Vokalçıların Bülbül adına II Beynəlxalq müsabiqəsinə - Bakı şəhəri,18 sentyabr 2000-ci il


Vokalçıların Bülbül adına II Beynəlxalq müsabiqəsinin bütün iştirakçılarını qonaqpərvər Azərbaycan torpağında səmimi-qəlbdən salamlayır və müsabiqəyə böyük uğurlar arzulayıram.

Azərbaycan peşəkar vokal sənətinin banisi Bülbülün adını daşıyan bu mötəbər müsabiqənin müstəqil Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilməsi artıq gözəl bir ənənəyə çevrilmişdir. Belə böyük miqyaslı müsabiqə gənc vokalçılara öz istedadlarını nümayiş etdirmək və musiqi aləmində tanınmaq üçün geniş imkanlar yaradır. Müsabiqədə Azərbaycan musiqi mədəniyyətinin beynəlxalq aləmdə tanınması, dünya xalqlarının mədəni əlaqələrinin möhkəmləndirilməsi, musiqi sahəsində əldə olunmuş nailiyyətlərlə qarşılıqlı tanışlıq işinə də yaxından xidmət edir.

XX əsrin görkəmli musiqi xadimi İrina Arxipovanın başçılıq etdiyi münsiflər heyətinin tanınmış musiqiçilərdən və pedaqoqlardan ibarət olan tərkibi müsabiqənin nüfuzuna və ona verilən yüksək qiymətə dəlalət edir.

Müstəqil respublikamızın paytaxtının mədəni həyatında mühüm hadisə olan müsabiqəyə maraq olduqca böyükdür. İnanıram ki, üçüncü minilliyin astanasında keçirilən müsabiqə musiqisevərlərin ona bəslədikləri ümidləri doğruldacaq və yeni istedadlar üzə çıxarmaqla dünya musiqi mədəniyyətini daha da zənginləşdirəcəkdir.

Müsabiqə iştirakçılarının hər birinə cansağlığı və xoşbəxtlik diləyirəm.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti.

Ümumi tarixi arayış

MƏDƏNİYYƏT

Tarixi arayış

MƏDƏNİYYƏT