Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin Bakıda 1990-ci ilin faciəli Yanvar hadisələri zamanı şəhid olanların ailə üzvləri və həmin günlərdə yaralanıb əlil olanların bir qrupu ilə görüşdə çıxışı - 19 yanvar 1994-cü il


Hörmətli bacılar və qardaşlar, şəhid ailələri, 20 Yanvar faciəsi zamanı xəsarət almış və bu günədək əziyyət çəkən vətəndaşlarımız, hörmətli qonaqlar!

Bu günlər biz 20 Yanvar faciəsinin dördüncü ildönümünü qeyd edirik. 20 Yanvar faciəsi Azərbaycan xalqının tarixində ən qara səhifələrdən biridir. Həmin gün, yəni yanvarın 20-nə keçən gecə Azərbaycan xalqına qarşı hərbi, siyasi, mənəvi təcavüz edilib, onun sinəsinə süngü sancılıb, xalqımızı əzmək, tapdalamaq, onun mənliyini təhqir etmək üçün dəhşətli cinayətlər törədilib. Bu faciə Azərbaycan xalqının həyatında böyük dəyişikliklər əmələ gətiribdir. Həm də bu faciə ondan qabaqkı dövrdə Azərbaycan xalqının başına gəlmiş bəlalar və hadisələrlə sıx bağlıdır. Ondan öncə, bir neçə il əvvəl təcavüzkar qüvvələr tərəfindən Azərbaycan Respublikasını, Azərbaycanı parçalamaq, dağıtmaq, Azərbaycan torpaqlarını zəbt etmək meylləri planlaşdırılmış və həyata keçirilirdi.

Bunların hamısını tamamilə həyata keçirmək üçün Azərbaycan xalqının iradəsini qırmaq, xalqımızı əzmək lazım idi. 20 Yanvar faciəsi də məhz bununla əlaqədar olaraq törədilmişdir.

O gün, o gecə bizim əziz balalarımız, qardaşlarımız, bacılarımız həlak olmuş, bir çoxları xəsarət almış, indi də yaşayır. Lakin məsələ tək bununla qurtarmır. O gün Azərbaycan xalqı təhqir edilmişdir. O gün Azərbaycan xalqına qarşı təcavüz olunmuşdur. Təəssüf ki, xalqa xəyanət etmiş olan öz içimizdəki adamlar o təcavüzü ört-basdır etməyə çalışmışlar. Artıq dörd ildir ki, bu məsələyə siyasi-hüquqi qiymət verilməmişdir.

Eyni zamanda onu qeyd etmək lazımdır ki, o Qanlı yanvar günü xalqımız öz əziz vətəndaşlarını itirsə də, öz namusunu, şərəfini qoruya bilmişdir. Xalqımız sübut etmişdir ki, onun iradəsini qırmaq olmaz. Azadlıq, müstəqillik uğrunda mübarizə davam edib və indi artıq Azərbaycan Respublikası müstəqil dövlətdir, öz azadlığına, suverenliyinə nail olmuşdur.

Yenə də deyirəm, o günün mənası həyatını qurban vermiş, yaxud yaralanmış adamların sayı ilə ölçülməməlidir. O günün böyük siyasi-mənəvi mənası var. Təəssüf ki, bu dörd ildə həmin məsələyə dövlət orqanları, hakimiyyət orqanları tərəfindən lazımi münasibət göstərilməyib və ayrı-ayrı vətənpərvər adamlarımızın harayı, səsi eşidilməyib, boğulubdur. Günahkarlar da meydana çıxarılmayıb və bu məsələyə ədalətli siyasi-hüquqi qiymət verilməyibdir. Mən şəhid ailələrinin hamısına başsağlığı verirəm. Allahdan sizə səbir diləyirəm. Sizi əmin etmək istəyirəm ki, Azərbaycan Respublikasının prezidenti kimi bu məsələlərin araşdırılmasında və 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət verilməsində öz səylərimi davam etdirəcəyəm.

