Azərbaycan Prezidenti Heydər Əliyevin Bakı kondisioner zavodunda paytaxtın sənaye müəssisələri əmək kollektivləri nümayəndələrinin mitinqində çıxışı - 28 sentyabr 1993-cü il


Hörmətli həmvətənlər, əziz bacılar, qardaşlar, möhtərəm dostlar!

Uzun fasilədən sonra sizində görüşdüyüm üçün çox sevinirəm. Bu görüşə toplaşdığınız üçün hamınıza minnətdarlığımı bildirirəm. Burada mənim haqqımda deyilən xeyirxah ifadələr üçün təşəkkür edirəm. Mənim üçün bu zavodda olmaq, bu binada olmaq çox əzizdir. Bura mənim doğma yerimdir. İyirmi il bundan əvvəl, ondan da bir neçə il əvvəl burada, tamamilə boş bir yerdə bu zavodun tikintisinə başladıq. İki il ərzində bu zavod tikildi və nəinki Azərbaycanda, o vaxtlar Sovetlər İttifaqında, bütün dünya miqyasında ən böyük, ən nümunəvi, müasir texnologiyayaya malik olan istehsal müəssisələrindən biri kimi meydana çıxdı və qısa müddətdə dünya şöhrəti qazandı.

Çox sevinirəm ki, uzun fasilədən sonra bir daha buraya gəlmək mənə nəsib oldu və burada o vaxtdan çalışan, ondan sonrakı dövrdə gəlib bu zavodda işləyən, həyatını bu müəssisə ilə bağlayan adamlarla görüşə bildim. Bu, həyatımın ən xoşbəxt anlarından biridir, mənim üçün əlamətdar hadisədir. Bir də deyirəm, ona görə ki, burada hər bir yer mənim üçün doğmadır. Hətta yaxınlıqdakı Moskva prospektindən zavoda dönərkən müəssisənin ərazisindəki yaşıllıqları, artıq böyümüş ağacları da görəndə sevindim. Çünki vaxtilə burada heç bir ağac, heç bir yaşıllıq yox idi. Ancaq indi bura bağ-bağata dönüb, gözəl bir yerdir və siz də burada çalışırsınız, öz həyatınızı bu zavodla, bu müəssisə ilə bağlamısınız. Çox sağ olun, təşəkkür edirəm.

Buraya Bakı şəhərinin bir çox sənaye müəssisələrinin - zavodların, fabriklərin nümayəndələri də toplaşmışlar. Ona görə də mən bu görüşü Bakı şəhərinin sənaye əməkçiləri ilə - mütəxəssislərlə, mühəndislərlə, iqtisadçılarla, texniklərlə, fəhlələrlə, sənaye sahəsində çalışan bütün adamlarla, paytaxtın vətəndaşları ilə görüş kimi qəbul edirəm və zəhmət çəkib, əziyyət çəkib buraya gələnlərə öz minnətdarlığımı bildirirəm. Çox şadam ki, Azərbaycanın paytaxtı Bakı şəhəri qödimdən sənaye mərkəzi kimi tanınmış və indi də böyük bir sənaye mərkəzi kimi yaşayır, yaradır, bu böhranlı dövrdə sənayenin inkişafını təmin etməyə qadir olan mühəndislərə, texniklərə, iqtisadçılara, fəhlələrə, qabaqcıl işçilərə malikdir. Bu, Azərbaycan Respublikasının milli sərvətidir. Bu, hamımız üçün böyük bir nailiyyətdir. Hamınızı, buraya toplaşanları səmim-qəlbdən salamlayıram, hamınıza öz hörmətimi, sevgimi bildirirəm və hamınıza cansağlığı, bütün işlərinizdə uğurlar diləyirəm.

