Kopenhagendə sosial tərəqqi naminə yüksək səviyyədə ümumdünya görüşündə Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - 12 mart 1995-ci il


scotch egg
scotch egg
scotch egg
temp-thumb
temp-thumb
temp-thumb

Hörmətli cənab sədr!

Hörmətli dövlət və hökumət başçıları, ümumdünya görüşünün iştirakçıları!

İcazə verin, sosial tərəqqi naminə yüksək səviyyədə ümumdünya görüşünün işi üçün yaradılmış çox gözəl şəraitə görə Danimarka hökumətinə təşəkkür edim. Bu görüşün hazırlanmasında böyük zəhmət çəkdiklərinə görə hazırlıq komitəsinə, şəxsən Birləşmiş Millətlər Təşkilatının Baş katibinə minnətdarlığımı bildirirəm.

Bəşər tarixində ilk dəfədir ki, dünyanın dövlət və hökumət başçıları dünyanın bütün xalqlarının sosial rifahına nail olmaq naminə razılaşdırılmış siyasət yürütmək məqsədi daşıyan məclisə toplaşmışdır. Bu sübut edir ki, bəşəriyyət soyuq müharibə, qlobal hərbi və ideoloji qarşıdurma başa çatandan sonra öz inkişafının yeni, daha yüksək mərhələsinə qədəm qoyur.

İlk dəfədir ki, dünya birliyi insanın harada yaşamasından, hansı irqə və ya dinə mənsub olmasından asılı olmayaraq onun həyatının sosial şəraitinə görə öz kollektiv məsuliyyətini başa düşdüyünü parlaq şəkildə nümayiş etdirir.

Hörmətli xanımlar və cənablar!

Öz dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikası demokratik hüquqi dövlət quruculuğu yolu ilə gedir, mükəmməl bazar islahatları həyata keçirir.

Respublikamızda böyük çətinliklərlə müşayiət edilməsi labüd olan bu keçid dövrü Ermənistan tərəfindən hərbi təcavüz, altı ildən çox davam edən müharibə nəticəsində daha da mürəkkəbləşmişdir. Azərbaycanın ərazisinin iyirmi faizindən çoxu işğal olunmuş, həmin ərazidə bütün iqtisadi potensial və sosial infrastruktur dağıdılmışdır. Bir milyondan çox azərbaycanlı işğal olunmuş ərazilərdən qovulmuş və indi çadır şəhərciklərində yaşayır, ərzaq, dava-dərman sarıdan korluq çəkir, həyat üçün ən zəruri və ən adi vasitələrə kəskin ehtiyac duyur.

Bu çətin şəraitdə biz respublika vətəndaşlarının sosial müdafiəsi sahəsində mümkün olan bütün tədbirləri görürük. Lakin təcavüzün vurduğu çox böyük iqtisadi zərər Azərbaycanın bütün əhalisinin vəziyyətini son dərəcə pisləşdirmiş, vətəndaşlarımızın böyük bir hissəsinin həyat səviyyəsini kəskin surətdə aşağı salaraq onları yoxsulluq həddinə yuvarlatmışdır.

Bütün bunlar sosial inkişaf vəzifələri ilə dünyada siyasi sabitlik, beynəlxalq hüququn müəyyən edilmiş normalarına, BMT nizamnaməsinə dönmədən əməl olunması məsələləri arasında qırılmaz əlaqəni sübut edir.

Buna görə də dövlət tərəfindən vətəndaşların sosial müdafiəsinə təminat verilməsi dövlətlərin özlərinin suverenliyinin, ərazi bütövlüyünün kənardan təhlükəyə məruz qalmayacağına beynəlxalq təminatlar verilməsi ilə tamamlanmalıdır.

İnsanın sosial müdafiəsinə siyasi, iqtisadi və humanitar cəhətdən vəhdət şəklində beynəlxalq təminat normaları işlənib hazırlanmalıdır.

Bununla əlaqədar olaraq, mən Birləşmiş Millətlər Təşkilatının yüksək səviyyəli məclisinin tribunasından beynəlxalq birliyi Ermənistan-Azərbaycan münaqişəsinin aradan qaldırılması sahəsində səyləri gücləndirməyə çağırıram.

Biz münaqişəyə ATƏT çərçivəsində son qoyulmasının sülh yolunun tərəfdarı olaraq qalırıq, ATƏT-in Minsk qrupunun fəaliyyətini və Budapeşt Zirvə toplantısının prinsipial qərarlarını müdafiə edirik. Ayrı-ayrı hallarda atəşkəs rejiminin pozulmasına baxmayaraq, bundan sonra da bu rejimi saxlamaq niyyətindəyik. Lakin Ermənistan Respublikası Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərindən erməni işğalçı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinə hələ də məhəl qoymur və bu, münaqişənin tamamilə aradan qaldırılması yolunda başlıca maneədir. Beynəlxalq birlik münaqişənin həllində müsbət nəticələr əldə etmək üçün öz yüksək nüfuzundan istifadə edib sülh danışıqları prosesinə təsir göstərməlidir.

Hörmətli xanımlar və cənablar!

Azərbaycan keçid dövrünün və xarici təcavüzün mürəkkəb şəraitində dünya birliyinin əməli köməyinə ehtiyac duyur.

Biz təcavüzdən zərər çəkənlərə humanitar yardım göstərdiklərinə görə Birləşmiş Millətlər Təşkilatına, müxtəlif beynəlxalq təşkilatlara və ayrı-ayrı ölkələrə minnətdarıq. Bununla yanaşı Azərbaycandakı sosial vəziyyət hələ də son dərəcə mürəkkəb olaraq qalır və belə yardımın gücləndirilməsini tələb edir.

Biz aqrar islahatı, dövlət mülkiyyətinin özəlləşdirilməsi və iqtisadiyyatın struktur cəhətdən yenidən qurulması sahəsində geniş miqyaslı proqramların həyata keçirilməsinə başlamışıq.

Biz xarici sərmayə üçün böyük imkanlar açırıq. Xəzər dənizinin Azərbaycan sektorunda neft yataqlarının birgə işlənməsi sahəsində dünyanın ən iri şirkətlərinin konsorsiumu ilə "Əsrin müqaviləsi"nin həyata keçirilməsinə başlanmışdır.

Bu il Azərbaycanda ilk dəfə olaraq çoxpartiyalı əsasda azad, demokratik parlament seçkiləri keçiriləcəkdir.

Ümid edirəm ki, bu planların həyata keçirilməsi Azərbaycan cəmiyyətinin əsas sosial problemlərini həll etməyə kömək edəcək və bizə sosial inkişaf sahəsində beynəlxalq səylərdə fəal iştirak etməyə, ehtiyacı olan ölkələrə kömək göstərməyə imkan verəcəkdir.

Görüşün iştirakçılarına səmərəli iş arzulayıram və əmin olduğumu bildirirəm ki, bizim qəbul etdiyimiz qərarlar bütün dünyada milyonlarla binəsibin ümidlərini doğruldacaq. XXI əsrdə beynəlxalq sabitliyin, tərəqqinin və inkişafın əsas dayaqlarından birinə çevriləcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.

"Azərbaycan" qəzeti, 13 mart 1995-ci il.

Oçerklər

Ümumi tarixi arayış

Yüksək tribunalardan

Tarixi arayış

Yüksək tribunalardan