"Türkiyə Cümhuriyyəti - 70" elmi-praktik konfransının iştirakçilarina - Bakı, 26 oktyabr 1993-cü il


Hörmətli konfrans iştirakçıları!

Qardaş Türkiyə Cümhuriyyətinin yaranmasının 70 illiyi oktyabr ayının 29-da tamam olur.

Soy-kökümüzün, adət və ənənələrimizin, bir çox müqəddəs mənəvi sərvətlərimizin ayrılmaz tellərlə bir-birinə bağlı olduğu türk xalqının bu böyük bayramı eyni zamanda Azərbaycan üçün də əziz gündür.

Türkiyə Cümhuriyyətinin banisi, iyirminci əsrin bəşəriyyətə verdiyi böyük dühalardan Mustafa Kamal Atatürkün azadlıq və demokratiya ideallarına sonsuz məhəbbəti, sərkərdəlik və dövlətçilik məharəti sayəsində türk xalqı tarixin çətin sınaqlarından çıxıb qurtuluş tapdı. Dünya Türkiyə Cümhuriyyəti adlı azad və məğrur bir məmləkəti tanımalı oldu.

Türkiyə hazırda dünyanın siyasi durumunda nüfuzlu təsir qüvvəsinə malik, ümumbəşəri dəyərləri qorumaq əzmində olan, iqtisadi və mədəni səviyyəsi etibarilə inkişaf etmiş qüdrətli dövlətlərdən birinə çevrilmişdir. Atatürkün məşhür "Yurdda sülh, cahanda sülh" ideyasından doğan işığa doğru irəliləyən müasir Türkiyə dövlətinin yeritdiyi daxili və xarici siyasətin, sosial-iqtisadi və mədəni tərəqqi təcrübəsinin elmi-nəzəri tədqiqat obyektinə çevrilməsi, öyrənilməsi böyük əhəmiyyət kəsb edir. Hazırkı elmi-praktik konfransın işinin bu baxımdan səmərəli olacağa, qardaş ölkə ilə hərtərəfli əməkdaşlığımızın yeni mərhələyə ucalmasına xidmət edəcəyinə inanırıq.

Mən bu xeyirxah tədbirin iştirakçılarını Azərbaycan dövləti adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edir, hamınıza cansağlığı, səadət, elmi yaradıcılıq fəaliyyətinizdə uğurlar diləyirəm.

Heydər Əliyev, 
Azərbaycan Respublikasının Prezidenti.