İndi Azərbaycan müstəqil bir dövlətdir. Müstəqil dövlət kimi Azərbaycan, onun vətəndaşları, Azərbaycan xalqı öz həyatını özü qurmağa, özü yaratmağa, özü istədiyi kimi təşkil etməyə imkan əldə edibdir. Bunun üçün çox iş görülməlidir. Müstəqillik qazanmaq, özünü dünyada müstəqil dövlət elan etmək bu işin başlanğıcıdır. Ancaq qarşıda uzun, böyük və çox enişli-yoxuşlu yol var. Güman edirəm ki, Azərbaycan xalqı bu yolla məharətlə, sürətlə gedəcəkdir. Azərbaycan xalqı, bütün Azərbaycan vətəndaşları müstəqillik yolunda günügündən yaxşı küzəran yaradacaq, öz rifah halını yaxşılaşdıracaq, bu ağır böhran vəziyyətindən tezliklə xilas olacaqlar.

Azərbaycanın müstəqil dövlət kimi yaşaması, inkişaf etməsi, onun vətəndaşlarının güzəranının, həyat tərzinin yaxşılaşması üçün əsas şərtlərdən biri də, şübhəsiz ki, respublikanın iqtisadi potensialıdır. Bu gün biz böyük iftixar hissi ilə qeyd edə bilərik ki, Azərbaycan Respublikasının müstəqil dövlət kimi yaşaması üçün yaxşı, gərəkli və etibarlı iqtisadi potensialı var və onun əsasını sənaye təşkil edir.

Ata-babalarımızdan, nəsillərdən-nəsillərə keçən və müasir dövrdə Azərbaycanın zəhmət adamlarının gücü ilə, əməyi ilə, ağlı ilə yaranan zavodlar, fabriklər, digər sənaye müəssisələri respublikanın iqtisadi potensialının əsasını təşkil edir və mən yaxşı bilirəm ki, bu, çox güclü potensialdır. Əgər ondan səmərəli, tam gücü ilə istifadə edə bilsək, iqtisadiyyatımız çox sürətlə inkişaf edəcək və Azərbaycan vətəndaşlarının həyat tərzini yaxşılaşdırmaq üçün yaxşı şərait yaranacaqdır. Mən buna əminəm.

Başqa respublikalarla müqayisədə Azərbaycanın sənaye potensialı respublikanın müstəqil dövlət kimi inkişaf etməsinə böyük şərait yaradan bir potensialdır. Siz isə, yəni sənaye sahəsində çalışan adamlar - bu zavodları, fabrikləri, digər sənaye müəssisələrini yaradan, onları işlədən adamlar böyük iş görürsünüz. Siz Azərbaycanın müstəqilliyini təmin etmək üçün böyük fəaliyyət göstərirsiniz. Bu fəaliyyətinizə, indiki böhran vəziyyətində zavodları, fabrikləri tam gücü ilə olmasa da, işlətdiyinizə görə və öz peşənizdən, sənətinizdən uzaqlaşmadığınıza görə, öz işinizə, əməyinizə sədaqətli olduğunuza görə hamınıza minnətdarlığımı bildirirəm. Hamınızı bu əmək fədakarlığına görə ürəkdən təbrik edirəm.

Biz Bakı kondisioner zavodunu yaradanda çox böyük çətinliklərə rast gəldik.Belə bir zavodu yaratmaq üçün böyük şərtlər tələb olunurdu. Biz bunların hamısını ancaq Azərbaycan Respublikası çərçivəsində edə bilməzdik. Bilirsiniz ki, bu zavodu tikmək, yaratmaq üçün xarici ölkələrdən müasir texnologiyalı avadanlıq almaq lazım idi, böyük vəsait lazım idi. O vaxtlar biz çətinliklərin öhdəsindən gələ-gələ bunların hamısını etdik. Bu zavodun tikintisinə 1973-cü ildə başladıq. Ondan qabaqkı dövrdə böyük müqavimətlərə sinə gərdik, öz mülahizələrimizin üstündə durub zavodun məhz Bakıda tikilməsinin vacibliyini sübut etdik. Bu müəssisəni iki ildə tikib başa çatdırmağa dair verdiyimiz sözə sizində birlikdə hamımız - Azərbaycanın o vaxtkı fəhlələri, inşaatçıları, mühəndisləri, mütəxəssisləri birlikdə əməl etdik, nəhəng müəssisənin inşasını vaxtında başa çatdırdıq və beləliklə bütün dünyaya (mən bunu tam məsuliyyət hissi ilə deyirəm) sübut etdik ki, Azərbaycan xalqı böyük xariqələr yaratmağa qadirdir və Azərbaycan xalqının daxilində böyük istedad, böyük elmi-texniki potensial var.

