Fransa-Azərbaycan Ticarət-Sənaye Palatasının açılışı mərasimində Azərbaycan Prezidenti Heydər Əliyevin çıxışı - Paris, 14 yanvar 1997-ci il


Hörmətli xanımlar və cənablar!

Hörmətli dostlar!

Mən hamınızı səmimi qəlbdən salamlayıram və bu axşam sizinlə burada görüşümdən çox məmnun olduğumu bildirirəm. Fransa-Azərbaycan Ticarət Palatasının açılması münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Əmin olduğumu bildirmək istəyirəm ki, bu ticarət palatası Fransa ilə Azərbaycan arasındakı iqtisadi və ticarət əlaqələrinin genişlənməsinə, inkişaf etməsinə və sürətlənməsinə kömək edəcəkdir.

Fransa-Azərbaycan Ticarət Palatasının yaranması və bugünkü açılış mərasimi onu göstərir ki, ölkələrimiz arasında olan iqtisadi əlaqələr artıq yüksək səviyyəyə qalxıbdır və Fransanın iş adamları Azərbaycana böyük maraq göstərirlər. Bunlar hamısı bizi çox sevindirir.

Müstəqil Azərbaycan Respublikasının prezidenti kimi mən üç il bundan əvvəl Fransaya ilk dəfə rəsmi səfər etmişdim. Burada, Parisdə mərhum prezident Fransua Mitteranla mən Azərbaycan ilə Fransa arasında dostluq və əməkdaşlıq haqqında və digər sazişlər imzalamışıq. Fransa ilə Azərbaycan arasındakı əlaqələrin tarixində ötən üç ili biz bir-birini tanıma, bir-birinə inanma və yaxınlaşma illəri kimi qiymətləndirə bilərik.

Üç il bundan əvvəl Fransada Azərbaycanı az tanıyırdılar və ölkəmizin imkanları burada geniş məlum deyildi. O vaxt Fransada Azərbaycana çox ehtiyatlı münasibət göstərirdilər. Üç il ötəndən sonra biz artıq bir-birimizi tanımışıq. Xüsusən, Fransada artıq Azərbaycanı tanımağa başlayıblar, ölkəmiz haqqında ətraflı məlumat əldə ediblər və Azərbaycanın imkanları indi Fransanı cəlb edir.

Fransanın prezidenti Jak Şirakın dəvəti ilə mən məhz bu şəraitdə dünən Parisə rəsmi səfərə gəlmişəm və bu iki gün ərzində bizim çox əhəmiyyətli, qiymətli və maraqlı görüşlərimiz, danışıqlarımız olmuşdur. Prezident Jak Şirakla mənim dünənki görüşümüz və apardığımız danışıqlar, söhbətlər, hesab edirəm ki, çox maraqlı, əhəmiyyətli, məzmunlu olmuşdur. Bu görüşdən, danışıqlardan çıxan nəticə ondan ibarətdir ki, Fransa Azərbaycanı bir partnyor kimi tanımış və Azərbaycan da Fransanı nüfuzlu və böyük iqtisadi imkanlara malik bir dövlət kimi özünə partnyor qəbul etmişdir.

Prezident Jak Şirak və mən eyni fikirdə olduq ki, Fransa ilə Azərbaycan arasında əlaqələri bütün sahələrdə - iqtisadiyyat, mədəniyyət, siyasət və həyatımızın digər sahələrində inkişaf etdirmək lazımdır. Bu danışıqlarımızın əyani nəticəsi və istəyimizin nümayişi kimi dünən Yelisey sarayında Azərbaycan və Fransa prezidentlərinin iştirakı ilə Fransanın "Elf Akiten" və "Total" şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında uzunmüddətli - 25 illik böyük bir müqavilə imzalandı. Bu müqavilə Xəzərin Azərbaycan sektorundakı iki böyük yatağın "Elf Akiten", "Total" şirkətləri ilə Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən birgə işlənməsinə və oradan neft hasil edilməsinə həsr olunmuşdur.

Bilirsiniz ki, "Elf Akiten" şirkəti dünyanın bir neçə neft şirkətinin yaratdığı konsorsiumun tərkibində 1996-cı ilin iyununda Azərbaycan ilə daha bir müqavilənin - neft-qaz yatağının birgə işlənməsi, yanacaq hasilatı ilə əlaqədar müqavilənin imzalanmasında iştirak etmişdir.