Burada şəhid ailələrinin, yaralanmış şəxslərin 20 Yanvar faciəsi ilə əlaqədar bir çox problemləri meydana çıxdı. Mən heç təsəvvür edə bilməzdim ki, dörd il müddətində bu problemlər həll olunmayıbdır. Odur ki, görüşümüz bu mənada mənə çox şey verdi. Dərhal sizə bildirmək istəyirəm: 5 yanvar tarixli fərmanımla yaradılmış komissiyaya tapşırıram ki, öz işini bundan sonra da davam etdirsin və 20 Yanvar faciəsi ilə bağlı bütün problemlərin araşdırılması, həll olunması üçün tədbirlər görsün. Bu məsələlər şəxsən mənim nəzarətim altında olacaqdır. Sizi əmin etmək istəyirəm ki, biz bütün məsələlərin həll edilməsinə imkan daxilində çalışacağıq və mən bir prezident kimi öz fərmanlarımla, sərəncamlarımla, qərarlarımla həmin məsələlərin həlli üçün lazımi tədbirlər görəcəyəm.

Mən bir məsələ barəsində öz fikrimi demək istəyirəm. İlk şəhidlərimiz burada, indi Şəhidlər xiyabanı adlanan yerdə (keçmişdə biz ona Dağüstü park deyirdik) dəfn ediliblər. Onlar Yanvar faciəsinin şəhidləridir. Ora müqəddəs yerdir, hər birimiz üçün ziyarətgahdır və müqəddəs yer kimi də tariximizdə qalacaqdır. Bununla bərabər hesab edirəm ki, 20 Yanvar, məhz 20 Yanvar faciəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün və bu məsələnin Azərbaycan xalqının tarixində mühüm siyasi rolunu indiki və gələcək nəsillərə daim nümayiş etdirmək üçün Bakıda 20 Yanvar faciəsi şəhidlərinə həsr olunmuş abidə ucaldılmalıdır. O gün, 20 yanvar gecəsi şəhid olanların hamısının adları bu abidədə yazılmalı, həkk edilməlidir. Bu, xalqımızın tarixində qalmalıdır.

Xalqımız tarix boyu çox şəhidlər veribdir. Xalqımız isə çoxəsrlik və zəngin tarixə malikdir. Şəhidlərimiz çoxdur, lakin hər dövrdə şəhid olanların tarixdə öz yeri var və hər dövrdə baş vermiş hadisələrin öz əhəmiyyəti var, 1990-cı ilin 20 Yanvar faciəsi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Ona görə də bu hadisə xüsusi qeyd olunmalıdır.

Bilirsiniz ki, son günlər, xüsusən yanvarın 5-də mənim verdiyim fərmanın icrasına başlanandan sonra bir çox məsələlər müəyyən qədər aşkar olmuşdur. İki gün bundan öncə "Azərbaycan" qəzetində ötən dörd ildə 20 Yanvar faciəsinə aid qəbul olunmuş qərarların və sənədlərin xronikası və müəyyən şərhlər verilmişdir. Həmin qərarların, sənədlərin mətni ilə tanış olduqda insan bir daha təəccüblənir və hətta dəhşətə gəlir, hiddətlənir. Ötən dörd il ərzində birincisi - bu faciəvi hala biganə münasibət, ikincisi - ardıcıl olmayan siyasət, üçüncüsü də faciənin ört-basdır edilməsi tam aşkara çıxır.