İki il müddətində yaranmış zavod indi iyirmi ildir ki, fəaliyyət göstərir, həmin müddətdən Azərbaycanın iqtisadiyyatına öz töhfəsini verir. İyirmi ildir ki, bu zavodun vasitəsilə minlərlə adam öz həyatıiı qurur, yaşayır, ailəsini saxlayır. Ona görə də bu gün mən çox böyük həyəcan içərisindəyəm, gözəl hisslər keçirirəm. O vaxtlar çəkdiyimiz zəhmət bu gün öz bəhrəsini verir. Zavodu belə gözəl görərkən və buraya gəlməzdən qabaq son vaxtlar müəssisədə əldə olunmuş nailiyyətlərlə, yeni-yeni məhsul növlərinin nümunələri ilə tanış olarkən inandım ki, əgər indi bu zavodun iyirmi yaşı varsa, yüz illərlə də bundan sonra ömrü var. Mən bu zavodda çalışanlara, gələcək nəsillərə də uzun ömür arzu edir, böyük müvəffəqiyyətlər diləyirəm.

Bakı kondisioner zavodu Azərbaycanda sənayenin, xüsusən müasir texnologiyayalı maşınqayırma istiqamətli sənayenin inkişafına böyük təsir etdi. Bundan sonra bir neçə böyük zavod - həm elektrotexnika, həm radiotexnika, həm də elektronika zavodları, maşınqayırma və başqa sahələrdə zavodlar yarandı. O cümlədən Bakıda dərin özüllər zavodu tikildi və bu da o dövrdə sənayenin inkişafına az təsir etmədi. Bütün bunlar isə həm sənayenin inkişafı, həm də müasir texnologiyanın, özü də gələcəyi təmin edən texnologiyayanın tətbiq edildiyi sənaye müəssisələrinin yaradılması istiqamətində apardığımız siyasətin nəticəsi idi. Bunların hamısı indi Azərbaycanda iqtisadi potensialı çox yüksəldibdir.Bir də qeyd edirəm: indi biz bir müstəqil dövlət kimi, bu sənaye potensialından çox səmərəli istifadə etməliyik. Əmin ola bilərsiniz ki, biz bundan sonra sizində birlikdə işləməli olsaq, bütün imkanlarımızı buna sərf edəcək, zavodların, fabriklərin tam istehsal gücü ilə işləməsinə nail olacağıq. Beləliklə də həm istehsal artacaq, həm də bu zavodlarda, fabriklərdə, bütün sənaye müəssisələrində çalışan adamlar öz əməyinin bəhrəsini görə biləcəklər.

İndi Azərbaycan Respublikası ağır iqtisadi-sosial böhran içindədir. Siyasi və ictimai böhran da davam edir və bunun əsas səbəblərindən biri Azərbaycan Respublikasına qarşı Ermənistanın uzun müddətdən bəri apardığı müharibədir. Bu müharibəni biz başlamamışıq. Azərbaycana Ermənistan tərəfindən hərbi təcavüz beş il bundan qabaq edilibdir. Təəssüf ki, bu təcavüzün nəticəsində - bir neçə il ərzində gedən bu müharibə nəticəsində Azərbaycan torpaqlarının bir qismi işğal olunub, o torpaqlarda yaşayan bacıqardaşlarımız - Azərbaycan vətəndaşları qaçqın vəziyyətinə düşüblər, ağır həyat şəraitindö, çox əzab-əziyyət içindədirlər. Həm də təkcə onlar yox, bu müharibəyə görə, verdiyimiz qurbanlara görə, şəhidlərö görə, Azərbaycan torpaqlarının bir qisminin əldən getməsinə görə hamımız əzab-əziyyət çəkirik. Biz böyük sıxıntı içərisindəyik, ağır dövr keçiririk.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının mərd və igid oğulları, qəhrəman döyüşçüləri torpaqlarımızın müdafiə olunmasında şücaət nümunələri göstəriblər, canlarını fəda ediblər, şəhid olublar. Biz çox qurbanlar vermişik. Düzdür, məğlubiyyətə də uğramışıq, torpaqlarımız da əldən gedibdir. Hər bir Azərbaycan vətəndaşını itirməyimiz bizim üçün ağır bir yaradır. Ona görə də bu gün biz burada toplaşıb, Azərbaycan Respublikasının bugünkü vəziyyəti haqqında söhbət apararkən, danışarkən, şübhəsiz, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü, torpaqlarımızın müdafiə olunması, qorunması uğrunda canlarını fəda etmiş, şəhid olmuş adamları yada salmalıyıq. Onların xatirəsi qəlbimizdə əbədi olaraq yaşamalıdır. Odur ki, xahiş edirəm, gəlin, şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun.

