Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin İran Prezidenti Seyid Məhəmməd Xatəmi ilə təkbətək görüşü - 18 may 2002-ci il


İran prezidentinin dövlət iqamətgahında Azərbaycan Respublikasının Prezidenti Heydər  Əliyev ilə İran  İslam Respublikasının Prezidenti Seyid Məhəmməd Xatəmi arasında təkbətək görüş olmuşdur.

Azərbaycan prezidenti Heydər  Əliyevi hörmət və ehtiramla salamlayan  İran prezidenti Seyid Məhəmməd Xatəmi dəvətini qəbul edib Tehrana rəsmi səfərə gəldiyinə görə respublikamızın rəhbərinə minnətdarlığını bildirdi. Cənab Məhəmməd Xatəmi böyük siyasi təcrübəyə malik olan müdrik dövlət xadimi Heydər Əliyev ilə hər bir görüşü çox faydalı və dəyərli hesab etdiyini bir daha nəzərə çatdırdı

Prezident Heydər  Əliyevin Tehrana rəsmi səfərinin  İran–Azərbaycan  əməkdaşlığında yeni  üfüqlər açdığını vurğulayan prezident Seyid Məhəmməd Xatəmi bu səfərin  ölkələrimizin qarşılıqlı surətdə faydalı əlaqələrinin inkişafında mühüm mərhələ olduğunu bildirdi.

Səmimi sözlərə, rəsmi səfərə dəvətə görə təşəkkür edən prezident Heydər Əliyev dost və qonşu ölkədə ona və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərlikdən məmnun qaldığını söylədi. Azərbaycan–İran ikitərəfli münasibətlərinin inkişaf etdirilməsi barədə geniş müzakirələr aparan prezidentlər bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin və dərinləşdirilməsinin zəruri olduğunu bildirdilər.

İqtisadi  əlaqələrin inkişafında böyük  əhəmiyyəti olan layihələrdə ölkələrimizin iştirakının vacibliyini nəzərə çatdıran  dövlət başçıları Şimal–Cənub nəqliyyat dəhlizinin geniş perspektivləri olduğunu yekdilliklə təsdiq etdilər. Xəzərin hüquqi statusu məsələsindən  söhbət açan prezidentlər sahilyanı ölkələrin bütün sahələrdə əməkdaşlığının daha  da sıxlaşdırılmasının böyük  əhəmiyyət daşıdığını, Xəzərin bundan sonra da sülh, təhlükəsizlik və əməkdaşlıq dənizi olacağına ümid bəslədiklərini bildirdilər. Prezidentlər Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı ekspertlər səviyyəsində müzakirələrin davam etdirilməsinin zəruriliyini vurğuladılar.

Görüşdə prezidentlər  ölkəmiz  üçün  ən ağrılı problem olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məsələsinə də geniş yer ayırdılar. Prezident Heydər  Əliyev xatırlatdı ki, Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi hələ də işğal altında qalmaqdadır, bir milyon azərbaycanlı uzun illərdən bəri çadırlarda ağır şəraitdə yaşayır.

Münaqişənin sülh yolu ilə həll edilməsi  üçün aparılan danışıqlar prosesindən bəhs edən prezident Heydər Əliyev bu münaqişənin tezliklə aradan qaldırılması sahəsində Minsk qrupunun üzvü olan dövlətlərin səylərinin artırılmasının vacibliyini nəzərə çatdırdı.

Ermənistanın Azərbaycana təcavüzünün  İran tərəfindən pislənildiyini və İranın bunu beynəlxalq təşkilatlarda açıq elan etdiyini vurğulayan prezident Seyid  Məhəmməd Xatəmi bu münaqişənin hələ də həll olunmamasından  öz  ölkəsinin narahatlığını bildirdi və münaqişənin tezliklə aradan qaldırılmasının bölgədə sülhün və əmin-amanlığın bərpa edilməsində mühüm rol oynayacağına əmin olduğunu söylədi.

Qədim tarixi  ənənələrə malik qonşu və dost  ölkələrimizin elm, təhsil, mədəniyyət və digər sahələrdə əlaqələrinin hazırkı vəziyyəti barədə müzakirələr aparan prezidentlər bu əlaqələrin daha da sıxlaşdırılmasının  vacibliyini vurğuladılar.

Görüşdə prezidentlər bölgədə vəziyyət, hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə də geniş fikir mübadiləsi apardılar. Prezident Heydər Əliyev prezident Seyid Məhəmməd Xatəmini Azərbaycana bir daha rəsmi səfərə dəvət etdi. Dəvət məmnunluqla qəbul olundu.