O vaxt, faciədən sonra həmin gün hüzn günü elan olunmuşdur. Bir müddət sonra başqa bir gün elan olunmuşdur. Daha sonra həmin gün Şəhidlər günü elan edilmişdir. Mən indi bu qərarların nə qədər əsaslı və ya əsassız olub-olmaması haqqında fikrimi söyləmək, xüsusən bu qərarların 20 Yanvar faciəsinin siyasi mənasına və mahiyyətinə nə qədər uyğun olduğunu demək istəmirəm və hesab edirəm ki, uyğun da deyildir. Ancaq bunların hamısı bizi düşünməyə, bu məsələlərə kompleks şəkildə baxmağa və məsuliyyətli münasibət göstərməyə dəvət edir. Yanvar faciəsinin siyasi mahiyyətinə, mənasına uyğun qərarlar qəbul etməyə dəvət edir. Güman edirəm ki, həmin komissiya bu barədə də lazımi tədbirlər hazırlayıb təqdim edəcəkdir. Mən bu məsələlərlə şəxsən məşğul olacağam.

Bilirsiniz ki, burada 20 Yanvar faciəsi baş verən kimi, yanvarın 21-də mən Moskvada yaşayarkən o vaxt, demək olar, repressiya altında olduğum, siyasi cəhətdən çox məhdudiyyətlərə məruz qaldığım bir dövrdə Moskvada həm mitinqdə, həm də mətbuat konfranslarında çıxış edərək bu məsələyə münasibətimi bildirmişəm və həmin gün orada Azərbaycanın daimi nümayəndəliyində Azərbaycan xalqına başsağlığı göndərmişəm. Hətta çox çətinliklə bir neçə adama telefonla zəng vuraraq rica etdim ki, göndərdiyim başsağlığı Azərbaycan qəzetlərində dərc olunsun, yaxud matəm mərasimində oxunsun. Lakin sonra bildim ki, bu xahişlərin heç biri yerinə yetirilməmişdir.

O günlər mən böyük kədər içində yaşamışam. Bakıda baş verən hadisələri imkanım daxilində izləyirdim və sonra bir daha hiddətləndim ki, şəhidlərin dəfn mərasimində Azərbaycanın o vaxtkı rəhbərlərinin heç biri iştirak etməmişdi. Şəhidləri şeyxülislam Allahşükür Paşazadə, bizim ziyalılar Şəhidlər Xiyabanında dəfn etdilər. Bunu yadınıza salın. Əgər Azərbaycanın rəhbərləri o faciəli dövrdə öz xalqının şəhidlərinin dəfnində iştirak etməmişdilərsə, bunun özü sübut etdi ki, onlar özləri həmin faciənin günahkarlarıdırlar və o gündən etibarən faciənin üstünü ört-basdır etməyə çalışmışlar.

Necə ola bilər ki, bu faciənin nə təhər baş verməsi indiyədək məlum deyildir? Burada çıxış edən şəhid atası bir məsələni yadıma saldı. Bəli, o zaman araşdırma vaxtı məlum idi ki, yanvarın 16-17-də xəstəxanalarda yerlər hazırlanırdı. Bəli, geniş palatalar hazırlanmışdı, cərrahlara xəbərdarlıq edilmişdi. Çünki bu təcavüz təşkil olunmuşdu və bunu təkcə Qorbaçov, yaxud Moskvada Sovet hökumətinin, Kommunist Partiyasının digər rəhbərləri təşkil etməmişdi. Bunu birinci növbədə Azərbaycan Respublikasının o vaxtkı Kommunist Partiyasının rəhbərləri öz xalqını boğmaq, əzmək, tapdalamaq üçün, xalqın azadlıq hərəkatını yatırtmaq üçün, xalqın mənliyini təhqir etmək üçün təşkil etmişdilər.