Biz faciəli bir dövrdə yaşayırıq. Lakin bu faciə, uğursuzluqlar Azərbaycan xalqının iradəsini qırmayıb. Xalqımızın gücü və iradəsi var və əmin ola bilərsiniz ki, xalq gücünü toplayacaq, birləşəcək, öz torpaqlarını qaytaracaq, işğal olunmuş torpaqlardan erməni silahlı qüvvələri qovulacaq və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin ediləcəkdir. Biz nəyin bahasına olursa-olsun, bu məqsədə çatmalıyıq. Əmin olun ki, həyatımıi son dəqiqəsinə qədər, son nəfəsimədək bu yoldan dönməyəcəyəm.

Son illər Respublikamızla gedən ictimai-siyasi proseslər, torpaqlarımızın müdafiəsində uğursuzluqlar bəzi adamlarla inamsızlıq yaradıb, bəzilərində ruh düşgünlüyü əmələ gətirib və ən dəhşətli hal bundan ibarətdir ki, təəssüflər olsun, xalqımız arasında parçalanma gedib, xalqımız birləşmək əvəzinə bəzi qüvvələr tərəfindən müəyyən qarşıdurma həddinə gəlib çıxıbdır. Ona görə də bu ağır iqtisadi-sosial böhrandan, ictimai-siyasi böhrandan çıxmaq üçün, Azərbaycanın suverenliyini, müstəqilliyini qorumaq üçün, işğal olunmuş torpaqlarımızı geri qaytarmaq üçün, Azərbaycan Respublikasını bundan son-ra etibarlı müdafiə etmək üçün xalqımız birləşməlidir. Bütün siyasi qüvvələr, bütün şəxslər, hörmətli adamların hamısı gücünü, biliyini, zəkasını birləş-dirib, öz fəaliyyətini xalqın bu ağır vəziyyətdən çıxmasına yönəltməlidir. Biz də indi bizə göstərilən etimadı doğrultmağa, siyasi mənsubiyyətindən, dünyagörüşündən, başqa səbəblərdən asılı olmayaraq, xalqın bütün qüvvələrini birləşdirib Azərbaycanı bu ağır vəziyyətdən çıxarmağa çalışacağıq. Buna əmin ola bilərsiniz!

Bu imkandan istifadə edərək üzümü bütün Azərbaycan vətəndaşlarına tutub bir söz demək istəyirəm: gəlin çalışaq ki, xalq birləşsin, xalq öz gücünü bir yerə cəmləşdirsin, bütün vətəndaşlar bir olsun, ağır vəziyyətdən əl-ələ verib birlikdə çıxaq və bundan sonra müstəqil Azərbaycan Respublikasının gələcək işləri ilə məşğul olaq.

Biz Azərbaycanda müxtəlif siyasi partiyaların, siyasi təşkilatların fəaliyyətinin bundan sonra da davam etməsinə şərait yaradacağıq. Mən xalqın birləşməsi haqqında öz fikirlərimi sizə çatdırarkən bunu xüsusi qeyd etmək istəyirəm. Çünki indi Azərbaycanda bir çox partiyalar, ayrı-ayrı siyasi qruplar, ayrı-ayrı ictimai təşkilatlar var.

