikman ilə görüşdəki söhbətindən - Vaşinqton, 15 fevral 2000-ci il


Den Qlikman: Hörmətli cənab Prezident! Sizinlə ilk dəfə görüşməyimdən məmnun olduğumu bildirirəm. Sizin Vaşinqtona işgüzar səfərinizi böyük maraqla gözləyirdim və bu səfərə xüsusi əhəmiyyət verirdim.

Heydər Əliyev: Hörmətli cənab nazir! Mən də sizinlə görüşümdən məmnunam. İqtisadiyyatın bütün sahələrində olduğu kimi, aqrar sahədə də Azərbaycanla Amerika Birləşmiş Ştatları arasında geniş əməkdaşlıq imkanları mövcuddur. Azərbaycanın kənd təsərrüfatında artıq formalaşmış nəhəng potensialı vardır. Ölkəmizdə aqrar sahədə islahatlar həyata keçirilir. Azərbaycan Respublikasının iqtisadiyyatında əvvəlki illərdə yol verilmiş geriləmənin dayandırılması və iqtisadi artıma nail olunması, ölkəmizin dünya iqtisadiyyatına daha sıx inteqrasiyası və bazar iqtisadiyyatı münasibətlərinin inkişafı üçün işlər görülür. Neft və qaz sənayesinə cəlb edilən sərmayələrin köməyi ilə nəhəng layihələr həyata keçirilir. Hazırda neftqaz sahəsində Amerikanın on nəhəng şirkətinin Azərbaycanla geniş əməkdaşlığı vardır. İlkin neftin ixracı üçün nəzərdə tutulmuş şimal və qərb marşrutları istifadəyə verilmişdir. Əsas, neftin ixracından ötrü isə Bakı–Ceyhan boru kəmərinin reallığa çevrilməsi üçün ABŞ prezidenti Bill Klintonun xidmətləri xüsusi diqqətə layiqdir.

Neft-qaz sahəsində uğurlu əməkdaşlıqla yanaşı, aqrar sahədə də geniş işbirliyi imkanları mövcuddur. Bunun üçün Azərbaycanın böyük kənd təsərrüfatı potensialı vardır. Torpaq islahatı həyata keçirilir, maldarlıq sahəsində nailiyyətlər qazanılmışdır. İqlim qurşaqlarının əksəriyyətinin mövcud olduğu Azərbaycanda pambıqçılıq, üzümçülük, tütünçülük, taxılçılıqla yanaşı, subtropik bitkilərin də becərilməsi üçün əlverişli şərait vardır. Ölkəmizdə fermer təsərrüfatları yaranmış, xırda və orta sahibkarlıq inkişaf etdirilir. Dünya Bankı, eləcə də digər maliyyə qurumları bu sahədə Azərbaycana yardım göstərir. Görülmüş tədbirlər ilkin nəticələr vermiş, iqtisadiyyatda, o cümlədən kənd təsərrüfatında böhran dayandırılmış, 1999-cu ilin yekunlarına görə əksər sahələr üzrə sabit iqtisadi artıma nail olunmuşdur.

Den Qlikman: Hörmətli cənab Prezident, ətraflı və dolğun məlumat üçün təşəkkürümü bildirirəm. Azərbaycanla ABŞ arasında aqrar sahədə də daha geniş əlaqələr qurulmasına tərəfdaram. Tezliklə bu istiqamətdə daha səmərəli addımlar atılacağına ümid edirəm. Bizim ölkələrimiz kənd təsərrüfatı məhsulları ticarəti dövriyyəsinin artırılmasına çalışmalı, bu iş birgə əməkdaşlığımızın əsas şərtlərindən biri olmalıdır.