Həqiqət budur. Bu həqiqəti aşkara çıxarmaq üçün böyük məharət lazım deyildi. Təəssüf ki, onu gizlətmək üçün ötən dörd ildə çox iş görülmüşdür. Ancaq gizlədə bilməyəcəklər. Bilin, yüz il, yetmiş il bundan qabaq baş vermiş cinayətlərin üstü indi açılır iki-üç gün öncə Moskva televiziyası xəbər verdi ki, 1921-ci ildə Kronştadtda həqiqətən qiyam olub-olmaması araşdırılmış və müəyyən edilmişdir ki, orada heç bir qiyam olmamışdır və o zaman qiyamçı elan edilən adamların hamısına 73 ildən sonra bəraət qazandırılmışdır. 1937-1938-ci illərdə Azərbaycan xalqının başına gələn bəlaların ziyalılarımızın qırılmasının üstü iyirmi il sonra - 1956-57-ci illərdə açıldı və cinayətkarlar məhkum olundular. Burada ayrı-ayrı adamların məhkum edilməsindən söhbət getmir, baxmayaraq ki, cinayətkar həqiqətən məsuliyyət daşımalıdır. Söhbət bu məsələnin siyasi cəhətindən, Azərbaycan xalqının taleyinlə doğru-düzgün əks olunmasından gedir. Ona görə də mən demişəm və bir daha deyirəm: əgər 1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı hərbi-siyasi təcavüz edilmişdirsə və bu böyük cinayətdirsə, onun ört-basdır edilməsi bundan da ağır cinayətdir və xalqa qarşı böyük xəyanətdir.

Əgər siz dünən televiziya vasitəsilə canlı yayımla Azərbaycan Milli Məclisinin iclasını seyr edirdinizsə, yəqin ki, oradakı atmosferi görürdünüz. Təsəvvür edin, komissiyanın sədri, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti, akademik, alim adam, xalqın içərisindən çıxmış bir adam, iki il bu məsələnin üstünü ört-basdır etməyə çalışan bir adam dünən sübut etmək istəyirdi ki, elə belə də olmalı imiş. Mən məcbur oldum onunla dialoqa girəm. Yəqin ki, siz bunu eşitdiniz.

Ona görə də mən bu məsələ barədə 1990-cı il yanvarın 21-də, Moskvada ağır bir şəraitdə yaşadığım dövrdə səsimi qaldırdığım kimi, ondan sonra oradan yaxa qurtarıb gələrək Bakıda özümə yer tapa bilmədiyimdən gedib Naxçıvanda yaşadığım vaxtda səsimi qaldırdığım kimi, daha sonra - 1991-ci ildə Azərbaycan Ali Sovetinin sessiyalarında səsimi qaldırdığım kimi, indi də səsimi qaldırıram. Ona görə yox ki, burada kiminsə haqqında söhbət gedir, burada xalq haqqında söhbət gedir. Xalqın tarixi, xalqa qarşı təcavüz haqqında söhbət gedir. Əgər Azərbaycan xalqına qarşı bu təcavüzü bir tərəfdən Qorbaçov başda olmaqla Sovet İttifaqının, Sovet İttifaqı Kommunist Partiyasının rəhbərliyi etmişdirsə, ikinci tərəfdən və ən çox Azərbaycan Kommunist Partiyasının rəhbərliyi, Azərbaycan hökumətinin rəhbərliyi etmişdir və bu sonuncular bəlkə də daha çox günahkardırlar.

Siz bəlkə də bilmirsiniz, 1991-ci ilin iyununda mən Moskvada Kommunist Partiyasından çıxmaq haqqında bəyanat verdim. Mən 1943-cü ildən Kommunist Partiyasının üzvü olmuşam, ona sədaqətlə xidmət etmişəm. Ancaq 1991-ci ildə Moskvada Kreml sarayında bəyanat verdim ki, mən Kommunist Partiyası sıralarından çıxıram. Nə üçün? Mən həmin məktubu tapıb bu günlərdə xahiş edəcəyəm ki, onu dərc etsinlər. O vaxt mənim həmin bəyanatımı hər yerdə gizlətdilər. Orada partiyadan çıxmağımın səbəblərini yazmışam. Birinci səbəb Kommunist Partiyasının rəhbərliyi tərəfindən Azərbaycan xalqının başına gətirilmiş bəla və Qarabağ məsələsi ilə Azərbaycan xalqına olan təcavüzdür. İkinci səbəb 20 Yanvar faciəsi, Azərbaycan xalqına qarşı təcavüz və həmin təcavüzün üstünün açılmamasıdır. Bu səbəblərə görə mən 1991-ci ildə Kommunist Partiyasını tərk etdim.