Şübhəsiz ki, hər bir partiyanın, hər bir təşkilatın özünə aid, özünə məxsus proqramı var, istiqaməti var. Lakin hamı üçün bir istiqamət olmalıdır:

Azərbaycanın müstəqilliyini qorumaq, Azərbaycanın ərazi bütövlüyünü qorumaq,

Azərbaycan Respublikasında siyasi sabitlik yaratmaq, qanun-qayda yaratmaq və Azərbaycan Respublikası vətəndaşlarının rahat yaşaması üçün şərait yaratmaq. Bu sahədə görüləsi işlər çoxdur. Özünüz də hiss edirsiniz ki, son dövrdə respublikamızda qanun pozğunluğu, cinayətkarlıq, ayrı-ayrı mafioz qrupların cinayətkar fəaliyyəti həm ictimai-siyasi sabitliyi pozmuş, həm də Azərbaycan Respublikasının müdafiə qüvvələrini zəiflətmişdir. Ona görə də bütün siyasi qüvvələr, siyasi partiyalar, ictimai təşkilatlar öz proqramları, öz yolu ilə gedərkən bir məqsədi unutmamalıdırlar. Bu da ondan ibarətdir ki, indi Azərbaycanda siyasi sabitlik, ictimai sabitlik yaratmaq, cinayətkarlara qarşı mübarizə aparmaq, əmin-amanlıq şəraiti yaratmaq lazımdır, Azərbaycan Respublikasının müdafiə qüvvələrini, müdafiə imkanlarını möhkəmlətmək gərəkdir. Hər bir azərbaycanlı, hər bir Azərbaycan gənci gərək torpaqlarımızı qorumağa hazır olsun, özünü bunun üçün hazırlasın. Biz işğal olunmuş torpaqlarımızı geri qaytarmalıyıq. Müstəqil dövlət kimi öz dövlətimizin hüdudlarını qorumalıyıq, öz müstəqilliyimizi qorumalıyıq. Əgər bunları biz özümüz qorumasaq, heç kəs bizim üçün qorumayacaqdır. Bu, bizim üçün ən şərəfli və ən ümdə vəzifələrdən biridir. Bu baxımdan son vaxtlar respublikamızda gedən bir proses haqqında da sizə məlumat vermək istəyirəm. O da bundan ibarətdir ki, son bir ay ərzində müstəqil Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinə daxil olub-olmaması məsələsi geniş müzakirə olunmuşdur. Bildiyiniz kimi, bu, böyük məsələdir. Respublikada son dövrdə son bir ildə bu barədə eyni fakir olmamışdır, bəzi qüvvələr belə hesab edirdilər ki, Müstəqil Dövlətlər Birliyinə daxil olmaq lazımdır. Bəzi qüvvələr bunun əksinə çıxmışdır. Ancaq biz keçmiş dövrü geniş təhlil edib araşdİrandan sonra belə fikrə gəldik ki, Azərbaycan Müstəqil Dövlətlər Birliyinə daxil olmalıdır. Elə təkcə sizin zavodun timsalında yox, Bakıda, bütün Azərbaycanda olan sənaye müəssisələrinin işinin timsalında da Azərbaycanın MDB-dən kənarda olmasına görə, başqa respublikalarla iqtisadi əlaqələrin kəsilməsinə və ya məhdullaşmasına görə nə qədər zərər çəkdiyimiz göz qabağındadır. Bunu siz məndən də yaxşı bilirsiniz. Ancaq bizim MDB-yə daxil olmağımız təkcə iqtisadi inteqrasiya məqsədi daşımır, bunun başqa böyük səbəbləri də var.

