Azərbaycan Prezidenti Heydər Əliyevin Azərbaycan Dövlət Musiqili Komediya Teatrının yeni binasının açılışı mərasimində nitqi - 9 oktyabr 1998-ci il


Əziz dostlar, xanımlar və cənablar!

Bu gün biz həddindən artıq sevinc içərisindəyik. Çünki Azərbaycanın həyatında təkcə bu gün iki böyük əlamətdar hadisəni qeyd edirik. Şəhidlər xiyabanında ucaldılmış, şəhidlərin xatirəsinə həsr olunmuş abidəni bu gün səhər açıb, orada əbədi məşəl yandırdıq. Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, Qarabağın müdafiəsi uğrunda həlak olmuş, şəhid olmuş insanların xatirəsinə Bakının ən uca yerində, dağın üstündə layiqli bir abidə yarada bildik. Bəli, 1938-ci ildən 1990- cı ilə qədər Bakının ən uca nöqtəsində olmuş Kirovun heykəlinin yerində bu gündən Azərbaycanın müstəqilliyini, suverenliyini və xalqımızın qəhrəmanlığını təcəssüm etdirən gözəl memarlıq abidəsi və əbədi məşəl olacaqdır.

Gün sona çatır. İndi biz Azərbaycan Dövlət Musiqili Komediya Teatrının açılışını bayram edirik. 1998-ci il Azərbaycanda ilk dünyəvi, peşəkar teatrın yaranmasının 125-ci ilidir. Mən Azərbaycan teatrının 125 illiyini bayram etmək üçün avqust ayında sərəncam vermişəm. Ancaq bu sərəncam, sadəcə, yubiley qeyd etmək üçün deyil, Azərbaycan tarixinin, Azərbaycan teatrının əsas məqamlarını özündə əks etdirən bir sənəddir. Şübhə etmirəm ki, biz bu il Azərbaycan teatrının 125 illik yubileyini qeyd edəcəyik.

Mən nə üçün Azərbaycan teatrına və onun tarixinə bu qədər çox böyük əhəmiyyət verirəm? Mədəniyyət xadimləri, ictimaiyyətimizin nümayəndələrinin əksəriyyəti yəqin xatırlayırlar ki, Azərbaycanda dünyəvi, peşəkar teatrın yaranmasının 100 illiyini də 1973-cü ildə mənim təşəbbüsümlə bayram etdik. Bu, böyük, təntənəli bayram idi. Çünki teatr Azərbaycanda mədəniyyətin, xalqımızın milli ruhunun, milli dirçəlişin inkişafında, ümumiyyətlə, xalqımızın mədəni səviyyəsinin yüksəlməsində böyük rol oynamışdır.

Azərbaycanda teatr dərin köklərə malikdir və insanlar teatrı sevirlər. Mədəniyyət xadimləri, xüsusən özünü səhnə sənətinə, teatra həsr edənlər Azərbaycanda həmişə hörmətli insanlar olmuşlar. Burada - bu gün biz toplaşdığımız yerdə əsrin əvvəlində Hacı Zeynalabdin Tağıyev təşəbbüs göstərərək teatr binası tikdirmişdir. Bəli, millətinin qayğılarına qalan bir insan kimi o, dərk etmişdir ki, 1873-cü ildən fəaliyyət göstərən teatr üçün bir bina lazımdır və bu teatr binasını tikdirmişdir. Bu teatr binası da on illərlə, demək olar ki, 1980-ci illərin sonuna qədər xalqımıza xidmət etmişdir. Bu teatrın səhnəsində, salonunda neçə-neçə nəsillər Azərbaycanın böyük teatr əsərləri ilə və teatr sənətkarlarının yaradıcılığı ilə tanış olmuşlar, onlardan zövq almışlar, bəhrələnmişlər, teatr Azərbaycan xalqının həyatına daxil olmuşdur.

Mən bunu dəfələrlə demişəm, - güman edirəm, təkcə mənim yox, çoxlarının həyatında və şüurunun formalaşmasında, inkişaf etməsində teatrın çox böyük təsiri olubdur. Mən Tağıyev teatrının binasına ilk dəfə uşaqkən, 1937-ci ildə gəlmişəm.

Ondan sonrakı illərdə də mən gəlib burada bir çox tamaşalara baxmışam. Azərbaycanın böyük sənətkarları bu binada öz yaradıcılıqlarını, teatr sənətini inkişaf etdiriblər, xalqımıza xidmət göstəriblər.

Mən bu səhnədə Abbas Mirzə Şərifzadəni, Mirzağa Əliyevi, Sidqi Ruhullanı, Fatma Qədrini, Mərziyə Davudovanı, Ələsgər Ələkbərovu, Ağasadıq Gəraybəylini, Ağadadaş Qurbanovu və başqalarını xatırlayıram. Bu teatr böyük insanlar, sənətkarlar yetirmişdir. Biz onlarla fəxr edirik. Teatr öz xidmətini göstərmiş və biz Hacı Zeynalabdin Tağıyevə rəhmət oxumalıyıq, onun tarixi xidmətlərini qiymətləndirməliyik. Ancaq burada deyildiyi kimi, vaxtilə bu bina uçub dağılmışdı. Burada bərpa işləri aparmaq yox, yeni bina tikmək lazım idi və bu da başlanmışdı.