Demək istəyirəm ki, mən bu faciəyə həmişə ürəkdən yanaraq həm də vətəndaşlıq borcumu yerinə yetirməyə çalışmışam və bu gün də həmin mövqedəyəm, sabah da həmin mövqedə olacağam. Birinci növbədə ədalət naminə, eyni zamanda Azərbaycan xalqının namusunu, şərəfini, milli mənliyini qorumaq naminə.

Ancaq dünən Milli Məclisin iclasınla mən fikir verdim ki, orada təkcə akademik Midhət Abbasov yox, başqaları da bu məsələyə nə qədər biganədirlər. Nə üçün? Çünki özləri bu işin iştirakçılarıdır. Mən hesab edirəm ki, bu faciəni törədən adamların heç birisinin Azərbaycan vətəndaşı adını daşımağa ixtiyarı yoxdur. Ayrı-ayrı adamların cəzalandırılması xırda məsələdir. Ən başlıcası olur ki, bu hadisəyə tarixi baxımdan hüquqi-siyasi qiymət verilsin və gələcək nəsillər bilsinlər ki, Azərbaycan xalqının başına belə bəlalar gəlmişdir, lakin xalq öz iradəsini itirməmiş və bütün bu bəlaların hamısına doğru-düzgün qiymət vermişdir. Sizi əmin etmək istəyirəm ki, mən bundan sonra da bu sahədə səylərimi davam etdirəcək və öz imkanlarımdan istifadə edərək bu məsələlərin açılmasına və 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilməsinə çalışacağam. Respublikamız indi də şəhidlər verir. Biz Vətənimizi müdafiə edirik, torpaqlarımızı qoruyuruq. Ancaq 20 Yanvar faciəsi şəhidlərinin Azərbaycan tarixində xüsusi yeri var. Hörmətli şairimiz Bəxtiyar Vahabzadə tamamilə doğru dedi: onlar heç bir vuruşa girmədən öz Vətəninin, xalqının azadlığı yolunda şəhid olmuşlar. Bəziləri deyir ki, xəbər vermək lazım idi ki, heç kəs küçəyə çıxmasın, şəhid olmasın. Bilirsiniz, bu sözlər də mənə qəribə gəlir. Məgər iş ondadır ki, kimsə gedib evində gizlənəydi və tanklar gələndə heç kimə heç nə olmayaydı? Demək, onda bu, Azərbaycan xalqı üçün rahat olacaqdı? Çox qəribə mülahizədir.

Mən şəhid olanların hamısına bir daha Allahdan rəhmət diləyirəm, şəhid ailələrinə səbr diləyirəm. Sizin hamınızı əmin etmək istəyirəm ki, 20 Yanvar faciəsi, ondan əvvəl və ondan sonra Azərbaycan xalqının başına gəlmiş bəlaların heç biri xalqımızın iradəsini qıra bilməz. Azərbaycan xalqı özünün tarixi, qəhrəmanlıq ənənələrini uca tutaraq Vətənini, torpağını, Azərbaycan Respublikasının müstəqilliyini qorumağa qadirdir. İndi cəbhə bölgələrində qəhrəman döyüşçülərimiz respublikanın ərazisini cəsarətlə, mətanətlə müdafiə edirlər və əmin ola bilərsiniz ki, bizim bu haqq işimiz, Azərbaycan torpaqlarının müdafiəsi və respublikamızın ərazi bütövlüyünün qorunması etibarlı təmin olunur və bundan sonra da təmin ediləcəkdir.

Mən bu günə də, sabaha da böyük nikbinliklə baxıram və sizi də bu sızıltıdan, iniltidən uzaqlaşaraq gələcəyə baxmağa dəvət edirəm. Gələcəyimiz isə Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmlənməsi, onun ərazi bütövlüyünün təmin olunmasıdır. Əmin olun ki, biz buna nail olacağıq. Sağ olun!