Zənnimizcə, bunların hamısı birlikdə Azərbaycan Respublikasının gələcək inkişafı üçün faydalı olacaqdır. Sentyabrın 24-də Azərbaycanın nümayəndə heyəti respublikamızın MDB-yə daxil olması haqqında sənədlər imzalamışdır. İndi Azərbaycan Respublikası artıq MDB-nin üzvüdür. Güman edirəm ki, siz bu addımımızı müdafiə edəcəksiniz. Çünki bilin və inanın ki, bu addım Azərbaycan Respublikasının müstəqilliyinə heç bir zərər gətirməyəcəkdir. Bu addım Azərbaycan Respublikasının yenidən başqa bir dövlətin təsiri altına düşməsinə, yaxud başqa bir dövlətin tərkibinə daxil olmasına şərait yaratmır. Əksinə, bu addım Azərbaycan Respublikasının bir müstəqil dövlət kimi ərazi nöqteyi-nəzərindən və tarixi ənənələrə görə başqa müstəqil dövlətlərlə yaxın iqtisadi, elmi, texniki, insani əlaqədər saxlaması üçün şərait yaradır. Güman edirəm ki, siz bu fikirlərlə razısınız və bizim bu mövqeyimizi müdafiə edəcəksiniz. Burada çıxış edən natiqlər və buraya toplaşan dostlarımız, bacılarımız, qardaşlarımız böyük ümidlərlə yaşayırlar. Inanırlar ki, Azərbaycan bu ağır vəziyyətdən çıxacaqdır. İstəyirlər ki, Azərbaycan bu böhran vəziyyətindən çıxsın. Hamının ürəyində böyük arzular var. Ən böyük ümid, ən böyük arzu ondan ibarətdir ki, Azərbaycan müharibə vəziyyətindən çıxsın. Biz bunun üçün lazımi tədbirlər görürük. Bilirsiniz ki, bəzi diplomatik tədbirlərimiz nəticəsində son vaxtlar döyüş bölgələrində atəşin dayandırılmasına nail olmuşuq. Moskvada apardığımız danışıqlar nəticəsində atəşin dayandırılması müddətinin daha bir ay uzadılmasına müvəffəq olmuşuq. Bunun üçün indən sonra da lazımi tədbirlər görüləcəkdir. Biz də bu ümidlərlə yaşayırıq ki, Azərbaycan bu ağır vəziyyətdən tezliklə çıxsın, böhran vəziyyətindən, müharibə vəziyyətindən çıxsın, xalq rahat yaşasın, özü üçün yaxşı gələcək qura bilsin. Əlbəttə, biz çalışacağıq ki, sizin bu ümidləriniz çin olsun. Biz çalışacağıq ki, bu arzularınız həyata keçsin. Əmin olun ki, şəxsən mən bundan ötrü bütün imkanlarımdan istifadə edəcəyəm. Dəfələrlə demişəm və bir daha qeyd edirəm: mənim həyatım xalqa məxsusdur, xalqın ixtiyarındadır və bundan sonra da bütün həyatımı xalqa həsr etməyə hazıram, həyatımın qalan hissəsini də sizə və bütün Azərbaycan xalqına bəxş edirəm. Mən Ali Sovetin sədri kimi, belə bir məsuliyyəti öz üzərimə götürmüşəm. İndi isə siz məni Azərbaycan prezidenti vəzifəsinə namizəd göstərmisiniz. Belə bir məsuliyyəti üzərimə götürərkən sizə güvənirəm. Şübhəsiz ki, mənim biliyim, təcrübəm Azərbaycan xalqı üçün gərəklidir. Lakin mən biliyimdən, təcrübəmdən səmərəli istifadə etmək üçün xalqa güvənirəm, hər bir Azərbaycan vətəndaşına güvənirəm. Əmin olun ki, indiyədək olduğu kimi, bundan sonra da ana torpağıma, vətənimə, doğma Azərbaycana, Azərbaycan Respublikasının xoşbəxt gələcəyinə sadiq olacağam. Eyni zamanda əmin etmək istəyirəm ki, sizin köməyinizlə, sizinlə birlikdə, birləşərək bu etimadınızı doğrulda bilərəm. Çalışacağam ki, doğruldum. Yenə də deyirəm, mən sizə güvənirəm, sizə arxalanıram, mən sizinlə bərabərəm və sizinlə də bərabər bütün çətinliklərdən çıxıb xoşbəxt gələcəyə getməyə hazıram.

Mənə göstərdiyiniz etimad üçün minnətdaram və sizi əmin edirəm ki, bu etimadınıza daim sadiq olacağam. Sağ olun.