Mən 1993-cü ilin iyun ayında Bakıya işləməyə gələndən sonra və Azərbaycanda dövlətə rəhbərlik etməyə başladığım ilk günlərdən, aylardan dərhal burada tikintinin vəziyyəti ilə maraqlandım. Bilirsiniz ki, o vaxt çox çətin bir dövr idi. İş çox idi, vəziyyət gərgin idi və hələ Azərbaycanda vətəndaş müharibəsi sovuşmamışdı. Ancaq mən o vaxt tikintiyə gəldim, inşaatçılarla, Əliş Ləmbəranski ilə görüşdüm, binanın bütün mərtəbələrini gəzdim. O vaxt bu binanın divarları tikilmişdi. Burada deyildiyi kimi, mən öz tövsiyələrimi, mülahizələrimi və təkliflərimi bildirdim və ondan sonra bu tikintini nəzarətə götürdüm.

Doğrudur, indi bizim belə zəngin binalar tikməyə imkanımız yoxdur. Biz keçmişdə çoxlu belə binalar tikmişdik. Biz Azərbaycanın büdcəsinin gərgin, ölkəmizin iqtisadi, maliyyə vəziyyətinin çətin olmasına baxmayaraq, başqa sahələrdən vəsaiti kəsib bu tikintinin müntəzəm aparılmasına verirdik. Nəhayət, teatr binası tikilib hazır oldu. Mən bu ilin əvvəlində tikintinin vəziyyəti ilə maraqlandım. Dedilər ki, hələ çox işlər görülməlidir. Bildirdilər ki, guya teatrın binasını 1998-ci ildə başa çatdırmaq mümkün deyildir. Mən bununla razı olmadım və tələb etdim ki, əlavə tədbirlər görülsün, teatr binası payıza qədər hazır olsun, istifadəyə verilsin.

Burada deyildi, - bu binanın tikinti işləri ilə Əliş Ləmbəranski məşğul olubdur. Mən Əliş Ləmbəranski ilə on illərlə birgə işləmişəm və onun inşaat, təşkilatçılıq sahəsində böyük təcrübəsi olduğuna, bu işi çox sevdiyinə, ona can yandırdığına görə 1970-ci illərdə bir çox böyük binaların inşasına rəhbərliyi ona həvalə edirdim.

Məsələn, o dövrdə biz Respublika sarayının tikintisinə başladıq və qısa müddətdə, 1972-ci ilin dekabrında onu istifadəyə verdik. Orada təntənəli mərasim keçirdik. Mən həmin sarayın, Bakı məişət kondisionerləri zavodunun, "Gülüstan" sarayının da tikintisinə rəhbərliyi Əliş Ləmbəranskiyə həvalə etmişdim. Ona görə ki, Əliş Ləmbəranskiyə inanırdım və o da bu işləri canla-başla edirdi.

Bilirsiniz ki, bir müddət mən onunla əlaqəmi itirmişdim. 1993-cü ildə mən yenidən Bakıya qayıdanda onunla maraqlandım və eşitdim ki, Əliş Ləmbəranski bu binanın tikintisinə rəhbərliyi öz üzərinə götürübdür. Mən buraya gəlib onunla görüşdüm və bu işdə ona dəstək verdim. Bilirəm ki, o, burada çox işlər görüb, əziyyət çəkibdir. Xatirimdədir, mən ilk dəfə buraya gələndə gördüm ki, o, toz-torpağın içində, çox ağır vəziyyətdə özü də işləyirdi, başqalarını da işlətməyə çalışırdı. Mən elə bir şəraitdə bu işin vəziyyəti ilə tanış oldum.

Şübhəsiz ki, bu işi Əliş Ləmbəranski təkcə görə bilməzdi. Mühəndislər, texniklər, inşaatçılar, fəhlələr, quraşdırıcılar böyük işlər görmüşlər. Burada böyük bir kollektiv işləyibdir. Mən bu gün bu binanı belə yaraşıqlı və müasir tələblərə uyğun görərək bütün inşaatçılara təşəkkür edirəm. Çox sağ olun ki, siz respublikanın bu çətin və ağır dövründə belə bir işi görmüsünüz, Azərbaycana gözəl bir hədiyyə təqdim etmisiniz. Mən Əliş Ləmbəranskiyə xüsusi təşəkkür edirəm və çox sevinirəm ki, o, 20,30 il bundan əvvəl olduğu kimi, bu gün də fədakarcasına çalışır. Hesab edirəm ki, o, mənim ona daha hansı növbəti işi tapşıracağımı gözləyir. Güman edirəm ki, o, belə bir tapşırığı alacaqdır.

