Azərbaycan Prezidenti Heydər Əliyevi səmimiyyətlə, mehribanlıqla salamlayan, onunla hər bir görüşdən çox məmnun qaldığını söyləyən ayətullah Seyid Əli Xamеnei əmin olduğunu bildirdi ki, Azərbaycan prezidentinin İrana rəsmi səfəri iki dost və qonşu ölkə arasında əlaqələrin inkişafında yeni mərhələ açacaqdır.
Səmimi sözlərə, xoş münasibətə görə təşəkkür edən prezident Heydər Əliyev İrana rəsmi səfərə gəlməyindən və İranın ali dini rəhbəri ayətullah Seyid Əli Xamеnei ilə görüşündən çox məmnun olduğunu, özünə və Azərbaycan nümayəndə heyətinə göstərilən qonaqpərvərlikdən, səfər zamanı keçirdiyi görüşlərdən, apardığı danışıqlardan razılığını bildirdi. Bu səfərin İran–Azərbaycan münasibətlərinin inkişafına böyük təsir göstərəcəyinə ümid bəslədiyini bildirən dövlətimizin başçısı dost, qonşu İran ilə bütün sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər olduğunu vurğuladı.
Görüşdə bölgəmiz üçün çox böyük əhəmiyyəti olan Şimal–Cənub nəqliyyat dəhlizi layihəsində ölkələrimizin birgə iştirakı Xəzər dənizində əməkdaşlıq məsələləri ətraflı müzakirə edildi. Bildirildi ki, Xəzər dənizi sülh, mehribanlıq və dostluq dənizi olmalıdır.
Ölkəmiz üçün ən ağrılı problem olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin uzun illərdən bəri davam etdiyini bildirən prezident Heydər Əliyev torpaqlarımızın 20 faizinin hələ də işğal altında qaldığını, bir milyondan çox vətəndaşımızın yerindən-yurdundan qovularaq çadırlarda ağır şəraitdə yaşadığını xatırlatdı, münaqişənin sülh yolu ilə aradan qaldırılması üçün aparılan danışıqlar prosesindən söhbət açdı.
Azərbaycan ilə İran arasındakı tarixi, mənəvi yaxınlığı, dərin əlaqələri yüksək dəyərləndirən ayətullah Xamеnei Azərbaycan prezidenti Heydər Əliyevin bu səfərini ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə inkişafı üçün əhəmiyyətli olduğunu nəzərə çaтdırdı. Qafqazda baş verən münaqişələrin bölgədə sülhün və əminamanlığın bərqərar edilməsinə əngəl törətdiyini bildirən ayətullah Xamеnei öz ölkəsinin Ermənistanın Azərbaycana təcavüzünü pislədiyini, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə aradan qaldırılmasının zəruriliyini vurğuladı.
Səmimilik və mehribanlıq şəraitində keçən görüşdə Azərbaycan–İran əməkdaşlığının perspektivləri, bölgədə vəziyyət və hər iki ölkəni maraqlandıran bir sıra digər məsələlər barədə geniş fikir mübadiləsi aparıldı.