Güman edirəm ki, bunlar son müqavilələr deyil. Azərbaycanın neft və qaz yataqları çoxdur, biz gələcəkdə də Fransa ilə Azərbaycan arasındakı iqtisadi əlaqələrdə belə müqavilələrin imzalanmasının şahidi ola bilərik. Azərbaycan iqtisadiyyatının- sənayenin, aqrar bölməsinin və digər sahələrinin böyük imkanları vardır. Bu sahələrdə Fransanın şirkətləri ilə müştərək iş görmək üşün artıq bir neçə təklif irəli sürülmüşdür, onların üzərində iş gedir, həmin təkliflərin bəziləri haqqında razılıq əldə edilmişdir. Güman edirəm ki, bunlar hamısı bizim gələcək əməkdaşlığımızı daha da genişləndirəcəkdir.

Azərbaycan müstəqil dövlət kimi öz qapılarını bütün dünyaya açıbdır. Biz dünyanın iş adamlarını Azərbaycana daim dəvət edirik. İndi Azərbaycana sərmayə qoymaq, respublikamızda iş görmək üçün çox əlverişli imkan yaranmışdır.

Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulur. Respublikamızda iqtisadi islahatlar həyata keçirilir. Azərbaycan öz iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə inkişaf etdirir. Bunlar hamısı Azərbaycanda sahibkarlığın, təşəbbüskarlığın, şəxsi mülkiyyətin inkişaf etməsi üçün böyük imkanlar yaradıbdır.

Xarici şirkətlərin gəlib Azərbaycanda iş görməsi üçün respublikamızda müvafiq qanunlar qəbul olunmuşdur. Mən hamıya zəmanət verirəm. Bütün sərmayəçilərin hüquqlarının qorunması Azərbaycanın Konstitusiyası və qanunları ilə təmin olunubdur və bundan sonra da təmin ediləcəkdir. Azərbaycanda ictimai-siyasi vəziyyət sabitdir. Belə bir şəraitdə hər bir şirkət, iş adamı Azərbaycana daha tez gəlsə o qədər də çox iş görə bilər.

Azərbaycanın neft və qaz yataqlarından xarici ölkələrin şirkətləri ilə müştərək istifadə etmək üçün son iki ildə beş müqavilə imzalanıbdır. Bu müqavilələrin layihələrində Azərbaycanda həmin müqavilələrin həyata keçirilməsinə 15 milyard Amerika dolları məbləğində sərmayə qoyulması nəzərdə tutulur. Neft müqavilələrinin həyata keçirilməsinin orta müddəti 30 ildir. Beləliklə, indi biz bu müqavilələr əsasında 11 ölkədən beynəlxalq aləmdə tanınmış 16 şirkəti Azərbaycana cəlb etmişik.

Azərbaycanın çox əlverişli coğrafi mövqeyi vardır. Azərbaycan Avropa ilə Şərqi birləşdirən qədim İpək yolunun üstündədir. İndi Azərbaycan Mərkəzi Asiya ilə Avropanı bağlayan Transqafqaz magistralının əsas bir hissəsini təşkil edir. Mən əminəm ki, bir neçə ildən sonra Azərbaycanın iqtisadiyyatında çox ciddi dəyişikliklər olacaqdır. Bu əminliyimin əsasını imzalanmış neft müqavilələri, Azərbaycanda iqtisadi islahatların və bazar iqtisadiyyatının, özəlləşdirmənin ardıcıl surətdə həyata keçirilməsi təşkil edir.

Qarşıdakı iki il müddətində Azərbaycanda olan bütün mülkiyyətin 70 faizi özəlləşdiriləcəkdir. "Torpaq islahatı haqqında" qanuna əsasən bütün torpaqlar şəxsi mülkiyyətə verilir. Bunların hamısı Azərbaycanın iqtisadiyyatında yeni, çox parlaq bir mənzərə yaradacaqdır.

Mən sizə bu məlumatları verərək, əmin olduğumu bildirmək istəyirəm ki, Fransa-Azərbaycan Ticarət-Sənaye Palatası respublikamızın bu imkanlarından səmərəli istifadə edərək, Fransa ilə Azərbaycan arasında olan iqtisadi-ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün çox dəyərli işlər görəcəkdir. Mən ümidvaram ki, siz bu işlərin öhdəsindən gələcəksiniz.

Sizin hamınızı Azərbaycana dəvət edirəm. Fransa-Azərbaycan Ticarət-Sənaye Palatasına uzun ömür və uğurlu fəaliyyət arzulayıram. Sağ olun.

"Azərbaycan" qəzeti, 16 yanvar 1997-ci il.