Bu bina həqiqətən çox gözəldir. Bir daha qeyd edirəm, biz Hacı Zeynalabdin Tağıyevə rəhmət oxumalıyıq. Ancaq yaranan bu bina, teatr, şübhəsiz ki, əvvəlkindən qat-qat fərqlənir. Burada deyildiyi kimi, bu bina öz avadanlığı, texnikası, texnologiyası ilə müasir tələblərə cavab verir. Güman edirəm ki, bu özü müstəqil Azərbaycan dövlətinin hətta bu çətin dövrdə mədəniyyətə, teatra nə qədər böyük qayğı göstərdiyini nümayiş etdirir.

Bizim mədəniyyət sahəsində gördüyümüz bu işlərə bəzi adamlar dodaq büzürlər, yaxud da onları gözdən salmaq istəyirlər, əleyhinə çıxırlar. Çünki özləri bir şey bacarmırlar, heç bir şeyə qabil deyillər. Deyirlər ki, nə üçün Azərbaycanda yubileylər keçirilir? Biz kimin yubileylərini keçiririk? Biz Azərbaycanın həyatında, tarixində, millətin inkişafında böyük xidmətlər göstərmiş mədəniyyət xadimlərinin yubileylərini keçiririk. Bununla da öz xalqımızın zənginliyini dünyaya nümayiş etdiririk və eyni zamanda gənc nəsli tərbiyə edirik, mədəniyyətimizin gələcək inkişafı üçün yol açırıq. Buna ancaq sevinmək lazımdır. Sevinmək lazımdır ki, bəli, məhz belə bir ağır dövrdə bütün çətinliklərə baxmayaraq, biz mədəniyyətimizi yaşadırıq, inkişaf etdiririk, mədəniyyət xadimlərinə qayğı, diqqət göstəririk və elm, mədəniyyət xadimlərinin yubileylərini keçiririk. Bundan, eləcə də bu gün bu teatrın inşasının başa çatmasından, açılmasından gözəl nə ola bilər? Bəlkə kimsə deyə bilər ki, biz ağır vəziyyətdəyik, nə üçün teatr binasının tikintisinə bu qədər xərc qoyulubdur və belə gözəl bina yaradılıbdır? Ancaq yox, biz Azərbaycan xalqının mədəniyyətinin inkişafını heç vaxt dayandıra bilmərik. Bizim xalqımız öz mədəniyyəti, elmi ilə yüksəlibdir. Biz mədəniyyətə nə qədər diqqət yetirsək, qayğı göstərsək, mədəniyyət xadimlərinin yaradıcılığı üçün imkanlar yaratsaq, xalqımızı da o qədər yüksəldəcəyik, xalqımızın mənəviyyatını daha da yüksəklərə qaldıracağıq.

Müstəqil Azərbaycan dövlətinin başçısı, Azərbaycan Prezidenti kimi mənim siyasətimin böyük bir rolu bundan ibarətdir. Əmin ola bilərsiniz ki, bu siyasəti mən bundan sonra da davam etdirəcəyəm.

Bu teatr binasının tikilib başa çatdırılması və bu gün istifadəyə verilməsi bütün Azərbaycan teatrı üçün böyük hədiyyədir. Azərbaycan teatrı buradan başlayır. Bu, bütün Azərbaycan teatrı üçün böyük bir nemətdir. Ona görə də mən bu binanın hazır olması və istifadəyə verilməsi münasibətilə Azərbaycanın bütün mədəniyyət, incəsənət, teatr xadimlərini, səhnə ustalarını, teatr işçilərini ürəkdən təbrik edirəm və hamıya cansağlığı, yeni yaradıcılıq uğurları arzulayıram.

Bu teatrın binası keçmişdə işlənmiş vəziyyətdə olduğuna görə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivinə verilmişdi və onlar burada yerləşmişdilər. Ancaq güman edirəm, bu yeni bina tikiləndən sonra başqa teatrların kollektivləri şübhəsiz, buna həm sevinirlər, həm də müəyyən qədər düşünürlər ki, o, nə üçün Musiqili Komediya Teatrına verildi. İş burasındadır ki, bu bina vaxtilə Dövlət Musiqili Komediya Teatrının əlinə keçibdir, onlar da bunun varisi olublar. Ancaq şübhəsiz, bu, elə bir binadır ki, bütün Azərbaycan mədəniyyətinə xidmət edəcəkdir. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi də gərək öz işini teatrın bugünkü müasir tələbləri səviyyəsinə gətirib çatdırsın.

Əziz dostlar, mən sizə - Azərbaycanın mədəniyyət, incəsənət, teatr xadimlərinə yeni-yeni uğurlar arzulayıram. Mənə göstərdiyiniz xoş münasibətə və mənim fəaliyyətimə burada verdiyiniz qiymətə, mənə daim dəstək verdiyinizə görə sizə təşəkkür edirəm. Siz bilirsiniz, mənim bütün həyatım, fəaliyyətim sizin gözünüzün qabağındadır. Mənim ömrümün, həyatımın mənası xalqa xidmət etməkdən ibarət olmuşdur. Mən bu gün də bu xidməti edirəm, gələcəkdə də edəcəyəm. Buna əmin ola bilərsiniz.

Yaşasın mədəniyyət!

Eşq olsun Azərbaycan teatrına!

Yaşasın Azərbaycan mədəniyyəti!

Tarixi arayış

MƏDƏNİYYƏT