BAM-ın 25 illiyinin keçirilməsi üzrə təşkilat komitəsinə - Bakı şəhəri, 7 iyul 1999-cu il


Baykal - Amur Magistralının əziz inşaatçıları!

XX əsrin böyük tikintilərindən biri olan Baykal - Amur Magistralının inşasının başlanmasının 25 illiyi ilə əlaqədar ən səmimi təbriklərimi qəbul edin.

Sovet İttifaqının rəhbərlərindən biri, SSRİ Nazirlər Sovetinin xüsusi komissiyasına başçılıq etmiş bir şəxs kimi, mənə 1984-cü ildə magistralın çəkilmiş hissəsindən keçmək və tikintidə iştirak etmiş adamların bir çoxu ilə şəxsən görüşmək nəsib olmuşdur. Sibirin və Uzaq Şərqin təbii ehtiyatlarından istifadə edilməsi və məhsuldar qüvvələrinin inkişafının sürətləndirilməsi ilə əlaqədar BAM-a böyük ümidlər bəslənilirdi. SSRİ-nin süqutuna gətirib çıxarmış mürəkkəb siyasi proseslər 1984-cü ildə magistralın tikintisi üzrə SSRİ Nazirlər Soveti komissiyasının səyyar iclasında nəzərdə tutulanların hamısını tam həcmdə həyata keçirməyə imkan vermədi.

Mənim xatirimdə BAM mənən güclü, böyük işlərə qadir insanları birləşdirən bir tikinti kimi qalmışdır. Biz fəxr edirik ki, bu magistralın tikintisində Azərbaycanın bir çox nümayəndələri iştirak etmiş, onlar digər obyektlər sırasında Ulkan şəhərini də salmışlar.

BAM tayqa, yolsuzluq və daimi donuşluq şəraitində işləmiş insanların, dostluq və qardaşlıq amallarına sadiq insanların mərdlik və dəyanətinin nümunəsi kimi tarixdə həmişəlik qalacaqdır.

Bu tarixi magistralı inşa etmiş adamların hamısına, bu gün BAM-ın şəhər və qəsəbələrində yaşayıb çalışanların hamısına səadət, cansağlığı və uğurlar arzu edirəm.

Ən yaxşı arzularla, 

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti